Suraxanıda 20 Yanvar faciəsinin 22-ci ildönümü qeyd edilmişdir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" 13 dekabr 2011-ci il tarixli sərəncamının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin dərin hüznlə yad edilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən silsilə tədbirlər keçirilmişdir.
Tədbirlər planına müvafiq olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ərazilərdə abadlıq və təmizlik işləri görülmüşdür. Heydər Əliyev Mərkəzində şagirdlər 20 Yanvar faciəsi haqqında filmə baxmışlar.
Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "1990-cı ilin qanlı 20 Yanvarı Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri keçirilmişdir. Eyni zamanda, orta ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.
Qəsəbələrdə şəhidlərin məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuş, 20 Yanvar şəhid ailələri və əlillərinə ərzaq yardımı edilmişdir.
Dünən isə 114 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəalları, rayondakı müəssisələrin rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov qeyd etmişdir ki, keçmiş SSRİ-nin xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən respublikaya daxil olması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olmasını istəyən, azadlıq, müstəqillik uğrunda mücadilə aparan yüzlərlə dinc insan, o cümlədən uşaq, qoca, qadın qətlə yetirildi, yaralandı, itkin düşdü. Təkcə Bakı şəhərində 131 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı.
Tədbirdə xüsusi vurğulanmışdır ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi.
Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə sərəncamlar imzalamışdır. Ulu öndərin 17 yanvar 2000-ci il tarixli fərmanına əsasən 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
Çıxış edənlər xüsusi vurğulamışlar ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Ölkə rəhbəri bu illər ərzində vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Qanlı qırğından 22 il keçməsinə baxmayaraq, o müdhiş gecəni hamı xatırlayır, ağrılarını yaşayır. Hər il milyonlarla insan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir.Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Tədbirin sonunda 114 saylı tam orta məktəb şagirdlərinin ifasında "Yarımçıq qalmış ömür..." adlı ədəbi-bədii kompozisiya göstərilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında