Birlik və həmrəylik mövcudluğunun ilk anından bəşər övladına xas olan və minilliklər ərzində təkamül boyu insan inkişafınının bütün mərhələlərində onu müşaiyət edən ictimai-mənəvi keyfiyyətdir. İbtidaidən aliyə doğru təkamülün prosesinin bütün mərhələlərində instinktiv və ya şüurlu şəkildə cəmiyyətlər birlik və həmrəylik motivasiyasında bulunmuşlar. Əlbəttə müxtəlif cəmiyyətlərdə bu motivasiyanı doğuran səbəblər və əldə olunan həmrəyliyin məramı və ömrü həmin dövrlərin tələblərindən asılı olaraq müxtəlif olmuşdur.
Müasir milli həmrəylik ideologiyamızın kökündə hələ qədim Dədə Qorqud eposunda təsvir olunmuş əcdadlarımızın tarixi təcrübəsindən süzülüb gələn və universallaşmaqda olan yurdbirliyi hissləri dayanır. "Çal qılıncını, Qazan xan, gəldim!" - deyə dar gündə bir-birinin harayına yetişən ulu babalarımızın yurdbirliyi hissləri böyüyüb milli həmrəyliyə çevrilməsəydi, dünyanın ən mürəkkəb geosiyasi məkanlarından birində - Cənubi Qafqaz - Xəzəryanı bölgədə Azərbaycan dövlətini yaratmaq, qorumaq və beynəlxalq birliyin suveren subyektinə çevirmək mümkün olmazdı. Zaman-zaman genetik yaddaşımızdan ayılıb bu günümüzə qovuşan birlik hissləri xalqımızı mübarizəyə qaldırmış və həmrəylik ideallarının yenilməzliyini bir daha sübut etmişdir.
Ən yaxın keçmişimizdə hələ Sovet İttifaqının çökdüyü, milli münaqişələrin kəskinləşdiyi, ermənilərin vətən torpaqlarımıza haqsız iddia qaldırdığı, millətimizin təkləndiyi sarsıntılı günlərdə - 1989-cu il dekabrın axırlarında Azərbaycan xalqı dövlətinin tarixi ərazisinin bölünməsinə "yox!" deyərək SSRİ-nin və İranın Naxçıvandan keçən sərhədi boyunca böyük yürüşə başladı. Birlik idealının hakim kəsildiyi xalq Araz çayının hər iki sahilində tikanlı dəmir məftilləri qırıb tökdü, Azərbaycanın Şimalı və Cənubu arasındakı sərhəd dirəklərini yerindən oynatdı. İki totalitar rejimin yaratdığı vahiməyə, iki yüz il davam edən əsarət xofuna sinə gərən azərbaycanlılar həftələrlə sərhəd zolağında toplaşaraq, birlik şüarları səsləndirdilər. Arazı keçərək əl-ələ tutdular, milli həmrəyliyin görkünü yaratdılar. Arazı - yurdumuzu bölən deyil, birləşdirən çay rəmzinə çevirdilər. Azərbaycanlıların milli azadlıq və imperiya rejimlərinə müqavimət hərəkatı bütün dünyada rəğbətlə qarşılandı və elə həmin 1989-cu ildə dünyanın kütləvi informasiya vasitələri məhz bu əzmkarlığına görə o taylı-bu taylı həmvətənlərimizi "dünyanın ən mübariz xalqı kimi" qələmə verdi. Bu hərəkata dəstək olaraq İstanbulda konfrans keçirildi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması ideyası aktuallaşdı. Bu möhtəşəm milli birlik aktını tarixiləşdirmək missiyasını isə böyük siyasətçi Heydər Əliyev həyata keçirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 1991-ci ilin 16 dekabrında 31 Dekabrı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev "Kitabi-Dədə Qorqud"dan başlayaraq klassik fikir abidələrimizdə xalqımızın ali mənəvi keyfiyyəti kimi bəslənilib yetişdirilən milli birliyin bu yenilməz təməli üzərində həmin birliyin çağdaş ideologiyasını - azərbaycançılıq ideologiyasını irəli sürdü və Milli Həmrəylik Salnaməmizin XXI əsr səhifəsini yazdı.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü planetimizin ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizi böyük milli idealımız - Azərbaycan və azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə qadir oldu.
Ulu öndərimizin Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətlərindən biri də bu idi: öz stixiyasında kortəbii şəkildə coşan milli azadlıq hərəkatını qanunauyğun məcrasına salaraq, böyük enerjiyə çevirmək, onu nəticə verən proseslərə, başlıcası - dövlət quruculuğuna yönəltmək.
Ona görə də Azərbaycan Respublikasının müstəqilliyinin iyirmi ili həm də məhz həmin dövrdən etibarən, dünya azərbaycanlılarının getdikcə daha yüksək səviyyədə təşkilatlanması tarixi olmuşdur. On il ərzində Heydər Əliyevin, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünya azərbaycanlılarının təşkilatlanması - dövlətimizin yürütdüyü milli siyasətin mühüm tərkib hissəsi olmuşdur. Bu müddətdə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış (Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əsasında), Komitənin fəaliyyəti və diaspor quruculuğu genişləndirilmiş, dünyanın, demək olar ki, bütün mühüm ölkələrində Azərbaycan diasporunun koordinasiyalı beynəlxalq şəbəkəsi və informasiya məkanı yaradılmış, diaspor hərəkatı bir orqanizm şəklinə gətirilmiş, tariximizdə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının üç qurultayı (2001, 2006, 2011-ci illərdə) və çoxsaylı konfranslar, konqreslər, forumlar keçirilmiş, strateji istiqamətdə vacib qərarlar qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayındakı tarixi nitqində "Müstəqil Azərbaycan dövlətinin əsas ideyasının - azərbaycançılıq" olduğunu təntənəli şəkildə bəyan etmişdir (Dünya Azərbaycanlılarının I Qurultayı - 9-11 noyabr 2001-ci il. Bakı, 2002, s.25). Daha sonrakı iki qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitqlər diaspor hərəkatını gücləndirmək üçün proqram əhəmiyyəti daşımışdır. Görülmüş məqsədyönlü işlərin nəticəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın 70-dən çox ölkəsində təqribən 50 milyon azərbaycanlı və beynəlxalq ictimaiyyət tərəfindən bayram edilməsi artıq bir ənənə halını almış, ötən qurultaylararası dövrdə diaspor təşkilatlarının sayı 416-ya çatmışdır.
Azərbaycan milli siyasətinin bu istiqamətdəki əsas strategiyası - ölkədə və xaricdə yaşayan azərbaycanlıların dünyamiqyaslı həmrəyliyinə nail olmaq, bu həmrəyliyi dövlətimizin daha da qüdrətlənməsinə, onun milli maraqlarının beynəlxalq səviyyədə qorunmasına, həmvətənlərimizin mədəni-siyasi hüquqlarının müdafiəsinə, soydaşlarımızın dünyanın hər yerində öz milli xüsusiyyətlərini nəinki saxlamasına, həm də inkişaf etdirməsinə səfərbər etməkdən ibarətdir.
Beynəlxalq münasibətlər sistemində özünəməxsus inkişaf perspektivləri olan Azərbaycan bu sistemə yeni məzmun və forma verən qloballaşmanın reallıqlarını bütün dərin mahiyyəti və kompleks şərtləri ilə nəzərə alır. Çünki qloballaşma dünyada elə bir vəziyyət yaratmışdır ki, burada beynəlxalq münasibətlər sisteminin hər hansı bir subyekti - suveren dövlət özünün daxili və xarici siyasətində diaspor faktoruna xüsusi əhəmiyyət verməlidir. Müasir dünyanın güclü diasporları beynəlxalq siyasətin müəyyən komponentlərinə və istiqamətlərinə bu və ya digər səviyyədə və məqsədlərlə təsir edə bilir, dövlətlərarası münasibətlərin inkişafında, mədəniyyət, təhsil, elm, texnologiya, idman və turizm layihələrinin həyata keçirilməsində özünəməxsus rol oynayır, lobbiçiliyi inkişaf etdirir, ticarət və maliyyə sövdələşmələrini təşviq edirlər. Beynəlxalq sosial-siyasi sistemi ciddi transformasiyaya uğradan qlobal miqrasiya prosesləri, intellektual və fiziki əmək bazarının qloballaşması, keyfiyyətli "beyin axınının" dünyanın aparıcı mərkəzlərində inteqrallaşması və s. hər hansı milli dövlətin siyasi coğrafiyasına ənənəvi baxışları əhəmiyyətli dərəcədə dəyişir. İlk baxışda elə görünür ki, sanki belə vəziyyətdə milli keyfiyyətlər öz gərəyini itirir. Əslində isə itirmir. Əskinə, daha dolğun məzmun, daha məqsədəuyğun forma alır. Milli mənliyə və düşüncəyə sahib insanlar öz tarixi vətənlərindən nə qədər uzaq düşsələr də, hətta onların yeni nəsilləri başqa ölkələrdə doğulsalar da, öz köklərini unutmur, xalqının dilinə və mədəniyyətinə, dövlətinin yürütdüyü siyasətə sədaqətli olduqlarını əməlləri və münasibətləri ilə təsdiq edirlər.
Biz fəxr edə bilərik ki, Azərbaycandan kənarda - başqa ölkələrdə yaşayan və çalışan azərbaycanlıların mütləq əksəriyyəti öz ata yurduna bağlı insanlardır. Azərbaycan Respublikasının suverenlik əldə etməsi, ötən iyirmi ildə böyük inkişaf yolu keçməsi, müstəqil siyasət yeritməsi, qlobal siyasi, iqtisadi və mədəni inteqrasiyanın mərkəz-dövlətlərindən birinə çevrilməsi və bütün bunların nəticəsi olaraq, dünyanın hər bir yerində yaşayan yurddaşlarımızla vətən arasında doğma münasibətlərin qurulması, onlar üçün burada hər cür əlaqələri inkişaf etdirməyə şəraitin yaradılması, vətən naminə beynəlxalq miqyasda çalışmalarına dövlətimiz tərəfindən güclü stimul verilməsi, əlbəttə ki, respublikamızda və ya başqa bir ölkədə məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi və milli qürur hissi yaradır.
Azərbaycan naminə həmvətənlərimizin birləşib güclənmə zərurəti həm də müstəqil dövlətimizin qarşılaşdığı ən böyük problemdən - ermənilərin torpaqlarımızın bir hissəsini işğal etməsi, onu heç vəchlə qaytarmaq istəməməsi və bununla da beynəlxalq hüququn müvafiq normalarını cinayətkarcasına pozması faktından qaynaqlanır. Məhz bu məsələdə dünya azərbaycanlılarının maraqları mütləq şəkildə birləşir və burada heç bir fikir ayrılığı yoxdur. Həmin maraqların təmin olunmasına yönəlmiş təşəbbüslərin vahid bir məqsəd ətrafında səfərbər edilməsi bu gün dünya azərbaycanlılarının fəaliyyətinin məğzini təşkil edir. Heç şübhəsiz ki, bu təşəbbüslərin əlaqələndirilməsi daha yetkin və kəsərli formada aparılmalıdır. Dərindən duyduğumuz bu zərurət səbəbindən son iyirmi ildə Azərbaycan diasporu özünün strateji məqsədlərində xeyli irəli getmiş, dünyanın ən təhlükəli diasporlarından biri olan, yalnız dar millətçilik maraqlarından çıxış edən erməni diasporuna layiqli cavab verə biləcək qədər güc toplamışdır. Bəllidir ki, Ermənistan təkbaşına Azərbaycan torpaqlarını heç cür işğal edə bilməzdi. Bu işğalı "təşkil edən" əsas təhrikçi qüvvələrdən biri məhz maliyyə və altsiyasət vasitələrini uzun zamanlar yaradaraq hazır vəziyyətə gətirən erməni diasporu olmuşdur. Deməli, hazırkı vəziyyətdə Azərbaycan Respublikasının Ermənistandan bütün parametrlər üzrə qat-qat güclənməsi Azərbaycan diasporunun da erməni diasporunu qat-qat üstələməsi faktında öz təsdiqini tapmalıdır. Bu, həm də strateji planda ona görə lazımdır ki, Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad etdiyi təqdirdə beynəlxalq siyasət, hüquq və diplomatiya müstəvisində erməni arsenalını neytrallaşdırmaq və dağıtmaq mümkün olsun. Bu gün isə diasporumuzun əsas məramı - Azərbaycan həqiqətlərini özünün gerçək dəyərində və gərəyində dünyaya təqdim etməkdən və Qarabağ məsələsinə görə qaçılmaz olan daha ciddi sınaq və mübarizələri proqramlaşdırmaqdan ibarətdir.
Azərbaycanın demokratik dünya birliyinə və iqtisadiyyatına onların hərəkətverici qüvvəsinə çevrilməklə inteqrasiyası, qlobal enerji layihələrinə ölkəmizdən start verilməsi, burada mədəniyyətlər, sivilizasiyalar və dinlərarası dialoq mühitinin yaradılması, dövlətimizin siyasi, iqtisadi və intellektual potensialının artması dünya azərbaycanlılarının daha böyük imkanlar əldə etməsinə, bu proseslərə dünyanın hər yerindən fəal şəkildə qoşulmasına maksimum şərait yaradır. Ölkəmizin dinamik inkişafı prosesində xalqımızın yaratdığı böyük milli mədəniyyətin və onun bəşər sivilizasiyası ilə bütün zamanlardakı qırılmaz bağlılığının, dünyaya açıqlıq psixologiyasının tarixi və müasir əhəmiyyətini daha dərindən anlayır və qiymətləndiririk. Bəşəriyyət ailəsində özünü həmişə onun yaradıcı qüvvəsi kimi hiss edən azərbaycanlıların eklektik formada deyil, təbii şəkildə və yüksək səviyyədə millilik və ümumbəşərilik xüsusiyyətlərinə malik olması tarixən olduğu kimi bu gün də onlara imkan verir ki, dünyanın istənilən ölkəsində cəmiyyətin elitası ola bilsinlər. Müasir azərbaycanlının universal keyfiyyətləri ona dünyanın bütün qapılarını açır. Onun milli və ümumbəşəri dünyagörüşündəki bu vəhdət inkişaf edərək universallaşan Azərbaycanla qloballaşan dünya arasındakı üzvi inteqrasiyanın mühüm şərti, itirilməz dəyərdir.
Xalqımızın bu unikal keyfiyyətlərindən həmişə iftixarla söz açan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayının açılış mərasimində diaspor siyasətinin əsas prinsiplərini, məqsəd və vəzifələrini təhlil etmiş, ümumən xaricdə yaşayan həmvətənlərimizlə ölkəmiz arasındakı dərin münasibətləri daha da inkişaf etdirməyin strategiyasını müəyyən etmişdir. Dövlət başçısının "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarı ("Azərbaycan" qəzeti, 6 iyul, 2011) həm də diaspor quruculuğu istiqamətində mühüm əhəmiyyət kəsb edir. Dünya azərbaycanlıları həmin prosesin fəal iştirakçısı olaraq, özlərinin milli intellektual potensialı ilə dövlətlərarası münasibətləri inkişaf etdirir, bu münasibətləri elə səviyyəyə qaldırmağa çalışırlar ki, həmin proseslər Azərbaycan dövlətinin milli mənafelərinin uca tutulması üçün beynəlxalq platformanı daha da möhkəmləndirsin və sarsılmaz etsin. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğuladı ki, "səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır". Çünki yalnız belə olduqda, hər iki istiqamətdə bir sıra problemləri aradan qaldırmaq, vətənlə xarici dövlətlər, ölkə vətəndaşları ilə xaricdə yaşayan həmvətənlərimiz arasında münasibətlərin səmərəli formalarını yaratmaq və inkişaf etdirmək mümkündür. Ölkə başçısı eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın o ölkələrin daxili siyasətində iştirak etmələrinin vacibliyini diqqətə çatdıraraq göstərdi ki, "artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır". Beynəlxalq şəraiti, qlobal siyasətin inkişaf təmayüllərini, burada hansı proseslərin üstünləşməsinə əhəmiyyət verildiyini dəqiq bilən və düzgün qiymətləndirən ölkə rəhbərimiz belə bir mühüm istiqamətdə də həmvətənlərimizin fəaliyyətinə təkan və ruh verir. Dövlət başçısı bəyan edir ki, "bu gün Azərbaycanın iqtisadi imkanları genişlənir. Bizim investisiyalarımız indi nəinki Azərbaycanda, eyni zamanda, xarici ölkələrə də qoyulmağa başlamışdır. Bu da bizim strateji iqtisadi və siyasi addımlarımızdan biridir. İndi Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri xarici ölkələrdə işləyirlər, kontraktları icra edirlər, investisiya qoyurlar. Azərbaycanın müvafiq dövlət strukturlarına, dövlət şirkətlərinə göstəriş verilmişdir və özəl şirkətlərə tövsiyə edilmişdir ki, çalışdığı ölkələrdə azərbaycanlıları daha da çox işlərə cəlb etsinlər. Bu proses başlanmışdır. Hesab edirəm ki, şirkətlərimiz xaricdə güclənən zaman orada yaşayan azərbaycanlılar bu işlərə daha da çox cəlb ediləcəklər. Burada söhbət təkcə azərbaycanlıları işə götürüb hansısa vəzifə verməkdən getmir. Xaricdə fəaliyyət göstərən şirkətlər Azərbaycan şirkətləri, dövlət şirkətləri tərəfindən icra edilən layihələrdə iştirak etməlidirlər". - Bu, artıq ölkə Prezidentinin öz həmvətənlərinə verdiyi yüksək siyasi zəmanətdir: Gəlin, həm Azərbaycan kapitalından istifadə edin, həm də öz kapitalınızı ölkədə və xaricdə Azərbaycan layihələrinin icrasına yatırın. Tam əminliklə demək olar ki, bu prosesin stimullaşdırılması Azərbaycan iqtisadiyyatının, eyni zamanda, dövlətlərarası iqtisadi əlaqələrin inkişafında yeni bir mərhələnin başlanması deməkdir. Çünki dövlət başçısının qeyd etdiyi kimi, təkcə keçən il ölkəmizə 16 milyard dollar sərmayə qoyulub. Xaricdə yaşayan azərbaycanlıların da kifayət qədər sərmayə imkanları var. Deməli, bu sərmayənin milli iqtisadiyyata və artıq onun xarici ölkələrdə yaranıb genişlənən bölmələrinə və istiqamətlərinə yatırılması bu kapital qoyuluşunun həcmini yetərincə artırar. Bu - yeni nəsil demokratik dünya dövlətlərinin üstünlük verdiyi faydalı prosesdir ki, Azərbaycan da onun ön sıralarında olmaq imkanındadır.
Beynəlxalq siyasi, mədəni, intellektual həyatın dinamik inkişafında dünya azərbaycanlılarının öz yeri, rolu və məsuliyyət payı vardır. Azərbaycan Respublikası inkişaf etdikcə, onun başlıca olaraq bir suveren dövlət statusunda, həm də buna dəstək kimi güclü və vətənpərvər diasporu vasitəsilə beynəlxalq siyasətə təsir imkanları artdıqca, özünün qüdrətli milli dövlətinə - Azərbaycana arxalanan dünya azərbaycanlılarının da milli, regional və qlobal səviyyədə manevr və fəaliyyət imkanları yüksəlir. İndi təkcə azərbaycanlılar deyil, onların vasitəsilə ölkəmiz haqqında dürüst məlumata malik olan digər millətlərin nümayəndələri, dövlətlərdə və beynəlxalq təşkilatlarda müəyyən məsul vəzifələri icra edən şəxslər də Azərbaycanın milli maraqlarının müdafiəsində lazımi mövqeyi sərgiləyirlər. Bu istiqamətdə Azərbaycanın xeyirinə lobbiçilik hərəkatını fəallaşdırmaq və genişləndirmək də xüsusi əhəmiyyət kəsb edir.
Müqayisə etsək görərik ki, son on ildə dünyanın kütləvi informasiya vasitələrində Azərbaycan haqqında informasiyanın keyfiyyəti, həcmi, intensivliyi və miqyası dəfələrlə artmışdır. Azərbaycan indi planetin aparıcı mediasında diqqət mərkəzindədir. Onun tarixi və müasir nailiyyətləri publisistik araşdırmalardan elmi tədqiqatlaradək çox geniş miqyasda öyrənilərək, beynəlxalq arenada dəyər qazanır. Diasporla İş üzrə Dövlət Komitəsinin nəşr etdiyi "Ölkəm" dərgisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu, rus və ingilis dillərində dərc edilən "Baku" jurnalı, Betti Bleyrin redaktorluğu ilə 1993-cü ildən nəşr olunan "Azerbaijan International" jurnalı, xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın veb-saytları və s. Azərbaycanı bütün dolğunluğu ilə qlobal informasiya məkanında təqdim etməyə zəmin yaradan böyük uğurlardır.
Müstəqilliyimizin iyirmi illiyini qeyd etdiyimiz, Dünya Azərbaycanlılarının III Qurultayını keçirdiyimiz bir zamanda dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi qəlbi vətənlə döyünən hər bir soydaşımızın Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsi naminə fəaliyyət göstərməsinə güclü stimul verir. Həmvətənlərimiz beynəlxalq siyasətin ön cinahında yer alan Azərbaycan Respublikasının nailiyyətlərindən fərəhlənərək, onun tərəqqisi naminə daha sıx birləşmək, güclənmək, fəaliyyətlərini ən zəruri və məqsədəyönlü istiqamətlərdə qurmaq və irəlilətmək üçün bu gün real tarixi şans əldə etmişlər. Bu imkanlardan yararlanmaqla, onlar qarşıdakı illərdə doğma vətən torpağına ayaq basanda, daha qüdrətli Azərbaycanla nəfəs-nəfəsə dayanacaq, qurur duyacaq, "Bu inkişafda, çiçəklənmədə mənim də payım var!" - deyə biləcəklər.
{nl}
Cavanşir FEYZİYEV Milli Məclisin deputatı, fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.