Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur.
Həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə son illər qeyri-neft sektoru sürətlə inkişaf etmiş, bir sıra əhəmiyyətli sosial proqramlar reallaşdırılmışdır. Azərbaycanın iqtisadi qüdrətinin artması bölgələrimizin inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, regionlarda infrastruktur layihələri həyata keçirilmiş, bir milyona qədər yeni iş yeri açılmış, əhalinin maddi rifahı yaxşılaşmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sənaye sektorunda son illər əldə edilən uğurlar və qarşıda duran vəzifələr barədə demişdir: "Qeyri-neft sənayemiz 11,1 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Bu onu göstərir ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir. Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl imkanlar vardır... Bu il də sənayeləşmə üçün əlavə imkanlar yaradılacaqdır...Biz gərək özəl investorları stimullaşdıraq, onlara şərait yaradaq ki, onlar bu sahəyə daha çox investisiya qoysunlar. Dövlət də kömək göstərməlidir. Yəni, bu sahədə biz özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Keçən ilin sonunda bir neçə zavodun açılışında iştirak etmişəm. Bu sahədə işlər yaxşı gedir"
Ölkəmizdə sənayeləşmənin dinamik inkişafını Qaradağ rayonunda yerləşən "AAC" müasir tikinti materialları zavodunun timsalında da aydın görə bilərik. Xatırladaq ki, ötən ilin dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev həmin müəssisənin açılışında iştirak etmişdir.
Müəssisənin ictimaiyyətə tanıtma mərasimində marketinq və satış şöbəsinin müdiri Vüqar Həmidov bildirdi ki, tikintisinə 2008-ci ilin mayında başlanılan və müasir standartlara cavab verən zavodun ümumi sahəsi 10 hektardır. Almaniyanın məşhur "Wehrhahn" şirkətinin yüksək texnologiyalı avadanlığı ilə təchiz edilən müəssisədə məsaməli beton, yandırılmış və sönmüş əhəng istehsalı, habelə kvars qumunun yuyulması prosesi həyata keçirilir. Zavodun ərazisində xammal və hazır məhsul anbarları, inzibati bina, dəmir yolu xətti, nəqliyyat vasitələrinin saxlanılması və texniki xidmət sahəsi yerləşir. İstehsal edilən məhsulların yüksək standartlara cavab verməsi üçün burada müasir mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunan laboratoriya da fəaliyyət göstərir. Müəssisənin elektrik təchizatını reallaşdırmaq məqsədilə müstəqil yarımstansiya quraşdırılmışdır. Bu isə fasiləsiz elektrik enerjisi ilə təminata şərait yaradır. Zavodun ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Müəssisənin tikintisində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 10 milyon manat güzəştli kreditdən istifadə olunmuşdur. "Qobustan" brendi ilə beynəlxalq standartlara uyğun yandırılmış və sönmüş əhəng məhsulları, habelə məsaməli beton blokları zavodun ayrı-ayrı istehsal sahələrində hazırlanır. Yüksək texnologiyalı bu müəssisə Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərir. Zavodda xammal əhəng anbarından istehsal sahəsinə yönəldilməmişdən əvvəl yuyulma prosesindən keçir. Sonra qapalı şəkildə emal edilərək ekoloji cəhətdən təmiz məhsul əldə olunur. İstehsal prosesi beynəlxalq standartlara uyğun və ətraf mühitə ziyansız şəkildə həyata keçirilir. Bu istehsal sahəsində 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edilir. Yandırılmış və sönmüş əhəngdən tikinti, metallurgiya, mədən və qida sənayesində geniş istifadə olunur. Zavodda emal və istehsal prosesində istifadə edilən texnika və avtomobillər də dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada da keyfiyyət və ekoloji təmizlik əsas götürülmüşdür. Müəssisənin tikinti üzrə meneceri Luts Vahhe dedi :
-İnşaat materialının seçimi kifayət qədər çətin məsələdir və tikinti ilə məşğul olan hər bir şəxs bu məsələyə xüsusi əhəmiyyət verir. Məhz elə buna görə də məsaməli beton bloklar, kərpic və ya hər hansı başqa tikinti materialı ciddi şəkildə təhlil edilməli və həmin materialların bütün xüsusiyyətləri öyrənilməlidir.
Məsaməli beton bloklar divar tikintisi materialları istehsalında ən son elmi uğurların tətbiqinin nəticəsidir. Adı çəkilən məhsul hazırda inşaatda ən məşhur tikinti materiallarından birinə çevrilmişdir. Məsaməli beton blokları uzunömürlüyünə, möhkəmliyinə, yüksək ekoloji keyfiyyətliyinə görə fərqlənir. Bu məhsullardan hələ ötən yüzilliyin əvvəllərində Avropada uğurla tətbiq edilməyə başlanmışdır. İndi məsaməli beton blokları MDB ölkələri də daxil olmaqla Avropada divar tikintisi materiallarının ən çox yayılmış növlərindən biridir. Sözügedən məhsulun bazarı həmçinin Asiyada, Yaxın Şərqdə, son vaxtlar isə Amerikada da sürətlə genişlənməkdədir.
