Müstəqillik uğrunda şəhid olanlara əbədi ehtiram

Artıq bir neçə gündür ki, respublikanın hər yerində olduğu kimi, Bakının Xətai rayonunda da 20 Yanvar - Ümumxalq Hüzn Günü müxtəlif toplantılar və ədəbi-bədii proqramlarla qeyd olunur. Rayon icra hakimiyyəti başçısının bu qanlı şənbədə şəhid olanların ailə üzvləri və əlillərlə yanvarın 18-dəki görüşü isə bu tədbirlərin davamı idi. 
Tədbirə toplaşanlar əvvəlcə xalqımızın milli azadlıq hərəkatında xüsusi yeri olan bu qanlı olayın qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının milli azadlıq mücadiləsinin qanla yazılan şərəfli tarixidir. Bu qanlı aksiya təkcə milli istiqlal ruhumuzun oyanışında deyil, həm də Sovet imperiyasının çökməsində müstəsna rol oynamışdır. Çoxları elə güman edirdi ki, qırmızı imperiyanın bu qanlı cinayəti xalqımızın azadlıq ruhunu əzəcək və Azərbaycan yenə imperiyanın köləsi olaraq qalacaq. Lakin xalqımızın istiqlal ruhu çağlayaraq milyonlarla həmvətənimizi "ya azadlıq, ya ölüm" şüarı ilə müstəqillik mücadiləsinə doğru yönəltdi.
Natiq qeyd etdi ki, xalqımızın qanına qəltan olunduğu bu ağır günlərdə imperiyanın baş şəhəri Moskvada daim təqib altında olan ulu öndər Heydər Əliyev həyatını təhlükə altına qoyaraq əli xalqımızın qanına batmış Sovet rəhbərliyini son dərəcə sərt bəyanatla ittiham etdi. Onun mətbuat vasitəsi ilə bütün dünyaya yayılan bu sərt bəyanatı ildırım kimi çaxaraq imperiyanın sütunlarını lərzəyə saldı. Bu səs bütün xalqımızı sanki yeni bir mücadiləyə, azad və müstəqil Azərbaycan naminə müqəddəs savaşa səslədi. Bu gün o mücadilənin parlaq nəticəsi - günü-gündən qüdrətlənən müstəqil Azərbaycan bütün əzəməti ilə gözümüzün önündədir.
R.Məmmədov bildirdi ki, bu tarixi hadisələrin canlı şahidləri kimi biz xalqımızın hansı acı günlər yaşadığını, necə igid və mərd oğullarımızın qurban getdiyini yaxşı bilirik. Amma sevinirik ki, onların azadlıq və müstəqilliyimiz uğrunda savaşda tökdükləri qanlar nahaq getməyib. Nə qədər ki, müstəqil və azad Azərbaycan var, nə 20 Yanvar şəhidlərimiz, nə də azadlığımız və istiqlalımız yolunda canını qurban vermiş mərd oğul və qızlarımız heç zaman unudulmayacaq.
Sonra Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, yazıçı-dramaturq Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsinin tariximizdə şərəfli yeri var və illər, əsrlər ötəcək, bu qanlı olayda canlarını qurban vermiş şəhidlərimiz heç zaman unudulmayacaq. Lakin unudulmayan bir tarixi gerçəklik də ondan ibarətdir ki, bu şərəfli tarixə siyasi-hüququ qiyməti, onun tarixi mahiyyətini və xalqımızın taleyindəki rolunu hamıdan daha dərin və daha dürüst bilən ümummilli lider Heydər Əliyev vermişdir. 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların ailələrinə və bu qanlı olayda sağlamlıqlarını itirmiş əlillərə dövlət qayğısı ulu öndərin daim diqqət mərkəzində olduğu kimi, bu gün Prezident cənab İlham Əliyevin də həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir.
Görüşdə çıxış edən şəhid ailələrinin nümayəndələri və əlillər də dövlətin bu qəbildən olan insanlara diqqət və qayğısını yüksək dəyərləndirərək bildirdilər ki, bu, bir daha xalqımızın azadlığı uğrunda şəhid olan, sağlamlıqlarını itirən insanların unudulmadığını göstərir. Dövlət başçısı cənab İlham Əliyevin respublikada islahatların sürətlə getdiyi indiki vaxtda şəhidlərin xatirəsini daim uca tutması və onların ailələrini bir an belə unutmaması bizi təsirləndirir.
Sonda şəhid ailələri adından çıxış edən 20 Yanvar Cəmiyyətinin Xətai rayon şöbəsinin sədri Şakir Azadəliyev rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovdan xahiş etdi ki, göstərilən yüksək diqqət və qayğıya görə onların hamısının ailə üzvləri adından Prezident İlham Əliyevə təşəkkürlərini və minnətdarlıqlarını çatdırsın.
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardım göstərildi.

{nl}

İ.RÜSTƏMOV, R.SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında