AMEA Naxçıvan Bölməsində akademik Ziya Bünyadovun 90 illik yubileyi keçirilmişdir

AMEA Naxçıvan Bölməsində Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 illiyinə həsr edilmiş "Müharibə qəhrəmanı - elm fədaisi" mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın görkəmli tarixçi və şərqşünaslarından biri olan Ziya Bünyadovun həyatından, onun İkinci Dünya müharbəsi zamanı göstərdiyi qəhrəmanlığından və elm sahəsində əvəzsiz xidmətlərindən geniş danışmışdır.
Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərlinin, həmin institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin və şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Akademik Ziya Bünyadovun həyat yolu və elmi fəaliyyəti", "Akademik Ziya Bünyadov elm təşkilatçısı kimi", "Akademik Ziya Bünyadovun tərcüməçilik fəaliyyəti" mövzusunda məruzələri dinlənilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Böyük Vətən müharibəsində göstərdiyi igidliklərə görə vzvod, rota və batalyon komandiri kimi Ziya Bünyadov "Döyüş Qırmızı Bayrağı", "Qırmızı Ulduz", "Aleksandr Nevski" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" və s. orden və medallarla təltif olunmuş, fəxri fərmanlar, təşəkkürlər almışdır. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 fevral 1945-ci il tarixli qərarı ilə Visla-Oder əməliyyatında göstərliyi şücaətə görə o, Sovet İttifaqı Qəhrəmanı kimi yüksək və şərəfli ada layiq görülmüşdür.
Bildirilmişdir ki, Ziya Bünyadov 1946-cı ildə ordudan tərxis edildikdən sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuşdur. Sonra həmin institutun aspiranturasını da bitirmiş və 1954-cü ildə "İtaliya imperializmi Afrikada" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi axtarışlarını Azərbaycan Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda davam etdirən Z.Bünyadov 1964-cü ildə "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə monoqrafiya şəklində çap olunan bu əsər Ziya Bünyadovu Azərbaycanın orta əsrlər dövrü tarixinin görkəmli tədqiqatçısı kimi tanıtdırmışdır. Tədbirdə xüsusi olaraq vurğulanmışdır ki, orta əsr ərəb, fars və digər mənbələrin məlumatları əsasında yazılan, Azərbaycanın ərəb istilası ərəfəsində və dövründə sosial-iqtisadi və siyasi həyatını ətraflı əks etdirən bu əsər ərəblərin hakimiyyəti zamanı Azərbaycanın vəziyyətinə dair keçmiş Sovet tarixşünaslığında ilk əsər olmuşdur.
Professor Ziya Bünyadov 1967-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1973-cü ildə isə həqiqi üzvü seçilmişjir. 1981-1986-cı və 1988-1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmış akademik Z.Bünyadov 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti təyin olunmuşdur.
Elmi konfransda, həmçinin qeyd olunmuşdur ki, akademik Ziya Bünyadovun qələmindən çıxan 450-dən çox elmi əsərin hər biri onun geniş erudisiyasını, hədsiz işgüzarlığını və böyük tədqiqatçılıq qabiliyyətini nümayiş etdirir. Görkəmli alimin orta əsr yaşayış məntəqələrinin müəyyənləşdirilməsinə, şəcərə cədvəllərinin dəqiqləşdirilməsinə, Azərbaycanın qonşu ölkələrlə tarixi əlaqələrinə dair mühüm faktların sistemləşdirilməsinə həsr olunmuş yazıları, habelə tibb, seysmologiya və astronomiyaya dair orta əsr ərəb mənbələrindəki məlumatların aşkara çıxarılıb elmə gətirilməsi sahəsindəki səyi gərgin əməyin və ciddi tədqiqatçılıq məharətinin məhsuludur.Tədqiqatçı alim türk, ərəb, fars, rus, gürcü, alban və Qərbi Avropa mənbələrindən geniş istifadə edir, haqqında az məlumat olan yazılı abidələri öyrənirdi. Alimin tədqiqatları təkcə Azərbaycanda deyil, Türkiyədə, Rusiyada, İraqda, Misirdə, Fransada, Orta Asiya respublikalarında və sair yerlərdə nəşr edilmişdir.
Tədbir iştirakçıları elmi konfransın sonunda görkəmli tarixçi və şərqşünas alimin elmi əsərləri və kitablarından ibarət sərgi ilə tanış olmuşlar.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında