"Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimatı olmuşdur

Xəbər verdiyimiz kimi, dekabrın 22-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" ("The President of Azerbaijan: His struggle for peace and vision of the future") kitabının təqdimatı olmuşdur.
Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, ziyalılar, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Tanınmış müəllif Qrem Uilsonun "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabı ingilis dilində nəşr olunmuşdur. Kitabın dünyada tanınmış bir müəllif olan Qrem Uilson tərəfindən yazılması bir daha sübut edir ki, bu gün artıq bütün beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevi XXI əsrin lideri kimi görür və onun həyata keçirdiyi daxili və xarici siyasət dünyanın aparıcı ölkələri tərəfindən də qəbul olunur.
Kitabda Azərbaycanın qədim zamanlardan bu günədək olan tarixi əks edilib. Nəşrdə qədim zamanların tarixi, 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin tərcümeyi-halları, onların həyat və fəaliyyətləri yer almışdır. Əsərdə qlobal proseslər təhlil olunur, 20 Yanvar hadisələri, Xocalı faciəsi haqqında da həqiqəti əks etdirən ətraflı məlumatlar verilir.
Müəllif bu kitabı yazarkən ciddi araşdırmalar aparmış, bir çox şəxslərlə görüşmüşdür. Nəşrdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi vaxtadək olan hadisələr əksini tapmışdır. Qrem Uilson iyirmiyədək görkəmli şəxs və dünyanın iri şirkətləri haqqında dərc edilən nəşrlərin müəllifidir. Onun ssenariləri əsasında "Discovery", "National Geographic" kanallarında filmlər çəkilmişdir.
Təqdimat mərasimi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə qazanılmış nailiyyətlərdən bəhs edən "2003- 2011-ci illərdə Azərbaycan" adlı videoçarxın nümayişi ilə başlanmışdır.
Mərasimdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV çıxış etmişdir.

{nl}


A k a d e m i k   R a m i z   M e h d i y e v i n   ç ı x ı ş ı

{nl}

Ulu öndərin siyasi-tarixi irsinə, xalqımızın iradəsinə söykənən İlham Əliyev ötən illərdə peşəkar dövlət xadimi, görkəmli siyasətçi, nüfuzlu lider kimi ölkədə və xaricdə özünü təsdiq etmişdir.

{nl}

Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan, milli liderin dünya görüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasını müəyyən edir, ən çətin məqamlarda optimal seçimlər etməyə imkan verir.

{nl}

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: azərbaycançılıq ideologiyasını inkişaf etdirməklə "milliliklə dövlətçiliyi" bir- birinə qovuşdurdu, onların vəhdətini təmin etdi.

{nl}

 

{nl}

- Hörmətli xanımlar və cənablar!
Dövlət - bəşəriyyətin mövcud olduğu tarix boyu kəşf etdiyi nadir təsisatdır. Müxtəlif xalqlar dövlətlərini müxtəlif vaxtlarda yaratmışlar. Dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçir. Onlar təşəkkül, çiçəklənmə və tənəzzül fazalarını yaşayırlar.
Bütün bu proseslərdə önəmli olan bir cəhət var. Bu, həmin proseslərin bir fundamental amilidir, "dövlət və lider" faktoru ilə bağlı olmasıdır.
Ümumi qənaətə görə, məhz XX əsrdə "dövlət" və "şəxsiyyət" anlayışları bir simada - "milli lider" simasında cəmlənmiş və həmin əsr tarixə dünya şöhrətli liderlər bəxş etmişdir. Biz qətiyyətlə deyə bilərik ki, milli dövlət və milli lider yeni epoxanın fenomenidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin lider şəxsiyyətlərdən biridir.
XX əsin sonu - XXI əsrin əvvəlləri Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi səciyyələnir. Tarixin bu dövründə baş verən hadisələr iki tarixi şəxsiyyəti - Heydər Əliyevi və İlham Əliyevi siyasi səhnəyə gətirmişdir. Onlar mürəkkəb dövrün çətinliklərini dəf edə, milli birliyin gücünü ölkənin quruculuq məsələlərinin həllinə yönəldə, Azərbaycanın simasını dəyişdirə bildikləri üçün milli lider adını qazana bilmişlər.
Suverenlik tariximizin uğurları sırasında, dünya siyasətində etiraf edilən Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi bizim əvəzsiz irsimizdir. Yeni yüzillikdə həmin irsin yüksək keyfiyyətlə davamı Prezident İlham Əliyevin siyasəti nümunəsində inkişaf və tərəqqinin simvoluna çevrilmişdir.
Hörmətli xanımlar və cənablar!
Bu gün biz əlamətdar bir hadisənin - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş kitabın təqdimat mərasiminə toplaşmışıq.
Böyük şəxsiyyətlər haqda əsər yazmaq həm də böyük elmi cəsarət tələb edir. Bu baxımdan sizə təqdim olunan bu əsərin tutumu, ideyası və məzmunu bu günə qədər Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş kitablardan ciddi surətdə fərqlənir.
Cənab Qrem Uilson tərəfindən yazılmış bu kitabda diqqəti cəlb edən əsas və fərqli cəhət ondan ibarətdir ki, cənab Prezidentin milli lider obrazının təsviri ilə yanaşı, onun prezidentliyi dövründə Azərbaycanda və onun ətrafında baş verən siyasi proseslər obyektiv şəkildə təhlil edilmişdir.
Düşünürəm ki, bu kitab, həm geniş oxucu kütləsinin marağını cəlb edəcək, həm də tədqiqatçıların istifadə edə biləcəyi əyani vəsaitə çevriləcəkdir.
Əsərin digər mühüm əhəmiyyəti onun Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsidir. Şübhə etmirəm ki, bu qısa tarixi dövr Azərbaycan xalqının yaddaşında çox zəngin izlər qoyubdur.
Bu bir həqiqətdir ki, tarix özü son 20 ildəki nailiyyətlərin layiqli qiymətini verəcəkdir. Lakin bu gün mövcud reallıqları görüb qələmə almaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin mənəvi borcumuzdur.
Kitabın daha bir mühüm xüsusiyyəti, müəllifin dövlətçiliyimizin tədqiqinə makrotarixi yanaşması - yəni, Azərbaycanın tarixində qədimdən bəri baş verən hadisələrin təhlili və müasir dövrün siyasi proseslərinə obyektiv yanaşması, perspektivlərə nəzər salmasındadır.
Ölkəmiz haqqında xarici müəllifin yazdığı və tarixi hadisələri özündə dolğun əks etdirən belə məzmunlu əsər indiyə kimi işıq üzü görməyibdir. İlk təəssürat onu deməyə əsas verir ki, kitab müəllifin dərin elmi araşdırmaları, obyektiv təhlili və ən əsası Azərbaycana böyük marağı sayəsində ərsəyə gəlmişdir. Bu, tarixi həqiqət duyumuna malik olan müəllifin etirafıdır.
Xüsusilə də Azərbaycanla bağlı hadisələrin mahiyyətini qeyri-obyektiv, səthi təsvir edən əsərlərlə müqayisədə, bu kitabda bütün hadisələrin inkişafının lider şəxsiyyətinə və onun qəbul etdiyi qərarlara bağlı olduğuna dair müəllifin qənaəti bizim üçün çox dəyərlidir.
Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan, milli liderin dünya görüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasını müəyyən edir, ən çətin məqamlarda optimal seçimlər etməyə imkan verir.
Görkəmli filosof Hegel heç də təsadüfən yazmırdı ki, böyük insanlar praktiki və siyasi xadimlər olmuşlar. Onlar işin mahiyyətini bilən, nə lazım olduğunu və nəyin əsl məqamına düşdüyünü başqalarından daha yaxşı anlayan zəkalı şəxsiyyətlər idi.
Bu həqiqətdir. Məhz ona görə də bu şəxsiyyətlər məlum mənada tarixi yarada bilirlər və onun özünün yaranmasını gözləmirlər.
Milli dövlətin yaranmasında və inkişafında, milli birliyin təmin edilməsində milli liderin tarixi rolu əvəzedilməzdir. Çünki o, hadisələrə təsir göstərmək imkanına malikdir. Bütün bu məsələlərin həlli onun biliyinə, şəxsi keyfiyyətlərinə, inamına və təcrübəsinə əsaslanır. Tarixi təcrübə bunu deməyə əsas verir.
Liderlik zirvəsinə yüksələnlərin taleyi müəyyən xüsusiyyətlərlə səciyyələnir.
I - Buraya dövlətin taleyinin ən ağır faciəli anlarında tarix səhnəsinə gəlməsi;
II - yeni dövlətçilik tarixinin əsasının qoyulması; inkişafı və möhkəmləndirilməsi;
III - xalqın tam əksəriyyətinin etimadının qazanılması aid edilir.
Milli liderliyin daha bir fərqli xüsusiyyəti uzaq perspektivlərə hesablanmış, gələcəyin ümummilli inkişaf strategiyasını təqdim edə bilməsi, irəli sürülən ideyaların sonadək reallaşdırılmasıdır. Digər mühüm cəhət isə beynəlxalq arenada liderlik xüsusiyyətlərinin etiraf edilməsi, beynəlxalq nüfuzdur.
Bir qayda olaraq, bütün milli liderlər öz ölkələrinin hüdudları çərçivəsini aşmış, onların fəal təşəbbüsləri və xarici fəaliyyəti beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsirini göstərmişdir. Təqdim edilən kitabda əksini tapan lider obrazı bütün bu meyarları özündə təcəssüm etdirir.
Azərbaycan geosiyasi məkanı, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu qlobal güclərin maraqlarının diqqət mərkəzindədir və belə bir dövlətin lideri olmaq daha da çətindir.
Azərbaycan xalqı 20 il əvvəl öz milli dövlətçiliyini yaratmış və onu ən çətin tarixi mərhələlərdən keçirə bilmiş, zamanın çağırışlarına cavab verərək, yeni yüzilliyin qabaqcıl dövlətləri sırasına daxil olmuşdur.
Lakin dövləti və xalqı güclü edən təkcə dövlət qurmaq bacarığı deyil, onu yaşatmaq iqtidarında olan, milli birliyi təmin edən və dünya xəritəsində dövlətinin yerini və mövqeyini qoruyan liderlərdir.
Bütün bu məsələlərin həlli liderin şəxsi keyfiyyətlərinə, inamına və təcrübəsinə əsaslanır. Bu, inkaredilməz bir faktdır. Azərbaycan xalqı öz tarixi taleyində buna dəfələrlə əminlik yaşayıbdır.
Məlumdur ki, 1990-cı illərin əvvəlində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi böhran vəziyyəti o zaman hakimiyyətdə olan insanların siyasi səriştəsizliyindən irəli gəlirdi.
Daxili çəkişmələr, Ermənistanın ölkəmizə təcavüzü, dövləti idarə edənlərin siyasi naşılığı nəticəsində yaranan fəsadlar dövlət müstəqilliyinin taleyini sual altına almışdı. Ən əsası - xalqı, milləti vahid milli mənafe ətrafında birləşdirə bilən, xalqın tükənməz enerjisini quruculuğa yönəltmək iqtidarında olan liderin yoxluğu idi.
Ötən əsrin 90-cı illərinin çətin anlarında ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin reallaşmasında və möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində əsas aparıcı tarixi şəxsiyyət idi.
Məhz onun siyasi dühası, iradəsi və xalq üçün fədakarlığı nəticəsində Azərbaycanın yeni inkişaf strategiyası müəyyən edildi və milli maraqları təmin edən yeni daxili və xarici siyasət konsepsiyası qəbul edildi.
Suveren dövlətçiliyin qurulması kimi tarixi missiyanı reallaşdıran Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyini uğurlu və gələcəyi aydın görünən inkişaf yoluna çıxarmışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa edərək, onu sarsılmaz ənənəyə çevirə bilməsi, dövlətçilik qarşısında misilsiz xidmətləri Heydər Əliyevi siyasi liderliyin ali zirvəsi olan ümummilli lider səviyyəsinə yüksəltmişdir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: azərbaycançılıq ideologiyasını inkişaf etdirməklə "milliliklə dövlətçiliyi" bir-birinə qovuşdurdu, onların vəhdətini təmin etdi.
Yeni tarixə qovuşan Azərbaycan və müstəqilliyinin ilk 20 illik mərhələsi ən parlaq hadisə olmaqla yanaşı, eyni zamanda, bu tarixi yaradan çoxsaylı amilləri, ən başlıcası isə "milli quruculuq və siyasi lider" faktorunu bir daha dərin təhlil etməyi zəruri edir. Yalnız bu halda məlum olur ki, milli quruculuq birbaşa müstəqillik haqda bəyannamədən "öz-özünə" yaranan, fərmanla verilən status olmayıb, siyasi lider - xalq vəhdətinin, mürəkkəb və fədakar milli quruculuq prosesinin nəticəsidir.
Bu gün dünyada ən uğurlu və dinamik inkişaf edən iqtisadiyyata, çoxmilli birgəyaşayışın tolerant modelinə malik olan Azərbaycan üçün lider və dövlət mövzusu çox önəmlidir. Milli quruculuq və siyasi lider fenomeni yalnız nəzəri diskussiyaların mövzusu olmayıb, xalqımız üçün müstəqillik tarixinin gerçəkliyə çevrilən faktı və reallığıdır.
Müstəqil qət edilən 20 ilin hər 10 ilində iki tarixi şəxs - ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev - tariximizə uğurlu səhifələr yazan, Azərbaycan dövlətini güclü edən və dünyaya tanıdan milli siyasi liderlərdir.
Hörmətli xanımlar və cənablar!
2003-cü ildən etibarən Prezident İlham Əliyev müstəqil Azərbaycanın müasir dövlətçiliyinin simasını yeniləşdirən tarixi şəxs kimi qəbul edilir. Ulu öndərin siyasi-tarixi irsinə, xalqımızın iradəsinə söykənən İlham Əliyev ötən illərdə peşəkar dövlət xadimi, görkəmli siyasətçi, nüfuzlu lider kimi ölkədə və xaricdə özünü təsdiq etmişdir.
2003-cü ildən etibarən müstəqil Azərbaycanın tarixində yeni dövr başlamışdır və bu dövr yeni tipli siyasi liderin adı ilə bağlıdır. Şərq sivilizasiyasının bir parçası kimi ənənəvi cəmiyyətə aid edilən Azərbaycan yeni inkişaf modelini və yeni liderlik tipini dünyaya təqdim edə bilmişdir.
Günümüzün reallıqları göstərir ki, dünya həqiqətən də dəyişir. Dəyişən dünyada liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətlərə tələbkarlıq artır, yeni tipli liderlərə ehtiyac duyulur.
Qeyri-müəyyən transformasiyalar dövründə həm siyasi və iqtisadi problemlərin həlli üsulları daha sürətlə dəyişir. Belə vəziyyət isə yeni əsrin tələblərinə uyğun olaraq liderlərdən daha çevik siyasi yaradıcılıq tələb edir.
Liderlərin universal formulunun olmaması onunla bağlıdır ki, dəyişən dünya liderlik keyfiyyətlərinin də dinamikasını tələb edir. Yeni siyasi problemlər yeni yanaşmalar tələb edir. Bu da liderlərdən siyasi yaradıcılıq, novatorluq fəhmi kimi keyfiyyətlər tələb edir. Buna malik olmayan siyasi rəhbərlər milli və qlobal miqyasda sabitliyin deyil, gərginliyin yaranmasının səbəbkarına çevrilir, bəşəriyyəti bəlli olmayan təhlükələrə düçar edirlər.

{nl}

20 ilin ən böyük nailiyyətlərindən biri reallığa çevrilən milli ideya, formalaşan müstəqillik şüuru, dünyagörüşüdür, ən müasir siyasi tarixə özünü bağlı hiss etməkdir.

{nl}

Mütərəqqi baxışların daşıyıcısı olan İlham Əliyevin milli maraqlara uyğun apardığı xarici siyasət operativ, hücumçu və çevik xarakter daşıyır.

{nl}

Lider nə inzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə bu, ilk növbədə, həmişəkindən daha çox mənəvi, milli, ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital isə xalqın etimadıdır, davamlı uğurlar və sıx milli birlikdir.

{nl}

Bu gün hər bir vətəndaşımız deyə bilər ki, demokratik dövlət quruculuğu, qanunun aliliyi, hüquqi dövlət, insan hüquq və azadlıqlarının təminatı müstəqil Azərbaycan dövlətinin əsas prinsipləridir.

{nl}

Son 10 il tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün parlaq başlanğıcı və uğurlu illəri kimi yadda qalacaqdır. Bu dövr, nə "qərbləşmə", nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan milli inkişaf modelinin formalaşdığı illər olmuşdur.

{nl}

Bu gün lider nə inzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə bu, ilk növbədə, həmişəkindən daha çox mənəvi, milli, ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital isə xalqın etimadıdır, davamlı uğurlar və sıx milli birlikdir.
Bu nöqteyi-nəzərdən biz görürük ki, bu gün Prezident İlham Əliyev dövlətçiliyin möhkəm özüllər üzərində inkişafını təmin edir, öz xalqının firavan və təhlükəsiz yaşayışı üçün zəruri şərtləri yaradır.
O, öz nüfuzu sayəsində beynəlxalq arenada liderlik məsuliyyətini üzərinə götürüb hadisələrin müsbət məcraya yönəlməsini təmin etmək bacarığını nümayiş etdirir.
XX əsrin sonu, XXI əsrin əvvəlində dünyada baş verən qlobal böhran və sarsıntılar sırasında ilk baxışda hamı tərəfindən dərk edilməyən bir fundamental problem də var. Bu, "ənənəvi" liderlik böhranı, yeni tipli liderlərə olan ehtiyacdır və özünü bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, etnik-milli münaqişələrdə göstərməkdədir.
Hazırda dünyanın bir sıra ölkələrində baş verən bir çox sarsıntıların əsas səbəbi də dövrün tələblərinə cavab verə bilən liderlərin olmamasıdır. Bütün bu proseslər siyasi-sosial təlatümlərdən çıxış yolu tapa bilən, novasiyalara həssas olan, gərgin ziddiyyətləri həll edə bilən yeni tipli liderlər nəslinin formalaşmasını aktuallaşdırır. Yeni liderin hadisələrə baxışı tamamilə fərqlidir. Yeni lider üçün beynəlxalq münasibətlərdə soyuq müharibə, sivilizasiyalararası münasibətlərdə qarşıdurma və toqquşma paradiqmaları artıq tarixdə qalan bir hadisədir. Bu tipli liderlər dünyada və dövlətlər arasında inkişafa maneə olan nə varsa hamısına yenidən baxmağa qadirdirlər. Onlar qeyri-real iddiaların fövqündədirlər və bəşəriyyətin gələcəyi naminə ortaq səylərin, ümumi təmas nöqtələrinin tapılmasına çalışırlar. Prezident İlham Əliyevin simasında bütün bu keyfiyyətlərin gerçəkləşməsinin şahidi oluruq. Yeni nəsil lider - həm də yeni ritorika deməkdir. Bu inqilab ritorikası deyil, dialoq, konsensus, kompromis, quruculuq ritorikasıdır. Liderin inqilab ritorikası ilə hakimiyyətə gəlişi ilk baxışda kecmiş paradiqmaları dağıdacaq bir sensasiya kimi qarşılanır, gedişi isə xalq üçün faciə ilə bitir.
Yeni liderliyin meyarları içərisində "sosial intellekt" - yəni, qərar qəbul edərkən sosial missiyanı hiss etmək, ümumən, xalqın mənafeyindən çıxış edərək seçim etmək bacarığıdır. Bu baxımdan İlham Əliyevin nailiyyətlərini təmin edən obyektiv amillərlə yanaşı, onun fitri istedadı da inkaredilməzdir. O, milli ənənələrə, dövlətçilik prinsiplərinə sadiq, eyni zamanda, XXI yüzilliyin modern siyasi məkanına uğurla köklənən dövlət xadimidir.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, müasir dünyada layiqli yerini tutub, beynəlxalq birliyin məsul tərəfdaşına çevrilmək istəyən hər bir dövlətin inkişafı demokratik dəyərlərə söykənməlidir. Azərbaycan bu ideyanın reallaşmasına xeyli vaxt və qüvvə sərf etmişdir. Universal demokratik dəyərlərə aparan yol isə milli xüsusiyyətə və milli tarixə əsaslanmalıdır, təkamül yolu ilə getməlidir. Cəmiyyətin demokratik transformasiyası uzun tarixi bir yoldur və qısa zaman kəsiyində başa çatması qeyri-mümkündür. Kim bu həqiqəti anlamırsa, demək o, qarşısına ziyanlı məqsədlər qoyub.
Müasir milli dövlət təcrübəsi bir həqiqəti sübut edir: ölkələrin siyasi tarixləri eyni olmadığı kimi, milli demokratik quruculuq prosesləri də eyni ola bilməz.
Bu gün hər bir vətəndaşımız deyə bilər ki, demokratik dövlət quruculuğu, qanunun aliliyi, hüquqi dövlət, insan hüquq və azadlıqlarının təminatı müstəqil Azərbaycan dövlətinin əsas prinsipləridir. Mən inanmıram ki, bizim cəmiyyətdə müasir düşüncəyə malik olan bir insan bu həqiqəti inkar etsin. Dövlətimiz universal demokratik prinsipləri təmin etmək üçün böyük maneələri aşaraq, çətinliklə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına nail olmuşdur.
Sabitlik və iqtisadi inkişaf arasında çox sıx əlaqə var. Sabitlik olmayan yerdə inkişaf da ola bilməz. İnkişaf olmayan yerdə isə demokratiyadan danışmaq qeyri-mümkündür. Bu bir aksiomdur.
Əlbəttə, başqa cür düşünənlər də var. Güman edirəm ki, onlar qeyri-səmimidirlər.
Bu bir həqiqətdir ki, məhz sabitlik və iqtisadi tərəqqi sayəsində Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün münbit zəmin yaradılıbdır.
Demokratiyanın təkamülü ən əvvəl sabitlik, sülh şəraitində mümkündür. Təəssüflə qeyd etməliyəm ki, müasir dünyada demokratiya və təhlükəsizliyin bir-birinə dəxli olmayan amillər kimi göstərilməsi dəbə çevrilmişdir.
Azərbaycan regionda və dünyada qarşılıqlı dialoq və əməkdaşlıq məkanının yaranmasına çalışır. Yerləşdiyimiz coğrafiya və tariximiz ölkəmizin çoxmilli, çoxkonfessiyalı inkişafını şərtləndirmişdir.
Faktiki olaraq, Azərbaycan Şərqin və Qərbin dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir və bunun intensivləşdirilməsi bütün tərəflər üçün maraqlı olmalıdır. Azərbaycan öz xarici siyasətində Şərq ilə Qərb arasında tarazlı və çoxşaxəli, praqmatik siyasətini reallaşdırmaqda davam edir. Məhz bu siyasət Azərbaycana artıq öz milli maraqlarını daha əminliklə müdafiə etməyə və qeyri-məqbul şərtləri nəzərə almamağa imkan yaradır.
Keçən illərin siyasi yekunları bir daha aşkar şəkildə göstərir ki, həm zaman, həm də qazanılan siyasi kapital, - ideyalar, resurslar, kadrlar, - Azərbaycanın xeyrinə işləyir, ümummilli problemin həllinə, dövlətin möhkəmlənməsinə xidmət edir. Ən başlıcası isə həmin resursların düzgün istifadəsinə qərar verən siyasi lider amilidir.
20 ilin ən böyük nailiyyətlərindən biri reallığa çevrilən milli ideya, formalaşan müstəqillik şüuru, dünyagörüşüdür, ən müasir siyasi tarixə özünü bağlı hiss etməkdir. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanın möhkəmlənməsinə öz töhfəsini verir. Milli ideologiya və müstəqil azərbaycanlı identikliyi formalaşıb. Cəmiyyət bu dəyərləri qəbul edib və onlarla yaşayır. Bu da öz növbəsində milli birliyin təməli kimi çıxış edir.
Azərbaycan dövlətçiliyi tarixində milli, mənəvi, mədəni ənənələrin varisliyi mövcud olmuşdur. Bundan fərqli olaraq, milli quruculuq, siyasi dövlətçilik və iqtisadi uğurların varisliyi yalnız son illərin hadisəsi və tarixi nailiyyətlərimizdir. Nə qədər çətin olsa da, dövlətin əbədiyaşarlığı üçün onun əsas zəmanəti - liderlik ənənəsinin və siyasi hakimiyyətin təkamül yolu ilə əvəzlənməsinin təmin olunmasıdır.
Yeni liderlik böhran dövrlərində özünü daha qabarıq göstərir. Nail olduğumuz qələbələrin, Azərbaycanın beynəlxalq uğurlarının, "regionda və dünyada dinamik inkişaf edən ölkə" imicinin nə qədər çətin məqamda əldə olunması yeni zamanın lideri obrazını gözümüz önündə canlandırır. Ətrafdakı ölkələrin fasiləsiz gərginlik ocağına, bölgədə sabitlik üçün təhlükə mənbəyinə çevrildiyi çətin şəraitdə Azərbaycan inkişaf, əməkdaşlıq və qlobal təhlükəsizliyin yeni modelini dünyaya təqdim edir. Yaradılan əmin-amanlıq xalqın milli enerjisinin, qüvvə və potensialının yeni qələbələr üçün səfərbər edilməsinə imkan verir. Ən böyük nailiyyət isə, yaşanılan zamanın templərini nəzərə almaqla, onun Azərbaycanın inkişafına "tabe edilməsi", bunun məntiqi nəticəsi olaraq, qısa müddətdə nəhəng uğurların əldə edilməsidir.
2003-2011-ci illərdə sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində əldə edilən yüksək və davamlı sosial-iqtisadi göstəricilərin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, zəhməti və fədakarlığı dayanır.
Əlbəttə, planlı iqtisadi sistemdən açıq bazar iqtisadiyyatına keçid ölkədə köklü dəyişiklikləri zəruri etmişdir. Mövcud çətinliklərə və geosiyasi mühitin incəliklərinə baxmayaraq, neft strategiyasının uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi suverenliyini təmin etdi, ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verdi. Öz növbəsində Azərbaycan Xəzər dənizinin enerji resurslarının istehsalı və emalını ilk olaraq xarici sərmayəçilər üçün açdı və bu gün ölkəmiz neft və qazını 7 istiqamət üzrə dünya bazarına çıxarır. Güclənən iqtisadiyyatımız müasir qloballaşma kontekstində uğurla idarə edilir. Nəticədə 2009-cu ildə Azərbaycan bazar iqtisadiyyatında keçidi başa vurdu. Ölkəmiz iqtisadi keçid dövrünü bitirərək yeni iqtisadi münasibətlər sisteminə qədəm qoydu.
1993-cü illə müqayisədə dövlət büdcəmiz 1000 dəfə artmışdır. Dövlətin maliyyə imkanlarının artması onun iqtisadi fəaliyyətini daha da genişləndirmiş, xarici ölkələrə sərmayə yatırmasına şərait yaratmışdır.
Bu gün dövlətin iqtisadi sahədə rolu iki müstəvidə dəyərləndirilməlidir.
Əvvəla, dövlət iqtisadi fəaliyyəti dəstəkləməklə, iş adamlarını aşağı faiz kreditlə təmin etməklə iqtisadi fəaliyyəti gücləndirir və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə təkan verir. Bunun nəticəsi olaraq son 8 il ərzində ölkədə 41084 yeni müəssisə yaradılmışdır. Onların 1927-si iri istehsal təyinatlı müəssisələrdir. Bu, sahibkarların dövlətə, iqtisadiyyata inam və etibarının göstəricisidir.
Digər tərəfdən, dövlət sosial bərabərsizliyin aradan qaldırılmasına, sosial ədalətin qorunmasına, yoxsulluğun azaldılmasına böyük səylər göstərir.
Bu isə öz növbəsində əhalinin alıcılıq qabiliyyətini gücləndirir, tələbatı artırır, istehsalı genişləndirir, iqtisadi artımı təmin edir.
Məhz bu fəaliyyətin nəticəsidir ki, ümumi daxili məhsul 2003-cü ildən 2011-ci ilə qədər 7 dəfə artmışdır.
İqtisadi inkişafımız milli hərbi sənaye kompleksinin yaranmasına və müstəqil dövlətimizin hərbi-siyasi əsaslarının güclənməsinə zəmin yaratmışdır.
Beləliklə, son 10 il tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün parlaq başlanğıcı və uğurlu illəri kimi yadda qalacaqdır. Bu dövr, nə "qərbləşmə", nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan milli inkişaf modelinin formalaşdığı illər olmuşdur.
Bu illər ərzində həyata keçirilmiş inkişaf strategiyası iqtisadiyyatın müxtəlif sahələrində iqtisadi fəaliyyətin güclənməsini şərtləndirmiş və Azərbaycanın iqtisadi inkişafının birinci mərhələsini uğurla başa vurmasını təmin etmişdir.
2008-ci ildə Prezident İlham Əliyev inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağı bizim xarici siyasətimizin prioritetləri sırasına daxil etmişdir. İqtisadiyyatda əldə olunmuş böyük uğurlar, siyasi yetkinlik buna geniş imkanlar yaradır.
Prezidentin bəyan etdiyi "qara qızılın insan kapitalına çevrilməsi" tezisinə əsasən, maddi resurslarımız intellektual kapital, ideya və innovasiya resursları ilə əvəzlənir.
Azərbaycan iqtisadiyyatının inkişafı və güclənməsi intellektual insan resursu ilə yeni texnoloji tərəqqinin vəhdətini təşkil edir. 2011-ci ildə əhalisinin artiq 60 faizinin birbaşa internetə cıxışı olan ölkədə informasiya-kommunikasiya texnologiyalarının perspektiv inkişafı növbəti onillikdə yeni və rəqabətədavamlı iqtisadiyyatın əsasını yaradacaqdır.
Prezident İlham Əliyevin baxışları ondan ibarətdir ki, müasir dünyada intellektual və texnoloji tərəqqiyə yalnız ayrıca bir ölkənin gücü sayəsində nail olmaq mümkün deyil. Buna görə də Azərbaycanın inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün bütün resurslar hərəkətə gətirilməlidir. Dövrümüzün çağırışları tələb edir ki, ölkəmiz texnoloji-innovasiya mərkəzləri ilə geniş əlaqələr qursun. İnnovativ cəmiyyətin və innovativ iqtisadiyyatın formalaşması Azərbaycan üçün ön sırada duran məsələlərdən biridir.
Xanımlar və cənablar!
Bu gün dövlətimiz beynəlxalq birliyin fəal və təşəbbüskar üzvünə çevrilmişdir. Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanın Avropa ailəsinə inteqrasiyası sürətlənmişdir. Vaxtilə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən nümayəndə heyətinin başçısı olan İlham Əliyev Prezident seçildikdən sonra bu dəyərlər uğrunda daha böyük səylər göstərmiş, Avropa-Azərbaycan münasibətlərinin inkişafına xüsusi töhfə vermişdir.
O, eyni zamanda Avropa İttifaqı ilə müxtəlif əməkdaşlıq çərçivələrində səmimi əlaqələr yaratmış, təşkilata üzv olan ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirməyə və Avropa Komissiyası ilə müxtəlif sahələrdə səmərəli dialoq qurmağa nail olmuşdur. Azərbaycan 2004-cü ildə qəbul edilmiş "Avropa Qonşuluq Siyasəti"ndə, 2009-cu ildə formalaşmış "Avropa Şərq Tərəfdaşlığı"nda fəal iştirak edir.
Avropanın enerjiyə artan tələbatı kontekstində Prezident İlham Əliyev Avropa ölkələri ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın yeni mərhələyə keçməsini təmin etmişdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan birinə çevrilmişdir. 2011-ci ildə "Ümid" və "Abşeron" yataqlarında geniş qaz ehtiyatlarının kəşf edilməsi Azərbaycanın ixracat potensialını daha da artırır.
İnkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda aparılan irimiqyaslı islahatlar, dövlətimizin xarici siyasət vektorlarının dəyişməsi, yeniləşməsi prosesləri ilə paralel getmişdir.
Xarici siyasətdə dəyişməyən təməl prinsiplərlə yanaşı, mövcud siyasi reallığın diktə etdiyi prinsiplər də vardır.
Ən vacib məsələ isə reallığın strateji duyumu hissinə malik olan liderin bu prioritetləri düzgün sezməsi, milli maraqların təmin edilməsinin yeni resursları və metodlarını, mexanizmlərini irəli sürməsidir. Yalnız bu halda xarici siyasətin mövcud sarsılmaz təməlləri üzərində uğurların davam etdirilməsi və dövlətin möhkəmlənməsi prosesi dönməz xarakter alır.
Regionda həlledici mövqeyə malik olan Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit zonadır. Bu baxımdan regionda sülhün bərqərar olması son dərəcə vacib məsələdir. Siyasi və iqtisadi potensialına görə bölgənin "ağır çəkili" aktoru statusunu qazanan Azərbaycan xüsusilə qlobal enerji resursları və enerji təhlükəsizliyi siyasətinin uzunmüddətli dövr üçün konseptual əsaslarının hazırlanmasının fəal təşəbbüskarıdır.
Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq münasibətlərin suveren subyekti statusunda müasir tarixə qədəm qoydu. Növbəti mərhələdə dövlətimiz geosiyasi səhnədə beynəlxalq münasibətlər sisteminin regional liderinə çevrildi. İlham Əliyevin apardığı xarici siyasət nəticəsində bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilən beynəlxalq siyasətin real güc mərkəzi statusuna nail olmuşdur.
Bu da onun nəticəsidir ki, mütərəqqi baxışların daşıyıcısı olan İlham Əliyevin milli maraqlara uyğun apardığı xarici siyasət operativ, hücumçu və çevik xarakter daşıyır.
Böyük nailiyyətlərimiz ilə yanaşı, bizim ən ağrılı yerimiz Ermənistanın təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir və Ermənistanı danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırıb. Bölgədə sülh Ermənistanın özü üçün də sərfəli olacaq, çünki regional layihələrdə iştirak etməklə iqtisadi tərəqqinin effektliliyindən dividendlər qazanacaqdır.
Prezident İlham Əliyev bölgədə sülhə nail olmaq və Cənubi Qafqazı dünyanın ən sabit və inkişaf etmiş hissəsinə çevirmək üçün öz səylərini davam etdirir. Təsadüfi deyil ki, kitabın adı da "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" adlanır.
Bu kitab böyük siyasi və dövlət xadiminin - Prezident İlham Əliyevin həyat yolunu və malik olduğu dəyərləri, Azərbaycanın qədimdən bəri siyasi tarixini və inkişaf perspektivlərini ifadə edən sanballı bir əsərdir.
Əziz dostlar!
2011-ci il bizim ən yeni tariximizə uğurlar ili kimi daxil olacaqdır!
Azərbaycanın siyasi, iqtisadi və mədəni nailiyyətləri, beynəlxalq nüfuzu, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında milli inkişafa xidmət edən məqsədyönlü fəaliyyətin əyani sübutudur.
Xüsusilə vurğulanmalıdır ki, son illər ərzində milli quruculuq və islahatlar kortəbii deyil, sistemli, düşünülmüş və strateji xarakter daşımışdır. Uzunmüddətli strateji planlaşdırmaya və proqnozlara əsaslanan bu siyasət Azərbaycanı digər postsovet ölkələrindən fərqləndirən cəhətdir.
Yaranmış yeni şərait bizim qarşımızda yeni vəzifələr qoyur. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası iqtisadiyyatın və sosial-siyasi sahələrin keyfiyyət transformasiyasının təmin edilməsi məqsədini daşıyır.
Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, təhsilin, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün sahələrində yeni naliyyətlərin əldə olunmasıdır.
Müasir tariximizin 2003- 2011-ci illərinin yüksəliş və inkişaf göstəricilərinin davamlılığını təmin etmək bundan sonra da dövlətimizin qarşısında duran ən böyük vəzifədir.
Beləliklə, Prezident İlham Əliyevin zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açmış, onun sayəsində bu gün ölkəmiz regionun lideri statusunu qazanmış və dünya dövlətləri birliyində layiqli yer tutmuşdur.
İlham Əliyevi fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti və təvazökarlığı ətrafında olanlar üçün örnəkdir.
Azərbaycanın bugünkü fəal reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipini müşahidə edirik. Bu, Azərbaycan dövlətçiliyi tarixində yeni fenomendir. Onun bütün fəaliyyətinin mahiyyəti xalqı və dövləti nicat və yüksəliş yolu ilə aparmaqdan ibarətdir.
Azərbaycan xalqı üçün İlham Əliyevin prezidentlik dövrü böyük sərvətdir.
Diqqətinizə görə təşəkkür edirəm.

{nl}

Sonra kitabın müəllifi Qrem Uilson çıxış etmişdir.

Qrem Uilsonun çıxışı

- Axşamınız xeyir, xanımlar və cənablar!
Bu axşam burada - çox gözəl, müasir Azərbaycanın tarixində mühüm bir rolu olmuş "Gülüstan" sarayında olmaq mənim üçün xoşdur. Mən istərdim, ilk növbədə, "İlham. Prezidentin portreti" kitabının təqdimat mərasimində hər birinizi minnətdarlıq hissi ilə salamlayım. Bu kitab Prezident İlham Əliyevin ilk beynəlxalq bioqrafiyasıdır. Mən düşünürəm ki, bu elə bir kitabdır ki, çoxdan yazılmalı idi. Bu kitab liderin - bütün millətin böyük liderinin fəaliyyətini əks etdirir. Bu lider Azərbaycanın geosiyasi arenada çox böyük nüfuz qazanmasında mühüm rol oynamışdır. Bu bioqrafiya sizin illər ərzində əldə etdiyiniz nailiyyətlərin əksidir.
Mən iyirmiyə yaxın bioqrafiya yazmışam və bu, müxtəlif insanların, xadimlərin, natiqlərin barəsində olmuşdur. Bu kitablarda insanların gözləntiləri, onların gördükləri işlər əksini tapıb. Bu baxımdan İlham Əliyev də böyük şəxsiyyətdir və biz məhz buna görə bu kitabı, Azərbaycanın görkəmli liderinin bioqrafiyasını yazdıq. Əlbəttə ki, biz Azərbaycanı tanıyırdıq. Biz Azərbaycanın Heydər Əliyev kimi əfsanəsini də tanıyırdıq. Bilirdik ki, özünü totalitar keçmişindən çıxarmağa çalışan belə bir millət var. Biz, eyni zamanda, bilirdik ki, Azərbaycanda öz doğma yurd-yuvalarından qovulmuş bir milyondan çox qaçqın və məcburi köçkün vardır. Dağlıq Qarabağ münaqişəsini biz bilirdik. Xocalı faciəsi barədə biz bilirdik və sözsüz ki, 1990-cı ilin Yanvar faciəsindən məlumatlıyıq. Biz, eyni zamanda, bilirdik ki, Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə kifayət qədər özünü doğruldan, öz inkişafını təmin edən bir ölkəyə çevrilmişdir. Azərbaycan sosial və iqtisadi transformasiyada çox böyük uğurlara nail olmuşdur.
Lakin təbii ki, ümumiyyətlə informasiya birtərəfli ola bilər.
Biz, özünün gündəliyi olan xaricilər media və internet üçün məlumatları yayırıq. Lakin belə hallar da olur ki, bu məlumatlar bəzən qeyri-dəqiq olur.
Bu layihəyə başlayandan sonra biz Azərbaycana dəfələrlə səfər etdik və Prezident İlham Əliyev ilə bir neçə məqamda görüşmək imkanımız oldu. O, çox açıq, çox səmimidir və bu da bizə onun barəsində çox zəngin məlumatlar əldə etməyə imkan verdi. Mənim komandam - işçi heyətim Bakıya bir neçə dəfə səfər etdi. Mən onların adından deyə bilərəm ki, biz buraya gələrkən elə bil ki, ikinci evimizə gəlirdik və bu millətin qonaqpərvərliyinə sadəcə heyran qalmışdıq.
"İlham. Prezidentin portreti" kitabı bir neçə illik zəhmətin nəticəsidir. Biz insanlardan müsahibələr aldıq, Azərbaycanda, ABŞ-da, Böyük Britaniyada, Fransada, Rusiyada və digər ölkələrin arxivlərində tədqiqatlar apardıq. Britaniyanın çox mühüm milli arxivlərində, Konqresin kitabxanasında, BMT-nin Nyu-Yorkda və Cenevrədə olan arxivlərində bütün mənbələrdən istifadə etdik. Mən hətta Ermənistana səfər etdim. Orada bir neçə insanla görüşdüm. Hətta keçmiş prezident və keçmiş xarici işlər naziri ilə görüşdük. Onlar da münaqişədən narahat olduqlarını söylədilər.
Mən kitab barədə sizlərə daha çox danışmaq istərdim.
Bu, 520 səhifədən ibarət, lider və onun ölkəsi barədə olan kitabdır. Əsərdə 450-dən çox şəkil yer almışdır. Mənim kitabım ingilisdilli beynəlxalq auditoriyanı Azərbaycanın tarixi ilə tanış edəcəkdir. Bu kitabda sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi də verilmişdir. Bu kitabda Heydər Əliyevin həyatının və fəaliyyətinin çox mühüm məqamları əksini tapmışdır. Biz bu kitabı hazırlayarkən çox maraqlı, məlumatlı, erudisiyalı insanlarla görüşdük.
Mənim adım kitabın üstündə müəllif kimi göstərilsə də bu, bir çox insanın birgə əməkdaşlığı nəticəsində hasilə gələn bir məhsuldur. Mən bu insanların hamısına minnətdaram.
Eli Mukarzel bu layihədə mənim baş tədqiqatçım olmuşdur. Bundan əlavə, bu kitabla bağlı layihə mənə iki dost da qazandırdı: Faiq Bağırov və Rəhman Hacıyev. Onlar tipik yeni azərbaycanlı və Prezident İlham Əliyevin bu gün istiqamətləndirdiyi çox yüksək təhsilli, motivasiya olunmuş vətənpərvər, ölkələrini ehtirasla sevən şəxslərdir.
Franklin Ruzvelt qeyd etmişdir ki, biz gələcəyimizi hər zaman öz gənclərimiz, gələcək nəslimiz üçün qurmalıyıq. Məhz buna görə də Faiq və Rəhman kimi şəxslər həqiqətən də bu nəslin çox bariz nümunələridir.
Növbəti həftələrdə "Media Prima" Bakıda ofis açacaqdır. Burada Faiq Bağırov da sözsüz ki, öz cəhdləri ilə sənədli film çəkmək üçün növbəti layihə həyata keçirəcəkdir. Mən istərdim ki, burada sözsüz ki, cənab Elnur Aslanovu da qeyd edim. Elnur məndə çox böyük etimad və etibar yaratdı. O, üç il ərzində bizimlə çox fəal işlədi. O, sözün həqiqi mənasında centlmendir.
Mən akademik Ramiz Mehdiyevə də dərin minnətdarlığımı bildirirəm. Akademik Mehdiyev bizim üçün ilk növbədə, ona görə qiymətli insan oldu ki, o, həm keçmiş Prezident Heydər Əliyev və eyni zamanda, bugünkü Prezident İlham Əliyevlə çox sıx şəkildə işləyib. Onun ensiklopedik biliyi, Azərbaycanın siyasi tarixini mükəmməl bilməsi bizim kitabın daha müvəffəqiyyətli alınması üçün çox əhəmiyyətli olmuşdur.
Kitabın baş qəhrəmanı Prezident İlham Əliyevdir. Səkkiz il ərzində o və onun hökumətinin səyləri nəticəsində, Azərbaycan bir çox mühüm beynəlxalq reytinqlərdə şəffaflığına, təhsil, səhiyyə, iqtisadiyyat sahələrində qazandığı uğurlara görə əhəmiyyətli dərəcədə yüksək yerlərə nail olmuşdur. Bu səkkiz ildə Prezident və onun komandası ölkənin inkişafının möhkəm təməlini qurmuş, renessans dövrünü açmışdır.
Mən məşhur şəxsiyyətlərin bioqrafiyalarını yazarkən, sənədli filmləri istehsal edərkən bir sıra mühüm, bəzən maraqlı, bəzən qəribə və bəzən də qorxulu xadimlərlə görüşməli olmuşam.
Lakin Azərbaycan Prezidenti ilə görüşüm zamanı mən onu çox xarizmatik, çox gözəl, sakit danışan, həqiqəti sevən və səmimi bir insan kimi qəbul etdim. Onun bu layihənin bir hissəsi olan siyasi opponentləri də İlham Əliyevi akademik biliyi olan, biznes işini, neft sahəsini yaxşı bilən, 2003-cü ildən isə yüksək liderlik bacarığına malik bir şəxsiyyət kimi xarakterizə etdilər.
O, mənə bu görüşlər zamanı demişdir ki, prezidentliyə vəzifəsi kimi baxır. O, özünü milləti, xalqı, ölkəsinin gələcəyi üçün məsul hesab edir. Məhz belə insanlar haqqında ser Uinston Çörçill demişdir ki, liderlər maneələrə, təhlükələrə, təzyiqlərə baxmayaraq öz işini görməlidirlər. Adi bir insan olaraq biz sözsüz ki, ətraf aləmə diqqət yetiririk. Həyat beynəlxalq qüvvə brokeri kimi çox maraqlı bir prosesdir. Lakin mən bu şəxslərlə tez-tez görüşür, onların böyük işlər gördüklərinin şahidi oluram. Onlar hər gün bu işləri istədiklərindən daha yaxşı həyata keçirməyə çalışırlar. Buna görə də Çörçill maneələr və təhlükələr deyərkən qeyd edirdi ki, onlar dəf edilə biləcək amillərdir.
Qeyd etdiyim kimi, İlham Əliyev ölkəyə rəhbərliyi çox gözəl, mühüm sosial və iqtisadi tərəqqi baxımından həyata keçirir. Onun 2003-cü ildən bəri reallaşdırdığı proqramlar milyonlara iş yerləri açmışdır. Düşünürəm ki, bu proqramlar onun nailiyyətlərinin böyük göstəriciləridir. Əminəm ki, qarşıdakı illərdə bu göstəricilər daha böyük olacaqdır.
Düşünürəm ki, Azərbaycanın bir milyondan çox qaçqını və məcburi köçkünü olmasaydı, ölkə 20 ildə daha böyük uğurlara imza atardı. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu problemlərinə lazımi dəstək vermir.
İlham Əliyevin prezidentliyində qurmaq, tikmək, irəliləmək meyilləri çox güclüdür. Bunun nəticəsidir ki, Azərbaycan keçid prosesini vaxtından tez başa çatdırmışdır. Bu prosesdə Prezident İlham Əliyev vaxtdan, resurslardan və insan kapitalından istifadə etməklə çox mühüm bir rol oynamışdır.
Mən Yerevanda səfərdə olarkən sadə insanlarla söhbət zamanı Dağlıq Qarabağın hökumətin təbliğatı olması şərhlərini eşitmişdim. Bu ritorik ifadələr məndə Yerevan barədə çox qeyri-müəyyən təəssürat yaratdı. Bu ölkənin üfüqləri çox qaranlıq və buludludur.
Mən əminəm ki, Azərbaycan Dağlıq Qarabağ problemini də uğurla həll edəcək, sülh şəraitində, aydın səma altında daha da irəliyə gedəcəkdir. Mənim "Media Prima" şirkətim 2012-ci ildə bu kitabı on min nüsxələrlə nəşr edəcəkdir. Bu kitab bütün dünyanın kitab mağazalarında satılacaqdır. Bununla da milyonlarla insan Azərbaycanın tarixi, onun Prezidentinin bioqrafiyası, Dağlıq Qarabağ münaqişəsinin çətinlikləri barədə daha ətraflı məlumat əldə edəcəkdir.
Son səkkiz il ərzində Prezident İlham Əliyev geosiyasi, sosial və iqtisadi çətinliklərə çox müvəffəqiyyətlə sinə gərmişdir.
Müstəqilliyinin 20 ili ərzində Azərbaycan çox möhkəm, güclü və müstəqil bir dövlətə çevrilmişdir.
Mən Prezidentdən soruşdum ki, Azərbaycanın ərazi bütövlüyünün onun həyatı dövründə bərpa ediləcəyinə inanırmı?!. O, cavab verdi ki, həyatım dövründə deyil, prezidentliyim dövründə bərpa olunacaqdır.
Qəti əminəm ki, bu münaqişə tezliklə həllini tapacaq və mən Prezident İlham Əliyevdən Azərbaycanın Şuşa şəhərində, Dağlıq Qarabağda növbəti müsahibəni alacağam.
Çox sağ olun.
***

{nl}

Sonra kitab haqqında film nümayiş olunmuşdur.
***
Bilkənt Universitetinin prezidenti Əli Doğramacı mərasimdə çıxış etdi.

{nl}

Əli Doğramacının çıxışı
- Hörmətli Ramiz müəllim!
Hörmətli dövlət xadimləri!
Hörmətli xanımlar və cənablar!
Mən burada iki təklif vermək istəyirəm. Birinci təklifim bu kitabın Azərbaycan dilinə tərcümə edilməsidir. Kitabın müəllifi Qrem Uilson dünyada tanınmış bir çox dövlət rəhbərlərinin həyatından yazmış bir insandır. Onun kitabları Vaşinqtonda "The Liberary of Congress"də, "Amazon.com"da, müxtəlif yerlərdə hamı tərəfindən oxunur.
O, müxtəlif dövlət xadimləri haqqında kitablar yazmışdır. Belə insanlar dünyanın hər yerində vardır. Belə insanlar Bakı ilə, Azərbaycan Prezidenti ilə tanış olanda nə düşünürlər? Bu fikirləri Azərbaycan xalqının həmin insanların dilindən eşitməsi çox vacibdir. Çünki bir dövlətin daxilində görülən işlər var, bir də beynəlxalq əlaqələr vardır. Bu əlaqələri həyata keçirmək xüsusi məharət tələb edir.
Əgər dünyada bir dövlətin liderini digər dövlətlərdəki insanlar yaxşı tanıyırlarsa, əlaqələrin inkişaf etdirilməsi bütün problemlərə baxmayaraq daha asan olur. Başqaları necə görürlər? Bunu bilmək Azərbaycan xalqının haqqıdır. Başqa xalqların nümayəndələri cənab Prezident haqqında nə düşünürlər? Onların dəyər meyarları nədir? Əlbəttə, bir çoxları deyəcəklər ki, İlham Əliyev alim, tədqiqatçı, müəllim olaraq uğur qazanmış insandır. Amma sovet tankları Bakıya daxil olanda o, Moskvadakı işini davam etdirmədi, sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. Burada da uğur qazandı. Bu amil - bir insanın müxtəlif sahədə uğur əldə etməsi Qərb dünyasında yüksək qiymətləndirilir. Sonra İlham Əliyev dövlət qurumlarında çalışmış və uğurlar əldə etmişdir. Bunun ardınca baş nazirlik, prezidentlik, mükəmməl ailə başçısı olması, mükəmməl bir həyat yoldaşının və uşaqlarının olması gəlir.
Bunlar Prezident İlham Əliyevə verilən dəyərlərdir. Bunları bilmək Azərbaycan xalqının haqqıdır. Ona görə də birinci təklifim bu kitabın Azərbaycan dilinə tərcümə olunmasıdır. Bu kitabın Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümündə və cənab Prezidentin anadan olmasının 50 illiyi ərəfəsində çapdan çıxması xüsusilə əlamətdardır.
Azərbaycanda zəngin enerji ehtiyatları, möhkəm sabitlik və sürətli tərəqqi vardır. Bu üç amili uğurla inkişaf etdirən cənab Prezidentə uzun ömür, cansağlığı, qardaş Azərbaycana əbədi müstəqillik və parlaq gələcək arzu edirəm.
İkinci təklifim, ingilis dilində olacaqdır. Çünki müəllifədir. Ancaq qısa olaraq sizə deyim. Bu kitab dünya miqyasında tanınmalıdır. Bunun üçün rəqəmsal mediada - Amazon-Kindle saytında yerləşdirilməlidir. Cənab Uilson, mən Sizin kitabınızın tərtibindən, məzmunundan çox razıyam. Lakin təklifim vardır. Siz bu kitabı rəqəmsal formatda Amazon-Kindle saytında yerləşdirəsiniz, onu hamı oxuya bilər. Mən sizi bu uğur münasibətilə bir daha təbrik edirəm, cənab Uilson.
Bu iki təklifimi səbirlə dinlədiyinizə görə sizə təşəkkür edirəm.
***
Sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış etdi.

{nl}

Səfir Vladimir Doroxinin çıxışı
- Əziz dostlar!
Mən heç vaxt kitab yazmamışam və bilmirəm ki, bunu necə edirlər. Onu da bilmirəm ki, canlı insan, özü də ölkənin fəaliyyətdə olan Prezidenti haqqında kitabı necə yazırlar? Lakin belə kitabı oxumaq son dərəcə maraqlıdır. Çünki bu kitab Ramiz Ənvər oğlunun dediyi kimi, tarixdə ən başlıca və ən mühüm olan yeni müstəqil dövlətin yaranmasına, artıq mövcud dünya koordinatları sistemində onun təşəkkülünə və bu prosesdə rəhbər şəxsiyyətin roluna həsr olunmuşdur.
Azərbaycanın müasirləri kimi biz özümüz bu prosesin gündəlik şahidləriyik və hətta onun nəbzini duyuruq. Buna görə də müəllifin müşahidələrinin heç birinə laqeyd qala bilmirik. Misal göstərilən hər yeni fakt bizi düşündürür. Belə düşüncələr isə çoxdur.
Azərbaycanın fəaliyyətdə olan Prezidenti haqqında kitab həqiqətən 500 səhifədir. Mən bu kitabı oxumuşam, onun səhifələrinin, demək olar ki, yarısı Prezidentin atası Heydər Əliyevə həsr olunmuşdur. Düşünürəm ki, burada təəccüblü heç nə yoxdur. Yəqin ki, Azərbaycan haqqında hələ neçə belə kitab yazılacaqdır. Bu böyük insanın möhkəm iradəsi və quruculuq keyfiyyətləri olmasaydı, bu ölkə heç vaxt özünü təsdiq edə bilməzdi. Atasının rəhbərliyi altında İlham Əliyevin keçdiyi siyasi və həyati məktəb onun sanballı müasir miqyaslı siyasi xadim kimi formalaşmasında həlledici amil olmuşdur.
İlham Əliyevin müstəqil Azərbaycanın memarının necə varisi olduğunu həyat özü göstərir. Onun rəhbərliyi altında varisliyi qoruyub saxlamaqla ölkənin inkişafına yeni təkan verildi. Bunu demək kifayətdir ki, cari ildə öz dövlət müstəqilliyinin 20 illiyini qeyd etmiş Azərbaycan postsovet məkanında ən yaxşı inkişaf sürəti nümayiş etdirir. Ölkə lap göz önündə dəyişir. Ölkə rəhbərliyi səmərəli işləyən enerji sahəsindən gələn gəlirlərə arxalanaraq qarşıya milli istehsalı ikiqat artırmaq, qeyri-neft sektorunun prioritet inkişafını təmin etmək, insanların həyat keyfiyyətini yaxşılaşdırmaq kimi ambisiyalı vəzifələr qoyur. Gündəlikdə siyasi sistemin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi kimi ciddi məsələlər durur. Ölkə özünəməxsus mədəniyyəti və milli ənənələri qayğı ilə qoruyub saxlayır. Azərbaycan fəal beynəlxalq, mədəniyyətlərarası və konfessiyalararası dialoq meydanına, mühüm mədəni tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Azərbaycan beynəlxalq siyasi həyatın nüfuzlu iştirakçısıdır. Dünya paytaxtlarında onun səsinə qulaq asırlar, BMT Təhlükəsizlik Şurasında ona yer etibar etmişlər. Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti, bütün geosiyasi azimutlarda fəal diplomatiyası beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə ölkənin real töhfəsidir.
Qrem Uilsonun kitabında bütün bunlar barədə zəngin faktoloji material vardır. Kitabın başlıca, çox böyük məziyyətlərindən biri də budur.

{nl}

Rusiya oxucusu kimi mən, əlbəttə, kitabın qəhrəmanının Moskvada yaşadığı illərə həsr olunmuş səhifələri xüsusi həyəcanla oxumuşam. Bu səhifələrdə mənə tanış olan adlar çoxdur. Vaxtilə mənim də tələbəsi olduğum Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimləri, şəxsən tanıdığım başqa adamlar İlham Əliyevə dəqiq xarakteristika verirlər. Gələcək Prezidentin rus dilinə, ruslara hörmətlə yanaşması hiss olunur. Bütün bunlar inandırıcıdır, qəlbi riqqətə gətirir.
Lakin kitabın müəllifi gənc azərbaycanlının Moskvadakı həyatından maraqlı faktları sadəcə toplamır. O, açıq-aşkar gələcək Prezidentin mənəviyyatına, həyat kredosuna və siyasi oriyentasiyasına Rusiyanın təsirini dərk etməyə və qiymətləndirməyə cəhd göstərir. Hər bir tədqiqatçı kimi onu intriqa, Azərbaycanın şimal qonşusu ilə münasibətləri, bu qonşuluqda aşkar görünməyən imkanlar, risklər maraqlandırır. Nəticə mənim üçün aydındır. Şəxsi sovet və Rusiya təcrübəsi İlham Əliyevin müasir Rusiyanı adekvat dərk etməsinin əsasını qoymuşdur. Bu, strateji tərəfdaşlıq formulu üzrə Rusiya ilə münasibətlərin inkişafında Azərbaycanın mövqeyinin başlıca amillərindən biridir. Bu strateji tərəfdaşlığın əsasında bir-birinin suverenliyinə, müstəqilliyinə və milli mənafeyinə, qarşılıqlı faydalı əməkdaşlığa sözsüz əməl edilməsi durur. Rusiyada biz bu kursu yalnız alqışlayırıq və öz tərəfimizdən onu davam etdirməyə hazırıq.
Azərbaycan Prezidenti haqqında kitabın artıq ilk səhifələrində "Qarabağ" sözü diqqəti cəlb edir. Müəllif bu mövzuya dönə-dönə qayıdır, bütöv fəsilləri, hətta ilk baxışda "o mövzuda olmayan" bölmələrdə bir neçə sətri Qarabağ mövzusuna həsr edir. Bu gün də biz müəllifin bu mövzuda emosional təqdimatını dinlədik. Hər şey Azərbaycan cəmiyyətinin həyatında olduğu kimidir: Qarabağ faciəsi həmişə hər yerdə mövcuddur.
Bu baxımdan Q.Uilsonun kitabı Azərbaycanın və bütün regionun inkişafına əngəl olan münaqişəni bir daha xatırladır. Bu, emosional və ciddi xatırlatmadır. Müəllif münaqişənin həlli reseptlərini təklif etmir, bu, heç onun vəzifəsi də deyil. Bu, siyasətçilərin və beynəlxalq birliyin vəzifəsidir. Təkcə onu deyə bilərəm ki, Rusiya vasitəçilərdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə nizama salınması üçün ondan asılı nə varsa, bundan sonra da edəcəkdir.
Müəllif ən son və yeni faktları kitabına daxil edə bilmişdir. Lakin kitab çapa imzalandıqdan sonra Azərbaycanda və onun ətrafında ən azı kitabda göstərilən faktlar qədər diqqətəlayiq hadisələr baş vermişdir. Tarixlə ayaqlaşmaq tədqiqatçı üçün o qədər də asan deyildir. Yəqin ki, bu, siyasətə aiddir.
Q.Uilsonun kitabı sürətlə dəyişən dünyada dinamik inkişaf edən Azərbaycan haqqındadır.
İlham Əliyev öz ölkəsini ağlasığmaz imkanlar, amma həm də əvvəllər mövcud olmayan təhdidlər şəraitində irəli aparır. Rusiya Azərbaycanla uzun əsrlər boyu mehriban qonşu olmuş dost ölkə kimi bu kursun müvəffəqiyyət qazanmasında maraqlıdır. Öz cənub sərhədlərimizdə sabit, sürətlə inkişaf edən, seçdiyi milli yolla inamla irəliləyən demokratik Azərbaycanı görməkdən daha böyük arzumuz yoxdur. Düşünürəm ki, dünyanın bütün digər ölkələri də bunda maraqlıdır.
Gəlin bu yolda İlham Heydər oğluna böyük uğurlar arzulayaq.
***
Sonra ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə çıxış etdi.

{nl}

Mətyu Brayzənin çıxışı
Kitabın hamısını oxumasam da böyük bir hissəsini oxumuşam və bəyənmişəm. Akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, bu nadir kitablardandır. İngilis dilində olan kitab Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini aydın, dəqiq faktlar əsasında əks etdirir. Məhz buna görə deyərdim ki, bu çox mühüm bir kitabdır.
Mənim ən çox xoşuma gələn fəsillərdən biri də Prezidentin məktəb illərindəki, ali təhsil aldığı illərdəki səmimiyyəti və indiki qeyri-adi xüsusiyyətlərinin əks olunduğu fəsildir. İlham Əliyevin dünyanın beynəlxalq əlaqələr üzrə ən nüfuzlu ali məktəbini bitirməsinə baxmayaraq, o, təvazökar, səmimi bir insan kimi qalmışdır. Mənə də onunla tanış olmaq şərəfi qismət olmuşdur. Mən ona hər zaman çox maraqlı bir insan kimi yanaşmışam. Ona görə də deyə bilərəm ki, kitabda yazılanlar reallıqla tam üst-üstə düşür. O əslində adi bir insandır, lakin eyni zamanda çox qeyri-adi bir şəxsiyyətdir. Son 14 illik diplomatik fəaliyyətim dövründə cənab Prezident mənimlə görüşmək üçün hər zaman vaxt tapmışdır. Hələ mən ATƏT-in Minsk qrupunun həmsədri olmamışdan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz bilik və təəssüratlarını mənimlə bölüşmüşdür. Həqiqətən də onun çox zəngin həyat təcrübəsi vardır. Mən iki il sonra onun yaşında olacağam. Düşünürəm ki, onun bu yaşda əldə etdiyi nailiyyətlər hamıya nəsib olmur. Diplomatiyada kifayət qədər təcrübəsi olan Qrem Uilson Azərbaycan barədə bəzi məlumatları qeyd edir. Düşünürəm ki, İlham Əliyevin həyatında bir çox maraqlı faktlar vardır. Bu kitabı açsanız Prezident İlham Əliyev haqqında dəqiq məlumatlar əldə edərsiniz. Bizim çoxumuzun ABŞ-da Azərbaycan barədə, onun neft gəlirlərindən necə istifadə etməsi, yoxsulluğu necə azaltması, iqtisadiyyatı necə gücləndirməsi barədə verdiyimiz proqnozları Prezident İlham Əliyev vaxtından əvvəl həyata keçirmişdir. İlham Əliyevin prezidentliyi dövründə, 2003-cü ildən 2011-ci ilə qədər yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə düşmüşdür. Bu bir təsadüf deyildir, bu sadəcə olaraq düzgün siyasət və güclü təfəkkür hesabına mümkün olmuşdur. 10 il bundan əvvəl Azərbaycanın neft xəstəliyinə, "Holland" sindromuna tutulması proqnozlaşdırılmışdı. Lakin bildiyiniz kimi, onun və inflyasiyanın qarşısı böyük səylər nəticəsində alındı, qlobal maliyyə böhranının Azərbaycana təsiri minimuma endirildi. İqtisadiyyatın dinamik inkişafına nail olundu. Bu, Prezident İlham Əliyevin düzgün siyasət aparmasının nəticəsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəldikdə isə bu, artıq baş vermişdir. Mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı sektorlarının müxtəlif sahələrinin inkişafı və ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Gələn ildən Azərbaycan ilk süni rabitə peykini orbitə buraxacaq. Bu çox böyük nailiyyətdir.
Çox şadam ki, ABŞ şirkəti bu sahədə Azərbaycan ilə əməkdaşlıq edəcəkdir. Sözsüz ki, Azərbaycan Avropa ilə Asiya arasında olan informasiya supermagistral xəttinin mərkəzi olmağa səy göstərir.
Sözsüz ki, nəqliyyat hökumətin sərmayə qoyduğu və çox böyük diqqət yetirdiyi sahədir. Mən və mənim həyat yoldaşımda Azərbaycandakı yollar çox dərin təəssürat yaratmışdır. Təxminən 18 aydır ki, Azərbaycanda olmamışam. Bakıya dönəndə böyük dəyişikliklərin şahidi oldum. Çünki hər şey yeni idi, yeni binalar, yeni körpülər, keçidlər. Bakı mənə tamamilə yeni bir şəhər təsiri bağışladı. Filmdə də gördüyümüz kimi Avropa ilə Asiyanı birləşdirəcək yeni Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilir. Yeni liman və ölkə boyu uzanan magistral avtomobil yolları çox böyük layihələrdir. Asiyanı birləşdirən hava nəqliyyatı yolu, o bizə Əfqanıstanda çox kömək edir, dünya səviyyəli mühüm nəqliyyat mərkəzlərindən birinə çevriləcəkdir. Energetika sahəsində də Azərbaycan çox mühüm strateji liderdir.
Enerji sahəsi Azərbaycanın iqtisadiyyatını, zənginləşməsini, inkişafını və müstəqilliyini təmin edir. Boru kəmərləri Azərbaycanın Avratlantik məkanla, eləcə də Rusiya ilə strateji əməkdaşlığını təmin edir. Bu da öz növbəsində Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə zəmin yaradır.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmaq istərdim. Bu ən ağrılı məsələlərdən biridir. Mən həmsədr olmuşam və öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, cənab İlham Əliyev bu günə qədər də bu məsələdə ədalətli sülhün təmin olunması üçün mübarizə aparır və bu prosesin vacibliyini başa düşür.
Cənab Uilson Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı öz fikirlərini açıqlamışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın ərazi bütövlüyünə nail olacağı barədə onun fikirləri ilə razıyam. İnanıram ki, belə də olacaqdır. Mən təbiətən optimistəm və optimist olaraq qalıram. Tam əsasla deyə bilərəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni bir inkişaf dövrü açılmışdır. Burada söhbət yalnız varlı və zəngin olmaqdan getmir. Bu, dövlətçilik və milli qürur hissidir.
Azərbaycan mənim ölkəm üçün ən vacib strateji tərəfdaşa çevrilir. Azərbaycanda çoxlu xalqlar yaşayır, müxtəlif dinlər var, əhalinin böyük əksəriyyəti müsəlmanlardır.
Azərbaycanda çox böyük tolerantlıq vardır. Ölkədə bazar iqtisadiyyatı inkişaf edir. Azərbaycan bizim üçün çox böyük tərəfdaşdır və bu, təsadüfi deyil. Bu ona görə baş tutmuşdur ki, Azərbaycanda dünya səviyyəli lider vardır. Bu barədə kitabda geniş məlumat verilmişdir.
Çox sağ olun.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında