Daşqın təhlükəsi hələlik səngimir

Mayın 24-də axşam Saatlı rayonunun Novruzlu kəndi istiqamətində "Sarısu" gölündəki bəndin yarılması 30 min əhali yaşayan Sabirabad şəhərini təhlükə qarşısında qoymuşdur. Hadisə yerinə dərhal fövqəladə hallar, daxili işlər, müdafiə nazirliklərinin canlı qüvvələri, çoxsaylı ağır texnikalar gətirilmiş, daşqının qarşısını almaq üçün müvafiq işlər görüməyə başlanmışdır.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov telefon vasitəsilə redaksiyaya bildirdi ki, əvvəlcədən görülən təhlükəsizlik tədbirləri sayəsində insan tələfatı yoxdur, Kürboyu kəndlərin camaatı köçürülür.
"Sarısu" gölündə növbəti daşqınlar nəticəsində Saatlı rayonunun Məzrəli, Naharlı, Kamallı, Hacıqasımlı, Dəllər, Musalı, Novruzlu, Nərimankənd, Sabirabad rayonunun Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Qasımbəyli, İmişli rayonunun Almədətli, Telişli kəndləri boşaldılmışdır. Hər üç rayonda bəndbərkitmə işləri davam etdirilir. Araz çayının Bəhramtəpə su qovşağının yaxınlığındakı köhnə yatağı bərpa edilir. Eni 200 metr, uzunluğu 5 kilometrdən çox olan dərin kanal qazılır. Kanal hazır olanda Araz çayı bu istiqamətə yönəldiləcək və su öz axarı ilə Xəzər dənizinə tərəf irəliləyəcəkdir. Mütəxəssislərin rəyinə görə, bu variant yaranmış kritik vəziyyətdən çıxmağın ən düzgün yoludur.
Hacıqabul rayonunda və Şirvan şəhərində də gərginlik davam edir. Hacıqabulun birinci Meyniman kəndində dağılan bəndin bərpası qurtarmaq üzrədir. Daşqına səbəb olan su Hacıqabul gölü istiqamətində axıdılır. Gölün Şirvan şəhəri ətrafındakı bəndlər möhkəmləndirilir. Bütün bu işlərin görülməsində köməyə gələn qüvvələrlə yanaşı yerli əhali də yaxından iştirak edir.
Sabirabad rayonunun Azadakənd kəndi istiqamətində Kür çayındakı bəndin dağılması Qazıməmməd - Astara qaz kəmərini zədələyib. Nəticədə kəmərdə güclü qaz sızması yaranıb. Bu səbəbdən də Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişi dayandırılıb. Qəzanın aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.
Bir sözlə, fəlakət zonasında cərəyan edən hadisələrin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış hökumət komissiyasının nəzarətindədir. Komissiyanın üzvləri operativ qərargahda növbə çəkirlər. Harada təhlükəli vəziyyət yaranırsa, xilasedici qüvvələr, texniki vasitələr oraya istiqamətləndirilir. Hələlik sel təhlükələri səngimir.{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında