Meksika Konqresinin Deputatlar Palatası erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını, xüsusilə də Xocalıda soyqırımı törətməsini kəskin pisləyən qərar qəbul etmişdir

Meksika Konqresinin Deputatlar Palatası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət qərar qəbul etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olmuş qərarın mətnində münaqişənin tarixi haqqında ətraflı məlumat verilərək bildirilir ki, 1987-ci ilin sonlarında, həmçinin Stepanakert kimi tanınan Xankəndidə ermənilərin azərbaycanlılara qarşı hücumları ilə müşayiət olunan Ermənistan-Azərbaycan münaqişəsinin "müasir dövrü" başlanmışdır. 1988-ci və 1989-cu illər ərzində 216 azərbaycanlının öldürülməsi və 1154 nəfərin ağır yaralanması, habelə təqribən 200 min şəxsin kütləvi şəkildə köçürülməsi ilə nəticələnmiş daimi hücumlar baş vermişdir.
1991-ci ilin sonlarında və 1992-ci ilin əvvəllərində Sovet İttifaqının süquta uğraması ilə əlaqədar yaranmış qeyri-sabitliyin nəticəsində Ermənistan və Azərbaycan arasında münaqişə intensivləşərək Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən başlanmış döyüş əməliyyatları ilə hərbi fazaya keçmişdir.
Qərarda erməni silahlı qüvvələri tərəfindən Xocalıda soyqırımı törətməsi qəti şəkildə pislənir. Qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı həyata keçirilmiş misli görünməmiş qətliam baş vermişdir. Bu qətliamda 613 azərbaycanlı öldürülmüşdür. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insan olmuşdur. Bundan əlavə, Xocalının 487 sakini, o cümlədən 76 uşaq şikəst edilmişdir. 26 uşaq hər iki valideynini, 130-u isə valideynlərdən birini itirmişdir. Bu hücum Azərbaycan Respublikasının müxtəlif orqanları və bir çox müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənmişdir.
Sənəddə vurğulanır ki, Xocalı soyqırımından sonra erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı 7 rayonu - Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı işğal etmişlər.
Qeyd olunur ki, Azərbaycan Respublikasının ərazilərində silahlı münaqişə ölkəmizin ərazilərinin təqribən beşdə bir hissəsinin qanunsuz işğal edilməsinə gətirib çıxarmış və doqquz nəfərdən birinin məcburi köçkün və ya qaçqın düşməsinə səbəb olmuşdur. Nəticədə 20 min insan öldürülmüş, 50 mini yaralanmış və ya əlil olmuş, təqribən 5 min nəfərin taleyi isə naməlumdur. Azərbaycanın iqtisadi rayonlarına ciddi ziyan vurulmuşdur. Burada xəstəxanalar, evlər, inzibati binalar, məktəblər, fabriklər, suvarma sistemləri, körpülər, yollar, su və qaz boruları, təminat məntəqələri dağıdılmışdır. Hesablamalara görə, Azərbaycan Respublikasına dəymiş ziyan on milyardlarla ABŞ dolları məbləğində olmuşdur.
Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən 1993-cü ildə erməni qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləyən dörd qətnamə qəbul edilmişdir. Amma buna baxmayaraq, indiyədək bu qətnamələrin tələbləri yerinə yetirilməmişdir. 1994-cü il mayın 12-də tərəflər arasında atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, atəşkəsin Ermənistan tərəfindən pozulması faktları mövcuddur. Azərbaycanın mülki əhalisi hələ də bundan fiziki və mənəvi əziyyət çəkir.
Qəbul edilmiş razılaşma maddəsinin birinci bəndində bildirilir ki, Meksika Konqresinin Deputatlar Palatası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu ərazisinin işğal edilməsini, Azərbaycan Respublikasının əhalisinin, xüsusilə də Xocalı soyqırımı zamanı öldürülməsini, insanlara fiziki zərərin və mənəvi əzabın verilməsini, həmçinin atəşkəs rejimi haqqında tərəflər arasında razılığın pozulması ilə hərbi əməliyyatların yenidən başlanmasından irəli gələnləri pisləyir.
Razılaşma maddəsinin ikinci bəndində isə vurğulanır ki, münaqişənin hələ də həll olunmamış qalması təəssüflə qarşılanır. Meksika Konqresinin Deputatlar Palatası tərəfləri münaqişənin həlli istiqamətində dialoqu davam etdirməyə səsləyir.
Növbəti bənddə Azərbaycan Respublikasında bir milyon qaçqın və məcburi köçkünün olduğunu nəzərə alaraq, ölkədəki humanitar böhran barədə Meksikanın BMT-dəki Daimi Nümayəndəliyi vasitəsilə Meksika Konqresinə hesabatın təqdim edilməsi tövsiyə olunur.
Dördüncü bənddə isə Konqresin Deputatlar Palatası tərəfindən aidiyyəti səlahiyyətləri çərçivəsində Federal İcra Hakimiyyətindən xahiş olunur ki, Ermənistan Respublikasının hökumətini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin yerinə yetirməyə sövq etmək üçün müvafiq hesab etdiyi səylərin göstərilməsi haqqında Meksikanın BMT yanındakı Daimi Nümayəndəliyinə təlimat göndərsin.
Razılaşma maddəsinin sonuncu bəndində Konqresin Deputatlar Palatasının aidiyyəti Federal İcra Hakimiyyətini öz səlahiyyətləri çərçivəsində müvafiq beynəlxalq təşkilatlar yanında Meksika dövləti adından Ermənistan Respublikasına hərbi əməliyyatların və Azərbaycanın mülki vətəndaşlarına qarşı zorakılığın dərhal dayandırılması, Azərbaycan Respublikasının ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılması barədə, həmçinin maraqlı tərəflərə daha böyük münaqişəyə gətirə biləcək və regionda sülhü və təhlükəsizliyi pozacaq hər hansı düşmənçilik, daxili işlərə qarışmaq haqqında müraciət etməyə çağırışı əks olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşdırma maddələrindən ibarət qərar Meksikanın Milli Hərəkat Partiyasının Parlament Qrupunun üzvü, deputat Markos Perez Esker tərəfindən cari il noyabrın 30-da Meksika Konqresinin Deputatlar Palatasının sessiyalar salonunda təqdim edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında