Avropa Birliyi müasir dünyada demokratiyanın, fikir və söz azadlığının, insan hüquqlarının qorunduğu məkan kimi tanınır. Vaxtilə biri-birinə düşmən kəsilən ölkələrin bir araya gələrək yaratdığı bu qurum həqiqətən də böyük uğurlar qazanıb, plüralizmin, humanizm prinsiplərinin bayraqdarına çevrilib. Lakin bəzən quruma üzv olan bəzi aparıcı ölkələr tərəfindən atılan yanlış addımlar, AB-nin nüfuzuna zərbə vurmaqla yanaşı, Qərb demokratiyasına, orada insan hüquq və azadlıqlarının qorunmasına şübhə oyadır. "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin özünü demokratiyanın beşiyi adlandıran, dünyaya nümunə olmağa çalışan Fransanın Milli Assambleyasında qəbul edilməsini də bu qəbildən hesab etmək olar.
Tarixi araşdırmağı tarixçilərə həvalə etmək yerinə, həqiqətləri siyasətçilərin cılız hisslərinə qurban verən bu qərar Fransanın və onun üzvü olduğu Avropa Birliyinin demokratiya tarixində qara ləkə kimi qalacaqdır.
Əslində, erməni lobbisi hələ ötən ilin may ayında belə bir qanun layihəsini Senatdan keçirmək istəyirdi. Amma həmin vaxt buna nail ola bilməmişdilər. Gələn il Fransada prezident seçkiləri keçiriləcək. Qanun layihəsinin keçən il deyil, məhz seçkilərin yaxınlaşdığı bir vaxtda qəbul olunması, Fransa Prezidenti Nikola Sarkozinin Fransada yaşayan 500 minədək ermənin səsini qazanmaq istəyi kimi dəyərləndirilir. Bu ədalətsiz addımın dünyada Azərbaycana ən yaxın olan ölkəyə - Türkiyəyə qarşı atılması isə haqlı olaraq ölkəmizdə ciddi etirazlarla qarşılanmışdır. Demokratiya yolu tutan ölkəmizdə belə hesab olunur ki, bu qərar siyasi məqsədlər daşımaqla yanaşı, söz azadlığına dair beynəlxalq standartların kobud şəkildə pozulmasıdır. Artıq bu barədə Azərbaycan Respublikasının rəsmi mövqeyi də Fransanın və dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Fransanın Milli Assambleyasında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə pisləyir. Azərbaycan öz təəccübünü ifadə edərək, bu addımın Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını, Fransanın götürdüyü insan hüquqları və əsas azadlıqlar kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil etdiyini və qəbuledilməz olduğunu bəyan edir. Azərbaycan Respublikası Fransa Milli Assambleyasının bu cür qanun layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, öz torpaqlarında məcburi köçkünə çevrilməsinə, həmçinin bu insanların hüquqlarının kobud şəkildə pozulmaqda davam etməsinə göz yummasını dərin təəssüflə qarşılayır.
Məlumdur ki, qanun layihəsinin müzakirəsi zamanı Fransa Milli Assambleyasının 577 üzvündən cəmisi 45-i iştirak etmişdir. 38 deputat lehinə, 7-i isə layihənin əleyhinə səs vermişdir. Yəni böyük çoxluq səsvermədə iştirak etməmişdir. Bu, demokratiya baxımından düzgün deyil, 38 deputat 577 deputatın adından qərar qəbul edə bilməz, onların mövqeyini ifadə edə bilməz! Digər tərəfdən səsvermədə cəmi 45 deputatın iştirakı, hətta fransalı siyasətçilərin də bu addıma rəğbətlə yanaşmadıqlarını göstərir. Çünki onlar da anlayırlar ki, qondarma "erməni soyqırımı"na dair iddiaların heç bir əsası yoxdur və bu, sırf siyasi məqsədlər naminə ortaya atılan məsələdir. Həmçinin demokratiyaya, fikir və söz azadlığına zidd olan bu cür qanun layihəsinin qəbul olunması dünyanın 16-cı böyük iqtisadiyyatına, NATO-nun ikinci ən güclü ordusuna malik olan Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb olacaqdır. Önəmli geostrateji məkanda yerləşən, regionda mövqeləri gündən-günə güclənən Türkiyə ilə münasibətlərin pozulması Fransanın milli mənafeyinə ziddir. Bir ovuc erməninin yalanına uymaq, seçici səsi qazanmaq üçün ölkənin milli maraqlarını zərbə altında qoymaq isə heç bir siyasətçiyə, demokrata yaraşan hərəkət deyil.
Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu məqama diqqət çəkərək bildirmişdir ki, qondarma "soyqırımı" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək. "Fransa parlamentində bu məsələnin parlametinin gündəliyinə çıxarılması tarixlə bağlı olan hadisənin siyasiləşdirilməsidir. Bu məsələlərlə bağlı tarixçilər araşdırma aparmalı və müzakirələr keçirməlidirlər və insanların yaddaşında tarixi təzələmə anlamında bu məsələ gündəmə gətirilməlidir. Fransada bu prosesin baş verməsi Fransa - Türkiyə münasibətlərinə heç də yaxşı təsir göstərməyəcək. Eyni zamanda, Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır, Xocalı kimi dəhşətli cinayətlərə görə bu gün Ermənistanı idarə edənlər məsuliyyət daşıyırlar və bu tipli saxta məsələlər onlar tərəfindən qaldırılır. Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək".
Fransa Milli Assambleyasında qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi böyük haqsızlıq və ədalətsizlikdir. İkinci bir tərəfdən, bu, tarixin ciddi şəkildə saxtalaşdırılmasıdır. Saxta, qondarma "soyqırımı" iddiası əsasında Avropa ölkələrindən biri olan Fransa tərəfindən belə bir qərarın qəbul edilməsi bu dövlətin demokratik mahiyyətinə, hüquq və azadlıqlarına hörmət məfkurəsi üzərinə çox böyük bir kölgə salır. Bu, təbii ki, Azərbaycanda da Türkiyəyə qarşı təzyiq kimi qiymətləndirilir. Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov demişdir ki, hər bir Azərbaycan vətəndaşı birincisi haqsızlığa, ikincisi Türkiyəyə qarşı təzyiq göstərmək cəhdinə görə, belə bir qərarın qəbul edilməsinə kəskin şəkildə öz etirazını bildirməlidir: "Bu, təkcə Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərməyəcək, bu, hər bir Azərbaycan vətəndaşının Fransaya olan münasibətinə ciddi şəkildə təsir göstərəcək. Təbii ki, əgər vətəndaşların münasibətində ciddi və neqativ reaksiya olacaqsa, bu reaksiya bütövlükdə yanaşmada ciddi dəyişikliklərə gətirib çıxaracaq. Fransa Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupu sözdə münaqişənin həllinə səy göstərdiyini bəyan edib, amma 20 il ərzində münaqişənin həlli istiqamətində real bir addım atılmayıb və münaqişə bu gün də qalmaqda davam edir. Əgər bu ədalətli tələb bu günə kimi yerinə yetirilməyibsə, deməli, Minsk qurupunun həmsədrləri problemə ədalətli yanaşma yolu tapa bilməyiblər. İndisə Azərbaycanın qardaşı olan Türkiyəyə qarşı Fransa belə bir ədalətsizliyə və haqsızlığa yol verib. Bu da Azərbaycan cəmiyyəti və hər bir azərbaycanlı tərəfindən qətiyyətlə pislənilir. Buna qarşı özümüzün etiraz səsimizi qaldırıb, məsələyə münasibətimizi bildirməliyik".
Azərbaycan ictimaiyyəti də Fransanın Milli Assambleyasının adıçəkilən qərarına kəskin etirazını bildirir. Bu məqsədlə Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Fransa səfirliyi qarşısında aksiya keçirib. Aksiya iştirakçıları "Erməni soyqırımı" imperializm yalanıdır", "Fransa, Qarabağı işğal edən Ermənistana yardımı dayandır", "Saxta "erməni soyqırımını" tanımaqdan əl çək, Fransa", "Fransa, çaşma, səbrimizi daşırma" kimi şüarlar səsləndiriblər. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev çıxış edərək bildirib ki, qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun parlamentin gündəliyinə daxil edilməsi və müzakirə olunması Fransa demokratiyasının əsl üzünü göstərir, çünki ən azı hər bir insanın düşüncə azadlığı var. "Erməni soyqırımı" iddialarının həqiqi olduğunu insanlara məcburi qəbul etdirmək cəhdi Fransa dövlətini dünyada nüfuzdan salmağa yönələn bir addımdır. Xocalıda Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı görməməzliyə vuran Fransa bu qanunun qəbulu ilə ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə durduğunu bir daha sübut edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərir. Belə olan halda Fransa - Türkiyə münasibətlərinin pozulduğu kimi Azərbaycan - Fransa münasibətlərinə də xələl gələcək.
Dünya azərbaycanlıları da həqiqətin, Türkiyənin müdafiəsinə qalxıblar. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Türkiyədəki Azərbaycan diasporu Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini kəskin şəkildə qınayır. İstanbul Türkiyə Azərbaycan Dərnəyinin yaydığı bəyanatda Fransa parlamentinin bu qərarının arxasında Prezident Nikola Sarkozinin yaxınlaşan seçkilərdə ölkədə yaşayan 500 min erməninin səsini qazanmaq istəyinin dayandığı bildirilir. 1915-ci il hadisələrinin siyasətçilərin yox, tarixçilərin müzakirə və araşdırmalı olduqları qeyd olunan bəyanatda vurğulanır ki, "Türkiyə Cümhuriyyəti dəfələrlə, qarşılıqlı olaraq arxivlərin açılması barədə Ermənistana müraciət etsə də, İrəvan bu günə qədər bu təklifə müsbət münasibət bildirməyib". Daha sonra bəyanatda əsl soyqırıma məruz qalanların Azərbaycan türkləri olduğu vurğulanır. Həmçinin, Ermənistanın illərdən bəridir ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd olunur və bildirilir ki, əgər Fransa ədalətli bir mövqe tutmaq istəyirsə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı gündəliyə çıxarmalıdır.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.