Şriftin ölçüsü:
23.12.2011 00:49 | Oxunma sayı: 437
{nl}
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 15 və 16 -da Rusiya Federasiyasının Tatarıstan Respublikasında iki günlük səfərdə olmuşdur.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə "İslam terrorçuluğun əleyhinədir: cəmiyyət və dövlət üçün təhlükə potensialı, ekstremizmə qarşı mübarizə vasitələrinin axtarışı" mövzusunda Ümumrusiya elmi-praktiki konfransında iştirak etmişdir. Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə Şeyxülislam A.Paşazadə konfransın mövzusuna dair əsas məruzə ilə çıxış etmişdir.
Konfrans iştirakçılarına və Tatarıstan xalqına Azərbaycan xalqının və dövlət başçısı Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdıran QMİ sədri A.Paşazadə terrorçuluğun İslamla əlaqələndirilməsinin yolverilməz olduğunu, terrorun müqəddəs dinimizin əxlaqi dəyərlərinə tamamilə zidd olduğunu geniş şərh etmişdir. İslam adından çıxış edən terrorçuların əsl niyyətlərinin heç də İslam dininin ardıcıllarının mənafelərinə xidmət etmək olmadığını vurğulayan Şeyxülislam A.Paşazadə ölkələrimizdə İslam dininin inkişafı üçün şərait yaradıldığını, məscidlərin bərpa və tikintisi yönündə böyük işlərin görüldüyünü, insanların öz mənəvi ehtiyaclarını ödəməkdə sərbəst seçim imkanlarına malik olduqlarını, dini bayramların dövlət səviyyəsində qeyd edildiyini, terrorçuların "din təəssübkeşləri" kimi çıxış etmələrinin öz siyasi ambisiyalarını pərdələmək vasitəsindən başqa bir şey olmadığını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Xalqlarımızın əmin-amanlığı və dövlətçiliyimiz naminə bu məkrli mənəvi təcavüzün, terrorçuluq və ekstremizmin qarşısının alınmasının yalnız dövlət, dini təşkilatlar və ictimaiyyətin birgə səyləri sayəsində gerçəkləşməsi vacibliyinə diqqəti çəkən A.Paşazadə, bunun din xadimlərinin Uca Yaradan və öz xalqları qarşısında müqəddəs vəzifəsi olduğunu xüsusi vurğulamışdır.
Hər zaman olduğu kimi, bu tədbirdə də xitabət kürsüsündən xalqımızın ağrılı Qarabağ problemini səsləndirən Şeyxülislam A.Paşazadə təəssüflə bildirdi ki, dinc insanların həyatına son qoymaqda davam edən Ermənistanın işğalçı qoşunları bu gün də Qafqazda terror mənbəyi olaraq qalmaqdadırlar.
Digər çıxış edənlər Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB Müsəlmanlarının Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadənin məruzəsindəki fikirlərə münasibət bildirmiş, səslənən təklifləri dəstəkləmiş, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Konfrans iştirakçıları tərəfindən belə bir fikir səslənmişdir ki, gələcəkdə MDB məkanında müsəlman dini təhsili üzrə şura yaradılsın və həmin qurum bu sahədə işləri koordinasiya etsin. Şeyxülislam A.Paşazadədən MDB Müsəlmanları Məşvərət Şurasının sədri olaraq bu təklifi nəzərdən keçirmək və reallaşması yönündə səylərini əsirgəməmək xahiş olunmuşdur.
Dekabrın 16-da QMİ sədri Şeyxülislam A.Paşazadəni Tatarıstan Respublikasının Prezidenti Ruslan Minnixanov qəbul etmişdir. Səmimi dostluq şəraitində keçən görüşdə Tatarıstan Respublikasının başçısı nəinki Rusiyada, MDB məkanında, habelə beynəlxalq miqyasda tanınan nüfuzlu din xadimi olan Şeyxülislam A.Paşazadəni tatar torpağında salamlamaqdan şərəf duyduğunu bildirmişdir.
Azərbaycanla Tatarıstan xalqları arasında mənəvi-mədəni tellərlə bağlılığın böyük önəm kəsb etdiyini bildirən Tatarıstan Prezidenti R. Minnixanov hər iki xalqın ağsaqqal liderləri - Heydər Əliyev və Mintimir Şaymiyevin qardaşlıq münasibətlərindən söhbət açmışdır. Bu il Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə görüşündən və Azərbaycanın inkişafı ilə bağlı xoş təəssüratlarını Şeyxülislamla bölüşən R. Minnixanov qarşılıqlı əlaqələrimizin bütün sahələrdə, o cümlədən dini-mənəvi sahədə inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. Dini təhsil alan tələbələrin mübadiləsindən başlayaraq, ənənəvi İslam maarifçiliyi yönündə birgə tədbirlərin təşkilinədək müxtəlif addımların atılmasının xalqlarımız arasında mənən yaxınlaşmaya vəsilə ola biləcəyini diqqətə çatdıran Tatarıstan Prezidenti Şeyxülislam A.Paşazadənin tanınmış dini lider olaraq nüfuz və təcrübəsinə ehtiyac duyulduğunu söyləmişdir. Tatarıstanın yeni müftisinin bu yöndə fəaliyyətinə A.Paşazadə həzrətlərinin ağsaqqal yardımını və MDB Müsəlmanları Məşvərət Şurasının sədri olaraq dəstəyini əsirgəməyəcəyinə əmin olduğunu bildirən prezident R.Minnixanov Tatarıstanda yaşayan azərbaycanlıların dini-mənəvi ehtiyaclarının qarşılanması məqsədilə burada QMİ-nin nümayəndəliyinin açılması ideyasını da alqışlamışdır.
Tatarıstan Prezidenti xüsusi vurğuladı ki, QMİ sədrinin Kazanda keçirilən "İslam terrorçuluğun əleyhinədir" mövzusunda ümumrusiya konfransında yaxından iştirakını və etdiyi dərin məzmunlu çıxışı yüksək dəyərləndirir. O, Şeyxülislam həzrətlərini yeni ildə bir daha Tatarıstana təşrif buyuraraq, Kazana gətirilmiş dünyada ən böyük ölçülü Quran nüsxəsinin təntənəli şəkildə yeni məkana köçürülməsi mərasimində iştirak etməyə dəvət etmişdir.
Dəvəti məmnuniyyətlə qəbul edən Şeyxülislam Allahşükür Paşazadə Tatarıstan Prezidentinə səmimi qəbula və söylədiyi xoşməramlı fikirlərə görə təşəkkürünü bildirmişdir. Dövlət başçımızın salamlarını və xoş arzularını Prezident R.Minnixanova çatdıran Şeyxülislam A.Paşazadə qeyd etmişdir ki, belə qarşılıqlı səfərlər həm Azərbaycanda yaşayan tatarların, həm də Tatarıstanda yaşayan azərbaycanlıların ölkələrimizin həyatına daha fəal şəkildə inteqrasiyasına kömək olur.
Burada Azərbaycan diasporu üçün yaradılan şəraitdən razılığını bildirən A.Paşazadə Tatarıstan rəhbərliyini bu yaxınlarda Azərbaycanda əsaslı yenidənqurmadan sonra Əjdərbəy məscidinin təntənəli açılış mərasiminə dəvət etdi. QMİ sədri Azərbaycanda yaşayan tatarların da ənənəvi ibadət məkanı olan məscidin Azərbaycan prezidenti İlham Əliyevin birbaşa diqqət və yardımı sayəsində möhtəşəm bir kompleksə çevrildiyi barədə Tatarıstan rəhbərinə ətraflı məlumat vermişdir.
Görüşün sonunda Tatarıstan Prezidenti R.Minnixanov bir daha MDB ölkələri arasında dinlərarası dialoqun genişləndirilməsi yönündə, habelə Azərbaycan və Tatarıstan arasında dini-mənəvi əlaqələrin dərinləşdirilməsi işinə şəxsi töhfəsinə görə A.Paşazadəyə dərin minnətdarlığını bildirmişdir.
Sonra Şeyxülislam A.Paşazadə Kazan şəhərindəki Rusiya İslam Universitetinə gəlmiş, bu tanınmış ali dini təhsil müəssisəsinin rəhbərliyi və tələbələri ilə səmimi görüşdən sonra universitetin zəngin kitabxanası ilə tanış olmuşdur. Şeyxülislam A.Paşazadə ilə birgə Cümə namazı qılındıqdan sonra Bakı İslam Universiteti ilə Rusiya İslam Universiteti arasında tələbə və təcrübə mübadiləsi istiqamətində konkret əməli addımlar müzakirə olunmuşdur.
Növbəti görüş Tatarıstanda yaşayan azərbaycanlılarla olmuşdur. Kazanın 1776-cı ilə aid Mərcani məscid kompleksinin konfrans zalında səmimi şəraitdə keçən görüşdə Şeyxülislam Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin salamlarını diasporamızın nümayəndələrinə çatdırmış, Vətənimizdə gedən inkişaf prosesləri ilə yanaşı, dini-mənəvi sahədə görülən işlər barədə onlara ətraflı məlumat vermişdir. Azərbaycanın dövlət rəhbərinin ölkədən kənarda yaşayan azərbaycanlıların qayğı və problemlərinə daim diqqət və qayğı göstərdiyini bildirən Şeyxülislam həzrətləri xaricdə yaşayan soydaşlarımızın mənəvi tələbatlarının ödənilməsi məqsədilə QMİ-nin nümayəndəliklərinin açılma imkanlarını nəzərdə tutan dəyişikliklərin qanunvericilik səviyyəsində həllini tapmasının da dünyanın istənilən bölgəsində yaşayan azərbaycanlıların mənafeləri baxıımından atılmış addım kimi dəyərləndirmişdir.
A.Paşazadə görüş iştirakçısı olan soydaşlarımıza yaşadıqları ölkənin həyatında daima fəal iştirak etməyi, cəmiyyətə inteqrasiyanı yüksək səviyyədə gerçəkləşdirməyi, ölkənin qanunlarına riayət etməyi, Vətənimizi ləyaqətlə təmsil etməklə yanaşı, ikinci vətənlərinin də layiqli vətəndaşı olmağı tövsiyə etmişdir. Hər zaman Uca Allahı xatırlamağı, öz dini dəyərlərinə sadiq olmağı həmvətənlərinə tövsiyə edən Şeyxülislam A.Paşazadə, harada olmağından asılı olmayaraq, hər bir azərbaycanlının Vətənin ağrılı Qarabağ problemini heç zaman unutmamasının vacibliyini bildirmişdir. Şəhidlərimizin ruhlarına dua oxunduqdan sonra Şeyxülislamın adından ehsan süfrəsi açılmışdır.
Azərbaycan-Tatarıstan qardaşlıq əlaqələrinin dini-mənəvi sahədə dərinləşməsinə böyük töhfə verəcək səfər dekabrın 16-da sona çatdı.
{nl}
Rəhimə DADAŞOVA, Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.