Vaxt Ermənistanın əleyhinə işləyir

Cənubi Qafqaz regionun ən mürəkkəb münaqişəsi olan Dağlıq Qarabağ probleminin həllində keçən il də nəticə əldə olunmadı. 2011-ci il iyunun 24-də Kazanda Rusiya Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında keçirilən üçtərəfli görüşdən gözləntilər çox olsa da, rəsmi İrəvan yenə qeyri-konstruktiv mövqe nümayiş etdirərək ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən yenilənmiş Madrid prinsipləri üzrə razılığa gəlməkdən imtina etdi. Bəzi ekspertlərə görə, erməni tərəfi problemin həllinə mane olmaqla, vaxtı uzatmağa çalışır. Amma ermənilərin bu hiyləgərliyi, deyəsən, onlara çox baha başa gələcək. 
Regional layihələrdən və regioanal inteqrasiyadan kənarda qalan Ermənistanın iqtisadiyyatı artıq həyacan siqnalı çalır. Hər ötən il ölkə üçün daha böyük uğursuzluqlarla yadda qalır, heç bir müsbət yenilik, irəliləyiş, müvəffəqiyyət nəzərə çarpmır, əksinə, iqtisadi böhran daha da dərinləşir, əhalinin sosial şəraiti bir il öncəki il ilə müqayisədə daha da pisləşir. Kütləvi köç adi hal alır, xarici siyasət isə iflas həddinə çatır. Artıq bu həqiqətlər erməni mediası ilə yanaşı, Avropanın nüfuzlu mətbuat orqanlarında da geniş müzakirə olunmağa başlanıb. Uzun müddət müxtəlif diplomatik vəzifələrdə işləmiş polşalı keçmiş diplomat, Yaponiyanın "The Tokyo Shimbun" və "The Chunichi Shimbun" qəzetlərinin Varşava müxbiri Yatsek Potoskinin "Polska Zbrocna" qəzetində dərc edilmiş məqaləsində də bu məsələ diqqət mərkəzində olub.
Müəllif ölkədə böyük maraqla qarşılanan məqaləsində birmənalı şəkildə bildirir ki, Dağlıq Qarabağ münaqişəsində vaxt Ermənistanın xeyrinə işləmir. Oxucuda aydın təsəvvür yaratmaq üçün əvvəlcə tarixi prosesləri təhlil edən Yatsek Potoski yazır ki, Sovetlər Birliyi dönəmində Moskvanın qayğısı ilə tam əhatə olunan Ermənistan ittifaq dağıldıqdan sonra bundan məhrum oldu. İqtisadiyyatı dağılan ölkədə 1994-cü ildə həyata keçirilən xaotik özəlləşdirmə nəticəsində milli əmlak hakim ailədən bir qrup adamın əlində cəmləşdi. Nəticədə, ölkədə meydana gələn oliqarxlar orta və xırda biznes sahiblərini əzməyə başladılar. Müəllifə görə, həmin illərdə Azərbaycan daha rasional siyasət həyata keçirərək ölkəni Qərb sərmayədarlarının üzünə açdı. Öncə 1994-cü il sentyabrın 20-də Qərb şirkətləri ilə Xəzərdəki yataqların istismarını nəzərdə tutan "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra qlobal əhəmiyyətə malik Bakı - Tbilisi - Ceyhan neft kəməri işə düşdü. Keçmiş diplomatın fikrincə, bu, geosiyasi əhəmiyyəti hər il daha da artan, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın iqtisadi inkişafına böyük təkan verdi.
Azərbaycana qarşı həyata keçirilən elan edilməmiş müharibənin doğurduğu nəticələrdən söz açan Yatsek Potoski qeyd edir ki, məsələnin yoluna qoyulması ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən illər ərzində tərəflərin razılığa gəlməsinə nail olmayıb. Səbəb kimi isə Amerikadakı erməni lobbisinin fəaliyyəti və Ermənistanda hakimiyyətdə olan Qarabağ klanının qeyri-konstruktiv mövqedə dayanmasıdır. Bütün bunları nəzərə alan müəllif yazır: "Minsk qrupunun göstərdiyi səylərə baxmayaraq münaqişənin həlli perspektivləri çox cüzidir. Hesab edilir ki, Minsk qrupu passiv mövqe tutur və münaqişənin həlli üçün çox az şey edir. Həmçinin uzun illərdir Ermənistanda "müharibə partiyası", yaxud "Qarabağ klanı" hakimiyyətdədir və onlar Dağlıq Qarabağa Azərbaycan sərhədləri daxilində geniş muxtariyyət verilməsi şərti ilə razılaşmırlar. "Qarabağ klanı" Ermənistanın özündə iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Dağlıq Qarabağı saxlayır. Eyni zamanda, Türkiyənin sərhədləri açmasına dair qeyri-real tələblər irəli sürür. İqtisadi vəziyyət isə ağırlaşır, nəticədə əhalidə ruh düşkünlüyü artır".
Həqiqətən də, Ermənistan hakimiyyətinin siyasəti nəticəsində bu gün ölkədə vəziyyət dözülməz həddə çatıb. İqtisadi börana düçar olan ölkədə ərzaq və sənaye məhsullarının qiymətlərinin durmadan yüksəlməsi, inflyasiya, milli valyuta olan dramın dəyərini itirməsi, əmək haqqı və pensiyaların cüzi olması xalqı səfalət vəziyyətinə salıb. Buna paralel olaraq, Y.Potoskinin qeyd etdiyi kimi, Ermənistanda işsizliyin səviyyəsi 70 faizi ötüb. Bu səviyyə xüsusilə gənclər arasında yüksəkdir. Əmək və Sosial Məsələlər Nazirliyi Gənclərin Sənət Üzrə İstiqamətləndirmə Mərkəzinin direktoru Haykuhi Qevorkyanın açıqlamaları da bunu təsdiq edir. O, bildirib ki, gənclər arasında işsizlik səviyyəsi Ermənistan üzrə ümumi göstəricidən də yüksəkdir. Sosial-iqtisadi vəziyyətin gündən-günə ağırlaşması nəticəsində ümidlərini itirən insanlar baş götürüb ölkədən qaçırlar. 1990-cı ilin əvvəllərindən bugünədək Ermənistanı ən azı 1 milyon 300 min erməni tərk edib. Son dövrlər isə ölkədən kütləvi şəkildə qaçma halları daha da artıb. 2009-cu illə müqayisədə Ermənistandan əcnəbi ölkələrə pənah aparanların sayı azı üç dəfə artıb. Hər il sosial problemlərdən xilas ola bilməyən 70 min nəfərdən artıq erməni vətəni tərk etmək məcburiyyətində qalır.
Amerikanın "Gallup" Tədqiqat İnstitutunun keçirdiyi sosioloji sorğuya əsasən, hazırda Ermənistandakı 1 milyon 200 mindən çox insan ölkəni tərk etmək niyyətindədir. Ölkədə əhalinin sayının faktiki olaraq 1 milyon 700 min olduğunu nəzərə alsaq, onda vəziyyətin necə acınacaqlı həddə çatdığını daha yaxşı anlamaq olar. Bundan başqa, Ermənistan demoqrafik artım problemi ilə də qarşı-qarşıya qalıb. Belə ki, əgər 20 il əvvəl ölkədə 80 min uşaq doğulurdusa, indi bu rəqəm yarıbayarı azalaraq 40 minə enib. Demoqrafik artımın sosial-iqtisadi vəziyyətlə birbaşa bağlı olduğu məlumdur. Digər tərəfdən, tədqiqatlar göstərib ki, əvvəllər Rusiya, Birləşmiş Ştatlar və digər ölkələrə köçən ermənilər qohumlarına pul göndərirdilərsə, indi bu yardım xeyli azalıb.
Ölkədə hər hansı bir irəliləyişin olacağını gözləmək isə yersizdir. "Novosti Armenia" agentliyinin yaydığı məlumatlara görə, ötən ilin yekunlarına dair İrəvanda mətbuat konfransı keçirən Erməni Milli Konqresinin üzvü, keçmiş baş nazir Qrant Baqratyan bəyan edib ki, 2011-ci ildə Ermənistan hökuməti irəliyə doğru bir addım belə atmayıb. Keçmiş baş nazir hakimiyyət nümayəndələrinin ötən il ümumi daxili məhsul istehsalının 4 faiz artdığını bəyan etdiklərini xatırladaraq deyib ki, 1 milyondan çox adamın ölkəni tərk etdiyi bir vaxtda bu göstərici çox gülməli görünür. Əhalinin ölkədən köçməsi nəticəsində kəndlər boşalıb. Boş qalan kəndlərdə məhsul istehsalının 10 faiz artımını iddia etmək heç bir məntiqə sığmır. Baqratyan qonşularla münaqişə vəziyyətində olan Ermənistanın ölkəyə idxal və ixrac etdiyi məhsulları dolayı yollarla aparmaq məcburiyyətində qaldığını, bunun da zorla doldurulan dövlət büdcəsinə baha başa gəldiyini sözlərinə əlavə edib. Buradan da görürük ki, Y.Potoski məqaləsini qələmə alarkən bir sıra əsaslı mənbələrə, o cümlədən dövlət idarəçiliyində mühüm vəzifələrdən birini tutmuş Ermənistanın keçmiş baş naziri Baqratyan kimi şəxslərin açıqlamalarına əsaslanmışdır.
