Şriftin ölçüsü:
18.12.2011 03:13 | Oxunma sayı: 518
Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının altıncı ildönümü və peşə bayramı günü ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə nazirliyin "Radioquraşdırma" zavodunun həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər.
Mərasimdə çıxış edən nazir Yavər Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O demişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müdafiə sənayesinin inkişaf tarixi respublikamızın dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrə təsadüf edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2005-ci ildə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini həyata keçirən Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Prezident İlham Əliyev MSN-in işçilərinin peşə bayramının təsis edilməsi haqqında da sərəncam imzalamışdır.
Dövlətimizin başçısının müvafiq sərəncamı ilə nazirliyin bir qrup əməkdaşı dövlət mükafatlarına layiq görülmüşdür. Bütün bunlar dövlətin nazirliyin işçilərinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Yarandığı 2005-ci ildən nazirlik bir sıra uğurlara imza atmışdır.
Nazir bildirmişdir ki, müstəqilliyimizin bərpasının 20 illiyi ərəfəsində ölkəmizin tarixi nailiyyətə imza atması - Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi respublikamızın beynəlxalq aləmdə böyük şöhrətə malik olduğunu sübut etmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin müdafiəsini təmin edən ordunun maddi-texniki bazasının gücləndirilməsi və bu sahədə kənardan asılılığın azaldılması məqsədilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması olmuşdur. Nazirlik yarandığı gündən qarşıya qoyulmuş əsas məqsəd balansa götürülən müəssisələrin yenidən qurularaq istifadəyə verilməsi olmuşdur. Ötən müddətdə nazirliyin bir sıra müəssisəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. 2007-2011-ci illərdə müdafiə təyinatlı məmulatın yaradılması və istehsalının mənimsənilməsi məqsədilə nazirliyin tabeli birlik və müəssisələrində aparılan yenidənqurma işləri nəticəsində 42 istehsal sahəsi yaradılmışdır. Bunlardan 10-u cari ildə istifadəyə verilmişdir. Ötən 6 il ərzində MSN-in tabeliyində olan müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkət və firmalarından mürəkkəb əməliyyatları həyata keçirən onlarla texnoloji avadanlıq, müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır.
Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məhsulların beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilməsi artıq ənənəyə çevrilmişdir. Sevindirici haldır ki, iştirak etdiyimiz sərgilərdə nümayiş olunan məhsulların çeşidləri durmadan artır. 2009-cu ildə Türkiyədə təşkil olunan "IDEF-2009" sərgisində 27 adda müdafiə təyinatlı məhsulla təmsil olunan nazirlik bir neçə gün öncə Küveytdə keçirilən "Körfəz Müdafiə və Aerospeys" sərgisində 97 adda müdafiə təyinatlı məhsul nümayiş etdirmişdir. Bu sərgi MSN-in qatıldığı sayca yeddinci sərgi idi. Sərgilər zamanı bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlığa dair razılıqlar əldə olunmuşdur. Həmin ölkələrin şirkətləri ilə bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, dünyanın qabaqcıl şirkətlərinin qatıldığı sərgilərdə nümayiş olunan Azərbaycan məhsulları xüsusilə "İstiqlal" snayper tüfəngi xarici ölkə nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanır. Bütün bunlar Azərbaycanın müdafiə sənayesinin inkişafının bariz nümunəsidir.
Y.Camalov xüsusi vurğulamışdır ki, ölkə rəhbərliyinin diqqət və qayğısını hiss edən nazirliyin kollektivi bundan sonra da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edilməsi üçün bütün qüvvəsini səfərbər edəcəkdir.
Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirmişdir.
Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə medallara və fəxri adlara layiq görülmüş əməkdaşlar təltif edilmişdir.
Sonda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.