Neftçalada gərginlik azalır

Bu ilin aprel ayının sonlarından başlayaraq Kür çayının səviyyəsinin qalxması nəticəsində Neftçala rayonunda 350-yə yaxın evin həyətinə qrunt suları daxil olmuş, 5 ev uçmuş, 40 ev qəza vəziyyətinə düşmüşdür. 5 ailə təhlükəsiz yerə köçürülmüşdür.
Rayonun Kürboyu ərazilərində suyun səviyyəsinin təhlükəli həddə yaxınlaşması ilə əlaqədar olaraq rayonda vəziyyətin nəzarətdə saxlanılması məqsədilə operativ yığıncaq keçirilmişdir. Yığıncaqda Kürboyu yaşayış məntəqələrinin inzibati-ərazi nümayəndəliklərinə, bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara konkret tapşırıqlar verilmiş, növbətçilik tətbiq edilmiş, ərazilərə nəzarət artırılmış, rayonun Cəngan kəndində rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun rəhbərliyi ilə mərkəzi qərargah yaradılmışdır. Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejiminə keçmişdir.
Ümumi uzunluğu 123 km olan Neftçala rayonunun 21 kəndində 35 900 nəfər əhalinin yaşadığı Kürboyu ərazilərin sağ və sol sahillərində mövcud bəndlərin təhlükəli vəziyyətdə olan 62,5 km hissəsində rayonun idarə, müəssisə və təşkilatlarının, eləcə də 10 min nəfərdən çox əhalinin gücü ilə genişmiqyaslı işlərə başlanılmış, bəndvurma, bəndüstələmə, torpağın kisələrə doldurulması və bərkidilmə işləri aparılmışdır. Mübarizə tədbirləri nəticəsində ərazilərin daşqına məruz qalma qorxusu aradan qaldırılmışdır. Mayın 6-da Kür çayında suyun səviyyəsi kritik həddə çataraq minimum səviyyədən 2 metr 59 santimetr yüksək olmuşdur.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Dilavər Əliyev bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə operativ işlərə başlanılması nəticəsində böhranlı vəziyyət aradan qaldırılmışdır. Texnikanın, əhalinin və cəlb olunmuş qüvvələrin birgə səyi nəticəsində hazırda vəziyyət nəzarət altında saxlanılır. Kürboyu ərazilərdə bəndbərkitmə işləri davam etdirilir. Rayonun idarə, müəssisə və təşkilatlarının əraziyə cəlb etdiyi 70-ə yaxın texnikanın və Dövlət Neft Şirkətinə məxsus 117 texnikanın gücü ilə ötən müddətdə artıq 36,7 km bəndvurma işləri aparılmışdır.
Ərazilərdə 160 min torpaqla doldurulmuş kisə tədarük edilərək bəndbərkitmə işlərində istifadə edilmişdir. Bəndlərin altından sızmalar baş verən ərazilərdə rayon tərəfindən 19 kubmetr, Dövlət Neft Şirkəti tərəfindən 24 kubmetr taxta alınmış, 2 min 700 metr metal borudan istifadə edilmişdir. 880 metr bənd ərazisində metal borulardan svaylar vurulmuş, metal tor bərkidilərək arxası torpaqla doldurulmuş kisələrə bərkidilmişdir.
Bundan başqa, rayonun daxili imkanları hesabına Kürboyu ərazilərdə qrunt sularının əhalinin həyatyanı sahələrindən kənarlaşdırılması məqsədilə 103 elektrik su nasosu, 39 yanacaqla işləyən motopompa və Mülki Müdafiə Qüvvələrinə məxsus 5 motopompa Kürboyu ərazilərdə quraşdırılmışdır. Qrunt sularının yaşayış məntəqələrinlən kənarlaşdırılması işləri davam etdirilir. Ərazilərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya işlərinə başlanılmışdır.
Dövlət Neft Şirkətinin "Neft-Qaz Tikinti" tresti tərəfindən rayonun Cəngan, Şorkənd, Beştalı, Ərəbqardaşbəyli kəndlərində 16 özüboşaldan, 5 ekskavator və 4 buldozerin, eləcə də rayon təşkilatlarının və yerli əhalinin gücü ilə mütəmadi olaraq bəndbərkitmə, bəndüstələmə və digər işlər aparılır. İndiyə qədər ərazidə 9 km bəndüstələmə işləri yerinə yetirilmiş, 10 minlərlə kisələr torpaqla doldurularaq sahilbərkitmə işləri aparılmış, 1,7 km metal borudan istifadə edilməklə 150 metr əraziyə svay vurulmuş, metal tor bərkidilərək gücləndirmə işləri aparılmışdır.
Rayonun Yuxarı Qaramanlı, Pirəppə və Qaralı kəndlərində şirkətin "Az-Qaz" trestinin 11 özüboşaldan, 2 ekskavator və bir buldozer cəlb edilməklə 4,8 km bəndüstələmə işləri aparılmışdır. Minlərlə kisə torpaqla doldurularaq sahildə ehtiyac olan ərazilərdə düzülmüşdür.
Aşağı Surra kəndində "Qaz Emalı" zavodunun 5 özüboşaldan, 1 buldozer və 1 ekskavatoru ilə 3,3 km bəndüstələmə işləri aparılmışdır.
Rayonun Aşağı Qaramanlı, Astanlı, Qədimkənd və Qaralı kəndlərində "Azneft" İB-nin əraziyə cəlb etdiyi 17 özüboşaldan, 4 ekskavator və 1 buldozer vasitəsilə 5,4 km bəndüstələmə işləri görülmüşdür.
Tatarməhlə, Uzunbabalı, Abbasalılı kəndlərində Neft Şirkətinə məxsus 7 texnika ilə 4,8 km, Yenikənd, Mayak kəndlərində isə 5 km bəndbərkitmə işləri görülmüşdür.
Xıllı qəsəbəsində, Neftçala şəhərində, Dördlər, Kürkənd və Mayak-1 kəndlərində "Kompleks Qazma" trestinin 27 texnikası vasitəsilə 8,4 km bəndbərkitmə, 180 metr svaylama işləri həyata keçirilmişdir. İşlərin görülməsində trest tərəfindən 1000 m metal boru, 6 kubmetr taxta istifadə edilmişdir. Rayonun Bankə qəsəbəsində 4,6 km bəndüstələmə işləri aparılmış, 70 metr ərazidə taxta lövhələrlə gücləndirmə işləri görülmüş, əhalinin köməkliyi ilə 10 min kisə torpaqla doldurularaq bəndlərə düzülmüşdür.
Hazırda Kürün Xəzər dənizinə qovuşduğu yerdə 8 gəmi işləyir. Bu gəmilərdən 4-ü Azərbaycan Dövlət Xəzər Gəmiçilik İdarəsinə, 2-si Dövlət Neft Şirkətinə, 2-si isə "Azərenerji" ASC-yə məxsusdur.
Son məlumatlara görə, rayonun Cəngan, Qaraqaşlı, Beştalı, Pirəppə, Yuxarı Qaramanlı, Abbasallı, Tatarməhlə, Uzunbabalı, Aşağı Surra, Kürqarabucaq, Qaralı, Aşağı Qaramanlı kəndlərində və digər ərazilərdəki həyətlərdən qrunt suları çıxardılır, əhalinin içməli suya olan tələbatı ciddi tibb nəzarəti altındadır, zəhərlənmə faktı qeydə alınmayıb, epidemiyaya qarşı mübarizə gücləndirilir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında