Prezident İlham Əliyev: 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi məsələlər uğurla icra edilmişdir

2011-ci il ölkəmizin sosial-iqtisadi sahələrində əldə edilən mühüm uğurlarla yadda qaldı. Dövlət başçısının elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etdi. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirdi.
Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edildi. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bütün bunlar barədə ətraflı danışılmışdır.
Dövlət başçısı nitqində vurğulamışdır ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Əhalinin pul gəlirləri 19,6 faiz artmışdır. Bu statistik göstəricilər əyani şəkildə göstərir ki, insanların rifah halı yaxşılaşmışdır və beləliklə, inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür.
Prezident İlham Əliyev iclasda ötən il investisiya qoyuluşu ilə bağlı əldə edilən uğurlar barədə də danışmışdır: "2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır".
Dövlət başçısı iclasda bildirmişdir ki, sosial sahədə siyasət uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz yüksəlmişdir və bu da sosial siyasətin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir.
Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq, bu, bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də aparılan uğurlu investisiya siyasəti bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır.
Prezident İlham Əliyev daha sonra demişdir: "Şəhərlərimiz gözəlləşir, abadlaşır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Bütövlükdə, biz işsizliyə qarşı proqramı icra etməyə başlayandan sonra - 2003-cü ildən bu günə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir. Biz bilirik ki, 2012-ci il də bizim üçün uğurlu olacaqdır".
İclasda həmçinin bildirilmişdir ki, mürəkkəb xarici iqtisadi mühitdə qlobal sosial-iqtisadi çağırışlara yüksək dayanıqlıq nümayiş etdirmiş Azərbaycanda 2011-ci ildə də iqtisadi artım davam etmiş, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının daha da yüksəlməsində yeni uğurlar əldə olunmuşdur.
Ötən il inflyasiya birrəqəmli səviyyədə və manatın məzənnəsi sabit saxlanılmaqla makroiqtisadi sabitlik təmin edilmişdir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq tələblərə cavab verməklə 7,3 faiz təşkil etmiş, strateji valyuta ehtiyatlar\ı 40 milyard dolları ötmüşdür. Dövlət büdcəsinin gəlirləri 37,7 faiz artaraq 15,7 milyard, xərcləri isə 30,8 faiz artaraq 15,4 milyard manat olmuş, dövlət büdcəsi profisitlə icra olunmuşdur. Ümumi daxili məhsulun adambaşına həcmi 7 min dolları ötmüş, yuxarı orta gəlirli ölkələr sırasında Azərbaycanın mövqeyi daha da möhkəmlənmişdir.
İclasda vurğulanmışdır ki, 2011-ci ildə iqtisadi artımın strukturu əvvəlki illərdən fərqli olmuşdur. Belə ki, qeyri-neft sektoru 9,4 faiz, o cümlədən kənd təsərrüfatı 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,8 faiz, nəqliyyat sektorunda yük daşınması 3,6 faiz, o cümlədən qeyri-neft sektorunda 9,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,8 faiz artmışdır. ÜDM-in artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Bu, ölkə iqtisadiyyatının şaxələnməsi, onun neft sektorundan asılılığının minimuma endirilməsi istiqamətində düşünülmüş siyasətin birbaşa nəticəsidir.
2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 100-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir. Energetika sənayesinin inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür.
2011-ci ildə aqrar sektora dövlət dəstəyi tədbirləri davam etdirilmiş, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ərzaq təhlükəsizliyi daha da güclənmiş, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi yüksəlmişdir.
Nəqliyyat və tranzit potensialının genişləndirilməsi məqsədi ilə regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, TRASEKA və Şimal-Cənub, Şərq-Qərb beynəlxalq dəhlizlərində yolların tikintisi davam etdirilmiş, yeni metro stansiyaları və hava limanı istifadəyə verilmişdir.
Yaradılmış əlverişli investisiya mühiti 2011-ci ildə də ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımını təmin etmişdir. 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılmışdır. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür.
Dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulmuşdur.
Regionlara ciddi diqqət yetirilməsinin nəticəsidir ki, təkcə ötən il ərzində müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilmiş, hazırda 200-dən çox müəssisə tikilməkdədir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı üzrə təkcə ötən il 53 məktəbin, 47 uşaq bağçasının, 6 səhiyyə obyektinin təmir-tikinti işləri yekunlaşdırılmış və bu istiqamətdə işlər davam etdirilir. Həm Bakı qəsəbələrində, həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı, rabitə və informasiya, kənd təsərrüfatının infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri tədbirlər həyata keçirilmişdir.
2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara verilmiş 138 milyon manat güzəştli kredit hesabına 6500-dək yeni iş yeri yaradılacaqdır. Kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşmüşdür. Müasir texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü iri layihəyə 118 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2011-ci ildə 33 müəssisə istifadə verilmiş, bu il isə daha 96 müəssisə istifadəyə veriləcəkdir.
2011-ci il həm də xarici iqtisadi əməkdaşlıq və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından da uğurlu olmuşdur. 22 ölkə ilə hökumətlərarası komissiya və işçi qruplarının iclasları keçirilmiş, beynəlxalq maliyyə İnstitutları ilə əməkdaşlıq çərçivəsində nəqliyyat, enerji, telekommunikasiya, kənd təsərrüfatı, sosial təminat və digər sahələrin inkişafı üzrə dəyəri 1,7 milyard dollar olan 11 kredit sazişi imzalanmışdır.
Regionda iqtisadi liderliyini gücləndirmiş ölkəmiz investisiya ixrac edən ölkəyə çevrilmiş və son illərdə xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılmışdır. Ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı 150-yə çatmış, 11 ay ərzində xarici ticarət dövriyyəsi 9,2 faiz artaraq 33,2 milyard dollar, müsbət xarici ticarət saldosu 16,1 milyard dollar təşkil etmiş, ixrac idxalı 2,9 dəfə üstələmişdir. Müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, istehsal proseslərinin beynəlxalq standartlara uyğun qurulması tələbi nəticəsində mexanizm və avadanlıqların idxalı 1,7 dəfə artmışdır.
Yoxsulluq səviyyəsi 2011-ci ildə 7,6 faizə enmişdir. Yoxsul əhalinin sayı kəskin surətdə azalmışdır. "Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planında müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi yoxsulluq səviyyəsinin daha da azaldılmasında mühüm rol oynayacaqdır.
Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda "Standart & Poor's" reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq "BBB" investisiya reytinqi səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə "sabit" saxlamışdır. "Fitch Ratings" və "Moody's" reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.
İclasda yuxarıda qeyd edilənlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, İKT və telekommunikasiya sektorunda görülən işlər, sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulması barədə də ətraflı danışılmışdır.
Ölkə Prezidenti yekun nitqində 2012-ci ildə qarşıda duran vəzifələrə də toxunmuş, həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələrini vermişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında