Bir neçə gün idi ki, ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsinin rayonlarında da 20 Yanvar - Ümumxalq Hüzn Günü müxtəlif toplantılar və anım tədbirləri keçirilirdi. Yanvarın 20-də bu tədbirlər yerlərdə Şəhidlər Xiyabanlarının ziyarəti ilə başa çatdı. Axın-axın müqəddəs məkana gələn ictimaiyyət nümayəndələri abidə komplekslərinin önünə gül dəstələri qoydular, şəhidlərin xatirələrini ehtiramla yad etdilər.
Lənkəran
İyirmi iki il öncə, yanvarın 19-dan 20-ə keçən gecə Bakıda kütləvi qırğın törətmiş Sovet qoşunlarının cəza dəstələri bununla kifayətlənməyərək Lənkəran və Neftçala rayonlarına da həmlə edərək neçə-neçə günahsız insanı qətlə yetirmişlər. Hadisələrdə şəhid və əlil olan lənkəranlıların sayı 14 nəfərə çatmışdır. Şəhid ailələrinin üzvləri ilə keçirilən görüşdə şəhər icra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov adlarını tarix səhifələrinə öz qanları ilə yazmış vətən oğullarının xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğuna diqqəti cəlb etdi. Şəhid ailələrinin üzvləri onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar paylandı.
Yanvarın 20-də sübh tezdən Lənkəran şəhər rəhbərliyinin, ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər "Şəhidlər" Xatirə Kompleksinə gələrək ölməz vətən oğullarının ruhları qarşısında ehtiramla baş əydilər. Abidə önünə əklillər və gül dəstələri qoyuldu. Həmin gün Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş geniş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Bu tədbirdən öncə teatrın foyesində məktəblilərin qanlı şənbə gecəsi mövzusunda çəkdikləri rəsm əsərlərinin sərgisi təşkil olunmuşdu. Sərgi ilə tanış olan, tamaşaya baxan lənkəranlıların qəlbindən keçən bu hissləri duymaq çətin deyildi: heç kəs unudulmur, heç nə yaddan çıxmır...
Neftçala
Qanlı yanvar hadisələrində Neftçala rayonu da üç şəhid vermişdir. Biri Bakıda, digər ikisi isə Neftçalada qaniçən sovet ordusu əsgərlərinin güllələrinə tuş gəlmiş hər üç şəhidin xatirəsi rayonda daim əziz tutulur. Rayon mərkəzinin "20 Yanvar" küçəsində yaradılmış abidə kompleksi önünə gələn neftçalalılar şəhidləri bir daha yad etdilər, onların ruhlarına dualar oxudular. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri abidə önündə ehtiramla baş əydilər. Saat 12-də isə bütün ölkədə olduğu kimi, Neftçalada da şəhidlər 1 dəqiqəlik sükutla anıldılar. Xəzər dənizindəki gəmilərdən səslənən "sos" siqnallarının sədları ətrafa yayıldı.
Masallı
Rayon icra hakimiyyəti başçısının 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar təsdiq etdiyi tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilmişdir. Yanvarın 20-də səhər Şəhidlər Kompleksində 20 Yanvar şəhidlərinin ümumrayon anım mərasimi olmuşdur. Qəmli "Zəminxarə" muğamının kədərli sədaları meydana yayılırdı. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin minlərlə rayon sakini faciə qurbanlarının xatirəsinə ucaldılan abidə önünə əklil və gül dəstələri düzərək onların ruhuna dərin ehtiramlarını bildirdilər. Şəhidlərin ruhuna dualar oxundu. Sonra məktəblilərin ifasında maraqlı əbədi-bədii kompozisiya təqdim olundu. Saat 12-də isə bütün ölkədə olduğu kimi, Masallıda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Astara
Ölkəmizin "cənub qapısı" sayılan Astara şəhərində keçirilən anım mərasimləri hər bir iştirakçıya unudulmaz təsir bağışladı. Şəhidlərin Xatirə Kompleksinə gələn icra hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər, həmçinin çoxsaylı ictimaiyyət nümayəndələri vətən uğrunda canlarından keçənlərin xatirəsinin daim urvatda tutulduğunu bir daha nümayiş etdirdilər. Abidə başdan-başa gül-çiçəyə qərq oldu. Sonra mərasim iştirakçıları rayon mərkəzi mədəniyyət evinə toplaşdılar. Foyedə ən yeni tariximizin qanlı səhifələrini əks etdirən kitab, qəzet və jurnalların nüsxələri, gənc rəssamların bu mövzuda əl işlərinin sərgisi hər kəsdə maraq doğurdu. Mədəniyyət evinin səhnəsində isə maraqlı ədəbi-bədii kompozisiya göstərildi. Sonda əsgərlər salona Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı ilə daxil oldular. Şəhidlərimizin qanları bahasına əldə edilmiş dövlət müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olması qənaəti bir daha bütün mərasim iştirakçılarının ruhuna hakim kəsildi.
Yardımlı
Təsdiq olunmuş plana əsasən dağlar diyarının bütün təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilmişdir. Yanvarın 20-də isə güclü şaxta və qar olmasına baxmayaraq, rayon sakinləri elliklə ürəklərinin hərarətini Şəhidlər Xiyabanına gətirmişdilər. İcra hakimiyyətinin başçısı Xəzər Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə idarə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının kollektivləri abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzdülər. Şəhidlərin xatirəsi rəhmətlə anıldı. Ziyarətdən sonra icra hakimiyyətinin konfrans zalında Ümumxalq Hüzn Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi. Şəhid ruhlarına əbədi ehtiramın ifadəsi kimi səslənən məruzə və çıxışlar maraqla dinlənildi.
Lerik
Başıqarlı dağların qoynunda qərar tutmuş Lerik rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə sonsuz ehtiram ifadə olunmuşdur. Bir neçə gün ərzində tarix-diyarşünaslıq muzeyinə gələn ziyarətçilər burada qanlı şənbə hadisələrindən çəkilmiş fotolardan ibarət sərgiyə baxmış, hadisələr barədə ətraflı məlumatlar əldə etmişlər. Bundan başqa, rayonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi şahmat və voleybol yarışları təşkil edilmişdir. Rayon mərkəzi kitabxanasında, mərkəzi xəstəxanada, bütün ümumtəhsil məktəblərində də yaddaqalan tədbirlər keçirilmişdir. Silsilə anım tədbirlərinə Şəhidlər Xiyabanında keçirilən ziyarətlə yekun vuruldu. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, məktəblilər abidə kompleksinə gələrək şəhidlərə ehtiram duyğularını ifadə etdilər. Azadlıq aşiqlərinin xatirəsi sükutla yad olundu.
Biləsuvar
20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Biləsuvar rayonunun bütün idarə, müəssisə və təşkilatlarında, kəndlərdə yığıncaqlar keçirilmiş, 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm sərgisi təşkil edilmişdir. Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri, adi vətəndaşlar 20 Yanvar şəhidlərinin xatirə kompleksini həzin musiqi sədaları altında ziyarət etdilər. Kompleksin önünə icra hakimiyyətinin başçısı Mahir Quliyev tərəfindən əklil qoyuldu, ziyarətçilər gül-çiçək dəstələri düzdülər.
Ziyarət başa çatdıqdan sonra tədbir rayon Mədəniyyət evində davam etdirildi. "20 Yanvar Azərbaycan xalqının mübarizə və qəhrəmanlıq məktəbidir" adlı ədəbi-bədii musiqili kompozisiya və 20 Yanvar hadisələri ilə bağlı film nümayiş etdirildi. Yekunda Üzeyir Hacıbəylinin "Koroğlu" üverturasının sədaları altında Milli Ordunun əsgərləri Azərbaycan bayrağını səhnəyə gətirdilər. Saat 12-də isə hər yerdə olduğu kimi, Biləsuvar rayonu ərazisində də bir dəqiqəlik sükut oldu. Bütün avtomaşınların hərəkəti dayandı və 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi ilə səs siqnalları verildi.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.