Məsaməli beton bloklar istənilən iqlim şəraiti üçün yararlıdır. Ondan daxili və xarici, daşıyıcı və daşıyıcı olmayan divarların inşasında, karkas konstruksiyalarda, divar arakəsmələrində, yanğına qarşı divarlarda doldurucu qismində istifadə edilir. Məsaməli beton məhsulları eyni zamanda beton kotteclər, çoxmərtəbəli evlər, məktəblər, xəstəxanalar, idman zalları, sənaye və kommersiya qurğuları və s. kimi istənilən növ tikililərin inşası üçün yararlıdır. Məsələn, adı çəkilən material əsasında 4 nəfərdən ibarət briqada 5-6 gün ərzində təxminən 150 kvadratmetrlik fərdi kottec inşa edə bilər. Lakin onun səmərəli istifadəsi təkcə azmərtəbəli evlərin inşasında deyil, həm də çoxmərtəbəli binaların tikintisində öz təsdiqini tapıb.
Məsaməli beton bloklar qum, yaxud tozlaşdırılmış kül, sement, əhəng, anhidrit (gips) və məsamə yaradan maddədən hazırlanır. Aparılmış bir sıra yoxlamalara əsasən, dünya təcrübəsində məsaməli beton blokların istifadə müddəti 80 ilə yaxındır və 4 saat yanğına davamlılıq xüsusiyyətinə malikdir, habelə rütubətə, kifə, göbələyə qarşı davamlıdır.
Müəssisədə həm də yüksək keyfiyyətli əhəng istehsal edilir. Məsaməli betonun istehsalı üçün tələb olunan ideal əhəng güclü və orta yanma emalı keçmiş əhəngdir. Sözügedən əhəng aşağı reaktivliyə malikdir, bu isə tökmə formasında qarışığın bərabər şəkildə və tədricən artmasına gətirib çıxarır.
Zavodda yanmaya nəzarət edən şaxta sobası yüksək keyfiyyətli əhəngin istehsalında optimal avadanlıqdır. Sobada yanmaya nəzarət hərəkətli borular - forsunkaların köməkliyi ilə həyata keçirilir. Müəssisə gün ərzində 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edir. Yandırılmış və sönmüş əhəng istehsalı "Wehrhahn" şirkətinin qabaqcıl texnologiyası əsasında qurulmuşdur. Almaniyanın müasir tələblərə cavab verən avadanlığı ilə təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə tam təminat yaradır. İstehsal prosesində yerli xammal olan kvars qumu və əhəng daşı işlədilir. Xammal yerli Umbakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən karxanadan dəmir yolu ilə müəssisəyə çatdırılır. Zavodda bütün istehsal prosesi avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir. Müasir tələblərə cavab verən avadanlıqla təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə təminat yaradır. Müəssisədə istehsal olunan məsaməli beton blokları istilik keçirməmək xüsusiyyətinə görə kərpicdən 6 dəfə üstün, ekoloji baxımdan təhlükəsiz, yanğına və zəlzələyə davamlıdır. Yüngül çəki və dəqiq ölçüləri olan bu beton bloklar iqtisadı cəhətdən daha qənaətlidir.Belə ki, onun istifadəsi zamanı enerjiyə 30-40 faiz, bünövrənin inşası zamanı məsrəflərə 20-30 faiz qənaət edilir. Zavod ölkənin daxili tikinti bazarını təmin etməklə yanaşı, gələcəkdə məhsullarının ixrac coğrafiyasını da genişləndirməyi planlaşdırır. Müəssisənin baş direktoru Teymur Abdurəhimovun dediyinə görə, hazırda şirkət Rusiya, İran və Gürcüstana məhsul ixracını reallaşdırmaq niyyətindədir. Çünki adları çəkilən ölkələrdə məsaməli beton məhsullarına böyük tələbat var və bu, getdikcə artır. Azərbaycanda daha geniş çeşidli məhsul istehsal edəcək bu cür ikinci zavodun tikintisi də nəzərdə tutulur.
"AAC"-də ekoloji məsələlərə xüsusi əhəmiyyət verilir. Zavodun yerləşdiyi ərazinin 20 faizini yaşıllıq təşkil edir. İstehsalat tamamilə tullantısız fəaliyyət göstərir. Başqa sözlə, burada istehsalat qalıqları yenidən emal olunur, zavodun məişət və texniki suları isə təmizlənib təkrarən istifadəyə verilir. Müəssisənin fəaliyyətində diqqət çəkən məqam həm də odur ki, zavodda peşəkar işçi heyəti formalaşdırılmışdır. Əməkdaşlar üçün Almaniyanın "Wehrhahn" şirkətində, Türkiyənin analoji zavodlarında treninqlər təşkil edilmişdir.Burada işçilər üçün ayrıca yeməkxana, xüsusi iş geyimləri təminatı, tibbi və icbari sığorta, əmək təhlükəsizliyinə xüsusi nəzarət, habelə əməkdaşların daşınması üçün nəqliyyat vasitələri mövcuddur. Hazırda zavodda 130 nəfər işçi çalışır. Orta aylıq əməkhaqqı 760 manatdır.
Bütün bunlar isə onu deməyə əsas verir ki, artıq Azərbaycanda uğurla fəaliyyət göstərən "AAC" müasir tikinti materialları zavodu dünyada mövcud olan, eyni prinsiplə işləyən istənilən müəssisə ilə müqayisə edilə biləcək səviyyəyə malikdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.