Azərbaycan 2003-2011: Dövlətçiliyin möhkəmləndirilməsi kimi

{nl}

Azərbaycanın dövlətçilik tarixində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq ilk dəfə baş verir və bu əbədi proses olacaqdır. Bu gün Azərbaycan müstəqil dövlət kimi inamla gələcəyə doğru gedir və Heydər Əliyev tərəfindən möhkəm təməlləri qoyulan müasir Azərbaycan dövlətinin əbədiyyətə qədər öz müstəqilliyini bir daha əldən verməyəcəyi şübhə doğurmur. Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilər. XX əsrin 90-cı illərinin sonunda da, XXI əsrin əvvəllərində də Azərbaycan xalqı qazandığı uğurlara belə lider şəxsiyyətləri ilə nail olub.
Dünya təcrübəsi sübut edir ki, müstəqilliyinin ilk 20 ilində heç bir dövlət belə uğurlara imza atmamışdır. Bunu əyani görmək üçün rəqəmlərə müraciət etmək lazım gəlir. Qərbin və Şərqin, ənənəvi və modernləşmiş sivilizasiyaların qovşağında yerləşən ölkəmiz qlobal cəmiyyətə inteqrasiya və milli-mədəni özünəməxsusluq yolunu seçmişdir. Azərbaycan dinamik, müstəqil siyasət yeridərək, yeni dünya nizamının yaranmasında fəal iştirak edir, qlobal dünyanın tərkib hissəsinə çevrilir. İnkişafın yeni mərhələsi Azərbaycanda nəinki görünməmiş iqtisadi yüksəliş və dinamik inkişaf illəri olub, həmçinin bu reallıq qlobal miqyasda etiraf edilib.
Müasir tariximizin 2003-2011-ci illərinin göstəriciləri Azərbaycanda gələcəkdə də uğurlu yüksəlişin müqayisə ediləcəyi zirvə olacaqdır.
İngilis mütəfəkkiri T.Hobbs yazırdı ki, əgər məkanda olduğu kimi, zamanda da zirvələri və düzənlikləri aşkar müəyyən etmək olsa idi XVII əsrin sonu İngiltərədə zamanın ən yüksək zirvə çağı kimi xüsusi seçilərdi. Bu məntiqi tətbiq etsək, 2003-2011-ci illərdə Azərbaycan öz dövlətçilik tarixinin qalibiyyətli çağını yaşayır. Söhbət ondan gedir ki, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2003-cü ildən 2010-cu ilə kimi 7 dəfə artmışdır. Müqayisə edilsə, məsələn, Macarıstanda suveren inkişafın ilk 20 ilində bu rəqəm 5 dəfə, Polşada 4 dəfə, Cənubi Koreyada 3 dəfə, Malayziyada 2 dəfə, Sinqapurda isə 4 dəfə olmuşdur. Xüsusən də 2008-ci ildən əksər dünya dövlətlərini iflic edən maliyyə-iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərə bilməməsi nüfuzlu beynəlxalq maliyyə qurumlarında ölkəmizin milli inkişaf modelinin formalaşması ilə bağlı müzakirələrə təkan verib. Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda demişdir: "Tarixdə ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, çox böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 ildə bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın".
Yaxud başqa rəqəmlər: BMT İnkişaf Proqramının (İP) Bakıda keçirilən "Millətlərin həqiqi resursları: insan inkişafına aparan yol" adlı 20-ci yubiley hesabatına görə, Azərbaycan son beş ildə dünyanın 169 ölkəsi arasında insan potensialının inkişafında böyük uğurlar qazanıb. 2005-ci ildə insan potensialının inkişafı göstəricisinə görə 101-ci olan Azərbaycan, 2010-cu ilin yekunlarına görə, 67-ci yeri tutub. Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, Braziliya, Türkiyə və Malayziya kimi "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub. Respublikamızda bərqərar olan sabitlik və beynəlxalq aləmdə ölkəmizin artan nüfuzu bir çoxlarını narahat edir. Hər cür vasitələrlə sabitliyi pozmağa, ölkəmizin daxili işlərinə qarışmağa cəhdlər edilir. Lakin müstəqilliyin qorunmasının çətin olduğunu dönə-dönə deyən ulu öndərin vəsiyyətini xalqımız məhz onun qorunması ilə yerinə yetirir. Dövlət başçısı İlham Əliyevin dedikləri buna əminlik yaradır: "Bizdən əvvəl nəsillər müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqilliyi görmək bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz onun möhkəmləndirilməsi üçün çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Bir daha demək istəyirəm ki, bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü göstərəcəkdir. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz bu barədə düşünürük və görülən bütün işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda, gələcəyə yönəldilibdir. Biz müstəqil, azad xalqıq, öz siyasətimizi özümüz aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz". Müstəqil, qüdrətli dövlətin formalaşması onun iqtisadi firavanlığının təmin edilməsi ilə bilavasitə əlaqədardır. Müstəqillik illərində reallaşdırılan, bu gün dönmədən davam etdirilən iqtisadiyyatın modernləşdirilməsi xətti ölkəmizin qlobal - beynəlxalq əmək bölgüsündə öz yerini tutması üçün böyük perspektivlər açır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentimizin ətrafında daha sıx birləşir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır.
Müstəqillik illərində yeni iqtisadi sistemin transformasiyasının başlıca nəticələrindən danışarkən, ilk növbədə, ardıcıl və mərhələli proses gedişində davamlı sosial-iqtisadi inkişafın Azərbaycan modelinin formalaşması qeyd edilməlidir. Mərhələlərə gəldikdə isə: 1. köhnə iqtisadi sistemin dağılması və yeni əsasların qurulmasını tələb edən keçid dövrünü: 2. iqtisadi strategiyanın reallaşmasını təmin edən nəhəng milli layihələrin irəli sürülməsi və gerçəkləşməsini; 3. keçid dövrünün sona çataraq iqtisadiyyatın və resursların şaxələnməsi əsasında keyfiyyət baxımından dinamik inkişaf edən yeni mərhələyə qədəm qoymasını qeyd etməliyik. Keçid dövrünün sona çatması, iqtisadiyyatda struktur islahatların yekunlaşması- mülkiyyətin özəlləşməsi, bazar iqtisadiyyatının işlək sistemə çevrilməsi, nəhəng infrastruktur layihələrin reallaşması və qeyri-neft sektorunun inkişafını nəzərdə tutan innovasiyalı quruculuğa keçid alınmasıdır.
Azərbaycan dövləti öz məqsədəuyğun siyasəti ilə nəinki dünya iqtisadi böhranından ən az zərər çəkmiş ölkə imicini qazanmış, həmçinin artım templərinin təmin edilməsinə də nail olmuşdur. Bu o deməkdir ki, dünya böhranı şəraitində bütün dövlətlər bu göstəriciyə nail olsa idi, sayı milyardlarla ölçülən işsizlər ordusunun, müflisləşmənin, yoxsulluğun böhranla əlaqədar artan səviyyəsi dəfələrlə aşağı ola bilərdi.
İlham Əliyev 2003-cü ildə siyasətə dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi yönündə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün milli maraqlardan çıxış edən praqmatik siyasətçi kimi qədəm qoydu. Azərbaycanın bölgədə və dünyada ciddi iqtisadi aktor olduğunu təsdiq etmək bu siyasətin ön müddəalarından idi. Respublika neftdən gələn gəlirləri qeyri-neft sektoruna, iri miqyaslı sosial layihələrə yönəltməklə iqtisadiyyatın neftdən asılılığını minimuma endirməyi əsas hesab edir. Azərbaycanın özünəməxsus inkişaf modelini həyata keçirməsi, 2009-cu ildə dünyanı sarsıdan və bu gün də davam edən qlobal maliyyə-iqtisadi böhranından ən az itkilərlə çıxması məhz Prezident İlham Əliyevin irəli sürdüyü iqtisadiyyatın və resursların şaxələnməsi siyasətinin nəticəsidir. Neftin qiymətinin dünyada hətta 4-5 dəfə aşağı düşdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artım nümayiş etdirmişdir. Dünyanın diqqətini cəlb edən bu mühüm təcrübə Azərbaycan Prezidentinin dəvət edildiyi Davos forumunda iqtisadi inkişaf modelimiz haqda məruzələrinin məzmununda əksini tapmışdır.
Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerdədir və ölkə dünya bazarının mühüm üzvlərindən birinə çevrilməkdədir... Azərbaycanın dünyada ən islahatçı və iqtisadi baxımdan inkişaf edən ölkə olması nüfuzlu beynəlxalq qurumlar tərəfindən təsdiqlənir. İqtisadiyyatımız ötən il təxminən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15 milyard dollar xarici sərmayə qoyulmuşdur, valyuta ehtiyatları 20 milyard dollardan 29 milyard dollara qalxmışdır.
