2011-ci il sürətlə inkişaf edən Azərbaycanın xarici siyasətində uğurlar ili kimi yadda qalacaq

Artıq 2011-ci ilin son günlərini yaşayırıq. Bu il də ölkəmiz üçün bir sıra mühüm nailiyyətlərlə yadda qaldı. Azərbaycan sürətli iqtisadi inkişafını davam etdirdi, ölkəmizin dünyadakı nüfuzu daha da artdı, paytaxtımız Bakı şəhəri böyük əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildi. Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma qeyri-daimi üzv seçilməsi dünyada böyük əks-səda doğurdu. Bir sıra Qərb ekspertlərinin də qeyd etdiyi kimi, BMT-nin var olduğu 66 il ərzində, hətta bu qurumun yaradılmasında iştirak edən bəzi nüfuzlu Avropa ölkələri bu mötəbər qurumda təmsil olunmaq imkanı əldə edə bilməmişdir. Milli Məclisin deputatı, tanınmış siyasətşünas Rasim Musabəyovla söhbətimiz də bu və digər məsələlərlə bağlı oldu. O dedi:
- Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, bir çox aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğunu bu il daha inamla bəyan etdilər. Reallıq budur ki, hazırda Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Ölkəmiz sülh, sabitlik, əməkdaşlıq məkanı kimi artıq diqqətləri üzərinə çəkib. 2011-ci il isə, əslində müəyyən mənada 2009, 2010-cu illərin davamı olaraq Azərbaycanın regionda və beynəlxalq siyəsət arenasında çəkisinin artması ilə müşahidə olundu. Bunun açıq təzahürü kimi ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini göstərmək olar. Ümumiyyətlə, belə hesab edirəm ki, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi 20 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurlardandır.
Burada təkcə nəticə deyil, BMT Baş Assambleyasında gedən mübarizənin özü də bizim üçün çox müsbət məqamlarla yadda qaldı. Səsvermənin gedişində biz 116 səs topladığımız halda, sona qalan digər namizəd - Sloveniya isə cəmi 77 səs ala bildi. Təşkilata üzv olan 193 ölkədən 155-nin bizə səs verməsi, Azərbaycanın uğurlu daxili və xarici siyasətinin və diplomatik fəallığının nəticəsidir. Nəzərə almaq lazımdır ki, MDB-nin 15 respublikası arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiyadan və təşkilatın yaranmasında iştirak edən Ukraynadan başqa heç bir dövlət indiyədək qurumun üzvü olmayıb. Azərbaycanın dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən, idarə edən bir quruma seçilməsi, ölkəmizin beynəlxalq siyasətdə artan nüfuzunun təzahürüdür.
Gələn ildən başlayaraq 2 il ərzində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü funksiyasını yerinə yetirəcək. Xatırladaq ki, vaxtilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 813, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. Lakin Təhlükəsizlik Şurasının daimi üzvləri olan böyük dövlətlər Ermənistanın təcavüzkar ölkə kimi tanınmasına razılıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılmasına deyil, münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Ümüdvaram ki, Təhlükəsizlik Şurasına üzvlüyü dövründə Azərbaycan bu məsələləri gündəmə gətirmək imkanına malik olacaqdır. Bəlkə də birbaşa bu addımı ata bilməsə də, dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən 15 dövlətin arasında olması, ona problemini digərlərinə çatdırmaq, vəziyyəti izah etmək kimi müəyyən imkanlar verəcək. Təcrübədən məlumdur ki, bəzi böyük dövlətlər müəyyən qərarların qəbul olunmasında və ya hansısa digər məsələlərdə qeyri-daimi üzvlərə müraciət edirlər. Bunun müqabilində, şübhəsiz ki, Azərbaycan da öz istək və arzuları ilə bağlı həmin dövlətlərlə müzakirələr aparacaqdır. Yəni təşkilata üzv olmaqla və gələcəkdə düzgün mövqedən çıxış etməklə bizim dünyadakı nüfuzumuz daha da artacaqdır.
Azərbaycana beynəlxalq diqqətin artması, nüfuzlu ölkələrin prezidentlərinin və digər aparıcı şəxslərinin ölkəmizə səfərlərinin sıxlaşmasında da özünü göstərir. Bu il, demək olar, elə bir ay olmadı ki, Azərbaycana ya hansısa nüfuzlu dövlətin prezidenti, baş naziri və ya xarici işlər naziri, eyni zamanda hansısa nüfuzlu beynəlxalq təşkilatın aparıcı nümayəndələri gəlməsin. Müqayisə üçün qonşu ölkələrə nəzər yetirsək görürük ki, nə əyalət halına düşən Ermənistanda, nə də Qərbə yaxın hesab olunan Gürcüstanda bu qədər fəal diplomatik intensivlik yoxdur. Azərbaycan həm beynəlxalq tədbirlərin məkanına, həm də Cənubi Qafqazın ən çox yüksəksəviyyəli xarici qonaq qəbul edən ölkəsinə çevrilib.
Bununla yanaşı biz təhlükələrdən də danışmalıyıq. Ermənistanın iqtisadi böhran məngənəsində boğulmasına baxmayaraq, öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Danışıqlar prosesində qeyri-konstruktiv mövqedən çıxış etməklə Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədir. 2 il bundan əvvəl Afinada ATƏT-in xarici işlər nazirlərinin toplantısında Madrid prinsiplərinin yenilənmiş variantı təklif olunmuşdu. Ancaq erməni tərəfi prosesi bilərəkdən uzadaraq, nəticədə Kazan görüşündə də irəliləyişlərin olmasına imkan vermədilər.
Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində beynəlxalq aləmdə müsbət meyillər də müşahidə olunmaqdadır. Məsələn, İtaliya senatında problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı qətnamənin qəbul olunması, eyni qərarın Meksika senatında da qəbul edilməsi, Avropa Parlamentində aparılan müzakirələrdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli barədə qəti fikirlərin səsləndirilməsi Ermənistanın işğalçılıq siyasətinə qarşı dünyada yüksələn etiraz səsləri kimi qəbul oluna bilər.
Gələn il Ermənistanda parlament və prezident seçkiləri keçiriləcək. Belə bir məqamda onsuzda Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqedə dayanan erməni hakimiyyətinin hər hansı müsbət addım atacağını gözləmirəm. Bundan başqa, gələn il ATƏT-in Minsk qrupu ölkələrində - Rusiyada, Fransada, ABŞ-da da prezident seçkiləri olacaq. Bu isə o deməkdir ki, 2012-ci ildə həmin ölkələrdə daha çox daxili siyasətə diqqət yönəldiləcəkdir. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsi nisbətən diqqətdən kənarda qala bilər. Ancaq mən inanıram ki, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəcək Azərbaycanın çevik diplomatiyası bu mənfi məqamların aradan qaldırılması üçün əlindən gələni edəcəkdir. Xarici İşlər Nazirliyimizdə bu məsələyə xüsusi diqqət yetirilməsi, Təhlükəsizlik Şurasında fəaliyyət göstərəcək diplomatik missiyamızın gücləndirilməsi üçün ciddi işlərin aparılması Dağlıq Qarabağ münaqişəsinin diqqət mərkəzində saxlanılmasına öz töhfəsini verəcəkdir.
Müharibə vəziyyətində yaşamağımıza, torpaqlarımızın işğal altında olmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkəmizin iqtisadiyyatı ötən 8 il ərzində 3, dövlət büdcəsi isə 20 dəfəyədək artaraq, 2012-ci il üçün 21 milyard dollara çatmışdır. Bütün bunlara paralel olaraq, Azərbaycanın hərbi potensialının güclənməsi, son 8 ildə hərbi sahəyə ayrılan vəsaitin həcminin 25 dəfəyədək artması və büdcədən hərbi sahəyə ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsini 1,5 dəfə geridə qoyması aradakı fərqi göstərən əsaslı faktlardandır. Təcavüzkar ölkədəki inkişafdan söhbət belə gedə bilməz. Ermənistanda iqtisadi böhran hələ 2008-ci ildən başlanmışdır. Həmin il Ermənistanda da etiraf etdilər ki, iqtisadiyyat 15-20 faiz geriləyib. 2008-ci ildən bugünədək ermənilər hələ də bu geriləmənin qarşısını ala bilməyiblər. Həmin illərdə Azərbaycanda isə, hətta 25-30 faiz artım qeydə alınmışdır. Qlobal maliyyə böhranından sonra inkişaf tempimiz əvvəlki illərə nisbətən azalsa da, yenə də davam edir. Ölkəmizdə enerji sektoru ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf edir. Nəticədə bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 6-7 dəfə böyükdür. Ermənistanın xarici borcu 4, 5 milyard dolları keçib. Bu isə ölkənin büdcəsindən az qala 2 dəfə çoxdur.
