Fransanın yanlış addımına səbəb nədir?

Dünyanın bir çox dövlətələrinin vaxtaşırı siyasi gündəmə gətirdikləri "erməni soyqırımı" mövzusu nüfuzu və iqtisadi qüdrəti artmaqda olan Türkiyənin əsəblərini tarıma çəkdiyi kimi, Azərbaycanın ictimai-siyasi həyatına da təsirsiz ötüşmür. Fransa Senatının aşağı palatasının ötən ilin sonunda qəbul etdiyi qanun layihəsi də bu qondarma "erməni soyqırımı" ilə bağlı olduğundan Yeni il öncəsi bütün Türkiyəni və özünü bu soydan sayan bütün insanları hiddətləndirmişdi və bu gün də hiddətləndirməkdədir.
Sual oluna bilər ki, uzun müddət bir çox dövlətlərin siyasi oyunlarda məharətlə istifadə etdikləri "erməni soyqırımı" mövzusu hələ 2001-ci ildə bunu rəsmən tanımış Fransa Respublikasında niyə yenidən gündəmə gətirilib?
Bu sual ətrafında yürüdülən fikirlər müxtəlifdir. Razılaşaq ki, tarixi xatirələr əksər hallarda müasir siyasətə çox ciddi məhdudiyyətlər qoyur və hətta bir çox problemlərin həlli yolunda əngələ çevrilir. Xatırlayırsınızsa, bu yaxın keçmişdə "erməni soyqırımı" mövzusu ABŞ-da da siyasi gündəmə gətirilmişdi və Türkiyə buna sərt təpki göstərərək səfiri Namiq Tanı dərhal məşvərət üçün Ankaraya çağırmışdı. ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər komitəsinin "erməni soyqırımı" ilə bağlı qanun layihəsini dəstəkləyən bəyanatında qeyd edilirdi ki, Amerika Birləşmiş Ştatları öz xarici siyasətində bu qərarı nəzərə alsın.
ABŞ-ın xarici siyasətində mühüm yer tutan və NATO-da onun əsas tərəfdaşqlardan olan Türkiyənin Konqresin Nümayəndələr Palatasındakı bu bəyanatına sərt reaksiyası Kapitolı, Dövlət Departamenti və Ağ ev arasında ciddi fikir ayrılığına səbəb oldu. Nəticədə seçki öncəsi xələfləri kimi erməni diasporuna prezident olacağı təqdirdə bu "tarixi ədalətsizliyin" bərpa ediləcəyinə və ABŞ-ın "erməni soyqırımını" tanıyacağına vəd vermiş prezident Barak Obama qərarın əleyhinə çıxdı. Əslində bu sadəcə Barak Obamanın yox, öz ölkəsinin milli maraqlarını qorumaq vəzifəsi daşıyan və strateji müttəfiqlərini qiymətləndirməyi bacaran ABŞ prezidentinin mövqeyi idi.
Maraqlıdır, görəsən, seçki öncəsi Fransa Nümayəndələr Palatasında bəlli qanun layihəsinin qəbuluna rəvac verən Fransa prezidenti Nikola Sarkozi də eyni fəndimi işlətmək istəyir?
Politoloqların və siyasi ekspertlərin şərhləri və bu məsələyə baxış bucaqları bir qədər fərqlidir. Məsələn, bəzi politoloqlar haqlı olaraq Türkiyə - Fransa münasibətlərinin kəskinləşməsində "erməni soyqırımı" mövzusunu sadəcə bəhanə kimi qiymətləndirirlər. Siyasi insidentin əsas mahiyyətini isə "ərəb baharının" nəticələri ilə bağlayırlar.
Həqiqətən də "ərəb baharı"ndan sonra Türkiyə ilə Fransa arasında ciddi bir rəqabətin başladığını görməmək sadəcə sadəlövhlük olardı. Açıq görünür ki, Türkiyə regionda öz nüfuz dairəsini genişləndirməkdə və ərəb ölkələri ilə daha sıx iqtisadi əlaqələr qurmaqdadır. Təbii ki, Fransa bunda öz maraqları üçün ciddi təhlükə görür. Unutmaq olmaz ki, Fransanın ərəb ölkələrinin bir çoxunda xüsusi nüfuzu var və bunu itirmək fikrində deyil.
Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğanın hələ ötən il Ərəb Liqası Dövlətlərinin Qahirədə keçirilən zirvə toplantısındakı çıxışında səsləndirdiyi bəzi fikirlərini bir çox politoloqlar Fransaya ünvanlanmış və çox pis pərdələnmiş atmacalar kimi yozmuşdular. Baş nazir bəyan etmişidi ki, ərəb ölkələri çox ehtiyatlı olmalı və ərəblərin içinə təfriqə salan təxribatçı qüvvələrdən qorunmalıdırlar. Türkiyə hər zaman ehtiyacı olanlara yardım əli uzatmağa hazırdır və həm də bunu regionun zənginliklərinə sahib çıxmağa çalışmadan edəcək. Şübhə yoxdur ki, burada ilk növbədə Liviyanın enerji resursları nəzərdə tutulurdu.
Ona görə də politoloqlar konkret olaraq Parisin və Ankaranın Liviyaya təsir savaşında olduqlarını da diqqətdən qaçırmırlar. Bunun əyani sübutu kimi ötən il hər iki dövlət başçısının eyni gündə Tripoliyə səfərlərini göstərirlər. Əslində bu rəqabət bütün regiona şamil edilir və bizə elə gəlir ki, belə olarsa onda bu regiona böyük fayda gətirə bilər. Ancaq bunun bəzi riskli məqamlarının ola biləcəyi də diqqətdən qaçırılmamalıdır.
İstefada olan türk diplomatı Sinan Ulugen bunları nəzərə alaraq deyir: "Şübhəsiz, güclənən bu rəqabət regionun iqtisadi inkişafına yardım edəcək. Lakin Türkiyə ilə Fransanın siyasi nöqteyi-nəzərdən dil tapa bilməmələri vəziyyəti mürəkkəbləşdirir. Unutmaq olmaz ki, beynəlxalq ictimaiyyətin vəzifəsi burada demokratik quruculuğa yardım etməkdən ibarətdir".
Məsələnin ikinci tərəfi, şübhəsiz, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Fransa prezidenti N.Sarkozinin öz postunu qorumaq üçün yenidən köhnə tryuku işə salmasıdır. Əgər xatırlayırsınızsa, 2006-cı ildə də Fransa parlamentinin aşağı palatası eynən belə bir qanun layihəsinə səs vermişdi. Lakin Senatda bu, lazımi dəstək almadığı üçün elə layihə olaraq qalırdı. Bu da Fransa siyasi elitasının nə dünən, nə də bu gün heç də hamısının bu mövqeyi bölüşmədiyini göstərir. Hətta indinin özündə belə Fransanın xarici işlər naziri Alen Jüpen qanun layihəsini faydasız və kontrproduktiv adlandıraraq bildirmişdir ki, belə bir qanun layihəsi Fransa ilə Türkiyə arasındakı münasibətlərdə ciddi problemlərlə nəticələnə bilər. Şübhə etmirəm ki, Fransada Alen Jüpenin fikrini bölüşən insanlar və dövlət adamları demokratiyaya zidd belə bir qanunun Senatdan keçməməsi üçün özlərinin milli maraqlara xidmət edən mövqeylərini ortaya qoymasınlar. Əks halda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını üzərinə götürmüş Fransa Respublikasının ATƏT-in Minsk qrupunda tərəfsiz və ədalətli olacağı qətiyyən ağlabatan bir məsələ deyil.
Bütün bunlarla yanaşı, belə bir çirkin oyunun vaxtaşırı ortaya atılmasında məharətlə istifadə olunan erməni diasporunun və Ermənistanın siyasi elitasının "xidmətləri"ni də hesaba almamaq olmaz. Maraqlıdır, onlar bununla dünya ictimiyyətinin gözündə "yazıq erməni" obrazı yaratmaqdan başqa bu gün, həqiqətən, dilənçi kökündə yaşayan Ermənistan vətəndaşlarına, görəsən, nə verirlər?
Həqiqətən, bu gün erməni lobbiçilərinin mövqeyi Ermənistanın düşdüyü vəziyyətlə müqayisədə qətiyyən anlaşılan deyil. Dünyanın bir çox ölkələrinə səpələnmiş erməni diasporu "tarixi vətənləri"nin gerçək durumunu, geosiyasi vəziyyətini, milli maraqlarını nəzərə almadan, düşünmədən bu yanlış tarixi absolyutlaşdırmaqdadırlar. Ermənistanın siyasi elitası bütün erməni xalqını öz xəstə təxəyyülünün, xəyallarının və ambisiyalarının quluna çevirərək ölkəni süquta sürükləməkdədir.
Belə mənasız və məsuliyyətsiz addım atan dünya dövlətlərinin rəhbərləri də unutmasınlar ki, bu gün dünyanın böyük bir regionu - Qafqazdan tutmuş Yaxın Şərqə qədər qeyri-sabit və hər an partlayışların baş verə biləcəyi bir ərazidir. Əgər burada hər hansı partlayış baş verərsə, o zaman Avropanın və bütövlükdə dünyanın nizamının pozulmayacağına kimsə zəmanət verə bilməz.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında