Xəbər verdiyimiz kimi, təbiət həvəskarı, ekstrasens-entuziast Faiq Allahyarov bu il sentyabrın 2-də "Azərbaycanı tanıtma" devizi altında Şərq ölkələrinə vilosipedlə səyahətə çıxmışdı. Soydaşımızın 3 ay ərzində İran-Naxçıvan-Türkiyə və Gürcüstandan keçən 7 min kilometrlik səfəri, bu ölkələrin müqəddəs və tarixi yerlərini ziyarəti onun bu günlərdə - ümummilli lider Heydər Əliyevin anım gününə gəlib çatması ilə başa çatmışdır.
Faiq Allahyarovla redaksiyamızda görüşdük, müasir dövr üçün səciyyəvi olmayan belə çətin, sürprizlərlə dolu səyahətin təəssüratını bölüşdük. Yeri gəlmişkən deyək ki, səfər müddətində redaksiyamız həmvətənimizlə sıx əlaqə saxlamış, bu layihəyə informasiya dəstəyi vermişdir. Günümüzün səyyah-qəhrəmanı səfərinin məramını, keçdiyi yolun ən mühüm epizodlarını belə açıqladı:
- Gəncliyimdən gəzməyə, səyahətə xüsusi həvəsim var. SSRİ zamanında o böyük ölkədə çox yerləri dolaşmış, Şimala qədər gedib çıxmışam. Görünür, bu, mənim ixtisasca geoloq olmağımdan əlavə, həm də təbiətə hədsiz marağımdan, təbiət hadisələrinin və təbii abidələrin yaranma səbəblərini öyrənmək ehtiyacımdan irəli gəlir. Qobustanda, Xəzərkənarı, dağlıq və meşəlik ərazilərdə çox oluram. Hər il avqust ayında Böyük Qafqazın Balakən səmtində dağ zirvələrinə qalxır, nadir dərman otları toplayıram. Səyahətlər mənə ruhi-mənəvi zənginlik, xeyirxahlıq duyğuları, şəfakarlıq gücü gətirir. Müsəlman aləminin müqəddəs və tarixi yerlərini ziyarət etmək də çoxdankı arzum idi. Bu il 60 yaşımın tamamında ilahi bir çağırışla belə bir səfərə çıxmağım qəlbimdə qarşısıalınmaz bir hökmə çevrildi.
Çoxları mənə nəqliyyatla, turist, yaxud zəvvar qrupları ilə səyahət etməyi məsləhət gördü. Daxilimdən gələn bir səs isə məni tək-tənha, əcdadlarımız kimi kənd-kənd, şəhər-şəhər keçib getməyə, hər mənzildə soydaşlarımızla, dindaşlarımızla canlı ünsiyyətdə olmağa səsləyirdi. Məqsədim olduğum hər yerdə Azərbaycan barədə məlumat vermək, nəsə bir iz qoymaq, müsəlman qardaşlarımızın diqqətini Dağlıq Qarabağ məsələsində ölkəmizə qarşı ədalətsiz münasibətə yönəltmək idi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanı tanıtmaqla bağlı misilsiz fəaliyyəti hər bir azərbaycanlı üçün örnəkdir və hər birimiz bu sahədə bacardığımızı etməliyik. Sentyabrın 2-də səfərimə də ulu öndərin Fəxri Xiyabanda məzarını və Şəhidlər Xiyabanını ziyarət etməklə başladım. 4 günə İran sərhədinə çatıb, Biləsuvardan Vətənimizin o tayına keçdim. Bəri başdan deyim ki, Cənubi Azərbaycanda ötdüyüm hər qarış, hər məntəqə ruhuma hədsiz rahatlıq, sevgi gətirdi. Hər yerdə soydaşlarımızın isti münasibətini, köməyini hiss etdim.
Germi şəhərindən ötüb Ərdəbilə çatdım. Bu qədim şəhərdə tarixi Şeyx Səfi kompleksini ziyarət etdim. Astarada, Ənzəlidə, Təbrizdə, Səlmasda, Urmiyada, Xoyda da soydaşlarımızla çoxsaylı görüşlərimiz, təmaslarımız oldu. İki əsr ayrı salınmağımız, sovet dövründə get-gəlin kəsilməsi böyük fərqlər, bir-birimizə sonsuz həsrət yaradıb. İndi qapılar açılsa da, hər gün o tay- bu taya yüzlərlə qardaş-bacımız keçsə də, yenə bu həsrət azalmır. Mənim səyyah, zəvvar kimi səfərə çıxmağım isə xüsusi maraq doğururdu, harada dayansam, başıma çoxlu adam toplaşırdı. Hətta yol boyu da maşınlar yanımdan sayğı ilə keçir, içindəkilər mənə əl edirdilər.
Səyyah daha sonra bildirdi:
- Rəştdən, Qəzvindən, Tehrandan ötməklə 20 günə İranın ən böyük ziyarətgahı olan Məşhəddəki İmam Rza kompleksinə çatdım. Buradakı misilsiz ehtişama qovuşub, İslam müqəddəsləri, şəhidlərimiz üçün rəhmət duaları oxudum. Vətənimizə bəlalardan nicat dilədim. Böyük dini mərkəz olan Qumda, Kirmanşəhrdə, Qərimsarda, Qəsri-Şirində də müqəddəs və tarixi yerləri ziyarət etdim.
Səfərə çıxanda məqsədim İraqda Kərbəlanı ziyarət edib, Suriyadan Səudiyyə Ərəbistanına keçmək, Mədinə və Məkkəyə yetişmək, Qurban bayramını burada qeyd etmək idi. Təəssüf ki, İraqdakı və Suriyadakı qarışıqlığa görə Xosrovidə İran - İraq sərhəd keçidində təhlükəsizliyimə təminat verilmədi və yarımçıq geriyə dönməli oldum.
Əks istiqamətdə Cənubi Azərbaycandan Naxçıvana gəlib burada Nuh peyğəmbərin məzarını və Əshabi-Kəhf kompleksini ziyarət etdim. Hər iki ziyarətgahda aparılmış abadlıq, eləcə də Naxçıvandakı yüksəliş qəlbimdə xoş duyğular yaratdı.
Sədərəkdən qardaş Türkiyəyə daxil olub İqdır və Qars vilayətlərində görüşlər keçirdim. İqdırdakı soyqırımı abidəsini ziyarət edib, erməni vəhşilərinin qətlə yetirdiyi türk şəhidlərinin ruhuna rəhmət dilədim, düşmənin qanlı əməllərini lənətlədim. Nəhayət, Gürcüstanda soydaşlarımızın yaşadığı bölgələrdən keçib, Balakəndən doğma Azərbaycana qayıtdım. Dekabrın 12-də Bakıda Heydər Əliyevin məzarını ziyarət etməklə, səfərimi ulu öndərin ruhuna ehtiram və hesabat olaraq başa vurdum.
- Mənə elə gəlir ki, ölkəmizi tanıtmaq, soydaşlarımız və dindaşlarımızla sıx təmasda olmaq üçün belə səyahətlərin özünəməxsus rolu var. İranda, Türkiyədə əhali ilə yanaşı, media təmsilçiləri də səfərimə böyük maraq göstərirdilər. Verdiyim müsahibələrdə Azərbaycandan söz açır, xeyirxah insanları ölkəmizin haqq işinə dəstək verməyə çağırırdım. Bu səfər məni cismən də, ruhən də cavanlaşdırdı, möhkəmləndirdi. Bütövlükdə, səyahətim İslam aləminin bir hissəsini ziyarətim oldu. Mənə bu səfəri uğurla başa vurmaqda yardımçı olmuş hər kəsə, daim əlaqədə olduğum, marşrutumu nəzarətdə saxlayan "Xalq qəzeti" redaksiyasına dərin minnətdarlığımı bildirirəm.
{nl}
Qələmə aldı: Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.