Prezidentin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı
Azərbaycan xalqı öz dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edərkən bir sıra mühüm nailiyyətləri yada salır və haqlı olaraq fəxr edir. Bu sırada müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyasının ən ali səviyyədə təmin olunması, ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması, qanunun aliliyinin bərqərar edilməsi, ölüm hökmünün icrasının tamamilə dayandırılması, insanların bütün hüquqlarının yüksək səviyyədə qorunması və bir çox başqa məqamlar vardır.
Ancaq yerli və xarici ekspertlərin fikrincə gənc müstəqil Azərbaycanın son 20 ildə qazandığı ən başlıca nailiyyətlərdən biri məhz siyasətin humanistləşdirilməsi, əfv institutunun formalaşdırılması və dövri olaraq amnistiya aktlarının qəbul olunmasıdır. Ümummilli lider Heydər Əliyevin yaratdığı bu ənənənin son səkkiz ildə Prezident İlham Əliyev tərəfindən daha geniş şəkildə davam etdirilməsi ölkə əhalisinin böyük rəğbətinə səbəb olmuşdur. İnsanların böyük razılıqla qarşıladıqları başqa bir məqam isə bu humanist ənənəyə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın verdiyi xüsusi töhfələrdir.
Dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə keçirilən tədbirlərdə böyük fəxr və iftixar hissi ilə qeyd olundu ki, 1993-cü ilin yayından sonra Azərbaycanda 48 əfv fərmanı imzalanmış və 8 amnistiya aktı qəbul edilmişdir. Bunu Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi kimi qəbul edənlər də var. Ancaq bu tendensiyanı dövlətin siyasətinin humanistliyi, ölkə rəhbərliyinin hər bir insanın taleyini düşünməsi, ümumilikdə isə dövlətə rəhbərlik edən şəxslərin şəxsi keyfiyyətlərinin, liderlik nümunələrinin göstəricisi kimi qiymətləndirənlər daha çoxdur. Çünki Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığa verdiyi önəm də xalqın istəyidir, 1993-cü ilin yayından sonra ölkə rəhbəri seçilən liderlərin hakimiyyətə gəlişi də. Yəni ulu öndərin siyasi hakimiyyətə qayıtdığı gündən bəri Azərbaycan məhz xalqın arzu və istəyi ilə idarə olunur. Elə o səbəbdən də xalqın bütün problemləri yüksək səviyyədə həll edilir.
Prezident İlham Əliyevin 2011-ci il dekabrın 26-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı haqqında söz açarkən öncə bu istiqamətdə əvvəllər atılmış addımlar yada düşür. Belə ki, dövlət başçımız 2003-cü ilin oktyabrından sonra 16 əfv fərmanı imzalayıb. Yuxarıda qeyd etdiyimiz 48 əfv fərmanının 32-si ulu öndər tərəfindən imzalanmışdı. Xatırladaq ki, ümummilli liderin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini ifadə etmək üçün iki-üç cümlə kifayət edərdi: "Heydər Əliyev, ölkədə əfv və amnistiya təsisatlarını yaratmış, 1995-2003-cü illərdə 7 amnistiya aktının, 32 əfv fərmanının ərsəyə gəlməsinə nail olmuşdu. Həmin amnistiya aktları 77 mindən çox insana şamil edilmişdi. Əfv olunan insanların 22 min nəfərə yaxını cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdu". Ulu öndərin əfv fərmanları ilə bağışlanan 3 mindən artıq şəxs arasında 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da olması böyük dövlət xadiminin həm də böyük ürək sahibi olduğundan xəbər verirdi. Çünki bağışlamaq kimi ali insani keyfiyyətlər ancaq böyük şəxsiyyətlərdə olur.
Bu məqamda xüsusilə qeyd edilməli bir fakt yada düşür. Belə ki, 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da bilavasitə ulu öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamı idi. Ancaq burada ənənə müəllifinin xatirəsinə göstərilən ehtiram xalqın milli mentalitetindən və qədrşünaslığından xəbər verdiyinə görə həmin qərar daha yüksək qiymətləndirilirdi. Qeyd olunan amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanmışdı. Milli Məclisin həmin qərarı qəbul etdiyi iclasında vurğulanmışdı ki, "1992-ci ildə Azərbaycanda hər 100.000 nəfərə 390 məhbus düşürdüsə, 2003-cü ildə bu rəqəm 200-dən də aşağı idi. Bununla da Azərbaycan bütün MDB dövlətlərini qabaqlayaraq Şərqi Avropa ölkələrinin səviyyəsinə çatıb". Bu, insan hüquqlarının qorunması ilə yanaşı, bu dövlət siyasətinin humanistliyinin göstəricisi, böyük liderin alicənablığının təsdiqi idi.
Bu gün Prezident İlham Əliyevin böyük ürək açıqlığı ilə həyata keçirdiyi bağışlamaq, əfv etmək ənənələri dövlət başçımızın məhz Heydər Əliyev siyasi məktəbinin ən layiqli məzunu olduğunun növbəti təsdiqidir. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin bu sahədə atdığı uğurlu addımlar haqqında beynəlxalq ekspertlər daim yüksək fikirlər söyləyib, xüsusi qiymətləndirmələr dilə gətiriblər. Ancaq bizim üçün daha dəyərli olan Azərbaycan xalqının dövlətə və dövlət siyasətimizə olan inamıdır. İstənilən amnistiya aktı və əfv fərmanı ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, təqdir olunur, dövlətin təkcə bu sahədə deyil, bütün istiqamətlərdə həyata keçirdiyi siyasət yüksək səviyyədə dəstəklənir. Xalqın həmin istəyini və arzusunu daim tanınmış elm, incəsənət xadimləri, yaradıcı ziyalılar dilə gətirirlər. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva isə bu məsələni sırf ictimai-siyasi baxımdan deyil, bilavasitə milli-mənəvi baxımdan qiymətləndirir: "İnsan həyatı hər şeydən üstündür. Hər bir insan layiqli həyat sürmək hüququna malikdir və amnistiya aktını qəbul edərkən biz insanlara öz səhvlərini anlamaqda, cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək insani keyfiyyətlərdir".
Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı da məhz mərhəmət, bağışlamaq və rəhmlilik kimi ən insani keyfiyyətlərin təzahürü idi. Bu sərəncam ilə 75 nəfər məhkum öz cəzasının çəkilməmiş hissəsindən azad edildi. 17 nəfər isə məhkəmənin hökmü ilə məhkum olduqları müxtəlif cəzalardan azad edildilər. Fərman ümumilikdə 92 nəfərə şamil edilsə də, bütövlükdə 50 milyonluq xalqımız tərəfindən məmnunluq və razılıqla qarşılandı. 2003-cü ildə - prezidentliyə namizəd olarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən dövlət başçımız İlham Əliyev həmin tezisi hər gün, hər saat, hər yerdə reallığa çevirir. Son günlər Prezidentin öz 50 yaşını bilavasitə cəbhə bölgəsində, Qarabağda qeyd etməsi insanlarda sabaha olan inamı yüz qat, min qat artırmışdısa, dövlət başçısının qeyd olunan əfv fərmanı da ölkə əhalisinin məmnunluğunu bir o qədər artırmış oldu. Xalq öz sınanmış liderinin siyasətinə möhtəşəm inam bəsləyir və hər zaman ona dəstək verəcək.
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.