Ermənistanda isə sosial-iqtisadi, ictimai-siyasi vəziyyət ağırlaşır, ordu cinayətkar quruma çevrilir
Son illər dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Həyata keçirilən düzgün siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı ötən 8 il ərzində 3, dövlət büdcəsi isə 20 dəfə artaraq, 21 milyard dollara çatmışdır. Bütün bunlara paralel olaraq, Azərbaycanın hərbi potensialının güclənməsi, son 8 ildə hərbi xərclərin həcminin 25 dəfə artması və büdcədən hərbi sahəyə ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsini 1,5 dəfə geridə qoyması düşmən ölkədə və dünyadakı ermənipərəst qüvvələrdə təşviş yaratmışdır.
Rusiyadakı bəzi üzdəniraq ekspertlərin mediaya verdiyi sərsəm açıqlamalarda Azərbaycandakı vəziyyətlə Ermənistanda gərginləşən sosial-iqtisadi, ictimai-siyasi vəziyyət eyniləşdirilməyə çalışılır, iqtisadi, hərbi cəhətdən qüdrətlənən ölkəmizdə əldə edilən böyük nailiyyətlərə qarşı açıq şəkildə qısqanclıq duyulur. Əslində, həmin üzdəniraq ekspertlərə ən yaxşı cavabı elə Rusiya Federasiyasının ürəyində - Moskvada dünyaca məşhur şanson ifaçısı, Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur verib. Ermənistanla bağlı sərt tənqidi fikirlər səsləndirən Şarl Aznavur Moskvada verəcəyi konsert ərəfəsində "Life Showbiz" informasiya portalının suallarını cavablandıraraq deyib: "İndi mənim ölkəmdə daxili soyqırımı baş verir. Bu, siyasi baxımdan yolverilməzdir. Ermənistan hökuməti ölkənin nəfəs almasına imkan vermir, ölkəni gənclərdən məhrum edir. Gənclər Ermənistanı tərk edir. Odur ki, artıq söhbət siyasi yox, ümumbəşəri problemdən gedir. O, təcili olaraq həll olunmalıdır!" Bu, dünyaca məşhur şanson ifaçısı və Ermənistanın diplomatik korpusuna daxil edilmiş bir şəxsin böhran "dənizi"ndə batan ölkəsi üçün "sos" siqnalıdır və onun fikirləri əsaslı arqumentlərə söykənir. Belə ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqini tapmış məlumatlara əsasən, 1990-cı ilin əvvəllərindən bugünədək Ermənistanı ən azı 1 milyon 300 min erməni tərk edib. Son dövrlər isə ölkədən kütləvi şəkildə qaçma halları daha da artıb. 2009-cu illə müqayisədə Ermənistandan əcnəbi ölkələrə pənah aparanların sayı azı üç dəfə artıb. Sosial-iqtisadi vəziyyətin gündən-günə ağırlaşması insanların gələcəyə ümidinin itməsi ilə nəticələnib. Bu fikirləri səsləndirən "İRS" partiyasının katibi K.Okopyan belə hesab edir ki, bu gedişlə, Ermənistandan əcnəbi ölkələrə mühacirət daha kütləvi şəkil alacaq. Gedənlər isə geri qayıtmaq barədə qətiyyən düşünmürlər. Buna görə, iqtidar bir də baxıb görəcək ki, ölkədə özündən və ətrafındakı acgöz oliqarxlardan başqa kimsə qalmayıb.
Ermənistan mətbuatının yazdığına görə, ölkədə əksər ərzaq məhsullarının qiymətləri hər il ən azı 40-50 faiz bahalaşır. İnsanların gündəlik gəliri isə ən yaxşı halda 2 dollara bərabər hesablanır. Statistik məlumatlara əsasən, ölkədə 4-5 nəfərlik bir ailənin orta aylıq gəliri cəmi 62 dollar təşkil edir. Bahalaşan ərzaq məhsulları fonunda bu məbləğ bir ailənin ancaq quru çörəyinə bəs edər. Elə buna görə də hər il iqtisadi böhrandan qurtulmaq üçün çıxış yolu tapa bilməyən 70 mindən artıq erməni vətəni tərk etmək məcburiyyətində qalır. Hazırda Ermənistanda yaşayan ailələrinin 40 faizi isə bu ölkədə öz gələcəyini görmür.
İqtisadi böhranla yanaşı ölkədə işsizlik də hökm sürür. Tənəzzüllə bağlı olaraq ölkədə zavod və fabriklər işləmir, bir sıra müəssisələr zərərlə işlədiyinə görə bağlanıb. İqtisadi böhran, işsizlik və kütləvi köç halları ölkəni demoqrafik problemlə də qarşı-qarşıya qoyub. Dilənçi vəziyyətində yaşayan erməni ailəsi dünyaya uşaq gətirmək istəmir. Aparılan sorğu sübut etmişdir ki, erməni ailələrinin 68 faizi ikinci uşağın dünyaya gəlməsini arzulamır. Yalnız 16 faiz ikinci uşağın doğulmasına müsbət yanaşır. Erməni hökuməti məsələnin ciddiliyini anladığı üçün, guya "qabaqlayıcı" tədbirlər görməyə başlayıb. Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya departamentinin rəhbəri Vanik Babacanyan mətbuat konfranslarının birində uşaqlı ailələrə yardım məqsədi ilə hökumətin 4,675 milyard dram (12,6 milyon dollar) ayırdığını bəyan edib. Departamentin başçısı çıxışında bu vəsaitin iqtisadi böhran içərisində boğulan bir ölkədə çoxuşaqlı ailələr üçün heç də kifayət etmədiyini, lazım olduğundan xeyli az olduğunu etiraf etməyə məcbur olub.
Demoqrafiya üzrə ekspertlər Ermənistanda həyat şəraitinə görə əhalinin azalma meylinin ölkə üçün ciddi təhlükə olması barədə həyəcan siqnalı çalmağa başlayıblar. Onlar həyat tərzinin bir neçə il belə davam edəcəyi təqdirdə ölkənin problemlərlə qarşılaşacağını bəyan ediblər. Erməni ekspertlər Ermənistanda uşaqların 41, 4 faizinin yoxsulluq içində yaşadığını da qeyd ediblər. 300 mindən çox uşaq, yəni 3, 7 faizi hətta yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu uşaqlardan 27 mini həddən artıq yoxsulluq şəraitindədir. "Azg" qəzetinin yazdığına görə, YUNİSEF uşaq yoxsulluğunun azaldılması üçün Ermənistan hökumətini fövqəladə tədbirlərə əl atmağa çağırır. Hazırda Ermənistanda yoxsul ailələrin ancaq 67 faizi, çox yoxsul ailələrin isə 26 faizi dövlətdən sosial yardım ala bilir. Ancaq korrupsiyaya qurşanmış məmurlar bəzən bu vəsaitləri də mənimsəyərək həmin ailələrə çatdırmırlar.
Yeri gəlmişkən, Ermənistan hökumətinin rəhbəri Tiqran Sarkisyanın adı artıq korrupsiya qalmaqalında hallandırılır. Sarkisyan və qardaşı milyonlarla dollarlıq korrupsiyada ittiham edilir. Bu iddia ilə bir zaman "Razmavar-Azatakan" partiyasının sədri vəzifəsini tutmuş Arutyun Arakelyan çıxış edib. Konkret olaraq o, bununla bağlı Ermənistan parlamentinin sədri Aqvan Ovsepyan və milli təhlükəsizlik xidmətinin direktoru Qorik Akopyana məktub ünvanlayıb. Arakelyanın sözlərinə görə, Tiqran Sarkisyan vəzifəsindən istifadə edərək dövlətə məxsus xlor istehsalı ilə məşğul olan "Nairit" zavodunun səhmlərinin 90 faizini offşor zonada qeydiyyatdan keçmiş, sahibləri naməlum "Raynoville Property Limited" şirkətinə bağışlayıb. Həmin vaxt Tiqran Sarkisyan Ermənistan Mərkəzi Bankının sədri vəzifəsini tutub və bağışlanma sənədini özü imzalayıb. Daha sonra nizamnamə kapitalı 20 min dollar olan "Raynovil Properti Limited" şirkəti "Nairit" zavodunun səhmlərinin 90 faizini girov qoyaraq Ermənistan Mərkəzi Bankından 70 milyon dollar kredit götürüb. Həmin pulun yalnız 39 milyon dolları Ermənistan büdcəsinə qayıdıb, qalan puldan isə xəbər yoxdur. Maraqlıdır ki, həmin vaxt şirkətə Fransa vətəndaşı Andre Narsisyan rəhbərlik edib və o, 2006-cı ildə naməlum səbəblər üzündən Fransada dünyasını dəyişib. Erməni ekspertlər bunun kriminallaşmış Ermənistan hakimiyyətinin əməli olduğunu iddia edirlər.
Ermənistanın daxilində də cinayət halları artıb. Rusiyalı ekspertlərin hazırladığı armenia.ru saytının yaydığı məlumatlara görə, cari ilin yanvar-oktyabr aylarında Ermənistanda törədilən cinayətlərin sayı 13 min 609 fakt təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6 faiz çoxdur. Ən çox qanun pozuntusu (6 min 956) İrəvanda qeydə alınıb. Bu da ötənilki göstəricidən 12,6 faiz çoxdur. Ümumi qanun pozuntularından təxminən 2 min 880-i şəxsiyyətə qarşı cinayətlər (qətl, qətlə cəhd, sağlamlığa zərər və s.) olub. 2 min 800 fakt isə ictimai asayiş və təhlükəsizliyə təhlükə törədən cinayətlər (banditizm, yol hərəkəti qaydalarının pozulması və s.) olub. Digər tərəfdən, hesabat dövründə ölkədə mülkiyyətə qarşı təxminən 5 min cinayət faktı qeydə alınıb. İqtisadi fəaliyyətə qarşı törədilən cinayət hadisələrinin sayı 3 mindən çox, dövlət hakimiyyəti əleyhinə cinayətlərin sayı isə 1880 fakt təşkil edib.
Düşmən ölkənin ordusunda da kriminal vəziyyət hər il daha da pisləşir. Belə ki, 2010-cu ildə cəmi 54 nəfər erməni əsgəri qeyri-döyüş şəraitində öldürülmüşdüsə, bu ilin 10 ayı ərzində həmin rəqəm 100-ü keçmişdir. Orduda "dedovşina", təcavüz, fərarilik halları baş alıb gedir. İşğal olunmuş Azərbaycan ərazilərindəki erməni birləşmələrində vəziyyət daha da pisdir. Alınan məlumatlara görə, burada fərariliyin sayı o qədər artıb ki, hərbi polis cəbhə xəttinə yaxın ərazilərdə xüsusi gözətçi məntəqələri qurub. Qısa zaman ərzində onlarla postu atıb qaçmağa çalışan erməni əsgəri yaxalanaraq hərbi hissəyə geri qaytarılıb. Ermənistan mətbuatının yazdığına görə həmin əsgərlər burada döyülür və hətta yerli qarabağlı komandir heyəti tərəfindən təcavüzə məruz qalırlar. 2004-cü ildən bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilirlər.
Ordudakı əsgər və zabitlər arasında psixoloji vəziyyət o qədər gərgindir ki, problemlərin həlli yollarını artıq vəkillər təklif etməyə başlayıblar. İrəvanda keçirdiyi mətbuat konfransında vəkil Vaqe Qriqoryan iddia edib ki, Ermənistan ordusundakı biabırçılıqların, əsgərlərin bir-birlərini güllələmələrinin, zabitlərin əsgərlərə işgəncə etməsinin və nəhayət, hərbi hissələrdə zorlamaların qarşısını almaq mümkündür. O, Ermənistan ordusuna qadınların çağırılmasının çox böyük müsbət təsir göstərəcəyinə şübhə etmir. Bu zaman həm çağırışçılar kifayət qədər çox olar və erməni ordusu çağırışçı problemindən qurtular, həm də xidmətə maraq artar. Qriqoryanın bu təklifi də Ermənistan ordusunun necə biabırçı vəziyyətdə olduğunu göstərir.
Bu il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə İrəvanda keçirilən hərbi parad da bir daha Ermənistan cəmiyyətinin və silahlı qüvvələrinin acınacaqlı durumunu açıq nümayiş etdirdi. Təşkil olunan bu şouda ordunun hərbi sursatının və texniki təchizatın acınacaqlı vəziyyətdə olduğu növbəti dəfə üzə çıxdı. Bundan başqa, Ermənistanın Rusiyanın regiondakı forpostu olması da növbəti dəfə açıq-aşkar ortaya çıxdı. Rusiyanın Gümrüdəki hərbi bazasında xidmət edən hərbçilərin paradda federasiyanın bayrağı altında keçməsi, paradı qəbul edən müdafiə naziri Seyran Ohanyanın rus hərbçilərini onların öz dilində salamlaması ölkənin Rusiyanın forpostu olduğunun açıq şəkildə dünyaya bəyan edilməsi demək idi. Təsadüfi deyil ki, Ermənistanın birinci kanalı yayımladığı reportajda "militari-şou"nu şərəfsizlik paradı adlandırmışdı.
Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçirilən təntənəli hərbi paradı isə nəinki biz, dünyada yaşayan bütün azərbaycanlılar fəxrlə izlədi. Burada nümayiş etdirilən Azərbaycan hərbi sənayesinin istehsalı olan hərbi texnika və müasir silah-sursatlar isə daha çox diqqəti cəlb etdi. Bütün bunlara rəğmən qərəzli müqayisələr aparmağa çalışan Rusiyadakı ermənipərəst ekspertlərə digər bir cavabı isə ABŞ-ın ən nüfuzlu mətbu orqanı olan "Vaşinqton Tayms" qəzeti verib. Xatırlayırsınızsa, ötən aylarda qəzetdə dərc olunan bir məqalədə eynilə bu sözlər yazılmışdı "...Gündən-günə çiçəklənib, həyatın bütün sahələrində böyük uğurlar qazanan qonşu Azərbaycana təcavüz nəticəsində Ermənistan özünü bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən təcrid vəziyyətinə salıb. Bu, ölkənin iqtisadi cəhətdən çökməsi ilə nəticələnə bilər". Görünən odur ki, "Vaşinqton Tayms" qəzetinin proqnozu artıq özünü doğruldur. Ekspertlərin hesablamalarına görə, 2012-ci ildə Ermənistanı ağır sınaq gözləyir. Ölkənin defolt təhlükəsi ilə üz-üzə qalma ehtimalı xeyli yüksəkdir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.