Prezident İlham ƏLİYEV: Ərazi bütövlüyünü bərpa etmək BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycanın suveren hüququdur

{nl}

Sürətli iqtisadi inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə, intellektual və informasiya mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmdə mövqeləri gündən-günə daha da güclənir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş çoxvektorlu, müstəqil, ölkənin geostrateji maraqlarının maksimum təmin olunmasına yönəlmiş xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları nəzərə alınmaqla uğurla davam etdirilir, ölkəmizi yeni-yeni uğurlara aparır. Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan, səmimi əlaqələrini inkişaf etdirir, dost ölkələrlə, strateji tərəfdaşlarımızla münasibətlərimiz yeni çağırışlar çərçivəsində güclənir.
Ölkəmizin həyata keçirdiyi çevik xarici siyasət nəticəsində artıq bütün dünya işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını, problemin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini tələb edir, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirlər. BMT, Avropa Birliyi, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar müxtəlif səviyyələrdə Ermənistanı işğalçı dövlət kimi tanımış, bu təşkilatların qətnamələrində və digər sənədlərində təcavüzkar siyasətin yolverilməzliyi, bir milyon azərbaycanlının öz torpaqlarından didərgin düşdüyü, işğal olunmuş ərazilərdə xalqımızın mədəni-tarixi irsinin məhv edildiyi və s. məsələlər öz əksini tapmışdır.
Münaqişənin tarixinə qısa nəzər yetirdikdə bir daha aydın olur ki, beynəlxalq ictimaiyyət problemin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokda verilmiş bəyanatlara istinad olunması təşəbbüsü ilə çıxış edir. Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Nikola Sarkozi, Rusiya Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Muskokda imzalanmış bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal edilmiş ərazilər kimi göstərilib. Bu fakt Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir.
İndiki mərhələdə aparılan sülh danışıqlarına gəlincə, hazırda Madrid prinsiplərinin yenilənmiş variantı ətrafında müzakirələr aparılır. Belə ki, 2004-cü ildə başlanan Praqa prosesində ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiyanı təmsil edən nümayəndələrin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdirilib. 2007-ci ildə Minsk qrupunun həmsədrləri Madrid prinsipləri adlandırılan təkliflər irəli sürüblər. 2009-cu ildə yenilənmiş Madrid prinsipləri adlı sənəd ortaya çıxıb və Minsk qrupunun həmsədr ölkələri həmin ilin dekabrında rəsmi sənədi Azərbaycana və Ermənistana təqdim ediblər. Məlumdur ki, yenilənmiş Madrid prinsiplərində Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərinin işğaldan azad olunması, məcburi köçkünlərin Dağlıq Qarabağ da daxil olmaqla bu ərazilərə qaytarılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, eləcə də təhlükəsizlik zəmanətinin verilməsi nəzərdə tutulur. Əlbəttə ki, orada bəzi müəyyən nüansalar da var. Amma ümumilikdə söhbət bu prinsiplərdən gedir.
Onu da deyək ki, 2009-cu ildə irəli sürülən yenilənmiş Madrid prinsipləri Azərbaycanın istəyi deyil. Bu, həmsədr dövlətlərin irəli sürdüyü təkliflərdir. Lakin buna baxmayaraq, 2010-cu ilin yanvarında Ermənistan prezidenti Serj Sarkisyan Madrid sənədinin tərkib hissəsi olan, "Madrid-2" versiyası adlandırılan yenilənmiş Madrid prinsiplərini rədd etmişdi. Təbii ki, Ermənistanın məqsədi hansı yolla olursa-olsun status-kvonu saxlamaq, danışıqlar prosesini uzatmaq, böyük sülh sazişinin imzalanmasına imkan verməməkdir. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə də Ermənistanın qeyri-konstruktiv mövqedə dayanmasının səbəbi bu idi. Halbuki, bu ilin may ayında keçirilən "G-8" sammitində ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin verdikləri bəyanatda da qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir. Bir daha xatırladaq ki, həmin dövlətlərin istinad etdiyi sənəd və prinsiplərin hər birində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması məsələsi prinsipial olaraq qoyulub. Buna görə də erməni tərəfi anlamalıdır ki, beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını qəbul etmir və etməyəcəkdir. Bu il dekabrın 6-da Vilnüsdə keçirilən ATƏT-in xarici işlər nazirlərinin iclasında da bu məsələ müzakirə olunub. İclasın yekunlarına görə, həmsədr ölkələrin - ABŞ, Fransa və Rusiya xarici işlər nazirləri, habelə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri birgə bəyanat qəbul ediblər. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağın vacibliyi ifadə olunub. 2008-ci ilin noyabrında qəbul edilmiş Moskva bəyannaməsinə, habelə ATƏT Nazirlər Şurasının 2009-cu ildə Helsinki bəyanatına və Astana (2010) sammitinə istinad edən beş ölkə nazirləri mühitin yaxşılaşdırılması və sülh yolu ilə həllə doğru irəliləmək üçün danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin vacibliyini təsdiq ediblər. Bu istiqamətdə addımlardan biri kimi tərəflər 2011-ci ilin martında Soçidə prezidentlər - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin birgə bəyanatında qeyd olunan məsələlərə diqqət yönəldilməsi vacib hesab edilib. İstənilən halda, bəyanatda status-kvonun qəbuledilməz olduğu bir daha vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev də İTAR-TASS agentliyi və "Rossiya 24" telekanalı üçün İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə mövcud vəziyyətin qəbuledilməz olduğunu bildirərək demişdir ki, münaqişənin həllinin yalnız iki yolu vardır. Bunlardan biri problemin beynəlxalq hüquqa əsaslanan qarşılıqlı məqbul həlli yolunu tapmaq cəhdidir. Digəri isə, yenə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində başqa vasitələrdən istifadə edilməsidir. Azərbaycan bu variantlardan başqa həll yolu görmür: "Üçüncü yol yoxdur və bunu hamı başa düşməlidir - həm qarşı tərəf, həm də, əlbəttə, əminəm ki, vasitəçilər də bunu başa düşürlər. Üçüncü yol - staqnasiya, konservasiya, dondurulma yoludur. Bu, mümkün deyil və elə şey yoxdur. Bu gün biz Minsk qrupunun həmsədr ölkələrinin, - bunlar isə Təhlükəsizlik Şurasının üç daimi üzvüdür, - rəhbərlərinin ən yüksək tribunalardan çıxışlarında eşitdiyimiz status-kvonun qəbuledilməz olması və onun dəyişdirilməməsi barədə fikirlər belə ümid doğurur ki, siyasi tənzimləmə yolları vardır. Biz bu yolun tərəfdarıyıq. Əks halda Azərbaycan 20 ilə yaxın müddətdə, 1992-ci ildən danışıqlar prosesində olmazdı".
Dövlət başçısı vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsi təmin edilməlidir. Həmin qətnamələr isə Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələrində də bu, öz əksini tapmışdır. Onların hamısı eyni şeyi tələb edir - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarını daim üstün tutan ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək hüququ olduğunu bir daha xatırladaraq demişdir: "Bu, bizim suveren hüququmuzdur, dövlətimizin ərazi bütövlüyünün siyasi vasitələrlə deyil, açıq deyək, hərbi vasitələrlə bərpa edilməsi də bizim suveren hüququmuzdur. BMT Nizamnaməsinə uyğun olaraq bizim belə hüququmuz vardır. Biz sadəcə olaraq bundan istifadə etmək istəmirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək, Ermənistan tərəfi, nəhayət qəti başa düşəcəkdir ki, münaqişə tənzimlənməsə onların bu regionda olması getdikcə mürəkkəbləşəcəkdir. Biz həm də vasitəçilərin - Minsk qrupunun, həmsədrlərin səylərinin fəallaşacağına, münaqişənin mümkün qədər tezliklə həll edilməsinə və vətəndaşlarımızın öz torpaqlarına qayıda biləcəyinə ümid edirik".
Beynəlxalq hüquq normalarına daim hörmətlə yanaşan Azərbaycanın məhz həmin normalara əsaslanaraq hərbi yolla öz torpaqlarını işğaldan azad etmək imkanı vardır. Məlumdur ki, aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın hərbi potensialı gücləndirilmiş, son 8 ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi 25 dəfəyədək artmış (2003-cü ildə 135 milyon dollar, 2011-ci ildə 3,3 milyard dollar), büdcədən hərbi sahəyə ayrılan vəsait Ermənistanın büdcəsini 1,5 dəfə ötmüş, Azərbaycan Ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmiş, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu gün Azərbaycan 420 adda hərbi təyinatlı məhsul istehsal edir. Azərbaycan Silahlı Qüvvələri hər an ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Bu il iyun ayının 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən təntənəli hərbi parad da müasir silahlarla təchiz olunmuş ordumuzun maddi-texniki təminatının və döyüş qabiliyyətinin yüksək olmasından xəbər verirdi. Bu il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə İrəvanda keçirilən və Azərbaycanda keçirilmiş hərbi parada qarşı cavab kimi düşünülən şou isə erməni cəmiyyətinin və silahlı qüvvələrinin acınacaqlı vəziyyətini açıq nümayiş etdirdi. Məlumdur ki, həmin şouda nümayiş etdirilən hərbi texnikalar köhnə, SSRİ-dən qalmış və artıq heç nəyə yaramayan tanklar, təyyarələr, artilleriya qurğularından ibarət idi. Azərbaycanda isə hərbi sənayemizin istehsalı olan hərbi texnika və müasir silah-sursatlar daha çox diqqəti cəlb edirdi. Aradakı fərq bir daha göstərdi ki, ölkəmiz lazım gələrsə, torpaqlarımızı hərbi yolla da azad etmək imkanlarına malikdir.
Buna baxmayaraq, Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq məsələni sülh yolu ilə həll etməyə üstünlük verir. Biz mübarizəmizi bundan belə 155 dövlətin dəstəyi ilə seçildiyimiz BMT-nin Təhlükəsizlik Şurasında davam etdirəcəyik. Azərbaycan gələn ilin əvvəllərindən etibarən iki il ərzində bu mötəbər qurumda qeyri-daimi üzv kimi fəaliyyət göstərəcək. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin bu mötəbər qurumda təmsil olunmaq imkanı əldə etməsi müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləmişdir. Azərbaycan bu mübarizədə ilk turdan başlayaraq liderlik edirdi və bütün mərhələlərdə böyük fərqlə irəlidə gedirdi. Nəticədə biz beynəlxalq birliyin çox böyük dəstəyini qazandıq. Dövlət başçısı xüsusi vurğulamışdır ki, Azərbaycan yüksək ənənələrinə sadiq qalaraq bu mötəbər qurumda Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı digər qlobal məsələləri də diqqət mərkəzində saxlayacaq, sülhün, təhlükəsizliyin qorunması istiqamətində səylərini əsirgəməyəcəkdir: "Biz çalışırıq ki, qarşıdakı iki ildən maksimum səmərə ilə istifadə edək, maraqlarımızı, o cümlədən bizim üçün ən mürəkkəb və çətin məsələdə - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edək. Əlbəttə, biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq. Bu gün beynəlxalq birliyin bu yeri bizə etibar etməsi faktının özü ona dəlalət edir ki, Azərbaycan dünyada baş verən qlobal proseslərə töhfə verən və daha çox töhfə verə biləcək bir ölkə kimi qəbul edilir".
Azərbaycanın daim xoş məramlı addımlar atmasına, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində konstruktiv mövqedən çıxış etməsinə baxmayaraq Ermənistan həmişə prosesi pozmağa çalışmış, dezinformasiya siyasətinə əl atmışdır. Bunun ən sonuncu nümunəsi Kazan görüşü olmuşdur. Erməni tərəfi iddia etmişdir ki, Azərbaycan həmin görüşdə yenilənmiş Madrid prinsiplərinə yeni düzəlişlər irəli sürmüş və bunun nəticəsində danışıqların heç bir razılaşma əldə olunmadan başa çatmasına səbəb olmuşdur. Amma reallıq budur ki, erməni tərəfi daim əvvəllər razılaşdırılmış məsələləri yenidən gündəmə gətirir və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif olunan sülh planından kənara çıxmağa çalışır. Hələ ki, dünya ictimaiyyəti Ermənistana dözümlülük nümayiş etdirir. Ancaq görünən odur ki, 21 milyard dollar həcmində büdcəyə sahib olan, 40 milyard dollar valyuta ehtiyatına malik Azərbaycanın fonunda büdcəsindən təxminən 2 dəfə çox - 4, 5 milyard dollar xarici borca malik olan Ermənistanın iqtisadiyyatı buna çox da "dözümlü yanaşmayacaq".
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında