Azərbaycanın 20 illik müstəqillik tarixində dünya birliyində özünə layiq yer tutması, mövqelərini getdikcə möhkəmləndirməsi, yüksək nüfuz sahibi olması beynəlxalq aləmdə müsbət dəyərləndirilir. Bu yaxınlarda ölkəmizin BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bu seçkilərdə 155 dövlətdən dəstək alması, iqtisadiyyatın sürətli inkişaf tempinə görə dünyada lider dövlət olması, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması daxili və xarici siyasətin düşünülmüş şəkildə həyata keçirilməsinin nəticəsidir.
Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas prioritetlərindən biri dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri yaratmaq, bu əlaqələrdən respublikanın iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafında səmərəli amil kimi istifadə etməkdir. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın xarici dövlətlərlə, xüsusilə qonşu Rusiya və İran İslam Respublikası ilə münasibətləri istənilən səviyyədə deyildi. Qüdrətli şəxsiyyət xarici ölkələrlə, xüsusilə qonşu dövlətlərlə elmi, mədəni, humanitar əlaqələr və geniş informasiya mübadiləsi mexanizmləri yaratmağı vacib hesab edirdi. Ona görə də qonşu Rusiya və İranla münasibətləri yaxşılaşdırmağı zəruri sayırdı.
Azərbaycanla İran arasında mövcud olan müxtəlif sahələrdəki əlaqələrin özünəməxsus cəhətləri var. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması Tehranla Bakının əlaqələrinə müsbət təsir göstərən əsas amillərdəndir. Qeyd ehtiyimiz kimi, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan - İran münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. İki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar nəticəsində bir sıra iqtisadi və siyasi xarakterli məsələlər barəsində razılıq əldə olundu. Bu tendensiya 2003-cü ilin payızından sonra da uğurla davam etdi.
Prezident İlham Əliyevin 2005-ci il yanvarın 24-26-da İrana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına öz müsbət təsirini göstərdi. Hətta qonşu dövlətin prezidenti Məhəmməd Hatəmi Azərbaycanın dövlət başçısının həyata keçirdiyi xarici siyasəti, qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımları yüksək qiymətləndirərək demişdir: "...Heydər Əliyevin öz ölkəsi üçün və bölgədə sülhün, əmin-amanlığın yaranması üçün gördüyü işlər Sizin möhkəm iradəniz nəticəsində davam etdiriləcəkdir".
Azərbaycanda düzgün müəyyənləşdirilmiş iqtisadi strategiya ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirdi. Təbii ki, ölkəmizin qazandığı bu uğurlar mənfur qonşumuz olan Ermənistan hakimiyyətini getdikcə qıcıqlandırırdı. Təəssüf edirik ki, din, mədəniyyət və mənəvi dəyərlər baxımından bizimlə bir olan İran İslam Respublikasındakı bəzi qüvvələr də Azərbaycanın bu sürətli inkişafından sevinmək əvəzinə ciddi narahatçılıq keçirməyə başladılar. Belələri arasında qonşu dövlətin tanınmış din xadimlərinin olması daha təəccüblüdür. Onlar müxtəlif vasitələrlə Azərbaycanda qarşıdurma yaratmağa, dövlətlə din xadimləri arasında parçalanma salmağa cəhd göstərir, din pərdəsi arxasında islama yaraşmayan üsullara əl atırlar.
İranın ali hakimiyyət orqanları və bəzi parlament nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü təhdid edən, ölkəmizin maraqlarına uyğun olmayan, müstəqilliyimizə qarşı kifayət qədər əsassız ifadələr işlədiblər. Hələ bu ölkənin təyyarələrinin dəfələrlə sərhədlərimizi pozması, xəbərdarlıq etmədən sərhədi keçməsi və digər gərginliklər yaratması beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik kimi dəyərləndirilib və haqlı narazılıqlara səbəb olub.
İranın açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxiləsi, özü də islam bayrağı altında suveren bir dövlətin daxili işlərinə qarışmaq cəhdi və ona "necə fəaliyyət göstərməyi öyrətmək" istəyi əslində təzyiq cəhdindən başqa bir şey deyil. Məsələn, İran ayətullahları Cəfər Sübhani Azərbaycanı orta məktəblərdə hicab qadağasını ləğv etməyə çağırıb. Ayətullah Məkarim Şirazi də buna bənzər çağırışlar etmişdir. Əslində isə hicab məsələsində hər şey Azərbaycanın qanunvericilik aktları ilə tənzimlənir. Halbuki, İranın özündə hicab taxanların sayı getdikcə azalır. Bunu İran Prezident Administrasiyasının rəhbəri də dolayı yolla təsdiqləyib. O deyib ki, İran qadınlarının başlarının zorla örtülməsi haqqında qanun ləğv olunsa, heç kim başını örtməz.
Azərbaycanda dinə inam, dinə etiqad hətta keçmiş SSRİ dövründə də İrandan çox-çox yüksək səviyyədə olub. İndi də belədir. Azərbaycanlılar həmişə etiqadlı olublar. Özü də bu, kor-koranə şəkildə olmayıb. Azərbaycanlılar düşüncəli şəkildə İslam dininə ibadət ediblər. Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarının "qayğısına qalan", onların "halına yanan" İran ayətullahları Cəfər sübhanlar, Məkarim şirazilər və digərləri nədənsə bu ölkədə yaşayan 35 milyona yaxın azərbaycanlının halına yanmağı unudublar. Bu vaxta qədər həmin ölkədə Azərbaycan dilində nə orta məktəbin, nə də ali məktəbin olmaması İranın din xadimləri və dövlət rəsmilərinin müsəlman bacı və qardaşlara, onların uşaqlarına göstərdikləri "diqqət və qayğının" bariz nümunəsidir. Ancaq bir ovuc erməni üçün həm orta məktəb, həm də ali məktəb açıblar.
İrandakı bəzi qüvvələrin açıq şəkildə həm Azərbaycana, həm də azərbaycanlılara qarşı təzyiq göstərmələri göz qabağındadır. Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Həmədan Universitetinin tələbəsi Yunis Süleymaninin başına gətirilənlər azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyin növbəti təzahürüdür. "İldırım" adlı jurnalın keçmiş redaktoru ötən ilin yayında həbs olunaraq 5 ay həbsdə saxlanılmış, ilin sonunda İran kəşfiyyatının Ərdəbil şöbəsi onu yenidən həbs etmişdir. Həmədan Universitetindən qovulan azərbaycanlının hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı bilinmir.
İranın Qum şəhərindəki məscidlərin birində çıxış edən ayətullah Nasir Şirazi Azərbaycan Respublikasının rəsmilərinin ünvanına sərt bəyanatlar səsləndirib. İranlı ayətullah Azərbaycan rəsmilərini islamın kökünü kəsməkdə günahlandırıb. Görünür iranlı ayətullah unudur ki, Azərbaycanda müstəqillik dövründə 1500 məscid tikilmiş, köhnə məscidlər əsaslı şəkildə yenidən qurularaq din xadimlərinin ixtiyarına verilmişdir. Yox, əslində iranlı ayətullahın narahatlığına səbəb olan başqa məsələdir: Azərbaycan müstəqil siyasət yürüdür, kimlərinsə iradəsini yerinə yetirmir.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində minlərlə müsəlman məscidləri, tarixi-dini abidələr dağıdılıb, viran edilib. Bir milyondan çox bacı və qardaşlarımız evsiz-eşiksiz qalıb, onlar doğma ata-baba torpaqlarından didərgin salınıb. Bütün bu vəhşilikləri törədən Ermənistanla sıx əməkdaşlıq edən İran hakimiyyəti nədənsə bu haqsızlığı, islami dəyərlərin məhv edilməsini, müsəlman bacı və qardaşlarına edilən bu zülmü görməməzliyə vurur. Azərbaycana qarşı ədalətsiz müharibə aparan Ermənistan ordusunun bütün texnikasının İran tərəfindən yanacaqla təmin edilməsi və bunun da nəticələrindən biri kimi müsəlman məscidlərinin viran edilməsinə nə ad vermək olar? Ermənistan dövlət rəsmiləri də təsdiqləyirlər ki, əgər İran Ermənistanla sərhədləri bağlasa, o zaman Ermənistan məhv olma həddinə çatar. İran hazırda da Ermənistanla strateji əməkdaşlıqda maraqlıdır. Ermənistanın çökməkdə olan iqtisadiyyatı məhz İranın himayədarlığı hesabına ayaq üstədir. İki ölkə arasında imzalanmış müqaviləyə görə (bu müqavilə 20 illik müddətə bağlanıb) Ermənistana qaz ixracının həcmi 2011-ci ildə gündə 4 milyon kubmetrə çatdırıldı. Sonrakı illərdə isə 6,3 milyon kubmetrə çatdırılacaq. İran Respublikası ilə Ermənistan arasında siyasi və iqtisadi əlaqələr, bir sıra sahələr üzrə strateji tərəfdaşlıq genişlənir. Ötən ilin dekabrında Ermənistana səfər edən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın erməni həmkarı Serj Sarkisyanla təkbətək və nümayəndə heyətinin iştirakı ilə keçirdiyi görüşlərdə də bunun şahidi olduq. Görüşün sonunda İranla Ermənistan arasında bir sıra sənədlər, Araz çayı üzərində su-elektrik stansiyalarının tikilməsi və ondan birgə istifadə haqqında, ictimai işlərdə birgə əməkdaşlıq, ətraf mühitdəki problemlərin aradan qaldırılması və digər sahələr üzrə saziş imzalanmışdır. Budurmu İran rəsmilərinin və ayətullahlarının Azərbaycandakı müsəlman bacı və qardaşlarına göstərdikləri qayğı? İranın Ermənistanla əməkdaşlığı ermənilərin islam dəyərlərini məhv etməsinə güc və qüvvət verir.
Son vaxtlar İrandakı bəzi qüvvələrin Azərbaycana qarşı təbliğat kampaniyası artıq təxribat və terror müstəvisinə keçib. Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməkdə, yəni terror aktını hazırlamaqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxsin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ifşa edilərək yaxalanması və bu şəxslərdən birinin İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqədə olması da qonşu ölkənin bəd məramından xəbər verir. Terror aktı törətmək istəyən şəxslərdən birinin - əslən Nardaran sakini olan Balaqardaş Dadaşovun İranın Ərdəbil şəhərində yaşaması və bütün planların onun mənzilində hazırlanması, bu işlərdə İranın xüsusi xidmət orqanları əməkdaşlarının onlara himayədarlıq etməsi Azərbaycana qarşı çirkin kampaniyanın tərkib hissəsidir. 60 yaşlı B.Dadaşov adam girov götürmə, qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə və digər hadisələr törətmiş silahlı birləşmələrə rəhbərlik edib.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı tədbirlər nəticəsində terror aktının qarşısı alınmışdır.
Göründüyü kimi, İrandakı bəzi qüvvələr açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edir. Bu gün Azərbaycan beynəlxalq aləmdə kifayət qədər nüfuzu olan bir dövlətdir, öz siyasətini necə qurmağı, necə həyata keçirməyi çox yaxşı bilir. Kənar dövlətlərin Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir. Azərbaycan heç zaman belə hallara yol verməyəcəyini dəfələrlə bəyan edib. Gərək dostlarımız da, düşmənlərimiz də bu məsələni yadda saxlasınlar.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.