Şriftin ölçüsü:
13.01.2012 01:15 | Oxunma sayı: 567
Cənubi Qafqazda tam sabitliyin yaranması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Lakin Ermənistan ilə Azərbaycanın kompromis əldə edəcəkləri kifayət qədər çətin məsələdir. Bu fikirlər çoxillik diplomatik staja malik Polşanın Honkonqdakı keçmiş baş konsulu, Yaponiyanın "The Tokyo Shimbun" və "The Chunichi Shimbun" qəzetlərinin Varşavadakı müxbiri Yatsek Pototskinin "Polska Zbrojna" qəzetinin 12 yanvar tarixli nömrəsində "Qafqaz dördlüyü" sərlövhəli məqaləsində yer almışdır.
Müəllif vurğulamışdır ki, 1991-ci ildə SSRİ süqut etdikdən sonra Ermənistan çox çətin vəziyyətə düşmüşdür. Ermənistan SSRİ-nin ən varlı respublikalarından biri idi. Burada sənaye müəssisələri fəaliyyət göstərərək istehsal olunan məhsullar başqa respublikalara satılırdı. Mərkəz Ermənistandakı müəssisələri və əhalini ucuz xammalla, enerji ilə təmin edirdi. İndiki kimi, səfalət və işsizlik yox idi. Həyat səviyyəsi Azərbaycandan 10-15 faiz yüksək idi. Ermənistanın iqtisadi artımı ildə 5,5 faiz olduğu halda, Azərbaycanda bu göstərici cəmi 3 faiz təşkil edirdi.
Sovet hökumətinin mərkəzləşdirilmiş büdcəsi Ermənistandakı iqtisadi layihələrin 78 faizini maliyyələşdirirdi. Azərbaycana isə Moskvadan yalnız 61 faiz vəsait ayrılırdı ki, bu da çox az idi. Azərbaycan neft sənayesini inkişaf etdirmək üçün maliyyə vəsaiti tapa bilmirdi. Sovet rəhbərliyi azərbaycanlılara müsəlman olduqlarına görə etibar etmirdi. İş o yerə çatmışdı ki, hərbi xidmətə gedən azərbaycanlı gənclər ancaq tikinti işləri ilə məşğul olan hərbi hissələrdə xidmət edirdilər. Ermənilər isə, əksinə, strateji xarakter daşıyan hərbi hissələrdə xidmət edir, ali hərbi akademiyalarda təhsil alırdılar. Məhz bu səbəbdən 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistan ilə müharibədə Dağlıq Qarabağı itirdi. Həmin dövrdə Azərbaycanın peşəkar ordusu yox idi.
SSRİ-nin dağılması Ermənistan iqtisadiyyatının tənəzzülünə səbəb oldu. Ermənistanı maliyyələşdirən dövlət dağılmışdır. Müstəqillikdən sonra Ermənistan iqtisadiyyatı liberallaşdırıldı və bütün əmlak bir qrup adamın əlinə keçdi. Sənaye müəssisələri və kənd təsərrüfatı dağıdıldı, ölkədə işsizlər ordusu yarandı, əhalinin yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşdü.
Yatsek Pototski bildirmişdir ki, müstəqilliyinin ilk illərində Azərbaycan da iqtisadi böhran yaşasa da, tez bir zamanda neft strategiyasını reallaşdıraraq vəziyyətdən çox gözəl çıxış yolu tapdı. 1994-cü ilin sentyabrında Bakıda dünyanın ən iri neft şirkətləri ilə (Amoko, Yunokal, Pennzoyl, McDermott, Britiş Petroleum, Statoyl, Petrol Ofisi, LUKoyl) Azərbaycan arasında "Əsrin müqaviləsi" imzalandı və ölkəyə investisiya axını başladı.
Neftin Qərbə nəql olunması üçün 4 milyard dollar dəyərində 1762 kilometrlik Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilərək 2006-cı ildə istifadəyə verildi. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. Bu kəmərlər işə düşdükdən sonra Azərbaycan Qafqazın və postsovet məkanının ən inkişaf etmiş ölkəsinə çevrildi. 2006-cı ildə Azərbaycanda ÜDM 31 faiz, 2007-ci ildə isə 24 faiz artmışdır.
Qərb dövlətləri Azərbaycana enerji mənbəyi olaraq Rusiyanın alternativi kimi baxırlar. Azərbaycan neft istehsalını dayandırsa da Qərb üçün tranzit ölkə kimi əhəmiyyətini itirməyəcəkdir. Xəzər dənizi vasitəsilə Qərbə qaz nəql olunması əlbəttə ki, Avropanın marağındadır.
Y.Pototski Qarabağ münaqişəsinə toxunaraq demişdir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan güclü təzyiqlərlə üz-üzə qalmışdır. Ermənistanın təcavüzü Rusiya tərəfindən dəstəklənirdi, ABŞ-da, Fransada və başqa ölkələrdə fəaliyyət göstərən və bu dövlətlərin siyasətinə güclü təsir imkanlarına malik erməni diasporu Azərbaycanın ədalətli mövqeyinin Qərb tərəfindən dəstəklənməsinə imkan vermirdi. Bu gün isə vəziyyət tamam başqadır. Azərbaycan inkişafının yüksək mərhələsini yaşayır ki, bu da onun xarici siyasətdə də uğurlar qazanmasına səbəb olmuşdur. Azərbaycan sürətlə inkişaf etdiyi halda, Ermənistan yerində sayır. Erməni ekspertlərinin özləri də qeyd edirlər ki, zaman heç də Ermənistanın xeyrinə işləmir. Ölkəni tərk edənlərin sayı hər il artır.
Azərbaycan düşünülmüş çoxşaxəli xarici siyasəti ilə Rusiya və Qərblə yaxşı əlaqələr qurub və beynəlxalq aləmdə söz sahibinə çevrilib. Azərbaycanın uğurunu göstərmək üçün onun Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilməsini qeyd etmək kifayətdir. Təbiidir ki, bundan Azərbaycan çox səmərəli istifadə edəcəkdir.
Müəllif sonda qeyd edir ki, Azərbaycanın enerji mənbələrinə sahib olması, iqtisadi inkişafı, uğurlu xarici siyasəti onu dünya birliyində etibarlı tərəfdaşa çevirmişdir. Əgər Azərbaycan öz ərazisini hərbi yolla azad etmək istəsə ona mane olmayacaqlar.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.