Dinlər və mədəniyyətlər arasında dialoqa ehtiyacın artdığı bir zamanda Fransa parlamentinin qəbul etdiyi qərar çox uğursuz addımdır
{nl}
{nl}
Bu gün planetimizdə baş verən ictimai-siyasi proseslər, xüsusən, bəşərin daha böyük tərəqqisinə istiqamətlənmiş addımlar bir daha sübut edir ki, beynəlxalq aləmdə mütərəqqi qüvvələrin sözü daha keçərli, qərarları daha kəsərlidir. Biz son illər bu məntiqin təsdiqini daha tez-tez görürük. Hegemonluq edənlər taxtdan salınır, qanunsuzluğu qanun kimi, haqsızlığı həqiqət kimi qəbul etdirməyə çalışanlar əliboş qalır, özgə torpaqlarına göz dikənlər çoxsaylı problemlərlə, kiminsə malına, əmlakına qənim kəsilənlər aclıq və səfalətlə üzləşməli olurlar. Artıq dünya miqyasında ən ali tribunalardan etiraf edilir ki, özünü haqqın, ədalətin tərəfdarı kimi göstərən bir çox dövlət başçıları və siyasətçilər əslində haqdan, ədalətdən, demokratik dəyərlərdən tamamilə uzaqdırlar. Zaman onları təkcə qınamır, həm də cəzalandırır.
Bununla yanaşı, beynəlxalq aləmdə böyük məmnunluqla təqdir olunmalı hadisələr də bir-birinin ardınca insanlarda sabaha inam və ümid yaradır. Bir zaman qaradərili insanların ən elementar hüquqlardan belə məhrum olduğu Amerika Birləşmiş Ştatlarında soy-kökü Afrikaya gedib çıxan Barak Obama dövlət başçısı seçilir. Əsrlərdən bəri səsi eşidilməzliyə vurulan ərəb dünyasının problemlərinin həlli gündəliyə gətirilir. Həm Amerika, həm də Avropa İsraillə Fələstinin bərabərhüquqlu tərəflər kimi danışıqlar masası arxasında oturmasını tələb edir. Regionda bütün cəhətlərdən çəkisi və nüfuzu artan Türkiyənin Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisini dünyanın 30-a qədər ölkəsinin rəsmiləri və diplomatları müşayiət edirlər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilər zamanı Şərqi Avropadan müsəlman-türk dövləti olan Azərbaycan Respublikası qalib gəlir. Dünyanın 155 ölkəsi həmin məqamda Azərbaycanın dayanmasını məqsədəuyğun sayır və sairə. Yəni, haqqa, ədalətə, insanlığa xidmət edən müsbət tendensiyalar istənilən qədərdir. Bu, o deməkdir ki, xeyir və şərin min illərdən bəri davam edən mübarizəsində xeyirin uğurları getdikcə daha da çoxalır.
Çox təəssüf ki, bu ictimai-siyasi proseslər fonunda beynəlxalq aləmdə ürək bulandıran, qan qaraldan, məhz şərə xidmət edən hadisələr də baş verir. Dünyanın müxtəlif guşələrində baş verən terror və təxribat hadisələri, separatizm və münaqişələr, mədəniyyətlərarası dialoqa mane olmaq cəhdləri, siyasətçilərin ikili standartlardan əl çəkə bilməməsi planetimizin ümumi bəlası olaraq qalır. Bunlardan qat-qat ağır olan başqa bir məqam da vardır. Bəzi nüfuzlu dövlətlərin beynəlxalq aləmdəki imicinə ağır zərbə olan həmin məqamların müəllifləri də məlumdur, icraçıları da. Söhbət müxtəlif lobbi təşkilatlarının diqtəsi ilə ərsəyə gələn rəsmi sənədlərdən gedir. Belə sənədlərdən biri də gündən-günə çiçəklənən, iqtisadi inkişafı bəzi bədxahların gözünü qamaşdıran, ordu quruculuğu bir çox qara qüvvələrin yuxusuna haram qatan Atatürk Türkiyəsinə qarşı yönəldilmişdir. Fransadakı ermənipərəst qüvvələrin diqtəsi ilə ərsəyə gələn, ancaq hələ qanun qüvvəsinə malik olmayan həmin sənəd, əslində Türkiyəyə hansısa zərbə vurmaq məqsədi daşıyırdı. Ancaq son nəticədə bu qərarın ən böyük zərbəsini məhz Fransa görmüş oldu. Çünki bizim günlərdən 200 ildən də çox qabaq İnsan və vətəndaş hüquqları haqqında Bəyannaməni qəbul etmiş Fransada parlament üzvlərinin ondan birinin iştirakı ilə qərar qəbul edilməsi demokratik dəyərlərin ayaq altına atılması idi. Bundan başqa, qəbul edilmiş həmin qərar Fransa vətəndaşlarının və ölkənin qonağı olan istənilən insanın sərbəst düşünmək, müstəqil fikir bildirmək hüquqlarını kobudcasına pozmuş olur. Yəni, erməni məkri Fransanın nüfuzuna açıq şəkildə ləkə vurmağa nail olur. Qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bu gün heç bir kəs, heç bir ölkə və heç bir qüvvə Türkiyə Cümhuriyyətini və türk xalqını diz çökdürə bilməz.
Söhbət ötən il dekabrın 22-də Fransa Respublikasının Milli Assambleyasında "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsindən gedir. Bu gün beynəlxalq aləmdə dinlər və mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi çox böyük zərurətə çevrilmişdir. Beynəlxalq ekspertlər açıq şəkildə etiraf edirlər ki, bizim regionda Rusiya, Türkiyə, Qazaxıstan və Azərbaycan həmin prosesə - yəni sivilizasiyalararası dialoqun dərinləşdirilməsinə daha çox töhfə verən ölkələrdir. Belə bir məqamda Türkiyəyə qarşı qərəzli mövqedən çıxış etmək istənilən ölkənin beynəlxalq aləmdəki nüfuzunu zərbə altında qoymuş olur. Bu addım bir də ona görə təhlükəlidir ki, ermənilərin ağ yalanına istinadən qəbul edilmiş həmin qərar bütövlükdə türk dünyasına qarşı yönəlmiş haqsızlıq kimi qiymətləndirilir. Bu qərar Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinin atəşə tutulmasından da qat-qat çox hiddətə və nifrətə səbəb olmuşdur. Ancaq bu gün planetimizin hiddətə və nifrətə deyil, sülhə, dialoqa, birgə əməkdaşlığa, əlbir fəaliyyətə ehtiyacı vardır.
Yeri gəlmişkən, Fransa parlamentariləri yüz il əvvəl Osmanlı Türkiyəsində "baş vermiş hadisələr" barədə qanun qəbul etməyə çalışır, ancaq bu gün Ermənistana rəhbərlik edənlərin cəmi 20 il əvvəl Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakininin məhz milli zəmində qətlə yetirdiyini tamamilə "unudurlar". Belə bir unutqanlığı olan dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupundakı fəaliyyəti nə qədər səmimi və ya obyektiv ola bilər? Fransa parlamentinin adı çəkilən qərarı bu dövlətin Minsk qrupundakı obyektivliyini istər-istəməz şübhə altına alır. Halbuki, güclü tarixçi alimləri və peşəkar mütəxəssisləri olan rəsmi Paris "erməni soyqırımı" deyilən hadisələrin dəqiq öyrənilməsinə nail ola bilərdi. Türkiyə bu məsələni dünya alimlərinin ixtiyarına buraxıb. Ermənistan və Fransa isə tarixi faktların tədqiq olunması təklifinə təəssüfgətirici bir etinasızlıq göstərir.
Ona görə də dünyanın aparıcı siyasətçiləri və konfliktoloqları təkcə bu məsələ ilə bağlı deyil, bütövlükdə münaqişələr və separatizm halları ilə bağlı toplaşmalı, açıq şəkildə bəyan etməlidirlər ki, bu istiqamətdə indiyədək düzgün siyasət aparılmayıb. Zaman indiyədək yaşadığımız proseslərdən dərs almağı, ibrət götürməyi tələb edir. Yaşadığımız dövr hər cürə silahlanmanı və qarşıdurmanı tarixin arxivinə göndərməyi, insanları bir-birinə bacı-qardaş etməyi, planeti əmin-amanlıq bərqərar olunmuş vahid dövlətə çevirməyi, iqtisadi böhran və inflyasiyalardan qurtulmaq üçün Beynəlxalq İqtisadi Birliyin daha tez yaradılmasını tələb edir. Bu gün ərəb ölkələrində baş verən ictimai-siyasi proseslər və Ermənistanda yaşanan çoxsaylı sosial-iqtisadi problemlər dünya siyasətçilərini daha dərindən düşündürməlidir. Bu hadisələr xalqların arzu-istəklərinin boğulmasının və kiminsə torpaqlarının zor gücünə ələ keçirilməsinin ağır fəsadlarıdır. Bu fəsadların törənməməsi üçün dini təşkilatların birgə fəaliyyəti daha böyük səmərə verə bilər. Keçmişdə baş vermiş hadisələri deyil (hələ onların nə dərəcədə həqiqət olduğu məlum deyil) gələcəkdə quracağımız əməkdaşlığın istiqamətlərini müzakirə etmək üçün toplaşmalıyıq. Avropa kimi bəşərə nümunə olan bir məkanın nüfuzuna ləkə olacaq addımlar heç kəsə üz ağlığı gətirməyəcək. O da bir həqiqətdir ki, türk dünyasının möhtəşəm tərəqqisini heç bir qüvvə əngəlləyə bilməyəcəkdir.
{nl}
Hacı Fərhad Mirzə, Avropa Təbiyyat Elmləri Akademiyasının həqiqi üzvü
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.