Səbail uşaqlarına hədiyyə

Səbail rayonunun 20-ci yaşayış sahəsi neftçilərin sıx yaşadığı və sakinlərinin sayı günbəgün artan yaşayış ərazilərindəndir. Burada orta və məktəbəqədər tədris müəssisələrinin vəziyyətini rayon icra hakimiyyəti daim diqqət mərkəzində saxlayır. Dünən istifadəyə verilmiş uşaq bağçası balaca sakinlərə dövlətimizin layiqli hədiyyəsidir.
Cari ilin yay aylarında ölkə rəhbəri İlham Əliyevin imzaladığı Dövlət Proqramına əsasən, 20-ci sahədə yerləşən və vaxtı ilə dahi Üzeyir Hacıbəyovun müəllim kimi çalışdığı 51 saylı orta məktəb əsaslı təmir olunmuş, 162 saylı məktəbdə isə cari təmir işləri aparılmış və dərs ilinin əvvəlində istifadəyə verilmişdir. Bu iki orta məktəblərə bitişik ərazidə yerləşən 332 saylı körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti və uşaqların sıxlığı nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən burada əsaslı təmir işləri aparılmışdır. Sahəsi 1200 kvadratmetr olan 2 mərtəbəli bağçanın fasadı yenidən qurulmuş, pilləkənlər təzələnmişdir. Həyət və giriş hissəyə tamet plitə döşənmiş, divara aqlay vurulmuş, rəngləmə işləri aparılmışdır.
Əsas və köməkçi otaqlarda, musiqi zalı və mətbəxdə elektrik xətləri dəyişdirilmişdir. Divarlar rənglənmiş, döşəməyə lak çəkilmiş, pəncərələrin kənarına aqlay vurulmuşdur. İstilik xətləri yeniləşdirilmişdir. Bağça RİH tərəfindən lazımi inventar və ləvazimatlarla təchiz olunmuşdur.
Təmirdən sonra obyektin ümumi görünüşü dəyişmiş, yeni tərtibat işləri görülmüşdür. Hazırda bağçada 8 qrupda 155 uşaq tərbiyə alır. Onlara 19 pedaqoji və 20 texniki işçi xidmət göstərir. Təmirdən sonra bağçada uşaqlar üçün hər cür şərait yaradılmışdır.
Təmir işlərinin sona çatması münasibətlə bağçada Səbail rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə açılış mərasimi təşkil olunmuşdur.
Gözəl və bayramsayağı bəzədilmiş oyun zalıda keçirilən tədbiri açıq elan edən bağçanın müdirəsi Lalə Qəmbərova qonaqları salamlamış, bağça kollektivi və valideynlər adından uşaqlar üçün yaradılmış şəraitə görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov uşaqları təbrik etmiş, onlara ölkəmiz üçün layiqli övlad olmağı arzulamışdır. O qeyd etmişdir ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində bu il Səbail rayonunda yeni məktəb tikilmiş, 6 orta və 1 peşə məktəbi, 2 uşaq yaradıcılıq mərkəzi, 2 uşaq bağçası əsaslı təmir olunmuşdur. Hazırda rayonda 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası, 1 məktəb üçün əlavə korpus, 1 məktəb üçün idman və akt zalı olan korpus tikilir. 1 uşaq musiqi məktəbi sökülərək yenidən inşa olunur, 2 məktəb və 1 uşaq bağçası təmir olunur.
Valideynlər körpələr evi-uşaq bağçasında aparılmış təmir və burada yaradılmış şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Uşaqlar şeir, mahnı, rəqs və səhnəciklərlə qonaqlar qarşısında çıxış etmiş, eləcə də Prezident İlham Əliyevin doğum günü - yubileyi münasibəti ilə təbrik və sevgilərini ifadə etmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında