20 Yanvar xalqımızın azadlıq və suverenlik tarixinin qəhrəmanlıq səhifəsidir

Yanvarın 18-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali təhsil müəssisəsi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.  
İştirakçılar əvvəlcə muzeyin təşkil etdiyi, Azərbaycanın tanınmış fırça ustalarının faciənin dəhşətlərini əks etdirən boyakarlıq və qrafika əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 20 Yanvar hadisələrindən bəhs edən film göstərilmişdir.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı 20 Yanvar hadisəsinin səbəbləri, həmin dövrdə sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycana qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə danışmışdır. A.Naxçıvanlı bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə mübarizlik, dönməzlik, qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, özünün Vətənə sədaqətini, şücaətini, azadlıq, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar qətliamının XX əsrin ən dəhşətli hadisəsi, keçmiş sovetlər ittifaqının xalqları əsarətdə saxlamaq siyasətinin tərkib hissəsi olduğunu qeyd edən rektor azadlıq carçıları - 20 Yanvar şəhidlərinin heç zaman unudulmayacağını, xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulamışdır.
A.Naxçıvanlı 20 Yanvarı xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi hesab edildiyini, həmin tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətini qeyd etmişdir. İnstitutun kafedra müdiri, tarix elmləri doktoru Qafar Cəbiyevin 20 Yanvar faciəsi ilə bağlı məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, bu faciə Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilərək dinc əhaliyə divan tutmuş, qırğınlar törətmişdir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etmişdir. 20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Qətliamın şahidləri - Milli İncəsənət Muzeyi direktorunun müavini Elmira Qasımova, faciə ilə bağlı ilk rəsm əsərinin müəllifi, rəssam İlqar Əkbərov, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Nüşabə Məmmədli, yazıçı-publisist, qanlı yanvar hadisələrindən bəhs edən "Əsrə bərabər gün" kitabının müəllifi Fazil Rəhmanzadə 22 il əvvəl keçmiş sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, insanlığa sığmayan cinayətlər barədə danışmış, xatirələrini bölüşmüşlər. Qeyd olunmuşdur ki, müasir Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsi heç zaman qədirbilən xalqımızın qan yaddaşından silinməyəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında