Xəzər rayonunda 20 Yanvar Ümumxalq Hüzn Gününə hazırlıq görülür

İyirmi iki il bundan əvvəl, yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı öz tarixinin ən qanlı-qadalı anlarından birini yaşadı. Təpədən-dırnağadək müasir hərbi sursat və texnika ilə silahlanmış sovet qoşunları heç bir xəbərdarlıq edilmədən Bakının üzərinə yeridildi. Nəinki İttifaqda, hətta bütün dünyada ən beynəlmiləl şəhər kimi ad çıxaran Bakı gülləbaran edildi. Yüzlərlə günahsız insan - qoca, cavan, qadın, uşaq məhv edildi, yaralandı, itkin düşdü. 
SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə bütöv bir xalqa qarşı törədilmiş bu vəhşiliyə səbəb nə idi? Məgər bu qədər qan axıdılmasından qaçmaq olmazdımı? Əlbəttə, olardı. Əgər Mixail Qorbaçov ermənipərəst olmasaydı, Azərbaycanın o vaxtkı rəhbərlərinin milli qeyrəti, sərbəst qərar qəbul etmək cəsarəti çatsaydı 20 Yanvar faciəsinin qarşısını almaq mümkün idi. Təəssüf ki, belə olmadı, 1920-ci ilin 28 aprelində Azərbaycanın müstəqilliyinə son qoyanlar 1990-cı ilin 20 yanvarında yenidən gələrək, doğma torpaqlarının müdafiəsinə qalxan, azadlıq uğrunda mübarizə aparan xalqımıza divan tutdular.
Ümummilli liderimiz Heydər Əliyev həmin hadisələri xarakterizə edərkən demişdir ki, "XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar".
Artıq 22 ildir Azərbaycan xalqı bu ümidlə yaşayır, 20 Yanvar gününü faciə kimi deyil, qəhrəmanlıq, mətinlik nümunəsi kimi qeyd edir, müstəqillik, azadlıq uğrunda şəhid olan övladlarının ruhunu oxşayır, əziz tutur. Nə qədər ki, Vətənimiz yaşayır, bu, belə olacaq. Qədirbilən xalqımız müqəddəs şəhidlərini heç vaxt unutmayacaq, onların adını daim uca tutacaq. Məhz bu amalla hər ilin 20 Yanvar gününə ölkəmizdə geniş hazırlıq işləri görülür.
Qeyd etmək lazımdır ki, 20 Yanvar qırğını zamanı paytaxtımızda ilk qan tökülən məkanlardan biri də Xəzər rayonunun ərazisi olmuşdur. O müdhiş gecədə rayonun Qala, Binə qəsəbələrinin sakinləri təcavüzə məruz qalmış, qanına qəltan olunmuş insanların köməyinə tələsən təcili yardım maşını heyəti ilə birlikdə amansızlıqla məhv edilmişdir.
Ümumiyyətlə, 20 Yanvar faciəsində Xəzər rayonunun 6 sakini şəhid olmuş, 15-i ağır yaralanaraq əlilə çevrilmiş, 7 nəfər isə xəsarət almışdır. Əhalinin istər və arzusunu nəzərə alan Xəzər Rayon İcra Hakimiyyəti şəhidlərin adını əbədiləşdirmək üçün konkret işlər görmüşdür. Şüvəlan qəsəbəsindəki 230 saylı orta məktəb 20 Yanvar şəhidi Fuad Fərhad oğlu Mövludovun adını daşıyır. Bir neçə küçəyə şəhidlərin adı verilmişdir. Bundan əlavə, şəhid ailələri, 20 Yanvar əlilləri, təcavüz nəticəsində xəsarət alanlar hər cür qayğı ilə əhatə olunmuşlar.
Hazırda rayonda 20 Yanvar faciəsinin ildönümü münasibətilə idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə ocaqlarında müxtəlif tədbirlər, anım mərasimləri keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun sərəncamı ilə təsdiq olunmuş 8 bənddən ibarət tədbirlər planı qrafikə uyğun icra edilir. RİH aparatı əməkdaşlarının, qəsəbə nümayəndələrinin, bələdiyyələrin, ictimai təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən konfrans, "dəyirmi masa" və müşavirələrdə 20 Yanvar hadisələrinə bir daha nəzər salınır. Azərbaycanın ərazi bütövlüyünün, azadlığının, müstəqilliyinin təmin olunması uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığından, şücaətindən ürəkdolusu, fəxrlə danışılır. Xalqımıza qarşı düşmənçilik edənlər lənətlənir və ifşa olunurlar.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında