Şriftin ölçüsü:
24.12.2011 00:53 | Oxunma sayı: 462
Fransa Milli Assambleyası bu günlərdə qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan çox ədalətsiz və insan haqlarının qorunmasına zidd olan qanun layihəsi qəbul edib. Obyektivlikdən və demokratik prinsiplərdən tamamilə uzaq olan bu qanun layihəsini qəbul etməklə Fransa parlamenti özünü pis vəziyyətdə qoyub. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və ya 45 min avro həcmində cərimə nəzərdə tutur.
Maraqlıdır, görəsən, Fransanın törətdiyi soyqırımına görə bu ölkəni kim cəzalandırmalıdır? Axı, 1945-ci ildə Fransa Əlcəzair xalqının 15 faizini məhv edib. Ruandada dəhşətli soyqırımı törədib. Yəqin ki, Fransanın prezidenti Nikola Sarkozi də öz ölkəsinin törətdiyi bu dəhşətli soyqırımından xəbərsiz deyil. Çünki onun atası Pol Sarkozi 1940-cı illərdə fransız legionunda xidmət edib.
ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biri olan Fransada belə bir qanun layihəsinin qəbul olunması bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında neytral, obyektiv və ədalətli mövqe tutacağını şübhə altında qoyub. Bu gün az qala bütün dünyaya demokratiya dərsi keçən, insan hüquq və azadlıqlarının qorunmasında digər ölkələrə yol göstərən bir dövlətin parlamentində belə bir qanun layihəsinin qəbul olunması anormallıqdır. Bu sənədi nəinki qəbul etmək, hətta müzakirəyə çıxarmaq Fransanın özünə qarşı atılmış bir addımdır. Çünki qondarma "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə ciddi zərbə vuracaq.
Fransa parlamentinin belə bir ədalətsiz qanun layihəsi qəbul etməsi Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun deyil. Hər bir ölkə Avropa Şurasına üzvlüyə qəbul edilərkən bu qurum qarşısında müəyyən öhdəliklər götürür və bu öhdəlikləri yerinə yetirməyə məcburdur. Avropa Şurasının əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması olduğundan quruma üzv olan ölkələr bu prinsipə ciddi əməl etməli, götürdüyü öhdəliklərin yerinə yetirilməsində bu amilə xüsusi önəm verməlidir. Fransa parlamentinin qəbul etdiyi qanun layihəsi isə bu ölkənin Avropa Şurası qarşısında götürdüyü insan hüquqları və əsas azadlıqları kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil edir.
ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanda milyonlarla dinc əhalinin Ermənistan tərəfindən pozulmuş hüquqlarına biganə yanaşan, bu ədalətsizliyə qarşı qətiyyətli addımlar atmayan, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, öz ata-baba torpaqlarından məcburi didərgin salınmasına hələ də göz yuman Fransanın qondarma "erməni soyqırımı" iddiasında olması dərin təəssüf hissləri doğurur. Bəs nədən Fransa dövləti və parlamenti azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasının hələ də davam etməsinə laqeyd yanaşır? Bu gün "zavallı ermənilərin pozulmuş hüquqlarının" müdafiəsinə qalxan Ermənistan silahlı qüvvələri tərəfindən azyaşlı uşaqların faciəli şəkildə qətlə yetirilmələrini bir dəfə də olsun etirazını bildirməyən, bu faciəyə, Ermənistanın uşaq qatilinə çevrilməsinə münasibət açıqlamayan Fransanın insan hüquq və azadlıqlarının qorunmasından danışmağa mənəvi haqqı varmı? Əgər bu ölkə yüz il əvvəl baş verən məsələlərlə məşğul olursa, o zaman ötən əsrin sonunda Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və Ermənistanın terror təşkilatları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların taleyi barədə niyə məsələ qaldırmır?
Türkiyənin Avropa Birliyinə qəbulunun qarşısını almaqda acizliyini bu yolla nümayiş etdirən Fransa görünür ayrı bir yol tapmadı. Ona görə də saxta "erməni soyqırımı" kartından istifadə etdi.
Biz ötən illərdə də belə hadisələrin şahidi olmuşuq. Türkiyənin diz çökdürülməsi üçün bəzi qərarların qəbuluna müxtəlif yollarla razılıq alınmasında Ermənistan həmişə bir sıra dövlətlər üçün alətə çevrilib və belə anlarda saxta "erməni soyqırımı"nın tanınması iddiası irəli sürülüb. Hətta dünyanın bəzi super dövlətləri də Türkiyəyə qarşı belə bir oyundan istifadə edib öz çirkin məqsədlərinə nail olmaq istəyirdilər. Lakin Türkiyə sınmadı, əyilmədi və nəticədə qondarma "erməni soyqırımı" kartından istifadə edənlər geri çəkildilər. Ötən illərdə olduğu kimi bu dəfə də hər bir Azərbaycan vətəndaşı bu haqsızlığa, qardaş Türkiyəyə qarşı təzyiq göstərmək məqsədilə belə bir qanun layihəsinin qəbul edilməsinə kəskin etirazını bildirir.
Qeyd etdiyimiz kimi, Fransa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar yaranmış Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupu daim sözdə münaqişənin həllinə səy göstərib, lakin 20 ilə yaxındır ki, problemin aradan qaldırılması istiqamətində real addım atmayıb. Münaqişə bu gün də davam edir. Minsk qrupunun həmsədrləri problemə ədalətli yanaşma yolunu hələ də tapa bilməyiblər və hadisələrin gedişi təsdiqləyir ki, onların belə bir fikirləri də yoxdur. Həmsədr dövlətlərdən biri olan Fransanın belə bir ədalətsiz mövqe nümayiş etdirməsi Azərbaycanın bu ölkəyə olan inamını heçə endirdi.
Fransa parlamenti qondarma "erməni soyqırımı"nın mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul etməklə insan hüquqlarının beşiyi hesab edilən Avropaya utanc gətirdi. Eyni zamanda, türk dünyasına qarşı qərəzli olduğunu nümayiş etdirdi. Milli Assambleya tərəfindən belə bir qanun layihəsinin qəbul edilməsi Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn norma və prinsiplərinə söykənəcəyinə şübhə yaradır. Fransa parlamenti uydurma erməni soyqırımına dair qanun qəbul etmək əvəzinə Fransanın Əlcəzair və Ruandada törətdiyi əməllərə siyasi qiymət verməli, beynəlxalq ictimaiyyətdən üzr istəməli idi.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.