Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə ətraflı müzakirələr aparılmışdır
Azərbaycanda sosial sferada pozitiv dəyişikliklər dinamik şəkildə baş verir.Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti hökumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının nəticəsidir. Qeyd edək ki, dövlət başçısının təqaüdçülərin və digər sosial kateqoriyaların sosial müdafiəsini gücləndirmək məqsədi ilə yürütdüyü davamlı siyasət ölkə daxilində sosial vəziyyətin yaxşılaşmasını təmin etməklə yanaşı, respublikamızın digər dövlətlərlə müqayisədə iqtisadi inkişafının üstünlüyünü şərtləndirmişdir.
Son illər dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlara əsasən, bütün güc strukturlarında, dövlət idarəetmə sistemində və digər dövlət təşkilatlarında çalışan insanların maaşlarında artım baş vermişdir. Ümumiyyətlə, bütün büdcə təşkilatlarında çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülmüş, onların aylıq vəzifə maaşları artırılmışdır. Bundan başqa, aztəminatlı əhali qruplarına göstərilən qayğı daha da gücləndirilmiş, məcburi köçkünlərə və ünvanlı yardım alan ailələrə verilən aylıq müavinətin məbləği artırılmışdır. Eləcə də tələbə və gənclərin də sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu barədə ətraflı danışılmışdır. Dövlət başçısı bildirmişdir: "Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir"
Həmin iclasda həmçinin vurğulanmışdır ki, ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə 16,5 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 33,2 faiz çox vəsait yönəldilmişdir. Orta aylıq əmək haqqı 11 ay ərzində 8,3 faiz artaraq 357 manata çatmışdır. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əmək haqqı orta hesabla 10 faiz, 900 min pensiyaçının əmək pensiyası orta hesabla 40 faizə qədər artırılmış, qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılmışdır.
Məşğulluq səviyyəsi artmış, il ərzində 94 min yeni iş yeri yaradılmış və işsizlik səviyyəsi 5,4 faizə qədər azalmışdır.
Yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2011-ci ildə 106,9 manata çatdırılmışdır. Yoxsulluq səviyyəsi isə bu müddətdə 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enmişdir. Göründüyü kimi, yoxsulluq həddinin ilbəil davamlı şəkildə artırılması ilə yanaşı yoxsul əhalinin sayı kəskin surətdə azalmışdır. "Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planında müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi yoxsulluq səviyyəsinin daha da azaldılmasında mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyevin sosial sahədə dinamizmə və əhalinin imkansız təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasına impuls verən qərarlarından başlıcası ünvanlı sosial yardımların tətbiqi ilə əlaqədardır. Bu mexanizmin reallaşması minlərlə ailənin vəziyyətinin yaxşılaşmasına, onlar üçün yeni maliyyə mənbələrinin təmin olunmasına səbəb olub. Region ölkələrinin və Avropanın bir çox dövlətlərinin sosial müdafiə sisteminə diqqət etsək görərik ki, onların pensiya sistemində vətəndaşlara yardım və yaxud sosial güzəşt mezanizmi yox dərəcəsindədir. Hökumət onlara qayğı göstərsə də, təmənnasız yardım etmir. Bu siyasətin mühüm istiqamətləri paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsini də əhatə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ən mühüm üstünlüklərindən biri də dünya maliyyə böhranının bütün inkişaf etmiş dövlətlərin iqtisadiyyatına sarsıdıcı zərbələr vurduğu halda, respublikamıza təsir göstərə bilməməsidir. Dünya böhranının birinci və ikinci mərhələlərini dəf edən Azərbaycan makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, maliyyə sektorunda və real sektorda iqtisadi dinamizmin artmasına nail olmaqdadır. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir və böhranın növbəti fazasının ölkəmizə mənfi təsirlərinin qarşısını almış olur.
Bu gün Azərbaycanda keyfiyyətcə yeni iqtisadi şərait yaranmışdır. Azərbaycan iqtisadiyyatı bu uğur sayəsində dünyadakı iqtisadi böhrandan da çox az itki ilə çıxmışdır. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçünü özündə birləşdirir, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. Azərbaycan iqtisadiyyatı son 8 ildə 3 dəfə artmışdır. Dünyada isə qlobal böhranın ikinci dalğası artıq başlayır. Hamıya məlumdur ki, bu, başlıca olaraq avrozonanı əhatə edir. Bu gün Avropanın beş dövlətinin toplam borcu 4 trilyon ABŞ dollarından çoxdur. Bu, fantastik bir rəqəmdir. Həmçinin ABŞ-da da eyni böhran yaşanır. İşsizlik bu ölkələrə hakim kəsilmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə dünya üzrə resessiya çox zəif gedir.
{nl}
Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.