Azərbaycanda müşahidə olunan ardıcıl iqtisadi artım ölkə vətəndaşlarının həyat səviyyəsini artırmağa imkan verən əsas vasitələrdən biridir. Dövlət ilk növbədə insanın inkişafı amilinə xidmət edir. Azərbaycan dövlətinin xalqın rifahını yüksəltmək siyasətinə nə qlobal maliyyə böhranının, nə də neft qiymətlərinin tərəddüdlərinin təsir edə bilməməsi reallıqdır. Bu ilk öncə öz vətəndaşının rifahını düşünən siyasət olub, hər hansı bir reytinqdə əks olunmaq məqsədini daşımır. Reytinqlərdən söz düşmüşkən, BMT-nin tətbiq etdiyi İnsan İnkişafı İndeksi (İİK) (Human Development Index, HDI) dövlətlərin obyektiv irəliləyişini müqayisəli görmək üçün əsas verir. Ölkə iqtisadiyyatının möhkəmlənməsi bir tərəfdən işsizlik problemini həll etməyə kömək edir, digər tərəfdən yoxsulluq səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Ölkədə yoxsulluq səviyyəsi 2005-ci ildəki 29,3 faizdən 2009-cu ildə 11 faizə qədər enmişdir. Yüksək iqtisadi inkişaf tempinə uyğun olaraq yeni işçi qüvvəsinə tələbat yaranıb. Son illərdə 900 min yeni iş yeri açılıb, onlardan 600 mini daimi iş yerləridir. Ölkədə qəbul olunan biznes mühitinin mövcudluğu bazar iqtisadiyyatının əsasını təşkil edən orta sinfin formalaşmasını təmin edir. Bu, dövlətin sahibkarlıq fəaliyyətini dəstəkləməsinə əsaslanır.
ÜDM-in inkişaf tempi böhran dövrünə qədər 30 faiz civarında dəyişmişdir. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. Dünya böhranının dərinləşməsinə baxmayaraq, iqtisadi siyasət ölkəni böhranın mənfi təsirindən qoruyub. 2008-ci ildə ölkədə ÜDM 10,8 faiz artaraq 40 milyard dollar təşkil etmiş, 2009-cu ildə ÜDM-in inkişaf tempi 9,3 faiz, 2010-cu ilin birinci yarısında inflyasiya 2009-cu ilin analoji dövrü ilə müqayisədə 4,9 faiz təşkil edib, əhalinin maddi gəlirləri 11 faiz artıb. Bu, iqtisadi fəaliyyətin canlanması, ölkədə maliyyə vəsaitlərinin artmasını, konkret nəticələrə əsaslanan sosial siyasətin aparılmasını, beynəlxalq sosial standartlar sisteminin tətbiq edilməsini göstərir.
Müstəqillik illərində Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı respublikada baş verən demokratikləşmə proseslərinin əsas göstəricilərindən birinə çevrilmişdir. Əsas nailiyyətlərdən biri də QHT-dövlət-cəmiyyət münasibətlərinin yeni modelinin, vətəndaşların təşəbbüskarlığı üçün dialoq məkanının formalaşması olub. QHT-lərin yaradılması və fəaliyyət qaydalarını birbaşa tənzimləyən qanunvericilik aktı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanundur. Onlar vətəndaş cəmiyyəti quruculuğuna, demokratik və hüquqi dövlətin formalaşmasına, Azərbaycanın dünya birliyinə inteqrasiyasına, insan hüquqlarının qorunması, sosial və iqtisadi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, qaçqınların problemlərinin həll olunması və digər sahələrdə fəaliyyət göstərirlər.
Dövlətin vətəndaş cəmiyyətinin inkişafına himayəsi xüsusilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" 2007-ci il 27 iyul tarixli sərəncamda əksini tapdı. Konsepsiya dövlət-QHT münasibətlərinin yeni siyasi və hüquqi formatı üçün zəmin yaratdı. Növbəti addım Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT-lərin inkişafında prinsipial olaraq yeni keyfiyyət mərhələsinin əsasını qoydu. Bu mərhələ QHT- dövlət əməkdaşlığının daha da möhkəmlənməsi, tərəfdaşlıq münasibətlərinə keçidin siyasi-hüquqi və iqtisadi əsaslarının formalaşması, QHT-lərə dövlət dəstəyinin optimal mexanizmlərinin müəyyən edilməsi kimi xarakterizə oluna bilər.
Xalqımızın öz siyasi liderinə etimadı, yalnız iqtisadi deyil, həm də siyasi sabitliyə yönümlü fəaliyyətinə sözdə deyil, işdə, ölkədə yaşanılan proseslər gedişində sınaqdan çıxmış liderlik keyfiyyətlərinə əminliyi sarsılmazdır. Dünya böhranı şəraitində yeganə düzgün antiböhran tədbirləri həyata keçirən, inkişafı müşayiət edən çoxsaylı risklərin təsirini minimuma endirməyə qadir olan Azərbaycan kimi ölkələrin təcrübəsi bu gün ən ciddi tədqiqatların mövzusudur. XXI əsrin yeni beynəlxalq siyasi sisteminin formalaşması, dünya birliyinin üzvü olan hər bir dövlətin təşəbbüslərindən çox asılıdır. Qlobal inkişaf modeli, lokal milli dövlətlərin uğurunu təmin edən, xüsusilə də model böhranını yaşandığı indiki dövrdə yüksəlişi təmin edə bilən dövlətlərin təcrübəsini nəzərə aldıqda daha dayanıqlı, mümkün böhran və risklərə qarşı daha etibarlı ola bilər.
"Bu illər ərzində ölkəmizi möhkəmləndirə, müasir Azərbaycanı yarada bildik. Azərbaycanda dünyəviliyi möhkəmləndirdik və müstəqilliyi qoruyub saxladıq. Gələcəkdə biz bu uğurlu inkişafı davam etdirəcəyik, Azərbaycan regional və beynəlxalq proseslərdə daha fəal rol oynayacaqdır." (İLHAM ƏLİYEV)
2003-cü ildən etibarən müstəqil Azərbaycanın tarixində yeni dövr başlamışdır və bu dövr yeni siyasi liderin- Prezident İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyev 2003-cü ildə siyasətə dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi yönündə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün milli maraqlardan çıxış edən praqmatik siyasətçi kimi qədəm qoydu. Azərbaycanın bölgədə və dünyada ciddi iqtisadi aktor olduğunu təsdiq etmək bu siyasətin ön müddəalarından idi.
Lakin bütün cəhdlərə baxmayaraq, 2003-cü ilin prezident seçkiləri ən müasir tariximizin dönüş nöqtəsi oldu. Xalqın seçimi ilə hakimiyyətə gələn dövlət başçısı Azərbaycanı istəməyən qüvvələrə birmənalı, sərt bəyanat verdi: "Azərbaycanda dövlət və vətəndaşın milli konsolidasiyası hər cür cəhdləri puça çıxarır, çevriliş və inqilab üçün heç bir əsas yoxdur. "
Bütövlükdə, ötən on ilin yekunları Prezidentin son respublika və beynəlxalq miqyasda etirafını tapan statistik göstəricilərdə bariz əks olunmuşdur. Bu illər dünya birliyi tərəfindən qəbul edilən yeni, suveren inkişaf modelinin dünyada tanınması dövrü, Azərbaycan torpağının liderlər yetişdirmək potensialının davamlı ənənəyə çevrilməsinin sübutu olmuşdur.
Son illərdə Azərbaycanda əldə edilən təcrübə inandırıcı şəkildə sübut edir ki, müasir dünyada inkişaf etmək çox çətindir. Böhranlar, inqilablar, milli dövlətlərin öz inkişaf yolunu seçə bilməmələri, başqa təcrübəni mexaniki təqlid etməsi və iflasa uğramaları beynəlxalq sabitliyə təhdid kimi çıxış edir. Demokratik dövlət quruculuğunun məlum modellərindən istifadə edilməsi təqlid şəklinə keçməmişdir. Çünki bu illər ərzində bütün sahələrdə həyata keçirilən strateji məsələlər məhz Azərbaycan reallığına uyğun bir modelin formalaşmasını həqiqətə çevirmişdir. Hər hansı bir başqa ölkənin təcrübəsini transfer etməklə bu uğurları qazanmaq mümkün olmazdı. Bu da Azərbaycanda dövlət quruculuğu fəlsəfəsinin Heydər Əliyev tərəfindən əsası qoyulmuş təməl prinsiplər üzərində inkişaf etdirilməsi və son illərdə bu sahədə əldə olunmuş praktiki nailiyyətlərin nəzəri cəhətdən ümumiləşdirilməsi milli demokratik dövlət modelinin işlənib hazırlanmasına imkan vermişdir.
"Biz öz gücümüzə arxalanırıq və öz gücümüzdən səmərəli istifadə edirik. Bütün bu işlər Azərbaycan xalqının dəstəyi sayəsində görülür. Yəni bizim bütün uğurlarımız Azərbaycan xalqının uğurlarıdır. Əgər xalq bizim təşəbbüslərimizi dəstəkləməsəydi, onların heç biri yerinə yetirilə bilməzdi. Bir sözlə, mən gələcək illərə böyük nikbinlik hissi ilə baxıram və bilirəm ki, Azərbaycanın çox parlaq, bundan da gözəl gələcəyi olacaqdır. Bizim nəzərdə tutduğumuz işlərin bir hissəsi icra olunub, bir hissəsi icra edilir, amma böyük hissəsi gələcəkdədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır. Qarşıya qoyulan hər bir milli layihənin qısa müddətdə gerçəkliyə çevrilməsi buna əminlik yaradır..." Dövlət başçısı dəfələrlə vurğulayır ki, bundan sonra da Azərbaycanın ardıcıl yüksəlişi yalnız o halda uğurlu ola biləcək ki, möhkəm milli-mənəvi təməl və dəyərlər üzərində dayansın.
Akademik Ramiz Mehdiyev yazır: "Prezident İlham Əliyevin siyasi fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx ünsiyyət saxlasınlar, problemləri açıq müzakirə etsinlər, öz fikirlərini sərbəst bildirsinlər. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair bu cür sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır, çünki Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar. Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir".
Dövlət başçısı İlham Əliyev tərəfindən milli ideyanın gerçəkləşməsinin yeni üsul və vasitələrini, yeni məzmunu irəli sürülmüşdür: inkişaf etmiş ölkələr səviyyəsinə çatmaq, insan kapitalını inkişaf etdirmək, güclü dövlət, yüksək rifahı təmin etmək. Müasir dünyada dövlətin rəqabətə dayanıqlı, keyfiyyətə əsaslanan inkişafını insan amili, insan kapitalı, xalqın kreativ potensialı təşkil edir. Modernləşmənin yeni subyektinin, yeni azərbaycanlılar nəslinin formalaşdırılması da yeni identikliyə dair aydın təsəvvürlərdən başlayır. İdentikliyin formalaşması ardıcıl hüquqi və institutsional təminat, müvafiq sosiallaşma institutlarının təşəkkülünü tələb edir. Qabaqcıl ölkələrdə innovasiyalı inkişaf prinsipi institutsional, mədəni, iqtisadi və siyasi sistemin təməl elementi kimi qəbul edilmişdir. Kreativ inkişafın məqsəd kimi seçildiyi cəmiyyətlərdə innovasiyalar milli birliyin obrazı kimi seçilir və müsbət sosial identikliyi şərtləndirir. Kreativ sinif anlayışının müəllifi, ABŞ tədqiqatçısı R.Floridaya görə "Cari əsrin 3-cü onilliyinin gənc nəsli" ("2030-ların nəsli") kreativ sinfi təşkil edəcəkdir.
2003-2011-ci illərin başlıca nəticəsi kimi, hələlik o qədər də aydın dərk edilməyən daha bir başlıca məqam var: son 10 ildə Azərbaycanda dövlətçilik fəlsəfəsi yeni keyfiyyət səviyyəsinə qalxmış, ulu öndərin nəzəri və təcrübi irsinin tədqiqi, inkişafı və təbliği işinə həssas qayğı yönündə misilsiz işlər görülmüşdür. Prezident İlham Əliyev 2006-cı ildə ulu öndər Heydər Əliyevin siyasi irsinin, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" sərəncam imzalamışdır.
Böyük şəxsiyyət ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin formalaşdırdığı yeni dünyagörüşü sahəsində Azərbaycan xalqı tarixi yaddaş, vətən amalı, milli həmrəylik kimi milli dəyərlərdə yeni məna çalarlarını aşılaya bildi. Xalq dərk etdi ki, milli inkişafın etibarlı təminatını yalnız milli birlik yarada bilər. Azərbaycanın gələcəyi parlaqdır, çünki onun sükanı etibarlı əllərdədir. Bütün bunlar Azərbaycanda dövlətçilik fəlsəfəsinin əsas məqamlarını təsəvvür etməyə imkan verir. Bu fəlsəfənin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Onun davamı sayəsində Azərbaycanın bir kərə yüksələn bayrağı nəinki bir daha aşağı enməmiş, dünyada ən yüksək olan zirvəyə qədər ucalmışdır. Azərbaycanla bağlı beynəlxalq proseslərə və ölkənin özündə cərəyan edənlərə bu prizmadan baxanda daha nikbin mənzərə yaranır.
Müstəqilliyin ildönümünün başlıca yekunlarından biri də dövlət başçısı İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: "Azərbaycan 20 il ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik".

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında