Şriftin ölçüsü:
18.12.2011 01:34 | Oxunma sayı: 1142
İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının çətin və əhalinin yaşayışı üçün ən vacib sahəsi heyvandarlıq sayılır. Ona görə bu sahə dövlətin daimi diqqət mərkəzindədir. Bununla belə, ölkəmizdə heyvandarlıq uzun illər geri qalmışdır. 1950 - 1960-cı illərdə mal-qaranın məhsuldarlığı göstəricisinə görə Azərbaycan İttifaq respublikaları arasında axırıncı yeri tuturdu. Məlum olduğu kimi, bu geriliyin başlıca səbəbi yem bazasının zəif inkişaf etməsi ilə bağlı idi.
1960-cı ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun (AzETHİ) aspiranturasına qəbul olunduğum zaman Moskvadakı elmi rəhbərim dövlət mükafatı laureatı, professor A.Zubrilinin (ÜETHİ) məsləhəti ilə Azərbaycan şəraitində soluxdurulmuş yaşıl otun konservləşdirilməsi üsullarının öyrənilməsi üzrə tədqiqat işləri aparmağa başladım. 1960-1962-ci illərdə bu sahədə respublikanın müxtəlif rayonlarında geniş elmi-tədqiqat işləri apardım və nəticədə alınmış yeni yem növü olan senajın hazırlanmasının dəqiq texnologiyasına nail oldum.
Bu işlərin yekun nəticələri göstərdi ki, nəmliyi 60-50 faizə endirilmiş yaşıl ot kütləsini havadan təcrid etməklə saxladıqda onun tərkibi cüzi itki (5-8 faiz) ilə, demək olar ki, dəyişilməmiş, təzə-tər ot kimi qalır. Yeri gəlmişkən deyim ki, bu itki silos hazırladıqda 3-4 dəfə, quru ot hazırladıqda 6-7 dəfə çox olur.
Beləliklə, görkəminə görə quru ot və silosun aralığında olduğundan o zaman "quru-ot-silos" ("seno-silos") adlandırdığımız yeni yem növü - senaj istehsalına başlanıldı. Senaj quru ot və silosa nisbətən bir sıra üstünlüklərə malik idi. Buna görə də senajın istehsalı yem bazasının inkişafında yeni səhifə açdı.
Alınmış nəticələr üzrə hazırladığım dissertasiya işimi 1969-cu ildə Moskvada ÜETKTHFB İnstitutunda müdafiə etdim və biologiya elmləri namizədi elmi dərəcəsini aldım.
Bu üsulun perspektivliyini görən institutun müvafiq şöbələrində elə həmin ildən hazırladığım texnologiya əsasında Rusiyanın müxtəlif bölgələrinin şəraitinə uyğun olaraq elmi-tədqiqat işləri aparılmağa başlandı. 1965 - 1969-cu illərdə Baltikyanı və digər respublikalarda da müvafiq istiqamətdə tədqiqatlar aparıldı. Beləliklə, bu üsul qeyd etdiyim respublikalarda, hətta qonşu Avropa ölkələrində də geniş yayıldı. Senajın yayılma coğrafiyasının belə qısa müddətdə (1965 - 1970-ci illərdə) genişlənməsi onun Azərbaycanda 1961 - 1963-cü illərdə apardığım elmi-tədqiqat işlərindən sonra başlandı.
Müdafiədən sonrakı dövrdə mən respublikanın müxtəlif rayonlarında senajın hazırlanaması texnologiyasının daha da təkmilləşdirilməsi üzrə elmi-istehsalat fəaliyyətimi genişləndirdim. Bu üsulu 70-dən çox elmi-kütləvi məqalədə təbliğ etdim və senajın hazırlanmasına dair tövsiyələr dərc etdirib yaydım. Rəhbərliyin göstərişi ilə müxtəlif bölgələrdə seminarlar keçirildi, televiziya çıxışı təşkil olundu.
Respublikamızda bu üsulun istehsalatda kütləvi tətbiqi 1970-1971-ci illərdən başlanmışdır. 1971-ci ildə Azərbaycanda 7600 ton (SSRİ üzrə cəmi 28 min ton) senaj tədarük edildi. Bu yeni yem növünün heyvandarlığın inkişafında həlledici rolunu görən o zamankı Azərbaycan KP MK-nin birinci katibi, ulu öndərimiz Heydər Əliyevin tələbi və diqqəti sayəsində senaj tədarükü 1975-ci ildə 710 min tona, 1980-ci ildə 1 milyon 163 min tona çatdırıldı.
Məhz senaj istehsalının kəskin artırılması nəticəsində respublikanın ictimai sektoru üzrə hər inəkdən orta illik süd sağımı 1970-ci ildəki 854 kiloqramdan 1975-ci ildə 1305 kiloqrama, 1980-ci ildə isə 1666 kiloqrama qaldırıldı. Məmnunluqla qeyd edirəm ki, bu yemin yaranması və təbliğində gördüyüm işlərin nəticəsi olaraq mükafatlandırıldım. 1978-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olundum.
Beləliklə, yuxarıda göstərilən elmi-tədqiqat materialları və istehsalat göstəriciləri bir daha təsdiqləyir ki, senaj adlı yeni yem növü Azərbaycanda yaranmışdır. Bu yem bilavasitə mənim respulikada 1960 - 1963-cü illərdə apardığım elmi-tədqiqat işlərinin nəticəsi kimi meydana gəlmişdir. Deməli, bu elmi nailiyyət məhz Azərbaycana məxsusdur, onun milli sərvətidir.
Odur ki, bu böyük elmi nailiyyətin müəllifliyinə iddialıq etməyə heç bir "qonşu" ölkənin və ya onların alimlərinin nə mənəvi, nə də hüquqi haqqı vardır. Yeri gəlmişkən, bu barədə geniş elmi məlumat Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin 13 sentyabr 2011-ci il tarixli qərarı ilə nazirliyin internet saytının "Heyvandarlıq" səhifəsində rus və Azərbaycan dillərində yerləşdirilmişdir.
Senajın indiki dövrdə tətbiqinə gəlincə isə deməliyəm ki, torpaq sahələri nisbətən məhdud olan fermer təsərrüfatlarında onun hazırlanması çox sərfəlidir. Belə ki, senaj torpaqdan daha səmərəli istifadə etməklə eyni sahədən quru ot və silosa nisbətən daha çox yem istehsal etməyə imkan verir.
{nl}
Nuri DİBİROV, biologiya elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.