Tanınmış incəsənət xadimləri Yeni Azərbaycan Partiyasının sıralarına daxil oldular

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz yeni-yeni nailiyyətlər qazanır, sürətlə inkişaf edir, onun beynəlxalq aləmdəki nüfuzu durmadan artır. Azərbaycandakı inkişaf prosesi bütün sahələrdə özünü göstərməkdədir. Aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində gələcəkdə uğurlarımız daha da çox olacaqdır. Dünən bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP-a üzv olan Azərbaycan mədəniyyətinin tanınmış nümayəndələrinə partiyanın qərargahında üzvlük vəsiqələrinin təqdim olunması mərasimində səsləndirdi. 
YAP-a üzv olmaları münasibətilə mədəniyyət xadimlərini təbrik edən Əli Əhmədov dedi ki, mərasimdə iştirak edən incəsənət nümayəndələrinin hər biri bu vaxta kimi partiyanın təbliğat kampaniyalarında yaxından iştirak ediblər. Bu gün onlara vəsiqələrin verilməsi uzun illərdir partiyanın könüllü üzvləri olan sənət adamlarının bu üzvlüyünün rəsmiləşdirilməsi kimi qiymətləndirilməlidir: "Onlar bu illər ərzində partiya ideyalarının təbliğində fəal iştirak edən insanlardır. Bu sənət adamlarının çoxlu sayda pərəstişkarları var və onların partiyaya daxil olması öz müsbət nəticələrini verəcəkdir. Mədəniyyət işçiləri Azərbaycan xalqına layiqincə xidmət edərək hörmət qazanıblar. Əminəm ki, vəsiqə aldıqdan sonra onların partiya ilə əməkdaşlığı daha da artacaq. Bu partiyanın həyatında da əlamətdar bir hadisədir. Biz də öz növbəmizdə istəyirik ki, partiya üzvləri hörmətli, nüfuzlu, layiqli insanlar olsun".
Ə. Əhmədov bildirdi ki, artıq partiya üzvlərinin sayı 560 min nəfərə çatmaqdadır və bu gedişlə yaxın gələcəkdə həmin say 600 min nəfərə çatacaqdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi 20 il ərzində ölkəmizdə YAP qədər güclü siyasi təşkilat yoxdur. Hər il partiyanın sıralarına 25-30 min nəfər üzv olur. Bu sadəcə, statistika deyil və YAP-ın gücü təkcə bu rəqəmlərlə ölçülmür. Bu statistikanın arxasında görülən işlər, xalqa xidmət edən fəaliyyət dayanır. Çünki Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən respublikamızın müstəqilliyinin möhkəmləndirilməsi, inkişafının təmin olunması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən böyük siyasətin həyata keçirilməsində aparıcı siyasi qüvvə kimi öz rolunu oynayıb. Partiya bu gün də Heydər Əliyev ideyalarına, onun nurlu yoluna sadiqdir. Bu gün Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini yeni çalarlarla zənginləşdirərək davam etdirir. Məhz bu səbəbdən YAP daha da güclənir, onun sıraları durmadan artır.
Ölkəmizdə mədəniyyət və incəsənət sahələrində də ciddi inkişaf prosesinin baş verdiyini deyən Əli Əhmədov qeyd etdi ki, tanınmış sənət adamlarının, mədəniyyət və incəsənət xadimlərinin partiyamıza üzv olmalarına qərar verməsinin kökündə də bu amil dayanır. İnanıram ki, YAP sıralarına qoşulmuş sənətçilər bundan sonrakı fəaliyyətlərində də partiya və dövlət başçısının həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasəti dəstəkləyəcəklər.
Tədbirdə incəsənət xadimlərinə üzvlük vəsiqələri təqdim olundu. YAP-a üzv qəbul edildikləri üçün partiyanın rəhbərliyinə təşəkkürlərini bildirən mədəniyyət nümayəndələri - xalq artistləri Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistləri Elza Seyidcahan, Lalə Məmmədova, Cavanşir Əliyev, Eterri Cəfərova, o cümlədən müğənni Samirə Allahverdi, Yaşar Yusifov, modelyer Gülnarə İbadova, aktyor Elməddin Cəfərov və rəssam Xəzər Nəbiyev çıxış edərək bildirdilər ki, partiyaya üzv olduqları üçün qürur hissi keçirirlər. Onlar bu günü həyatlarının ən əlamətdar günlərindən biri olduğunu vurğulayaraq əlavə etdilər ki, indiyədək olduğu kimi, indən belə də dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyəcək, bu istiqamətdə fəaliyyətlərini daha da genişləndircəklər.
Rauf ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında