ABŞ
"Bir çox amerikalılar Sovet İttifaqının süqutunun Vilnüsdəki hadisələrlə başladığını düşünürlər. Amma mən inamla deyirəm ki, bu, 1990-cı ilin yanvarında Bakıdakı qanlı hadisələrlə başladı". Bunu ABŞ Dövlət katibinin Sovet İttifaqı məsələləri üzrə sabiq xüsusi müşaviri Pol Qobl yanvarın 20-də Azərbaycanın ABŞ-dakı səfirliyində Qara Yanvar faciəsinin 22-ci ildönümünü anma mərasimindəki çıxışında bildirmişdir.
O, davam edərək demişdir: "Azərbaycan xalqı bilməlidir ki, həmin gecə nümayiş etdirdiyi mərdliklə tək öz ölkəsini deyil, bütün dünyanı dəyişdirdi. Bununla siz fəxr etməlisiniz. Doğrudan da, qlobal siyasi səhnə yanvarın 20-dən 22-dək çox dəyişdi. Vaşinqtonda bu hadisələri izləyərkən özümüz üçün bəzi nəticələr çıxardıq. O cümlədən, Sovet İttifaqının "etnik kart" oynadığını görüb, yəni Mixail Qorbaçovun Bakıya "ermənilərlə bağlı" böhran vəziyyətinə cavab kimi qoşun yeritməsini eşidəndə imperiyanın dağılma təhlükəsi altında olduğunu başa düşdük. Halbuki, Qorbaçovun bu "səbəbi" Ermənistan prezidenti Levon Ter-Petrosyan tərəfindən də inkar edilmişdir. 1990-cı ilin yanvarında biz, Şərqi Avropa ilə Sovet İttifaqı arasında açıq-aydın sərhədin mövcudluğunu gördük. Ən əsası isə, sovet qoşunları Bakıda bir gecədə 60 min güllə istifadə edərək sözün əsl mənasında "terror" aktı həyata keçirəndən sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu zorakılığı qətiyyətlə pisləməsindən və Azərbaycanın müstəqil olacağını bəyan etməsindən sonra biz anladıq ki, əgər Heydər Əliyev miqyaslı bir şəxs kommunist rejimi ilə bütün əlaqələrini kəsdiyini deyirsə, bu, doğrudan da sondur". Pol Qobl 20 Yanvarı azərbaycanlıların "doğum şəhadətnaməsi" adlandırmışdır. O bildirmişdir ki, həmin qanlı gecədə Sovet İttifaqı Bakıda özünə sui-qəsd etmişdir. Təəccüblü deyildir ki, Mixail Qorbaçov faciədən bir neçə il sonra karyerasının ən böyük səhvini nə Vilnüsü, nə ABŞ ilə danışıqları deyil, məhz Bakıya silahlı qoşunların yeridilməsi olduğunu boynuna almışdır.
Sonra mərasimdə Vaşinqtondakı Azərbaycan icmasının üzvü, "Amerikanın səsi" radiosunun Azərbaycan redaksiyasının sabiq əməkdaşı Həbib Azərsina çıxış edərək 22 il əvvəl Azərbaycanda baş verən qanlı hadisələrdən sonra Bakı ilə çətinliklə yaradılan əlaqə zamanı ziyalılarımızla etdiyi müsahibələrdən, faciənin ABŞ-ın aparıcı KİV-ləri tərəfindən işıqlandırılması və Azərbaycan icmasının Vətəndə baş verənlərə etiraz olaraq SSRİ səfirliyi qarşısında təşkil etdiyi aksiyası haqqında söhbət açmışdır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən, SSRİ-nin süqutunda oynadığı həlledici roldan bəhs etmiş, bu faciədə həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir. Səfir qeyd etmişdir ki, həmin qanlı qırğını törədənlər Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq və azadlıq eşqini söndürmək istəsələr də, məqsədlərinə nail ola bilmədilər, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. E.Süleymanov ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsini və bu faciəni törədənləri kəskin pisləməsini böyük tarixi hadisə adlandırmışdır.
Mərasimdə iştirak edən ABŞ-ın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, eləcə də Vaşinqtonda təhsil alan azərbaycanlı tələbə icmasının üzvləri Azərbaycanın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Anma mərasimində ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov həzin musiqi parçaları ifa etmişdir.
Böyük Britaniya
Londonda fəaliyyət göstərən "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzində 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə mərkəzin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə anma mərasimi keçirilmişdir.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi giriş sözü ilə açan "Azərbaycan Evi" Mədəniyyət Mərkəzi idarə heyətinin sədri Əli Təkin Atalar faciə və onun tarixi əhəmiyyəti ilə bağlı mülahizələrini bölüşmüşdür. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəni Azərbaycanın müstəqilliyinin bərpası prosesinin başlanğıcı, sovet imperiyasının süqutunu tezləşdirən hadisələrdən biri kimi səciyyələndirmişdir.
Mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov həmin günün xalqımız üçün həm faciəvi, eyni zamanda, şərəfli gün olduğunu diqqətə çatdırmışdır. Diplomat qanlı hadisələrin Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə əzmini qıra bilmədiyini, bir il sonra, 1991-ci ildə öz istiqlalını yenidən əldə edən ölkəmizin bu gün beynəlxalq aləmdə layiqli yer tutduğunu bildirmişdir. O, xalqımıza qarşı törədilən cinayətin heç zaman unudulmayacağını, şəhidlərimizin xatirəsinin hər il Azərbaycanın hər yerində olduğu kimi, ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz tərəfindən də dərin ehtiramla yad edildiyni demişdir.
Səfir ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 20 Yanvar hadisələrinə layiqli siyasi-hüquqi qiymət verildiyini, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırmışdır. F.Qurbanov bundan sonra da faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılacağına əminliyini ifadə etmişdir.
Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı videomateriallar, fotoşəkillər nümayiş etdirilmişdir. Filmdə zirehli texnikanın köməyi ilə dinc əhaliyə qarşı törədilmiş qətliam səhnələri əks olunmuşdur.
Sonda tədbir iştirakçıları 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparmışlar.
Tədbirdə Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri, Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Londonda fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, səfirliyin əməkdaşları iştirak etmişlər.
Türkiyə
Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada Rəsm və Heykəl Muzeyində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı rəsm sərgisi təşkil etmişdir.
Azərbaycanın görkəmli rəssamlarının 20 Yanvar faciəsini əks etdirən tablolarının nümayiş etdirildiyi sərginin açılış mərasimində ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri günahsız dinc insanları amansızcasına qətlə yetirmişdir. Bu qətliam sadəcə Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına qarşı törədilmiş cinayətdir. Daha sonra, sovet ordusunun köməyi ilə ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 1 milyon vətəndaşımız öz yurd-yuvalarından didərgin salınmışdır.
Canlarını Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. Onların qanı yerdə qalmayacaqdır.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar 20 Yanvar qətliamında şəhid olanların xatirəsinin Türkiyədə də ehtiramla anıldığını bildirmiş, "bir millət, iki dövlət" kəlamının hər zaman yaşadılmasının zəruriliyini vurğulamışdır. "Birimizin ayağına batan tikanı digərimiz də hiss etməlidir", - deyən millət vəkili Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı siyasətini pisləmişdir. N.Ünüvar demişdir ki, olmayan "soyqırımı"nı təbliğ edənlər Xocalı və Bakıda yaşanan qətliamlara isə göz yumurlar.
Ukrayna
20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycanın Ukraynadakı səfirliyində Dövlət Bayrağı endirilmişdir.
Sonra Kiyevdəki Səməd Vurğun adına kitabxanada diplomatik nümayəndəliyimiz Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş matəm tədbiri keçirmişdir.
