Məişət tullantıları idxal xammalına çevrilə bilərmi?

İsveçlilərin ətraf mühitə münasibəti heyrət doğurur

{nl}


Hər kəsə öz şəhəri gözəldir. Buna görə də, ən yaxşı şəhər haqqında danışanda və tərifli fikirlər səsləndirəndə çox zaman təəccüblə qarşılanır. Belə reaksiya göstərilməsinin də müəyyən səbəbləri var. Axı, gözəllik abstrakt anlayışdır, heç də hamı tərəfindən birmənalı qiymətləndirilmir. Ancaq bütün subyektiv qiymətləndirmələri bir kənara qoyaraq inamla demək olar ki, Stokholm dünyanın ən gözəl və insan yaşayışı üçün ideal şəhəridir. Bu gün son elmi nailiyyətlərin tətbiqilə yaradılmış həyat şəraitinə malik ikinci belə şəhərə rast gəlmək çox çətindir.
Hazırda Avropada hər beş sakindən dördü şəhərlidir. Bu isə o deməkdir ki, "Köhnə Dünya"da urbanizasiya prosesi çox sürətlə gedir və şəhərlərdə insan həyatının təşkili bəşəriyyətin ən vacib məsələlərindən birinə çevrilir. Belə proses, təbii ki, dünyanın digər regionlarında da sürətlə gedir. Buna görə də, şəhərlərin ekoloji və resurslar sisteminə ağır yük olduğu artıq heç kimə sirr deyil. Bu səbəbdən də meqapolislərdə yaşayışın getdikcə dözülməz xarakter alması artıq təəccüb doğurmur. Avtomobil tıxacları, zibil təpəcikləri, çirkli hava, orqanizm üçün təhlükəsiz olmayan içməli su - bütün bu amillər müasir şəhərlinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Amma Avropada bu problemin həlli istiqamətində aparılan işlərin tarixi yaxın illərə söykənir. Uzun müddətdir avropalılar insanın rahat və ekoloji təmiz şəraitdə yaşamasını təmin edəcək layihələri gerçəkləşdirirlər. Bu istiqamətdə ən uzağa gedə bilmiş ölkə İsveçdir. Stokholmun 2010-cu ildə Avropanın ən ekoloji təmiz paytaxtı elan edilməsinə havanın keyfiyyəti, torpaqdan düzgün istifadə, məişət tullantılarıyla bağlı vəziyyət və su istehlakı kimi faktorlarda hamını qabaqlaması kömək etmişdi. Doğrudur, Avropa meyarlarına görə Stokholm kifayət qədər böyük şəhərdir. Ancaq 1 milyon insanın yaşadığı İsveçin paytaxtında havanın keyfiyyəti kənd havasından o qədər də fərqlənmir. Belə bir nailiyyətə müxtəlif istiqamətdə aparılmış səylər nəticəsində əldə olunduğunu qeyd etmək yerinə düşərdi. Hər şeydən əvvəl şəhər ən böyük çirkləndiricisindən - avtomobillərdən xilas olmağa çalışmışdı. Bunun üçün yaxşı düşünülmüş iqtisadi və infrastruktur sistem hazırlanaraq yerinə yetirilmişdi. Həmin sistemə görə, şəhər sakinlərinin 70 faizi artıq ictimai nəqliyyatdan istifadə edir.
Umumiyyətlə, İsveçdə avtomobil sahibi olmaq asan məsələ deyil, ancaq urbanizasiyanın sürətlə getdiyi dövrdə Stokholmda da tıxacların artmasına yetərli olacaq nəqliyyat vasitələri küçələrdə şütüyürdü. Belə bir vəziyyətdə hökumət şəhər mərkəzinə girişi ödənişli etməklə paytaxtda avtoparkların hissediləcək dərəcədə azalmasına nail olmuşdu. Ödənişli sistemin tətbiqi ideyası da tanınmış İBM şirkəti tərəfindən təklif edilmiş və həyata keçirilmişdi. İdeya ondan ibarət idi ki, şəhərə girişdə və çıxışda quraşdırılmış xüsusi avadanlıqlar avtomobilləri qeydə alır. Hər ayın axırında da isveçli sürücüyə poçt vasitəsilə şəhərin mərkəzinə nə qədər girib çıxdığı barədə bildiriş göndərilir. Qiymətlər 10-25 kron arasında dəyişir: səhər ucuz, axşamlar isə yüksək olur. Lakin gecələr, bayramlar, o cümlədən də bazar günləri pul alınmır. Maraqlıdır ki, sistemin tətbiq olunmasından bir il sonra keçirilmiş referendumda isveçlilər şəhərin mərkəzinə girişin ödənişli olmasına səs vermişdilər.
Ancaq şəhərdə trafikin 20 faiz azalmasına baxmayaraq, Stokholm küçələrində hələ də avtomobillər və avtobuslar şütüyür. Təbii ki, onlardan birdəfəlik imtina etmək də mümkünsüzdür. Bununla belə, ictimai nəqliyyat vasitələrinin və məişət tullantılarını daşıyan avtomobillərin etanol və bioqazla çalışmasına keçid davam edir. Belə yanacaqla işləyən avtomobillər atmosferi zərərli tüstülərlə çirkləndirmir. Taksi sürücülərinin və şəxsi avtomobil sahiblərinin ekoloji təmiz yanacaqlara maraqlarını artırmaq məqsədilə hökumət vergi dərəcəsini azaltmaqdan da çəkinmir. Belə stimullaşdırıcı addımlar dayanmadan davam etdirilir. Nəticənin də olduğunu Stokholmu gəzən hər bir turist müşahidə edə bilər.
İsveç paytaxtının özəllikləri, təbii ki, bunlarla yekunlaşmır. Stokholmun gözəl ekoloji mühitə malik olmasına parklar və paytaxt ərazisinin 40 faizini təşkil edən şəhər ətarfında əkilmiş ağaclar kömək edir. Bu göstəriciyə görə isveçlilər öyünə bilərlər, çünki hazırda ərazisinin yarısını parklar və ağaclar təşkil edən çox az sayda paytaxt-şəhər var. Yeri gəlmişkən, isveçlilər ağaclaraa və yaşıllıqlara çox diqqətlə yanaşırlar. Ekoloji polislər ətraf mühitin qorunmasına nəzarət edirlər və bu xidmətin əməkdaşları yaşıllığa vurulmuş ən kiçik ziyana görə böyük cərimələr tətbiq etmək hüququna malikdirlər.
Stokholmu ekolologiya məsələsində önə çıxaran amillərdən biri də təmiz suya malik olmasıdır. Şəhər böyük şirin sulu Malaren gölünün yanında yerləşir və paytaxtın əsas su təminatı da bu göl sayəsində həyata keçirilir. Maraqlıdır ki, göldəki suyun keyfiyyəti o qədər yüksəkdir ki, suyu butulkada almaq paytaxt sakinləri tərəfindən yaxşı hal hesab edilmir. İsveçlilər butulka lazım olan zaman butulkalaşdırılmış su alırlar. Daha maraqlı məqam bundan ibarətdir ki, Malaren gölündə balıq tutmağa da icazə verilir. Paytaxt sakinləri şəhər mərkəzində yerləşən kral sarayının lap yanında dayanaraq, göldən pulsuz balıq tutmağın kefini yaşaya bilirlər. Stokholmluların balıq tutmağa aludəçiliklərini yaxşı bilən şəhər rəhbərliyi də hər il gölə xüsusi akvariumlarda yetişdirilmiş kiçik qızılbalıqlar buraxır. Buna görə də, naharda və ya axşamda süfrəsində qızılbalıqdan hazırlanmış yemək görmək istəyən hər bir paytaxt sakini də arzuladağı vaxtda gölə qarmaq ata bilər.
Stokholm meqapolislərin böyük baş ağrısına çevrilmiş zibil təpəciklərinin utilizasiyası məsələsində də öndədir. Bu liderlik isveçlilərin məişət tullantılarına olan xüsusi yanaşmasında özünü göstərir. Heç nəyi əbəs yerə atmamağa manikal münasibəti isveçlilərdən sonra yalnız yaponlarda müşahidə etmək olar. Hazırda İsveçdə zibilxana yaratmaq qanunla qadağandır. Ümumiyyətlə, "zibilxana" sözü isveçlinin leksikonunda yoxdur. Məişət tullantıları dedikdə də isveçlinin ağlına ilk növbədə zibil yığını yox, zibil emal zavodları gəlir. Bu ölkədə zibil çeşidlənir və ekologiya polisi çeşidlənmənin doğru olub-olmadığına nəzarət edir. Ciddi cərimə məbləğilə üzləşmək istəməyən paytaxt sakini də bu prosesə xüsusi diqqət ayırır. Bundan başqa, İsveçdə zibilə yanaşma sisteminin effektivliyi onunla şərtlənir ki, məişət tullantılarının əhalidən və şirkətlərdən toplanması üçün tələb olunan məbləğ kifayət qədər yüksəkdir. Amma isveçlilər yüksək məbləğdən şikayət etmirlər, çünki yığılan vəsait zibilin təkrar emalına xərclənir. Bu da ətraf mühitin təmiz qalmasına şərait yaradır.
Təbii ki, fərasətli isveçlilərin məişət tullantılarına münasibəti təkcə ekoloji amillərlə məhdudlaşmır. Stokholmda toplanan çeşidlənmiş zibil bioqaz istehsal edilən xüsusi zavodlara göndərilir. Emalı mümkün olmayan məişət tullantıları da sosial obyektləri qızdırmaq məqsədilə xüsusi müəssisələrdə yandırılır. 9 milyon insanın yaşadığı İsveç ərazisində 31 belə zavod fəaliyyət göstərir və əldə edilmiş nəticələrin səməri olduğunu təkcə yerli sakinlər etiraf etmirlər. Həmin zavodlarda yalnız məişət tullantıları yandırılmır, onlardan həm də elektrik enerjisi alınır. Təbii ki, sərt ekoloji qanunvericilik belə zavodları ətraf mühit barədə düşünməyə vadar edir və bu sahədə ciddi probemlər müşahidə olunmur. Ən maraqlısı da odur ki, isveçlilər artıq zibil sarıdan korluq çəkirlər və ölkə artıq bir müddətdir Almaniyadan məişət tullantıları idxal edir. Çox təəccüblüdür, elə deyilmi?
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında