Şriftin ölçüsü:
20.12.2011 01:10 | Oxunma sayı: 493
Son illər erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra vacib və təxirəsalınmaz işlər həyata keçirilir. Uzun illər çadırlarda dözülməz şəraitdə yaşamaq məcburiyyəti qarşısında qalmış məcburi köçkün soydaşlarımız dövlətimizin onlara göstərdiyi hərtərəfli qayğını indi daha çox hiss edirlər.
Təkcə onu demək kifayətdir ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondundan indiyədək 1 milyard manat vəsait ayrılmışdır. Məhz bunun nəticəsidir ki, vaxtilə ölkə ərazisində yaradılmış müvəqqəti çadır şəhərciklərini indi hər cür şəraiti olan yeni qəsəbələr əvəz etmişdir. Həmin qəsəbələrdə yaşayan soydaşlarımızın sosial qayğıları dövlətimizin daimi diqqət mərkəzindədir. Hazırda bu qəsəbələrdə lazımi sosial infrastruktur yaradılır, məcburi köçkünlərin qaz, işıq və içməli su ilə təminatı yaxşılaşdırılır.
Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbənin içməli su təchizatı layihəsi üzrə nəzərdə tutulmuş işlərin vaxtında başa çatdırılması da məhz dövlətimizin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu münasibətlə keçirilən tədbiri Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə daim diqqət yetirdiyini, bu ərazidə məskunlaşmış Cəbrayıl sakinləri ilə keçirdiyi tarixi görüşü minnətdarlıqla xatırlatdı. Qeyd olundu ki, Cəbrayıl sakinləri ulu öndərin layiqli varisi, ölkə Prezidenti İlham Əliyevin 2003-cü il prezident seçkiləri öncəsi ilk görüşünün məhz burada keçirməsini heç zaman unutmayacaqlar.
Bütün bunların qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının parlaq təzahürü olduğunu diqqətə çatdıran M. Quliyev son zamanlar salınmış yeni qəsəbələrdə yaradılan şəraitə, eləcə də sakinləri ən çox narahat edən içməli su probleminin aradan qaldırılmasına göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirdi. Eyni zamanda, o bu layihəni vaxtında reallaşdırmağa müvəffəq olmuş "Azərsu" ASC-nin kollektivinə Cəbrayıl sakinlərinin təşəkkürünü çatdırdı.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mühüm quruculuq işlərinin aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, hazırda ölkənin hər yerində sosial infrastruktur layihələri həyata keçirilir ki, bundan da əsas məqsəd vətəndaşların firavan həyat şəraitinin təmin olunmasından ibarətdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında bununla bağlı nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsinin də dövlət başçısının əhalinin sosial qayğılarını daim nəzarətdə saxladığının məntiqi nəticəsi olduğunu bildirən Q. Hüseynov qeyd etdi ki, ölkə Prezidenti vətəndaşlarımızı keyfiyyətli içməli su ilə fasiləsiz təminatını "Azərsu" ASC-nin qarşısında konkret bir vəzifə kimi qoymuşdur. Dövlət başçısının hərtərəfli diqqət və qayğısı sayəsində hazırda həmin vəzifə uğurla həyata keçirilir. Belə ki, 2011-ci ilin dövlət büdcəsinə edilmiş əlavə və düzəlişlərdən sonra ölkənin 11 rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı kifayət qədər maliyyə vəsaiti ayrılmışdır. Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbənin içməli su təchizatı sisteminin istifadəyə verilməsi də məhz Prezident İlham Əliyevin xüsusi göstərişi ilə ayrılmış əlavə dövlət vəsaiti hesabına mümkün olmuşdur.
Mərasimdə iştirak edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirdi ki, ulu öndər Heydər Əliyev erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən qaçqın və məcburi köçkün düşmüş soydaşlarımıza daim diqqət və qayğı göstərir, onların üzləşdikləri bütün sosial problemlərin həllinə çalışırdı. Təsadüfi deyil ki, ümummilli liderimiz xalqımızın təbii sərvəti olan neftdən əldə olunan ilk gəlirlərin bir hissəsinin məhz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi ilə bağlı tarixi qərar qəbul etmişdir. Həmin vəsait hesabına Azərbaycanda çadır şəhərciklərinin ləğvinə başlanıldı.
Bu nəcib işlərin Azərbaycanın indiki rəhbəri İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırıldığını vurğulayan Ə. Həsənov bildirdi ki, son illər dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində köçkün soydaşlarımızın həyat səviyyəsi getdikcə yaxşılaşdırılır, onların bütün sosial qayğıları həll olunur. Əli Həsənov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırmaqla yanaşı, yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın tapdalanmış hüquqlarının bərpası, onların öz dədə-baba yurdlarına qayıtmalarını təmin etmək məqsədilə torpaqlarımızın işğaldan azad olunması üçün məqsədyönlü işlərin həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, Azərbaycanın dövlət başçısının apardığı gərgin və məqsədyönlü fəaliyyətin nəticəsidir ki, artıq bütün dünya ölkəmizin haqlı mövqeyini getdikcə daha çox müdafiə edir, təcavüzkarı öz adı ilə tanımağa başlayır. Bu da ümid verir ki, soydaşlarımız yaxın vaxtlarda öz doğma və əzəli torpaqlarına qayıdacaqlar.
Tədbirdə çıxış edən Cəbrayıl sakinləri onlara yaradılmış hərtərəfli şəraitə, yeni qəsəbələrə içməli suyun verilməsinə görə, ölkə Prezidenti İlham Əliyevə, eləcə də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Azərsu" ASC-nin rəhbərliklərinə dərin minnətdarlıqlarını bildirdilər. Yeni su sisteminin istifadəyə verilməsini bu yerlərdə həyatın daha da canlanmasına səbəb olacağını vurğulayan məcburi köçkünlər işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə inandıqlarını bildirdilər.
Sonra qəsəbələrin içməli su təchizatı sisteminin işə salınmasını bildirən rəmzi düymə basıldı.
Xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2008-2015-ci illərdə Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı"nın tərkib hissəsi olan Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə bu ilin may ayında başlanılmışdır. Layihəyə uyğun olaraq bu qəsəbələrdə yaşayan məcburi köçkünlərin içməli su təminatının əsaslı şəkildə yaxşılaşdırılması üçün 12 kilometrə yaxın magistral, 89 kilometr uzunluğunda qəsəbədaxili su xətləri çəkilmiş, 2602 mənzilin və inzibati binanın su sisteminə qoşulması təmin edilmişdir.
Dayanıqlı su təchizatının aparılması üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, nasosxana inşa edilmiş, 18 ədəd nasos və 6 ədəd 63 KVT-lıq transformator quraşdırılmışdır. Hər bir qəsəbə üçün isə ayrılıqda su anbarının inşası qismən özüaxımlı su təchizatının yaradılmasına və əlavə ehtiyatın toplanmasına imkan verir. Yeri gəlmişkən onu da qeyd edək ki, qəsəbələrin keyfiyyətli içməli su ilə təminatı məqsədilə ərazidə 14 subartezian quyusu qazılmışdır. Quyu zonasında ümümi tutumu 4 min kubmetr olan iki anbar və xlorator qurğusu quraşdırılmışdır. Layihənin icrası nəticəsində 6 qəsəbədə 12 minə yaxın məcburi köçkünün içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin su təchizatı sisteminin istifadəyə verilməsi mərasimində Milli Məclisin deputatları Astan Şahverdiyev və Ayaz Orucov iştirak edirdilər.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.