Güclü qar yağdığına və yolları buz bağladığına baxmayaraq, kitabxananın zalında təşkil olunmuş matəm tədbirinə xeyli adam toplaşmışdı. Görkəmli Azərbaycan şairinin adını daşıyan bu mədəniyyət ocağında o qanlı gecənin qurbanlarının fotoşəkilləri olan stend, totalitar sovet dövlətinin rəhbərliyini və erməni separatçılarını, işğalçıları və terrorçuları ifşa edən çap məhsulları, Azərbaycan səfirliyinin press-relizləri yerləşdirilmiş, hər yerdə matəm lentli al qərənfillər düzülmüşdü.
Tədbir "Qanlı Yanvara gedən yol" adlı sənədli filmin nümayişi ilə başlanmışdır.
Bir dəqiqəlik sükutdan sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətliyə söz verilmişdir.
Diplomat toplaşanlara Azərbaycanın ən yeni tarixinin qanlı, həm də qəhrəmanlıq səhifələrindən biri haqqında, fədakar qəhrəmanlar - Vətənimizin azadlığı və müstəqilliyi naminə həyatını qurban vermiş Azərbaycan xalqının oğul və qızları haqqında müxtəlif millətlərin və xalqların nümayəndələrinin şəhid olmasından ətraflı söhbət açmışdır.
Səfir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailəsi ilə birlikdə gələrək Mixail Qorbaçovun və onun əlaltılarının cinayətinə birinci obyektiv siyasi-hüquqi qiymət vermiş dahi lider Heydər Əliyevin misilsiz rolunu vurğulamışdır.
Çıxışının sonunda səfir xüsusi qeyd etmişdir ki, Prezident İlham Əliyev, bütün Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Bu gün çiçəklənən, gələcəyə inamla baxan Azərbaycan şəhid olmuş qəhrəmanlarımıza və günahsız qurbanlarımıza ucaldılmış ən gözəl abidədir.
Əslən leninqradlı olan və 30 ildən bəri Zaporojyedə (Ukrayna) yaşayan Rusiyanın əməkdar tökməçisi Anatoli Fedorenko Bakıda şahidi olduğu qanlı terrordan danışmışdır.
Çernobıl iştirakçısı olan Anatoli Pavloviç o yanvar günlərində "Çernobıl-Azərbaycan" təşkilatının sədri Mirhəsən Həsənovun qonağı imiş. Azərbaycan paytaxtının mərkəzində yerləşən "Bakı" mehmanxanasında qaldığına görə o dəhşətli mənzərələri - küçələrdə güllələrdən deşik-deşik olmuş meyitləri öz gözləri ilə görmüşdür. Yanvarın 20-də gündüz isə o özü yaralanmışdır: snayperin reportyora tuşladığı güllə onun ayağına dəymişdir. Yalnız bakılı cərrah Məmmədovun sayəsində Anatoli Fedorenko ayağını itirməmişdir.
81 yaşlı Anatoli Pavloviç deyir: Mən həyatımda çox şey görmüşəm - Leninqrad blokadasını, Çernobıl AES-də baş vermiş qəzanı, amma o zamankı İttifaqın vətəndaşlarına qarşı belə amansızlıq və sadizm heç xəyalıma da gəlməzdi.
Tədbirdə çıxış edən sahibkar Vilayət Quliyev, hacı Əlövsət (Ələkbərov), "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatının prezidenti, Azərbaycanın və keçmiş İttifaqın Əməkdar İdman Ustası və məşqçisi Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Konqresi Məclisinin rəhbəri Akif Gülməmmədov, "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının prezidenti Hikmət Cavadov və başqaları totalitar sovet rejiminə qarşı mübarizədə Azərbaycanın müdafiəsinə qalxmış oğul və qızlarımızın qəhrəmanlığı və misilsiz igidliyi haqqında öz fikirlərini və hisslərini bölüşmüşlər.
Bütün çıxışların leytmotivi bu fikir olmuşdur ki, 20 Yanvar şəhidləri boş yerə canlarını qurban verməmişlər - Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir!
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.