"İlham Əliyev - 8 il hakimiyyətdə" kitabının təqdimatı olmuşdur

Sumqayıtın Tarix Muzeyində "İlham Əliyev - 8 il hakimiyyətdə" kitabının təqdimatı olmuşdur. "Şərq-Qərb" nəşriyyatında çapdan çıxmış kitab Sumqayıt İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının təşəbbüsü və təşkilati dəstəyi ilə nəşr olunmuşdur. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 8 illiyinə həsr olunmuş şəhər elmi-praktiki konfransının materialları yer almışdır. Bu analitik məcmuə mütərəqqi islahatlardan, real nailiyyətlərdən söz açır, ölkənin sürətli inkişafını nümayiş etdirir.
Nəfis tərtibatda çap olunmuş kitaba hər biri iqtisadiyyatın müəyyən sahəsinin, sosial sahənin, bütövlükdə ölkənin həyat fəaliyyətinin inkişafında dövlət başçısının roluna həsr olunmuş 21 mövzu üzrə materiallar daxil edilmişdir. Məqalələrin müəllifləri - dövlət məmurları, Milli Məclisin deputatları, idarə rəhbərləri, Sumqayıt ictimaiyyətinin nümayəndələri sosial-iqtisadi artımın dinamikasından, respublikanın ictimai-siyasi durumundan, makroiqtisadi sabitliyin, regionların sürətli inkişafının parametrlərindən və s. söz açırlar. Həmin materiallar Prezident İlham Əliyevin müvəffəqiyyətlə və davamlı şəkildə həyata keçirdiyi respublikanın hərtərəfli inkişafı modelinin həyatiliyini təsdiq edir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yazdığı ön sözdə deyilir: "İlham Əliyev hakimiyyətdə olduğu 8 il ərzində mümkün olmayanları mümkün etmişdir. Cəmiyyətin bütün sahələrini əhatə edən dinamik və tarixi nailiyyətlər ölkəmizdə adi fəaliyyət norması, dünyada isə unikal təcrübə kimi qəbul edilir. Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış iqtisadi-siyasi model həyatiliyini, səmərəliliyini və aktuallığını parlaq şəkildə nümayiş etdirmişdir".
Təqdimat mərasimində çıxış edən icra hakimiyyətinin başçısı kitabın nəşri ideyasından danışaraq demişdir ki, Prezidentin fəaliyyətinin hər günü öz əhəmiyyətinə görə ölkə həyatında hadisədir, respublikaya rəhbərlik illəri bütöv bir epoxadır. Dövlətimizin başçısı dünya birliyinə inteqrasiyanı genişləndirərək və möhkəmləndirərək qətiyyətli və ardıcıl daxili siyasət yürüdür. Bu gün Azərbaycan qüdrətli, çiçəklənən, sabit dövlət kimi tanınır. Eldar Əzizov tarixi aspektdə kitabın əhəmiyyətindən danışaraq ölkənin nailiyyətlərinin öyrənilməsində və təbliğində onun rolunu xüsusi vurğulamış, dövlətimizin başçısı İlham Əliyevin lap bu günlərdə şəhərə səfəri zamanı çıxışında səslənmiş tezislər üzərində dayanmışdır. O, Prezidentin "Biz Sumqayıtın inkişafına çox böyük diqqət yetiririk... Sumqayıtın memarlıq baxımından gözəl şəhərə çevrilməsinə dair konkret proqramlar artıq həyata keçirilir. Mən bu məsələləri nəzarətdə saxlayıram. Bizim Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi ilə bağlı konkret proqramlarımız, onların realizə edilməsi mexanizmləri vardır və biz bunu edəcəyik!" sözlərinə istinad edərək vurğulamışdır ki, Sumqayıt nəhəng dəyişikliklər ərəfəsindədir. Eldar Əzizov qeyd etmişdir ki, Azərbaycanın təsdiq edilmiş tərəqqisi dünyamiqyaslı fenomenal şəxsiyyət, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış respublikanın inkişafı strategiyasının təntənəsidir.
Şəhər ictimaiyyətinin nümayəndələri təqdimat mərasimində çıxış edərək bildirmişlər ki, ölkənin inkişafına və insanların rifahına müsbət təsir göstərmiş uğurların əldə olunmasına görə hər bir vətəndaşı iftixar hissi bürüyür.
Respublikanın dinamik inkişafından danışarkən onlar şəhərin simasının sürətlə dəyişdiyini vurğulamışlar. Başa çatmaqda olan il sumqayıtlılar üçün təkcə əldə edilmiş nailiyyətlərlə deyil, həm də dövlət başçısının xüsusi diqqəti ilə əlamətdardır. Prezident yola salacağımız ildə iki dəfə Sumqayıtda olmuşdur. Bu, şəhər sakinlərini sevindirir. Prezidentin dekabrın 21-də imzaladığı kimyəvi parkın yaradılmasına vəsaitin ayrılması barədə sərəncamı Sumqayıtı qısa müddətdə müasir sənaye mərkəzinə çevriləcəyinə əlavə təkan verir, ümid və əminlik hissi yaradır.
Kitab haqqında təəssüratlarını Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova da bölüşmüşdür. Dövlətimizin başçısının xidmətlərindən danışarkən o, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra keçilmiş bütün yolu xatırlatmışdır. Xronologiya göstərir ki, İlham Əliyev siyasi və dövlət xadimi kimi mərhələ-mərhələ formalaşmışdır. O, ulu öndərin ideyalarının davamçısı deyildir, onun məktəbini uğurla keçmiş silahdaşıdır. Deputat, həmçinin təqdimatı bu yaxınlarda Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçiliyi Akademiyasında keçirilmiş Ukrayna dilində "İlham Əliyev. Azərbaycan Prezidentinin portreti" kitabı barədə təəssüratını bölüşmüşdür. Ukraynanın siyasi elitasının nümayəndələri Prezidentimizin siyasi xadim və lider kimi qeyri-adi xüsusiyyətlərindən danışmışlar. Elmira Axundova çıxışında dövlətimizin başçısı ilə görüşlərindən aldığı parlaq və unudulmaz təəssüratlar üzərində dayanmışdır.
"İlham Əliyev - 8 il hakimiyyətdə" kitabı sumqayıtlıların dövlətimizin başçısının xidmətlərinə dərin hörmət əlaməti, Prezidentin yubileyi və qarşıdan gələn Yeni il münasibətilə hədiyyəsidir.
Tədbirdə məqalə müəllifləri, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları Hacı Salayev, Leyla Abdullayeva, Muxtar Babayev iştirak etmişlər. Sonda tədbir iştirakçılarına "İlham Əliyev - 8 il hakimiyyətdə" kitabı paylanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında