Azərbaycan xalqının və dövlətinin qonşu İran İslam Respublikasına münasibəti həmişə səmimi, bu ölkə ilə əməkdaşlığa verdiyi önəm yüksək olmuşdur. Həm sovet dönəmində, həm də müstəqillik illərində bütün siyasətçilərimiz, ziyalılarımız, elm, təhsil, mədəniyyət xadimlərimiz bu ölkəyə qarşı xoş məram nümayiş etdirmişlər. Təkcə bu sətirlərin müəllifi Azərbaycan - İran dostluq və əməkdaşlığına dair bir neçə kitabın redaktoru, tərtibçisi və bir kitabın müəllifi olduğuna görə Azərbaycandan olan hər kəsin qonşu İran dövlətinə olan sayğısının şahididir. Ancaq Azərbaycan - İran münasibətlərinin hər iki ölkə üçün vacib, regionumuz üçün isə zəruri olduğunu ifadə edən ən müdrik kəlamları ulu öndərimiz Heydər Əliyevdən eşitmişik.
Ümummilli liderimiz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan dərhal sonra ölkəmizin qonşuları olan Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Orta Asiya ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətlərinin bərpası istiqamətində mühüm addımlar atdı. Heydər Əliyevin İranla əməkdaşlığa verdiyi önəmin miqyasını ifadə etmək üçün bir məqama diqqət yetirmək kifayətdir. 1993-cü il oktyabrın 3-də Azərbaycan Prezidenti seçilmiş Heydər Əliyev cəmi 25 gündən sonra - oktyabrın 28-də Bakıda İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncanini qəbul etmişdi. Sonrakı il - 1994-cü ilin iyul ayının əvvəlində İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev Tehranda diplomat tələbələrin qarşısında çıxış edərkən demişdi: "Biz İran İslam Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığını öz torpaqlarımızın, öz ərazimizin, öz sərhədlərimizin toxunulmazlığı kimi qəbul edirik, ona hörmət etmişik və hörmət edirik". Bu fakt bizə - müstəqil Azərbaycan Respublikasının hər bir fərdinə təbii bir haqq verir ki, İran tərəfindən də eyni səmimiyyəti görək. Üstəlik, ümummilli liderimiz Tehrana adıçəkilən səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bu məsələdə Azərbaycanın mövqeyini daha konkret şəkildə ortaya qoyaraq demişdir:
"İran İslam Cümhuriyyəti, İran xalqı Azərbaycan Respublikası üçün, Azərbaycan xalqı üçün dost, qardaş, qonşu ölkə və xalqdır. Ona görə də biz belə hesab edirik ki, bu ölkə ilə Azərbaycan arasındakı münasibətlər daim səmimi və mehriban olmalıdır".
Bəli, 50 milyonluq xalqın adından müdrik bir siyasətçinin verdiyi bu bəyanat hər bir azərbaycanlının üzərinə məsuliyyət qoyurdu və bizim hər birimiz həmin məsuliyyəti daim hiss edirik. Ancaq çox təəssüf ki, İrandakı bəzi qüvvələr bizim səmimiyyətimizi düzgün başa düşmür və dövri olaraq münasibətlərin pozulmasına yönəlmiş, bəd niyyətlərdən qaynaqlanan addımlar atırlar. Bütün bunlar az imiş kimi Tehranın bəzi rəsmi şəxsləri də Azərbaycanın ünvanına əsassız olaraq ittihamlar səsləndirir, iki ölkə arasında münasibətlərə xələl gətirəcək fikirlər söyləyir, ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərirlər.
İran tərəfdən gözlədiyimiz, fəqət görə bilmədiyimiz səmimiyyəti bir yana qoyub, qeyri-səmimi, münasibətlərimizə xələl gətirmək məqsədi daşıyan bəzi faktları yada salaq.
Ermənistanın birinci prezidenti, bugünkü ana müxalifətin lideri olan Levon Ter-Petrosyan Ermənistan - İran dostluq münasibətlərinin tarixi barədə söz açarkən bizim üçün acı təəssüf doğuran , ermənilər üçün sevindirici, İran üçün heç də başucalığı gətirməyən bir məqamı dilə gətirmişdi: "Qarabağ uğrunda mübarizədə Azərbaycan az qala bizi diz çökdürəcəkdi. Ermənistan məhz İranın köməyi ilə ayağa qalxdı və məğlubiyyət təhlükəsindən xilas oldu". Fikrimizcə bizim İrana dost əli uzatmağımızın müqabilində düşmən ölkənin birinci şəxsindən -Levon Ter-Petrosyandan eşitdiyimiz həmin fikirlərin şərhə heç bir ehtiyacı yoxdur. Əlavə edilməli bir məqam isə o idi ki, İran hər dəfə Ermənistana yardım edəndən sonra bizimlə İslam Konfransı Təşkilatında növbəti əməkdaşlıq barədə danışıqlar aparır, müzakirələr edirdi.
Başqa bir məqam. Azərbaycanın dövlət müstəqilliyinin kövrək olduğu illərdə ölkəmizdə bir neçə dəfə dövlət çevrilişi cəhdlərinə, hətta, xalqa qurtuluş gətirmiş Heydər Əliyevin fiziki cəhətdən yox edilməsi kimi dəhşətli planların icrasına cəhd edilmişdi. Həmin qanlı hadisələrin ən dəhşətlisini törətmiş Cavadov qardaşlarının böyüyü ölkədən qaçıb əvvəlcə Avropaya, çox qısa vaxtdan sonra isə bəzi qüvvələrin dəvəti ilə İrana getmişdi. Mahir Cavadovun İrana hansı məqsədlə dəvətini biz qələm sahibləri dəqiq bilməsək də, bu işlə məşğul olan xüsusi xidmət orqanları dəqiq bilirdilər. Hər halda orada heç bir xoş məramdan söhbət gedə bilməzdi.
Başqa bir məqam. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra bizim tərəqqimizi gözü götürməyən qüvvələr erməniləri qabağa verib respublikamızın parçalanmasına çalışırdılar. O zaman ermənilərə ən kəsərli və qətiyyətli cavab verən adam Sovet İttifaqı qəhrəmanı, akademik, bütün dünyada ən nüfuzlu şərqşünaslardan biri kimi tanınan Ziya Bünyadov idi. Həmin akademik müəmmalı şəkildə qətlə yetirildi və istintaq zamanı məlum oldu ki, sifarişçilər İranda fəaliyyət göstərən bir təşkilatın nümayəndələridir.
Başqa fakt. Azərbaycan rəsmilərinin "biz heç zaman heç bir qonşumuzun daxili işlərinə qarışmayacağıq" - deyə götürdüyü birtərəfli öhdəliyə daim əməl etməsinə baxmayaraq İranda bizim ölkənin daxili işlərinə qarışmaq halları daim davam edir. Məlum Nardaran hadisələrinin və orta məktəblərdə hicab adlı dini geyimin ləğv edilməsinə qarşı etirazların İrandan körüklənməsi heç kəsə sirr deyil. Hicabla bağlı məsələdən hikkələnmiş bəzi ayətullahların sərsəm fikirlər söyləməsi də bu qənaəti təsdiq edir. Bu az imiş kimi İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Seyyid Həsən Firuzabadi açıq şəkildə Azərbaycana hədə-qorxu gələrək demişdi: "Azərbaycan rəhbərliyi diqqətli olmalı və bilməlidir ki, xalqın oyanışını tapdamaq olmaz". Əvvəla, bu hədə-qorxu ilə çıxış edən cənab general bilməlidir ki, başqa ölkənin daxili işlərinə qarışmaq olmaz, ikinci isə, insanlar bütün dünyada hicabı xalqın oyanışını qara pərdə arxasında gizlətmək cəhdi kimi qiymətləndirir, oyanışı müdafiə etmək rəmzi kimi yox.
Bu yaxınlarda qətlə yetirilmiş yazıçı Rafiq Tağını bir müddət öncə iranlı ayətullah hədələmiş və onun ölümünə fətva vermişdi. Yeri gəlmişkən, deyəsən cənub qonşumuz bu istiqamətdə çox peşəkar insanlara malikdir. Milli Təhlükəsizlik Nazirliyinin son günlər keçirdiyi əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə verilən rəsmi məlumatda da həmin məntiqin təsdiqini görürük. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək istəyən bəzi qüvvələr ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin, xüsusən, ictimai xadimlərin öldürülməsi kimi çirkin planlar hazırlayır və həmin planların icrası üçün ssenarilər yenə də... İranda yazılır. Əlbəttə, bu işin başında duran Balaqardaş Dadaşov İranda yaşasa da Azərbaycan vətəndaşıdır. Ancaq bizim yuxarıda qeyd etdiyimiz kimi Balaqardaş və Mahir qəbildən olan soydaşlarımız nə üçün İranda rahat sığınacaq tapırlar? Bu sualı iranlı məsullara unvanlamaq lazımdır. Özümüz cavab vermək istəsək isə cavabımız belə olardı: sadəcə qonşumuz bizə münasibətdə qeyri-səmimidir. Vəssalam.
Bəlkə də İran tərəfi bizim bu fikrimizə etiraz edəcək. Nə olar, fikir plüralizmi dövrümüzün başlıca tələbidir. Onda bir sual ortaya çıxır: İranın Ərdəbil şəhərində yuva salmış və İranın xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan Balaqardaş Dadaşov (banditizm, adam oğurluğu, quldurluq kimi ağır cinayətlərə görə bu şəxsin barəsində Azərbaycanda axtarış elan edilmişdir) 2011-ci ilin oktyabr ayında "SVD" tipli snayper tüfəngin, həmin silaha məxsus səsboğucu və iki dolu darağın, optik nişangahın 3 PM tipli tapançanın, həmin silaha aid 3 səsboğucu və 3 darağın, "C4" kompozisiyalı 800 qramlıq 16 partladıcı maddənin, 10 elektrodetonatorun, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanın gizli yolla Azərbaycana gətirilməsini necə və kimlərin köməyi, himayəsi ilə təşkil etmişdir?!
Bütün bu silah-sursatın Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşı olan ictimai xadimin həyatına sui-qəsd edilməsi, terror aktları törədilməsi məqsədi ilə Azərbaycana gətirilməsini qeyd etsək, onda dost, qardaş dediyimiz ölkənin bizə münasibətini xoşməramlı adlandırmaq olarmı? Məncə, bu sualın cavabı artıq hamıya aydındır.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.