Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi tarixi reallıqdır

Müasirləşən qlobal dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların monolit birliyi və həmrəyliyi bəşəri əhəmiyyət daşıyır. Çox qədim tarixə və milli-mənəvi ənənələrə malik olan, hazırda dünyada sayına görə 50 milyon nəfəri ötən millətimizin eyni mövqedən çıxış etməsi, bir-birlərinə arxa və dayaq durması nəticə etibarı ilə böyük dünya siyasətinə təsir etmək və bu siyasətdə təsirli rola malik olmaq imkanları yaradır. Çox sevindirici haldır ki, bu gün dünya azərbaycanlılarının milli-mənəvi birliyinin mərkəzi olan Azərbaycan Respublikası adlı dövlət var. 
Onun varlığını, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq bütün dünya azərbaycanlılarının övladlıq borcudur. Eyni zamanda xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq və dünyada təbliğ etmək hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi vəzifədir.
Ötən əsrin sonları, yeni minilliyin astanasında ulu öndərimiz Heydər Əliyevin səyləri ilə bünovrəsi qoyulan ümumdünya azərbaycanlıları evinin daha da möhkəmlənməsi olduqca vacibdir. Bu mənada dünya azərbaycanlılarının bu ilin iyul ayında Bakıda keçirilən III qurultayı növbəti tarixi hadisə oldu. Bu qurultaylar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların monolit qüvvəyə çevrilməsində, vahid azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsində və diasporumuzun güclənməsində önəmli rol oynayır.
Dövlətimizin başçısı Prezident İlham Əliyev qurultaydakı proqram nitqində Azərbaycanın öz iqtisadi və hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə saldığını, bütün sahələrdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəlilədiyini, bu istiqamətdə Azərbaycan diaspor və lobbisinin çox böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: "Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın Vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var- azərbaycançılıq məfkurəsi!"
Dünya azərbaycanlılarını təşkilatlandırmaq, bir araya gətirmək baxımından ulu öndərimiz Heydər Əliyev, həqiqətən, misilsiz xidmətlər göstərmişdir. Müasir tariximizin Heydər Əliyev dövrü Azərbaycanın öz varlığını təsdiq etməsi, dünyanın bütün guşələrinə səpələnmiş soydaşlarımızın qəlbində milli qürur hissinin oyanması ilə mənalanır. Ümummilli lider Heydər Əliyev özünün bütün xarici səfərləri zamanı soydaşlarımızla mütləq görüşür, milli birliyin və həmrəyliyin nə qədər vacib olduğunu izah edir və deyirdi ki, bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada soydaşlarımızın bir olması zəruridir. Azərbaycanlı olması ilə həmişə fəxr edən və sözün həqiqi mənasında zəmanəmizin böyük azərbaycanlısı olan Heydər Əliyevin müdrik sözləri həmişə qulaqlarımızda səslənir: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".
İndi dünyanın, demək olar, hər yerində soydaşlarımızı birləşdirən güclü Azərbaycan diasporu, icmaları var. Çoxlu mədəniyyət mərkəzləri, ictimai birliklər yaradılmışdır. Onlar soydaşlarımızın siyasi-mədəni və mənəvi hüquqlarının qorunması, milli şüurun oyanması və yüksəldilməsi istiqamətində səmərəli iş görməklə yanaşı, Azərbaycan haqqında obyektiv həqiqətlərin yayılmasına, beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsinə nail olmuşlar. Dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli milli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. Zamanın üzərimizə qoyduğu daha bir tarixi missiya -Ermənistanın işğalçılıq siyasətini bütün dünyada ifşa etmək, ermənilərin Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş bədxah təbliğatının qarşısını almaq, onların təcavüzkar dövlət kimi dünyada tanınmasına nail olmaqdır. Artıq bu istiqamətdə böyük uğurlar əldə etmiş, BMT, Avropa Şurası, GUAM və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın təcavüzkar dövlət kimi rəsmən tanımasına, işğalçılıq, terrorçuluq və soyqırımı siyasəti yürütdüyünə inandıra bilmişik. Bu, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin və bütün azərbaycanlıların geniş həmrəyliyinin bəhrəsidir. Prezident İlham Əliyevin səyi və təşəbbüsü ilə keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumu, onun nəticələri bütün dünyada geniş əks-səda doğurub.
Bu dəfə də xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü möhtəşəm nailiyyətlər fonunda qeyd etdi. Azərbaycanın hərtərəfli inkişafı, dünyada böyük nüfuz sahibi olması günümüzün reallığıdır. Həyata keçirilən köklü islahatlar və dövlət proqramları bütün sahələrdə uğurlarla müşayiət olunur. Paytaxtla yanaşı, bütün bölgələrimizin, hətta ən ucqar kəndlərimizin belə simasını təmamilə dəyişən, yerlərdə müasir infrastrukturun yaradılmasına, turizm kimi çox sərfəli və mühüm sahənin tərəqqisinə güclü təkan verən regional inkişaf proqramlarının rolu xüsusi vurğulanmalıdır.
2011-ci il, Azərbaycanda "Turizm ili" elan edilmişdi. Bu sahədə inkişaf daha da sürətlə gedir və Azərbaycana gələn turistlərin sayı artır. Sevindirici haldır ki, bu gün Azərbaycan artıq dünyada həm də turizm ölkəsi kimi tanınır. Yüksək səviyyəli infrastrukturun mövcudluğu yüksək səviyyəli turizm imkanlarımızı təqdim etməyə imkan verir. Təsadüfi deyil ki, Bakıda və bölgələrdə daha çox beşulduzlu otellər tikilir. Prezident İlham Əliyev bu məsələlərə böyük önəm verərək deyib: "Həm coğrafi vəziyyətimizi, şəhərin gözəlliyini və təbii imkanlarımızı nəzərə alaraq mən çox istərdim ki, elitar turizmin mərkəzlərindən biri də Bakı və Azərbaycan olsun. Mən bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə tövsiyələrimi vermişəm. Əlbəttə ki, bunu bazar, özəl sektor tənzimləyəcəkdir. Ancaq beşulduzlu 6 otelin Bakıda 1-2 ilə tikilməsi də onu göstərir ki, investorlar və dünya brendləri məhz Bakını elitar turizm mərkəzi kimi görürlər. Bu, bizi çox sevindirir".
İnanırıq ki, yeni 2012-ci il Azərbaycana daha böyük uğurlar gətirəcək, dünyada yaşayan soydaşlarımızı daha da birləşdirəcəkdir.

{nl}

Əyyub ƏYYUBOV, Mingəçevir Turizm kollecinin direktoru, iqtisad elmləri doktoru, professor

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında