Bu gün müstəqil Azərbaycan dövləti dünyanın sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələri sırasına daxil olmuşdur. Xalqımızın əldə etdiyi dövlət müstəqilliyi öz uğurlu nəticələrini verməyə başlamışdır. Ölkəmizdə həyatımızın bütün sahələrində mədəni dünya dəyərlərinə sürətlə inteqrasiya göz qabağındadır.
Bu inkişaf və tərəqqi Azərbaycanın bütün bölgələrində olduğu kimi, qədim Naxçıvan torpağında da qabarıq şəkildə müşahidə edilməkdədir. Hazırda bu bölgə həm sosial-siyasi, həm də iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf edir, çiçəklənir. Bu gün Naxçıvan beynəlxalq standartlara cavab verən, qonşu ölkələrlə əlaqələrini genişləndirən, regionun önəmli mədəniyyət mərkəzinə çevrilmişdir. Xalqımız dövlət müstəqilliyinin bərpasının 20 ilini arxada qoymuşdur. Bu 20 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilmiş, diyarın sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, mühüm nailiyyətlər əldə olunmuşdur. Amma bu böyük nailiyyətlərin dinamikası, inkişaf strategiyası Azərbaycan tarixşünaslığında tam şəkildə öz əksini tapmamışdır. Bu boşluğu doldurmaq baxımından akademik İsmayıl Hacıyevin bu yaxınlarda çapdan çıxmış "Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı(1991-2011-ci illər)" adlı monoqrafiyası ilk ümumiləşdirici elmi-tədqiqat əsəri kimi diqqəti cəlb edir. Azərbaycan tarixşünaslığına çox sanballı bir töhfə sayıla biləcək bu əsər ümummilli lider Heydər Əliyevin Naxçıvan tarixinin bütün problemlərinin obyektiv surətdə öyrənilməsi barədə tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində atılmış mühüm bir addım kimi çox diqqətəlayiqdir.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, akademik İsmayıl Hacıyevin Naxçıvan tarixinin müstəqil dövlətin milli ideologiyası və yeni elmi metodologiyası mövqeyindən araşdırılması sahəsində mühüm xidmətləri vardır. O, azərbaycanşünaslığın tərkib hissəsi olan naxçıvanşünaslıq elmi xəzinəsinə bir sıra mühüm tədqiqat əsərləri bəxş etmişdir. Belə ki, akademik İsmayıl Hacıyevin "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan", "Naxçıvan Muxtar Respublikası", "İntibahın on beş ili", Türkiyədə nəşr olunmuş "Tarixdə və günümüzdə Naxçıvan", "Atatürk və Naxçıvan", "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi", eyni zamanda, bu yaxınlarda nəşr olunacaq iki cildlik "Naxçıvan tarixi" fundamental monoqrafiyasının əsas müəlliflərindən biri kimi tədqiqatları onun bu sahədəki məhsuldar elmi fəaliyyətinin ancaq bir hissəsini təşkil edir.
Giriş, 3 fəsil, 32 yarımfəsil, nəticə, ədəbiyyat və əlavələrdən ibarət olan həmin qiymətli monoqrafik əsərin birinci fəsli, demək olar ki, bu gün böyük nailiyyətlərə imza atan və gündən-günə gözəlləşən Naxçıvan Muxtar Respublikasında dövlət müstəqilliyimizin ilk illərinin tarixi şəraiti, ulu öndərin Naxçıvanda yaşayıb işlədiyi illər, Heydər Əliyevin bölgənin xilaskarı missiyasını yerinə yetirməsi və bugünkü firavan həyatın təməllərinin qoyulması məsələləri arxiv materialları və etibarlı tarixi mənbələr əsasında öz elmi təhlilini tapmışdır. Goğrafi cəhətdən tarixin bir çox dövrlərində Azərbaycanın mərkəzində yerləşən Naxçıvan, XX əsrin 90-cı illərinin əvvəlində sanki taleyin ümidinə buraxılmış bir adanı xatırladırdı. Məkrli düşmənlərimizin Zəngəzuru ələ keçirməsindən sonra Naxçıvan ərazi cəhətdən Azərbaycandan ayrı düşmüşdü. Lakin bu yurdun igid və qəhrəman övladları diyarı heç vaxt Azərbaycandan ayrı təsəvvür etməmişlər. XX əsrin əvvəllərində olduğu kimi, 80-ci illərdə də Naxçıvana yiyələnmək istəyən erməni millətçilərinin arzuları gözlərində qalmışdır. Naxçıvana gələn bütün kommunikasiya xətlərini kəsərək diyarı blokada vəziyyətinə salmışdılar. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ağıllı və düşünülmüş siyasəti, insanlarımızın fədakarlığı Naxçıvanı xilas etmiş, düşmən əlinə keçməsinə imkan verməmişdir. Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanı bəlalardan xilas etdi. Ulu öndərin rəhbərliyi ilə milli dövlətçiliyimizin bərpası istiqamətində uğurlu addımlar atıldı, bir sıra tarixi qərarlar qəbul edildi, Milli Ordu quruculuğuna başlandı, qonşu ölkələrlə əlaqələr genişləndirildi . Bu tarixi şəraitdə Heydər Əliyevin Naxçıvanı xilas etməsi, burada mühüm dövlət quruculuğu məsələləri ilə ciddi şəkildə məşğul olması və sair mühüm məsələlər kitabda geniş şəkildə təhlil və tədqiq edilmişdir.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı" adlanan ikinci fəsildə bölgədə sənayenin inkişafı, yeni sənaye sahələrinin yaradılması, tikinti-quruculuq və abadlıq işləri, kənd təsərrüfatının inkişafı, nəqliyyat və rabitə sahəsində baş verən dəyişikliklər, elektroenergetikanın yenidən qurulması və inkişafı, muxtar respublikanın tam şəkildə qazlaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, ekologiya və yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, bölgənin inkişaf dinamikası və bu sahənin yüksələn xətt üzrə tərəqqisi və bütün bu nailiyyətlərin hamısının Naxçıvan Ali Məclisi sədrinin düzgün və səmərəli təşkilatçılıq fəaliyyətinin bəhrəsi və uğurlu nəticəsi olaraq statistik rəqəmlər əsasında yüksək elmi səviyyədə araşdırılmışdır.
Məlumdur ki, keçən əsrin 90-cı illərinin ortalarında Heydər Əliyev məktəbinin layiqli nümayəndəsi Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Onun problemlərə bələdliyi, ardıcıl və yorulmaz fəaliyyəti, məqsədyönlü və fədakar işinin nəticəsində Naxçıvanın uğurları ilbəil artdı. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində müvəffəqiyyətlər qazanıldı, diyarın hərtərəfli inkişafı təmin edildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə tətbiqinə başladığı yeni həyat quruculuğu xətti ötən illər ərzində uğurla davam etdirildi. Heç də təsadüfi deyildir ki, Heydər Əliyevin siyasi kursunu dövrün tələblərinə uyğun və yaradıcılıqla davam etdirən ölkə Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafında Naxçıvanın xüsusi yeri olduğunu dönə-dönə qeyd edərək demişdir: "Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır. Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir".
Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidentinin Naxçıvanın inkişafında özünü göstərən intibahı yüksək qiymətləndirməsi, bu fəaliyyətləri təqdir etməsi, Ali Məclis sədrinin bölgədə yaradıcı şəkildə həyata keçirdiyi abadlıq-quruculuq işlərinə dəstək verməsi böyük müvəffəqiyyətlərin əldə olunmasına təkan vermişdir. Elə buna görə də xüsusilə son on beş ildə muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı Vasif Talıbovun gördüyü işlərin mühüm nəticələri kimi diqqəti cəlb edir
Monoqrafiyanın "Naxçıvan Muxtar Respublikasının mədəni inkişafı" adlanan III fəslində də məhz bu məsələlər - təhsil sahəsindəki dəyişiklik və yeniliklər, elmin inkişafı, səhiyyə sahələrinin yenidən qurulması, mədəni-maarif müəssisələrinin inkişafı, gənclər və idman sahəsində əldə olunmuş nailiyyətlər faktlar, statistik göstəricilər əsasında təhlil süzgəcindən keçirilir. Akademik İ.Hacıyev çox doğru olaraq qeyd edir ki, hazırkı şəraitdə muxtar respublikada təhsil, elm, səhiyyə və mədəni-maarif sahəsində ciddi uğurlar əldə edilməklə onların inkişafına fikir verilir, maddi -texniki bazası möhkəmləndirilir. Mədəniyyət abidələri qorunur, təmir və bərpa edilir, kitabxanalar, muzeylər, mədəniyyət evləri yenidən qurulur. Naxçıvan Muxtar Respublikası, eləcə də Naxçıvan şəhəri abadlaşır, müasirləşir, yenidən qurulur, beynəlxalq tədbirlər keçirmək üçün bütün parametrləri ilə uyğun gələn bir məkana çevrilir. Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısının, Azərbaycan - Türkiyə biznes forumunun Naxçıvanda keçirilməsi, bir sıra ölkələrin dövlət və hökumət başçılarının Naxçıvana gəlmələri Naxçıvanın ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı haqqında çox şey deyir. Naxçıvan sürətlə və dinamik inkişaf edən bir diyara çevrilir.
Müəllif çox haqlı olaraq bu uğurların əldə olunmasının başlıca şərtini Naxçıvan Muxtar Respublikası rəhbərinin Heydər Əliyev kursuna sədaqətində, problemlərə bələdliyində, onlara milli mövqedən və dövlətçilik prinsipindən yanaşmasında, yüksək tələbkarlığında və prinsipiallığında, bununla yanaşı, həm də onun xeyirxahlığında və vətənpərvərliyində görür. Tədqiqatçı xalq tərəfindən intibah dövrü, Naxçıvan möcüzəsi kimi səciyyələndirilən son 15 ildə qazanılan uğurların səbəbini bu möhtəşəm müvəffəqiyyətlərin təşkilatçısı və rəhbəri Ali Məclis sədrinin öz sözləri ilə aşağıdakı şəkildə ifadə edir: "Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar". Ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında işlərin düzgün istiqamətdə təşkil olunması, bu qədim diyarın sürətlə qurulması, bölgənin başdan-başa abadlaşdırılması, burada qısa müddət ərzində baş verən müsbət dəyişikliklər haqqında fikir və düşüncələrinin kitabda ayrıca bir bölmədə öz əksini tapmasını monoqrafiyanın dəyərini daha da artıran cəhətlərdən biri kimi xüsusi qeyd etmək istərdik. Eyni zamanda, əsərə hər fəslin məzmununa uyğun olaraq daxil edilən fotoşəkillər onun təsir gücünü daha da artırır. Bundan əlavə, Ali Məclis sədrinin 1996-2011-ci illərdə muxtar respublikanın ictimai və mədəni həyatına aid imzaladığı sərəncamların tam mətninin kitaba daxil edilməsi onun etibarlı bir mənbə kimi istifadə imkanlarını daha da genişləndirir. Beləliklə, inanırıq ki, akademik İsmayıl Hacıyevin "Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)" adlı monoqrafiyası müstəqillik dövründə sürətlə və dinamik inkişaf edən, intibah dövrünü yaşayan yeni Naxçıvan haqqında ilk ümumiləşdirici və sanballı bir tədqiqat əsəri kimi tarixşünas alim və müəllimlərə, eyni zamanda, geniş oxucu kütləsinə layiqli bir töhfə olacaqdır.
Əbülfəz QULİYEV, AMEA-nın müxbir üzvü, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.