Azərbaycan - İran əlaqələri regional təhlükəsizliyin gələcəyi üçün önəmlidir

Sürətli iqtisadi inkişafına görə dünyaya nümunə olan Azərbaycan böyük uğurlara imza atan balanslı xarici siyasəti ilə beynəlxalq aləmin diqqətini özünə cəlb edir. Regionumuzun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində ölkəmizin irəli sürdüyü humanist təşəbbüslər dünya dövlətləri tərəfindən alqışlanır, etibarlı tərəfdaş kimi özünü təsdiq edən rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti onun nüfuzunun daha da artmasına rəvac verir. Məhz bunun nəticəsidir ki, dünyanın 155 dövləti Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləmişdir. Həmin dövlətlər arasında bizə qonşu olan ölkələr, o cümlədən İran İslam Respublikasının ön sıralarda yer alması isə regional əməkdaşlığın gələcəyi baxımından müsbət hal kimi qiymətləndirilir.  
Azərbaycan kimi etibarlı, dost bir ölkənin BMT TŞ-də təmsil olunması beynəlxalq təzyiqlərə məruz qalan İran üçün çox önəmlidir. Çünki ölkəmiz cənub qonşumuzun dinc məqsədlər naminə nüvə texnologiyasına sahib olmasını onun öz hüququ hesab edir və açıq şəkildə bildirir ki, İrana qarşı hər hansı hərbi müdaxilə regional humanitar faciəyə səbəb ola bilər. Bu konteksdə Azərbaycan beynəlxalq etirazlara baxmayaraq, rəsmi Tehranla ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf etdirir. Xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin güclənməsi isə münasibətlərin inkişafına təkan verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə fəal əməkdaşlıq həyata keçirilir, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələr icra edilir. İran ilə Azərbaycanın müxtəlif bölgələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının əlaqələri inkişaf edir. Bu gün iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması üçün geniş proqramlar mövcuddur. Rəsmi Tehran viza rejimini birtərəfli qaydada ləğv edib və bu, İranın Azərbaycan xalqına hörmətini göstərir.
Bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini anlayan hər iki tərəf münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" sazişin, "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokol"un, "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu"nun və digər mühüm sənədlərin imzalanması da tərəflərin münasibətləri inkişaf etdirməkdə güclü siyasi iradəyə malik olduğunu göstərən amillərdəndir. Azərbaycan - İran əlaqələrinin möhkəmləndirilməsi ölkələrimizlə yanaşı, bölgədə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Münasibətlərin gələcək taleyi ölkəmiz üçün, xüsusən İran üçün çox vacibdir. Lakin zaman-zaman reallığı düzgün qiymətləndirməyən İrandakı bəzi dairələr, hərdən hətta dövlət səviyyəsində əlaqələrimizə mənfi təsir göstərən addımlar atırlar. Hər halda 2000-ci ildə İranın hərbi təyyarələrinin Azərbaycanın hava məkanını tez-tez pozduğuna dair yayılan məlumatları unutmamışıq. Ölkəmizdə hərbi çevrilişə cəhd göstərən Mahir Cavadova İranda sığınacaq verilməsi də faktdır. Yazıçı Rafiq Tağıya qarşı həyata keçirilən sui-qəsddə də diqqətlər qonşu ölkəyə yönəldi. R.Tağının ölüm ayağında "kimdən şübhələnirsiz?"- sualına cavabı birmənalı oldu: "İrandan". Əlbəttə, qətlin sifarişçilərini və icraçılarını istintaq müəyyənləşdirəcək, ancaq R.Tağının ölümündən bir qədər əvvəl ABŞ-da dərc olunan jurnalların birində belə bir xəbər yayımlandı ki, İran Azərbaycan da daxil olmaqla Qərbin müttəfiqi olan bir sıra ölkələrdə qətllər planlaşdırır. Bu azmış kimi, İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan saytda R. Tağının qətli xəbəri "Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü" başlığı ilə yayımlandı. Onu da xatırladaq ki, R. Tağının yazısına görə ona bir neçə il öncə iranlı ayətullah tərəfindən ölüm fitvası verilmişdi.
Son vaxtlar İranın bəzi dairələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünü təhdid edən açıqlamalar günü-gündən sərtləşir. Keçən il dekabrın 21-də İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin başçılığı və xarici işlər naziri Əli Əkbər Salehinin iştirakı ilə İran-Azərbaycan Respublikası münasibətləri barədə iclas keçirilmişdi. İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipurun və deputat Seyid Salman Zakirin jurnalistlərə açıqlamasından da məlum olmuşdu ki, toplantı anti-Azərbaycan çıxışlarla yadda qalıb. Deputatlar iddia ediblər ki, "Azərbaycan Respublikası İrana qarşı siyasətində düzəliş etməsə, iranlı deputatlar parlamentdə Türkmənçay müqaviləsini gündəmə gətirəcək, ona yenidən baxılmasını tələb edəcəklər".Bu da məlumdur ki, son günlər İranda Azərbaycan əleyhinə tez-tez konfranslar keçirilir. "Şəriət məhkumları" silsiləsindən keçirilən konfranslarda "Azərbaycan Respublikasının tarixi İran ərazisi" olduğu və "zor gücünə işğal edildiyi" dəfələrlə səsləndirilib.
Bütün bunlara paralel olaraq, İran tərəfdən sərhədin pozulması hallarının sayı artmaqdadır. Keçən il iyulun 3-də Yardımlı rayonu ərazisində baş verən hadisə zamanı sərhəd naryadının başçısı, leytenant Rüfət Quliyev öldürülmüşdü. Həmin hadisə Azərbaycanda ciddi narahatlığa səbəb olmuşdu. Bundan bir müddət sonra, oktyabrın 19-da isə Biləsuvar rayonunda Azərbaycan - İran sərhədi pozulmuşdu. Əraziyə əlavə sərhəd naryadı çıxarılmış və axtarış nəticəsində dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanmış, sərhəd naryadına hücum etdikdə ona atəş açılmışdı. O, aldığı güllə yarasından xəstəxanada ölmüşdü. Sonradan məlum olmuşdur ki, sərhəd naryadına hücum edən şəxs İran əsgəriymiş. Qonşu ölkə hadisədən təəssüflənmək və Azərbaycan tərəfindən üzr istəmək əvəzinə keçən il dekabrın 18-də sərhəd xidməti komandirlərinin toplantısında çıxış edən İranın sərhəd polisinin komandanı general-mayor Hüseyn Zülfüqari insidentə görə Azərbaycan tərəfini ittiham etmişdi.
İki ölkə münasibətlərinə kölgə salan sonuncu hadisə isə daha təhlükəli məqamlardan xəbər verir. Belə ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkədən olan və ölkəmizdə fəaliyyət göstərən ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs yaxalanmış, qətlləri planlaşdıran iki Azərbaycan vətəndaşı - Rasim Əliyev və Əli Hüseynov həbs edilmişdir. Maraqlıdır ki, hazırlanan terror aktlarının digər mühüm və bəlkə də əsas iştirakçısı - əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş Balaqardaş Dadaşov hazırda İranın Ərdəbil şəhərində gizlənir. Araşdırmalar nəticəsində məlum olub ki, İranda "himayə olunan" B. Dadaşov Rasim Əliyevə Azərbaycanda bir sıra terror aktlarının həyata keçirilməsi üçün 150 min dollar vəd edib. O, 9,3 min dollar və "sifariş olunmuş" şəxslərin və onların avtomaşınlarının fotoşəkillərini, Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini R. Əliyevə təqdim edib. Əliyev 7 min dollar və sözügedən sənədləri Makarov tapançası olan Əli Hüseynova təqdim edib. 2011-ci ilin oktyabrında Balaqardaş Dadaşov snayper tüfəngi, iki ədəd səsboğucu, 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd "PM" tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində "Charge Demolition M-112" yazıları olan "C4" kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanın İrandan Azərbaycanın Biləsuvar rayonuna gətirilməsini təşkil edib.
Böyük miqdarda silah-sursatın və böyük məbləğdə pulun vətəndaşlarının hər hərəkətləri xüsusi xidmət orqanları tərəfindən ciddi nəzarətdə saxlanılan İrandan Azərbaycana göndərilməsi şübhəli məqamlardan xəbər verir. Bu, istisnasız belə deməyə əsas verir ki, qonşu ölkədəki bəzi dairələr Azərbaycan barədə heç bir əndazəyə sığmayan mənfi planlar həyata keçirməyə çalışırlar. Bu, nəyin müqabilində baş verir? Axı Azərbaycan öz qonşusunda daxili sabitliyin pozulmasına yönəlmiş addımlar atmır və yuxarıda da işarə etdiyimiz kimi, ölkəmiz ABŞ kimi supergüc tərəfindən İrana tədbiq olunan sanksiyalar fonunda onunla münasibətləri inkişaf etdirir. Bunun qarşılığında qonşu dövlət bizə təşəkkür etməkdənsə, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan ilə əlaqələri hər gün daha da inkişaf etdirir, ölkəmizin imicinə zərbə vuracaq, daxili sabitliyi pozacaq hərəkətləri dəstəkləyirsə, buna nə ad vermək olar? Sevindirici haldır ki, son hadisədə cinayətkarlar terror əməllərini həyata keçirmədən MTN əməkdaşları tərəfindən yaxalanıblar.
Bir ölkə qonşu dövlətin siyasi quruluşuna hörmətlə yanaşırsa, onun daxili işinə müdaxilə etmirsə, onda bu, qiymətləndirilməli, münasibətlər də bu çərçivədə müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da qeyd etdiyi kimi, İran dövləti, indiki İran siyasi sistemi və siyasi rejimi 33 ildir ki, öz xalqının iradəsinə söykənərək və özünün Konstitusiya normalarına əməl edərək mövcuddur, yaşayır, dünya ilə münasibətlərini qurur. Yaxşı və ya pis - hər halda bu, onun xalqının seçimidir, iradəsidir. Azərbaycan dövləti 20 ildir ki müstəqildir, özünün siyasi idarəçilik sistemini müəyyən edib, dünyəvi dövlət yolu, demokratik inkişaf yolu seçib və bu seçim Azərbaycan xalqının iradəsidir. Biz Azərbaycan xalqının iradəsinə söykənərək dövlətimizi qururuq, onun xarici aləmdə münasibətlərini müəyyən edirik, daxili siyasətini idarə edirik. Bu da Azərbaycanın seçimidir və bu seçimə mütləq şəkildə diqqətlə yanaşılmalı və iki dövlət arasındakı münasibətlər də bunun üzərində qurulmalıdır. Kənardan süni şəkildə Azərbaycana hansısa məzhəbçiliyin, dini təriqətçiliyin və süni demokratiya adı altında Azərbaycan daxilində anarxiya yaratmanın, fərqli-fərqli siyasi, ideoloji, mənəvi təriqətlərin və meyillərin ixrac olunmasının, süni şəkildə yeridilməsinin əleyhinəyik, onun qarşısı alınır və bundan sonra da alınacaqdır.
Dövlətlər informasiya-təbliğat sahəsində də biri-birinə hörmətlə yanaşmalı, bu yolla ölkələrin daxili işlərinə qarışmağın yolverilməz olduğu bilinməlidir. Xatırlayırsınızsa, keçən il dekabrın əvvəlində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İrana səfərində əsas məqsəd də iki ölkə arasında informasiya sahəsində əməkdaşlığı inkişaf etdirmək, əks-təbliğatın qəbuledilməz olduğunu qonşu dövlətin əlaqədar orqanlarının nəzərinə çatdırmaq idi. Səfərdən sonra yayılan məlumatlara görə, görüşlər uğurla başa çatmışdır. Ancaq qısa zaman sonra İran tərəfinin səmimiyyətinə şübhə yaradan hadisələr yenidən baş verdi. İran telekanallarında, xüsusən də "Səhər" televiziyasında Azərbaycan əleyhinə kəskin tənqidi materiallar bu dəfə sanki daha "şövqlə" yayımlanmağa başlandı. Yanvarın 16-da isə Azərbaycanın 25-dək saytı İrandakı hakkerlərin hücumuna məruz qaldı. Həmin saytlardan 24-nün dövlət orqanlarımıza məxsus olması isə hücumun düşünülmüş, sistemli şəkildə həyata keçirilməsindən və bunun arxasında daha ciddi qüvvələrin olmasından xəbər verir. Onu da deyək ki, bu hadisə virtual məkanda Azərbaycan sərhədlərinin pozulması mənasına da gəlir. Görünən odur ki, İrandakı bəzi dairələr həm qurudan, həm havadan, həm də virtual məkanda Azərbaycan sərhədlərini pozmağa "həvəslidirlər".
Təəssüf ki, qonşu dövlətdə hələ də anlamırlar ki, mətbuat, informasiya sistemi digər ölkənin dəyərlərinə hörmətlə yanaşmalı, onun daxili işlərinə müdaxilə etməyə və ya malik olduğu dəyərləri dəyişməyə cəhd göstərməməlidir. Belə cəhdlər qarşıdurmaya aparır. Onsuz da ABŞ və onun yaxın müttəfiqləri ilə qarşıdurma şəraitində yaşayan dost, qardaş İrana bu fayda verməz. Çünki Azərbaycan hər şeyə rəğmən regionda təhlükəsizliyin təminində İranın rolunu yüksək qiymətləndirir və onunla mehriban qonşuluq siyasətini davam etdirmək niyyətindədir. BMT Təhlükəsizlik Şurasındakı mövqeyimiz də məhz həmin siyasəti əks etdirəcəkdir.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında