Şriftin ölçüsü:
21.12.2011 01:27 | Oxunma sayı: 444
Beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər sivilizasiyalar və mədəniyyətlərarası dialoqu getdikcə daha da aktuallaşdırır və zamanın tələbinə çevirir. Eyni zamanda, bu tendensiya özü ilə yanaşı başqa bir zərurəti də formalaşdırır. Belə ki, adıçəkilən proseslə paralel olaraq regional əməkdaşlığa və daha çox eyni kökdən olan xalqların birgə fəaliyyətinə xüsusi önəm verilir.
Biz bunun təsdiqini türkdilli ölkələrin dövlət başçılarının dövri olaraq keçirilən sammitlərində və Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında görürük. Bundan başqa, türkdilli ölkələrin beynəlxalq tədbirlərdə bir-birinin mənafelərini getdikcə daha yaxından müdafiə etməsi də günün reallığıdır. Sevindirici haldır ki, xalqlarımızın ayrı-ayrı ziyalıları da bu prosesə xüsusi töhfələr verirlər.
Bu baxımdan qardaş ölkənin tanınmış qələm sahiblərindən olan professor İsa Kayacanın xidmətləri daha böyükdür. "Dünyanın harasında türk varsa, əlimizi uzatmalı, qucaqlaşmalıyıq" - devizi ilə fəaliyyət göstərən 68 yaşlı professor 127 kitabın müəllifidir. Qardaş ölkənin internet səhifələrində professor İsa Kayacan haqqında verilən məlumatlarda göstərilir ki, öz sağlığında adına küçə və xiyabanlar verilmiş bu görkəmli qələm sahibinin 41 min qəzet və jurnal məqaləsi 3540 ayrı-ayrı mətbuat vasitələrində işıq üzü görüb. Məhz bu statistik göstəricilərə əsasən onun yaradıcılığı "Ginnesin rekordlar kitabı"na təqdim edilib. Yüzdən çox qəzetin köşə yazarı olan İsa Kayacanın yaradıcılığının böyük əksəriyyəti türk xalqlarının tarixinə, mədəniyyətinə, ədəbiyyatına və ayrı-ayrı yaradıcı ziyalılara həsr olunub. Azərbaycanın böyük dostu olan professor ölkəmizdə bir universitetin fəxri doktoru, digər ali məktəbin isə fəxri professorudur. Baş nazir də daxil olmaqla 11 nazirin mətbuat katibi olmuş İsa Kayacanın həmin sahədəki xidmətləri daha yüksək qiymətləndirilmiş, "Şərəf mükafatı"na, "İlin ən yaxşı mətbuat katibi", "İlin ən yaxşı yazısı" və başqa fəxri adlara layiq görülmüşdür.
Professor İsa Kayacanın Azərbaycan ziyalıları, xüsusən, yazıçı-filosoflarımız haqqında qələmə aldığı çoxsaylı elmi-publisistik məqalələrin sırasına və məzmununa diqqət yetirmək kifayətdir ki, onun bizim xalqımıza verdiyi önəmin miqyası barədə təəssürat yaransın. Ancaq hörmətli professorun bizim ziyalılar haqqında qələmə aldığı yazıların statistikasında başqa bir həqiqət də üzə çıxır. Belə ki, onun son üç ildə ən çox söz açdığı azərbaycanlı ziyalı məhz yazıçı filosof Hacı Fərhad Mirzədir. İsa Kayacan müxtəlif vaxtlarda və müxtəlif qəzetlərdə Hacı Fərhad Mirzənin yaradıcılığı, xüsusən, Ankarada işıq üzü görən "Kəlamlar" ("Özdeyişlər") kitabı haqqında əhatəli söz açmış, türkdilli oxuculara bu kitabdan çoxsaylı seçmələr təqdim etmişdir.
İsa Kayacan yazır: "Mənim ünvanıma göndərilən kitabların sayı gündən-günə artır. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara təmsilçiliyinin rəhbəri, professor Xeyrəddin İvginin mənə göndərdiyi bir kitab isə dünyanın əxlaqında və sosial həyatında baş verən geriləmələrin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bu, Azərbaycanlı yazıçı-filosof, Hacı Fərhad Mirzənin Anadolu türkcəsində çap olunmuş "Kəlamlar" kitabı idi. Bu kitab insanın düşüncə imkanlarını artırmaq iqtidarındadır. Oradakı kəlamlar təkcə islam çərçivəsi ilə qapanmır, bəşəri xarakter daşıyır. Hacı Fərhadın kəlamlarının hər biri müasir insanı narahat edən istənilən məsələnin aradan qaldırılması üçün yol göstərə bilir. Orada xalqlar və irqlər arasındakı dialoqun vacibliyini göstərən tezislər, ətraf mühitin qorunması barədə çağırışlar, böhrandan qurtarmağın, münaqişədən çıxmağın, müharibələrin aradan qaldırılmasının yolları barədə dəyərli fikirlər vardır. Hacı Fərhad belə düşünür ki, dünyanı və insanlığı xilas etmək üçün bircə yol var - insanların əxlaqı sağlamlaşdırılmalı, ölkədə haqq, dünyada ədalət bərqərar olunmalıdır".
İsa Kayacan qeyd edir ki, məhz bu məqamları əsas götürərək mən Hacı Fərhad Mirzənin kəlamları haqqında dönə-dönə söz açmış, türk oxucusuna həmin kitabdan çoxsaylı seçmələr təqdim etmişəm.
{nl}
Əlibəy MÜSƏDDİQ
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.