Azərbaycan Mərkəzi Bankı qurduğu uğurlu strategiya ilə iqtisadiyyatımızın ən güclü silahdaşına çevrilmişdir

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 20 il keçir. Ötən 20 il tarix baxımından çox qısa zaman kəsiyidir. Lakin müasir müstəqil Azərbaycanda dövlət quruculuğu, iqtisadi yüksəliş, bank-maliyyə islahatları baxımından görülmüş işlərin miqyasına görə bu 20 il çox böyük mahiyyət və məzmun daşıyır.
Müstəqilliyimizin dövlətçiliyimizə bəxş etdiyi çox mühüm institutlardan biri də Mərkəzi Bankdır. Müstəqil dövlətin pul siyasətini qloballaşan dünyada uğurla həyata keçirən, milli valyutanın məzənnəsi keşiyində ayıq-sayıq dayanan Mərkəzi Bankın fəaliyyəti barədə yazı hazırlamaq fikrinə düşəndə bilirdim ki, bu, bir jurnalist kimi mənim üçün çətin olmayacaq. Eyni zamanda onu da bilirdim ki, bu sahənin uğurlarına, görülmüş işlərə müəyyən qədər bələd olduğum üçün həyata keçirilmiş tədbirləri, qazanılmış uğurları bir məqaləyə sığışdırmaq mümkün deyil. Hər halda risk etdim və ölkəmizin baş xəzinəsinin fəaliyyətinin 4 istiqaməti barədə düşüncələrimi bu yazıda bölüşməyi qərara aldım. Bu istiqamətlərdən ən əsası milli valyutanın yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. Bəli, bu, ölkəmizin müstəqilliyinin əsas atributlarından biri oldu. Tədavülə buraxılan pul nişanlarımızın üzərində milli dəyərlərimizin əksi xalqın bu dəyərlərə sahiblənməsinə işarə idi. Bunu bütün dünya belə də anladı və bu, bir daha təsdiq etdi ki, xalq hər bir mənada öz seçimini etmiş, öz həyatına və taleyinə sahib çıxmışdır. Bu fikir bir qədər pafoslu səslənsə də ölkənin pul nişanları özünü tanıtmaq və təsdiq etmək baxımından həmişə əhəmiyyətli olub, onun üzərində həmişə ən qürurverici məqamlar əks olunub. Artıq 15 ildir ki, manat Azərbaycanda yeganə ödəniş vasitəsidir.
AMB tərəfindən beynəlxalq təcrübə əsasında beynəlxalq maliyyə qurumlarının texniki yardımı və maliyyə köməyindən istifadə edilməklə son on il ərzində Milli Ödəniş Sisteminin yaradılması və inkişafı istiqamətində geniş islahatlar aparılmışdır. 2004-cü ildə əməkhaqlarının plastik kartlarla verilməsinə başlanıldı. Bununla paralel nağdsız hesablaşma vasitəsi olan bankomatların və POS-terminalların da sayı artdı. Son statistik göstəricilərə əsasən, ölkədə artıq 2073 bankomat, 12 min 477 POS-terminal mövcuddur. Plastik kartların sayı isə hazırda 4 milyon civarındadır. Bu isə təqribən əhalinin 50 faizi qədərdir. Mərkəzi Bank bu gün də ölkədə nağdsız hesablaşmaları təşviq edir, bunun populyarlaşması üçün tədbirlər keçirir.
Mərkəzi Bankın ən böyük, deyərdim ki, ən əhəmiyyətli işlərindən biri də 2008-ci ildə dünyanı bürüyən qlobal maliyyə böhranı dövründə Azərbaycan manatının dəyərini sabit saxlamaqla ölkəni təhlükədən qurtarması olmuşdur. Doğrudur, hökumət səviyyəli qərarlar çərçivəsində bəlkə də bu böhrandan çıxış labüd idi, lakin Azərbaycanın Mərkəzi Bankının riskli və kəskin addımları sayəsində insanlar bu böhranı hiss etmədilər. Uçot dərəcələri dəfələrlə aşağı salındı, ölkədə ciddi çətinliklərlə üzləşən banklara maliyyə dəstəyi verildi, hətta inflyasiyanın yaranmasının belə qarşısı alındı. Dünyanın ən böyük və aparıcı banklarının adi sözlə desək, batdığı bir dövrdə Azərbaycanda bir bank belə bağlanmadı. Ən əsası, əhalidə Azərbaycan manatına inam o qədər gücləndi ki, banklarda saxlanılan əmanətlərin valyuta nisbətində Azərbaycan manatı sürətlə ön plana keçdi. Əslində milli valyutanın belə möhkəm təmələ malik və əhalinin həyatında ən etibarlı olması Azərbaycan Mərkəzi Bankının danılmaz və böyük qələbəsidir.
Əhalinin yaşayış səviyyəsinin artması, gənc nəslin iş problemlərinin həlli, sərbəst qərar qəbul edilməsində sıçrayış və ən əsası, Azərbaycandakı maliyyə sabitliyi və dayanıqlılıq ölkədə ipoteka kreditləşməsinin yaranmasında həlledici rolunu oynadı. 2005-ci ildə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi və ipoteka kreditlərinin əsasını təşkil edən girov təminatının bütün hüquqi aspektlərinin tənzimlənməsini, o cümlədən təminat hüquqlarının ipoteka kağızı ilə rəsmiləşdirilməsi qaydalarını müəyyən etdi. Bu gün Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun 26 müvəkkil kredit təşkilatı vardır. Son statistikaya görə, ipoteka borc alanlarının 41 faizi 18-29 yaş arası gənclərdir. 2011-ci ildə fond tərəfindən verilən ipoteka kreditlərinin məbləği 85,88 milyon manata çatmışdır.
Belə islahatlar çoxdur. Məsələn Əmanətlərin Sığortalanması Fondunun yaradılması, denominasiya, kommunal xərclərin ödənilməsində aparılmış islahatlar, beynəlxalq arenada fəaliyyət və s. Bəli, bunlar çoxdur. Azərbaycan Mərkəzi Bankı qurduğu uğurlu strategiya ilə müstəqilliyini 20 il bundan əvvəl bərpa etmiş Azərbaycanın iqtisadiyyatının ən güclü silahdaşıdır.

{nl}

Aygün ƏLİYEVA, AzərTAc-ın müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında