Yanvarın 17-də Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr edilmiş geniş əməliyyat müşavirəsi keçirilmişdir. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Nazir əməliyyat müşavirəsini açaraq 2011-ci ildə dövlət yol polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sosial müdafiəsinin daha da gücləndirilməsi, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində önəmli addımların atıldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, ötən il Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə DYP xidməti əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırılmış, respublikamızın ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsinə başlanılmış, ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyinin təmini ilə bağlı 13 qanun, fərman və sərəncam imzalanmışdır.
Hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti 2011-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması sahəsində qanunvericiliklə müəyyən olunmuş vəzifələrini layiqincə yerinə yetirməyə çalışmış, DİN rəhbərliyinin yaxından köməkliyi sayəsində DYP-nin maddi texniki bazası son illər ərzində tamamilə yeniləşərək müasirləşmiş, xidmətin "elektron hökumət" dövlət proqramına uyğun qurulması, qayda pozuntularının müasir texniki vasitələrlə aşkarlanması və digər istiqamətlərdə uğurlu islahatlar aparılmışdır.
Baş idarədə mərkəzləşdirilmiş elektron məlumat bazasının yaradılması respublikanın istənilən ərazisindən nəqliyyat vasitələri, onların sahibləri və sürücüləri barədə operativ məlumat almaq imkanı verir.
Qeyd olunmuşdur ki, 2011-ci ildə yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 892 min 409 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 18 min 233, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 100 min 755, ötmə qaydalarının pozulması üzrə 13 min 940 fakt aşkar etmişlər.
Hərəkətin təhlükəsizliyinin təmini ilə yanaşı, yollarda baş vermiş digər cinayət hallarına qarşı mübarizə sahəsində də bir sıra işlər görülmüş, DYP əməkdaşları tərəfindən 12 Kalaşnikov avtomatı, 4 tüfəng, 6 tapança, 1 əl qumbarası, müxtəlif çaplı 1429 patron aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir. Polisin digər xidmətləri ilə birgə 36 fakt üzrə 43 kiloqramdan çox narkotik maddə aşkar olunmuşdur. 2011-ci il ərzində baş idarəyə 181 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan da 168-i tapılmışdır.
O da qeyd olunmuşdur ki, ötən il 73 min 337 avtomobil ilkin qeydiyyata alınmış, respublikanın avtomobil parkının sayı 1 milyon 49 mindən artıq olmuşdur. Qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 65 nəfər və 258 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 412 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir. Avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışın keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 15 cərgəlik ən müasir tələblərə cavab verən yeni diaqnostika stansiyası istifadəyə verilmişdir. Cari ildən qanunvericiliyin tələblərinə uyğun olaraq texniki baxışın yalnız tam şəkildə müvafiq şərait yaradılmış xüsusi məntəqələrdə keçirilməsi nəqliyyat vasitələrinin nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınmasına xidmət edəcək və şəffaflığın təmin olunmasına, neqativ halların aradan qalxmasına şərait yaradacaqdır.
Nazirliyin rəhbərliyinin tapşırığına müvafiq olaraq, hərəkətin təhlükəsizliyinin təbliği məqsədi ilə kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyanın köməyindən istifadə etməklə əhali arasında geniş izahat işləri aparılmış, qəza hallarının baş verməsinə səbəb olan qayda pozuntularının izahına dair videoanimasiyalar və süjetlər televiziya kanallarında mütəmadi yayımlanmış, Bakı şəhərinin yol ayrıclarında quraşdırılmış videokameralardan istifadə olunmaqla mövcud hərəkət sıxlıqları, qeydə alınmış yol-nəqliyyat hadisələri və qayda pozuntuları barədə əhaliyə gündəlik məlumatların verilməsi davam etdirilmişdir.
Baş idarəyə daxil olan müraciətlərin təhlil olunmasına, onları doğuran səbəblərin tam və obyektiv araşdırılmasına, vətəndaşların qəbulu məsələsinə də daim diqqət yetirilmişdir.
Lakin təəssüflə bildirilmişdir ki, ötən il yol-nəqliyyat hadisələrinin, bu zaman ölən və yaralananlarının sayının artması da qeydə alınmışdır. İl ərzində respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1016 nəfər həlak olmuş, 3031 nəfər yaralanmışdır. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 169 (6,2 faiz), həlak olanların sayı 91 nəfər (9,8 faiz), yaralananların sayı isə 160 nəfər (5,6 faiz) artmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,6 faizi (2707) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 45 faizi (1302) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2 faizi (671) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 3 faizi (88) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Hadisələrin 38,7 faizini (1119) piyadaların vurulması təşkil etmiş, nəticədə 392 piyada həlak olmuş, 803-ü yaralanmışdır.
Dövlətimizin başçısının DYP xidmətinə olan diqqət və qayğısına, sosial problemlərin həllinin daim nəzarətdə saxlanmasına, müvafiq fərmanla cərimələrdən toplanmış maliyyə vəsaitinin 25 faizinin aylıq vəzifə maaşlarına əlavə edilməsinə baxmayaraq hələ də bəzi əməkdaşlar tərəfindən xidmətdə neqativ hərəkətlərə yol verildiyi təəssüflə qeyd edilmişdir. Ötən il bu və digər nöqsanlara görə 697 əməkdaş cəzalandırılmış, 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 20 əməkdaş isə tutduğu vəzifədən azad olunmuşdur.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisi xidmətinin hərəkətin təhlükəsizliyinin təmin olunmasında mühüm funksiyalar həyata keçirdiyini, şəxsi heyətin bu yöndə qarşıya qoyulan vəzifələrin öhdəsindən ümumən gəldiyini bildirmiş, lakin bəzi nöqsan və çatışmazlıqların da olduğunu xatırlatmış, onların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
O demişdir ki, DYP-nin qüvvə və vasitələri əsas etibarilə yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa təsir göstərən kobud qayda pozuntularının, xüsusən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi kimi inzibati xətaların aşkarlanmasına yönəlməli, piyadaların vurulması ilə nəticələnən hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlər gücləndirilməlidir. Eyni zamanda, yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb olunmaları davamlı həyata keçirilməli, bu istiqamətdə əhalinin maarifləndirilməsinə xüsusi diqqət yetirilməli, kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunmalıdır.
Hərəkətin təhlükəsizliyinin təminində müasir texnologiyaların tətbiqinin və səmərəli istifadəsinin əhəmiyyətini vurğulayan nazir vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət olunmasının, yol polisi əməkdaşlarının nümunəvi davranışının, mövcud qanunvericiliyin tələblərini dərindən bilmələrinin və ona əməl etmələrinin, yüksək peşəkarlıqları ilə insanların rəğbətini qazanmalarının zəruriliyini qeyd etmişdir.
Çıxışının sonunda daxili işlər naziri Azərbaycan Prezidentinin "Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır" tələbinin gündəlik fəaliyyətdə rəhbər tutulmasına, polis -vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılmasına DİN rəhbərliyinin böyük önəm verdiyini diqqətə çatdırmışdır. General-polkovnik Ramil Usubov hər bir əməkdaşın üzərinə düşən məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəyinə əminliyini bildirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.