Digər tərəfdən, Rusiya forpostu olan Ermənistanın və ümumiyyətlə erməni lobbisinin, necə deyərlər yalvarışlarına baxmayaraq, həm "S300"-ün, həm də hərbi vertalyotların Azərbaycana satışına qərar verdi. Bu da mühüm bir hadisədir. Çünki bu ilədək qonşu ölkə həmin məsələdə tərəddüdlə hərəkət edirdi. Lakin proseslərin gedişi göstərdi ki, bu yolla Azərbaycanın hərbi qüdrətinin artmasının qarşısını almaq mümkün deyil. Rusiya ölkəmizə tələb olunan silah və texnikaları satmamaqla, əslində, bazar itirmiş olurdu. Moskva doğru qərar verməklə, inkişaf edən münasibətlərimizin daha da yüksəlişinə rəvac verdi. Rusiya ilə siyasi, diplomatik, hərbi, mədəni əlaqələrlə yanaşı iqtisadi əlaqələr də yüksək səviyyəyə çatıb.
Bu ilin digər diqqət çəkən hadisələrindən biri də Türkiyə ilə qaz nəqli ilə bağlı mühüm sazişlərin imzalanmasıdır. Dünyada Türkiyədən Azərbaycana, Azərbaycandan da Türkiyəyə yaxın heç bir dövlət yoxdur. Bu da təbiidir ki, hər bir dövlət mənfəətini artırmaq üçün iqtisadi mənafeyinə uyğun siyasət müəyyənləşdirir. İki qardaş ölkə də iqtisadi faydalılığı ön planda tutaraq danışıqlar aparırdı. Bəzi kənar qüvvələr bundan istifadə edərək, iki dövlət arasında münasibətlərin soyuması barədə yanlış fikirlər yayırdılar. Azərbaycan və Türkiyə qarşılıqlı olaraq kompramisə gedərək mühüm qərarlara imza atmaqla, bunun əhəmiyyətsiz olduğunu göstərdilər. Sazişin imzalanması nəticəsində Azərbaycanın təbii qazının avropa bazarlarına çıxarılması üçün Trans-Anadolu qaz xəttinin çəkilməsi reallaşacaq. Bu, çox vacib bir strateji qərar idi və bunun Avropa, Türkiyə və Azərbaycan üçün həm iqtisadi, həm də siyasi əhəmiyyəti çox böyükdür.
İran ilə münasibətlər də bu il diqqət mərkəzində oldu. Məlumdur ki, son vaxtlar cənub qonşumuza qarşı xarici təzyiqlər artmaqdadır. Azərbaycan tarazlı xarici siyasət aparan bir ölkə kimi bütün qonşu dövlətlərlə bərabərsəviyyəli əlaqələri davam etdirir. Düzdür, İran Prezidenti Mahmud Əhmədinejatın İrəvana lüzumsuz səfəri ictimaiyyətimiz tərəfindən mənfi qarşılanıb. Ancaq ötən günlərdə informasiya sahəsində müəyyən məsələləri müzakirə etmək üçün Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Tehrana səfəri, bununla yanaşı Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin Naxçıvanda birgə görüş keçirmələri barədə razılığın əldə olunması iki ölkə münasibətlərinin gələcəyi baxımından əhəmiyyətlidir.

{nl}

Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında