Yeni əsrin ikinci onilliyinin ilk ili gənc müstəqil Azərbaycan dövləti üçün möhtəşəm tarixi hadisələrlə və çoxsaylı əlamətdar günlərlə zəngin oldu. Hətta çəkinmədən demək olar ki, 2011-ci il bizim üçün adi bir təqvim ili kimi deyil, gələcəkdə dönə-dönə xatırlayacağımız və iftixarla qeyd edəcəyimiz ictimai-siyasi hadisələrlə bağlı il kimi əhəmiyyətli oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, 2011-ci il Azərbaycan üçün cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlərlə yadda qaldı. Elə bir sahə yoxdur ki, həmin sahənin təmsilçiləri geridə qalan ilə nəzər salarkən çoxsaylı uğurlarla fəxr etməsin. Eyni zamanda, ötənilki tariximizdə elə hadisələr var ki, onlar nəinki Azərbaycan cəmiyyətinin hər bir fərdinin, hətta dünyanın müxtəlif qütblərinə səpələnmiş 50 milyonluq azərbaycanlıların hamısının fəxr edəcəyi tarixi faktlar idi. Bəzi məqamları konkret olaraq yada salaq.
Əslində Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş 16 yanvar tarixli iclasında həmin faktlar barədə həm Prezident İlham Əliyev, həm də digər natiqlər əhatəli şəkildə söz açmışlar. Biz də həmin məqamlardan bir neçəsini qeyd edək. Təbii ki, öncə qeyd edilməli ən mühüm hadisələrdən biri dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin dünyadakı bütün dostlarımızla birlikdə qeyd etməyimiz oldu. Azərbaycan xalqı əsrlərdən bəri arzuladığı dövlət müstəqilliyinin 20 illiyini qeyd edərkən, bizim sevincimizə qoşulan dövlət başçılarının və dünyanın nüfuzlu siyasətçilərinin adını sadalasaq, böyük bir siyahı yaranar. Fikrimizcə, bu, ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl siyasi kursun və Prezident İlham Əliyevin respublikamızı beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən etibarlı tərəfdaşa, aparıcı ölkələrdən birinə çevirməsinin nəticəsidir. Çünki bu gün dünya siyasətçilərinin böyük əksəriyyəti Azərbaycanın daha da inkişaf etməsini arzulayır və ölkəmizin tərəqqsini dəstəkləyir. Ancaq geridə qalan 20 ildə müstəqil Azərbaycan Respublikası çoxsaylı uğurlarla yanaşı bir sıra problemləri də yaşamalı olmuşdur. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanlağıdığı 31 dekabr 2011-ci il tarixli təbrikdə həmin məqamlar daha əhatəli və daha məzmunlu şəkildə ifadə olunmuşdur: "İyirmi il ərzində ağır günlərimiz də, gözəl günlərimiz də olub. Gözəl günlərimiz daha da çox olub. Mən tam əminəm ki, gələcəkdə bizi ancaq gözəl günlər gözləyir. Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da artıracaqdır. İyirmi il müstəqillik onu göstərdi ki, Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya bilər və yaxşı yaşaya bilər. Azərbaycan dövləti bu gün də bölgədə sabitləşdirici amil kimi özünü təqdim edir". Yəni Azərbaycan bu qısa müddət ərzində təkcə illərin deyil, həm də tarixin ağır sınaqlarından çıxmış bir dövlət, xalqımız isə öz milli dövlətçilik ənənəsini yüksək səviyyədə yaşatmağı, hətta onu daha da təkmilləşdirməyi bacaran xalq kimi, dünya birliyi tərəfindən qəbul edildi.
Ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi və Prezident İlham Əliyevin müasir lider keyfiyyətlərinə yüksək səviyyədə malik olması ilə birlikdə xalqın iradəsi və ölkəmizin geosiyasi əhəmiyyəti kifayət qədər beynəlxalq nüfuza malik olan bir sivil, demokratik, hüquqi və dünyəvi Azərbaycan Respublikası formalaşdırılmasını təmin etdi.
2011-ci ildə xalqımızın və dövlətimizin əldə etdiyi ən böyük uğurlardan biri də müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər bir beynəlxalq qurumun Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. İlk baxışdan adi görünən bu fakt əslində çox böyük siyasi və ictimai məzmun kəsb edirdi. Çünki hansısa dövlətin bu şuraya üzv seçilməsi elə bir ciddi prosedurdan keçməlidir ki, orada ölkənin bütün göstəriciləri mühüm rol oynasın. Daha doğrusu, bu seçkidə BMT üzvü olan bütün ölkələrin təmsilçiləri səs verir və istənilən səs həlledici ola bilərdi. Azərbaycanın həmin seçkidə qalib gələ bilməyəcəyi təqdirdə də biz heç nə itirməyəcəkdik. Uzaq başı növbəti seçkilərdə öz namizədliyimizi irəli sürə bilərdik. Ancaq müstəqilliyimizin 20 illiyinin qeyd olunduğu ildə həmin möhtəşəm seçkidə qalib gəlməyimiz Azərbaycan xalqı üçün çox böyük fəxr və iftixar gətirən hadisə oldu.
Əslində, həmin seçkidə BMT üzvləri haqqın, ədalətin zəfər çalması üçün səs vermişdilər. Çünki son səkkiz ildə Azərbaycanda həyata keçirilən islahatlar, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində atılan addımlar, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, beynəlxalq aləmə inteqrasiyanın ən müasir metodlarının tətbiq edilməsi, balanslaşdırıcı xarici siyasət, ölkə əhalisinin sosial-rifah halının daha da yaxşılaşdırılmasını təmin edən dövlət proqramları və bu kimi digər mühüm addımlar ölkəmizi dünya birliyinin diqqət mərkəzinə çıxarmışdır. Bundan başqa, rəsmi Bakı Avropanın enerji təhzlükəsizliyinin təmin edilməsində özünəməxsus rol oynayır, Şərqlə Qərbin, Avropa ilə Asiyanın iqtisadiyyatını bir-birinə qovuşduran Şanxay - London dəmir yolu layihəsinin reallaşdırılmasında əsas söz sahiblərindən biri kimi qəbul edilir. Bu gün Avrasiyanın bütün paytaxtlarında rəsmi şəkildə etiraf edirlər ki, Prezident İlham Əliyevin Bakı - Tbilisi - Qars dəmir yolu layihəsini dəstəkləməsi təkcə region ölkələrinin deyil, eləcə də bütövlükdə dünya iqtisadiyyatının inkişafına xüsusi töhfələr verəcəkdir. Bundan başqa Azərbaycanın razılığı və ya iştirakı olmadan regionda heç bir iqtisadi layihənin reallaşdırılması mümkün deyil. Ona görə də dünya ölkələri rəsmi Bakının mövqeyini getdikcə daha geniş miqyasda dəstəkləyirlər və bu tendensiya artmaqdadır. Fikrimizcə, BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçkilər keçirilərkən təxminən iki yüz ölkədən 155-nin Azərbaycanı dəstəkləməsi məhz sadaladığımız bu arqumentlərdən qaynaqlanırdı. Ölkəmizin həmin seçkidə üç və ya beş səs fərqi ilə deyil, digər namizədlər üçün tamamilə əlçatmaz olan səs çoxluğu ilə qalib gəlməsi beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Dünya siyasətçiləri əmin olduqlarını bildirirlər ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi planetimizdə gedən ictimai-siyasi proseslərin doğru məcraya yönəldilməsinə çalışan qüvvələrin etibarlı tərəfdaşına çevriləcəkdir. İndiyədək ekspertlər respublikamızı regionda sülhün və əmin-amanlığın qarantı kimi qiymətləndirdilər. Ölkəmiz qarşıdakı iki ildə bu prosesə dünya miqyasında öz töhfələrini verməyə çalışacaqdır.
2011-ci ildə xalqımızın tarixinə yazılan əsas hadisələrdən biri də Dünya Azərbaycanlılarının növbəti qurultayının yenə də Bakıda keçirilməsi oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının Birinci Qurultayı xaricdə yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikasının ətrafında birləşməsi istiqamətində ilk və uğurlu addım idi. Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2006-cı ilin martında yenə də Bakıda keçirilən İkinci qurultay isə bir neçə cəhətdən əlamətdar oldu. Cənab İlham Əliyev Azərbaycan diasporunu lobbiçilik müstəvisində çıxış etməyə çağırdı, Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsi vəzifəsini qarşıya qoydu, xaricdəki soydaşlarımızın yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi üçün konkret tapşırıqlar verdi və sair. 2011-ci ilin iyun ayında müstəqil Azərbaycanın paytaxtında keçirilən Üçüncü Qurultay isə geridə qalan iki qurultayda müzakirə edilmiş məsələlərin və qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin qiymətləndirilməsi baxımından əhəmiyyətli oldu. Dünya Azərbaycanlılarının şəriksiz lideri olan Prezident İlham Əliyev qurultaydakı nitqində görülmüş işləri yüksək qiymətləndirərək demişdir: "Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz vətənimizə bağlıyıq... Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".
Ötən il ölkəmiz ictimai-siyasi və sosial iqtisadi həyatdakı uğurlarla yanaşı, humanitar sahədə də kifayət qədər nailiyyətlərə imza atmışdır. Oktyabrda Bakıda keçirilmiş "XXI əsr: ümidlər və çağırışlar" adlı Beynəlxalq Humanitar Forum Azərbaycan həqiqətlərinin dünya ictimiyyətinə növbəti dəfə çatdırılması istiqamətində atılmış uğurlu addımlardan biri idi.
Eyni zamanda, ölkəmiz ötən il YUNESKO-nun Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin vitse-prezidenti seçilmişdir. Fikrimcə, müharibə şəraitində yaşayan ölkə üçün bu, çox mühüm uğurdur. Bundan başqa, 2011-ci ilin mayında azərbaycanlı gənclər Almaniyanın Düsseldorf şəhərində keçirilən qitə miqyaslı mahnı müsabiqəsində birinci yeri tutaraq həmin möhtəşəm tədbirin 2012-ci ildə Bakıda təşkil olunmasına zəmin yaratmışlar. Bu gün Azərbaycan paytaxtında həmin tədbirə böyük hazırlıq işləri gedir. Bu proses dövlət başçımızın xüsusi diqqət mərkəzindədir.
Ancaq bütün bunlarla yanaşı, biz - Yeni Azərbaycan Partiyasının fəalları üçün daha bir hadisə də önəmli oldu. Belə ki, 2011-ci ildə ölkəmiz öz dövlət müstəqilliyinin 20-ci ildönümünü qeyd edəndən təxminən bir ay sonra regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiayası özünün 20-ci yaşına qədəm qoydu. Biz ötən ilin noyabrında partiyamızın yaranmasının 19-cu ildönümünü böyük uğurlarla qeyd etdik. Ancaq bu ilin noyabrında qeyd edəcəyimiz 20 illiyə daha böyük uğurlarla gedəcəyik.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi üç böyük töhfədən biri (həmin töhfələr dövlət müstəqilliyimizin əbədiləşdirilməsi, Yeni Azərbaycan Partiyasının yaradılması, eləcə də müasir Azərbaycanın və azərbaycanlıların şəriksiz lideri olan Prezident İlham Əliyevin bu səviyyədə ərsəyə gətirilməsi kimi qiymətləndirilir) olan Yeni Azərbaycan Partiaysı ölkəmizin və xalqımızın həyatında misilsiz rol oynayır. Biz fəxr edirik ki, partiyanın qarşıya qoyduğu vəzifələrin reallışdırılmasında Binəqədi YAP-çılarının da xüsusi xidmətləri vardır. 1993-cü ildə 450 nəfər partiya təəssübkeşinin iştirakı ilə yaradılmış rayon təşkilatı bu gün öz ətrafında 13 min fəal insanı birləşdirir. Onların 7500-dən çoxunun gənclər olması isə bu siyasi təşkilatın gələcəyin partiyası olduğu barədə söylənilənləri təsdiq edir. Binəqədili gənclərin Yeni Azərbaycan Partiyasına axınının əsas səbəblərindən biri də rayonda ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində "10 May" Gənclər ərazi ilk təşkilatlarının yaradılması olmuşdur. 2001-ci ildə respublikada ilk dəfə məhz Binəqədi rayonunda təşkilat üçün qərargah binası tikilib istifadəyə verilmişdir. Təşkilatın indiyədək 6 konfransı keçirilmişdir. Ötən il dekabrın 27-də keçirilən konfransımız isə daha möhtəşəm, daha mükəmməl idi. Çünki dövlət müstəqilliyimizin 20 illik yubileyinin qeyd olunduğu ərəfələrdə keçirilən konfrans daha əhatəli olmalı idi. Ona görə də rayon təşkilatının konfransına bütün ərazi təşkilatlarında fəallarımızın iştirakı ilə geniş hazırlıq işləri həyata keçirmişdik.
Bu gün Azərbaycan öz inkişafının daha sürətli, daha müasir günlərini yaşayır. Əldə etdiyimiz uğurlar gündən-günə artır. Bütün bu nailiyyətlərin təməlində isə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və cənab Prezident İlham Əliyevin müasir idarəçilik prinsiplərini ən incə məqamlarına qədər bilməsi dayanır. Ona görə də inanırıq ki, 2012-ci ildə sevincli günlərimiz 2011-ci ildəkindən qat-qat çox olacaq.
{nl}
Nəbi XƏLİLOV, YAP Binəqədi rayon təşkilatının sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.