"Polska Zbrocna" qəzetində dərc edilmiş məqalədə rəsmi Bakının xarici siyasətdə əldə etdiyi uğurlardan da ətraflı bəhs edir. Bildirir ki, 1980-ci illərin sonlarından 1990-cı illərin sonlarına qədər beynəlxalq ictimaiyyət heç də Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfində deyildi. Bunda ABŞ, Fransa və digər ölkələrdəki güclü erməni diasporu əsas rol oynayırdı. Lakin rəsmi Bakının daxili və xarici siyasətdə əldə etdiyi uğurlar, onun beynəlxalq aləmdəki mövqelərini xeyli gücləndirdi. Məqalə müəllifi Azərbaycanın Avropa Birliyi, NATO kimi nüfuzlu qurumlara üzv olan ölkələri geridə qoyaraq, 155 dünya dövlətinin tam dəstəyini almasını və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də bununla əlaqələndirir. O qeyd edir ki, hətta erməni ekspertləri də beynəlxalq aləmdə rəsmi Bakının mövqelərinin kifayət qədər gücləndiyini etiraf edirlər. Azərbaycanın bu cür güclənməsinin onun Dağlıq Qarabağı güzəştə getməyəcəyini deməyə əsas verdiyini bildirən Yatsek Potoski digər bir məqama da diqqət çəkərək yazır: "Azərbaycan güclü ordu qurur, zabitlərini Qərbdə, Türkiyədə təhsil almağa göndərir. Hazırda Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyə malik olduğu deyilir. Əgər Azərbaycan hərbi əməliyyatlara başlasa Qərb yəqin ki, susardı".
Y.Potoski Azərbaycanın güclü ordu qurduğunu yazmaqla, əslində, qarşı tərəfin hərbi birləşmələrinin xeyli zəiflədiyinə, onların ölkəmizin hərbi qüdrəti qarşısında duruş gətirə bilməyəcəyinə də eyham vurur. Çünki Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə keçən il iyunun 26-da Bakının "Azadlıq" meydanında keçirilən təntənəli hərbi parad da bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli və mübariz ordusudur. Ötən il sentyabrın 21-də Ermənistanın "müstəqilliyinin" 20 illiyi münasibətilə İrəvanda keçirilən hərbi parad isə növbəti biabırçı təşəbbüs kimi yadda qalmaqla yanaşı, bir daha Ermənistan cəmiyyətinin və silahlı qüvvələrinin acınacaqlı durumunu açıq nümayiş etdirdi. Təşkil olunan bu şouda nümayiş etdirilən hərbi texnika SSRİ-dən qalmış və artıq heç nəyə yaramayan köhnə tanklar, təyyarələr, artilleriya qurğuları və sairdən ibarət idi. Fakt budur ki, ağır iqtisadi böhranla üz-üzə qalan Ermənistanda hər sahədə geriləmə var və bu səbəbdən ölkə nəinki yeni, müasir silahlar almaq iqtidarındadır, hətta onları modernləşdirməyə belə gücü yetmir.
Ermənistanın özündə də açıq etiraf olunur ki, istər hüquq-mühafizə orqanlarında, istərsə orduda vəziyyət dözülməz həddə çatıb. Ermənistan ordusunda dedovşina, xəstəliklər, narkomanlıq və əxlaqsızlıq baş alıb gedir. Hərbi hissələrdə hökm sürən zorakılıq atmosferi xeyli sayda hərbçinin qeyri-döyüş şəraitində ölməsinə səbəb olub. Təbii ki, belə bir orduya malik olan ölkə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin qarşısında diz çökməyə məhkumdu. Bütün bunları nəzərə alan avropalı keçmiş diplomat Y.Potoskiyə görə müharibə ehtimalı artır və İrəvanın yaxın mütəffiqi Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığa üstünlük verib, Ermənistana hərbi dəstək göstərməsə nəticə bəribaşdan aydın olacaq.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında