Dekabrın 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) 2011-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir. Müşavirədə bildirilmişdir ki, 2011-ci il Azərbaycanın sərhəd mühafizəsi üçün dövlət sərhədınin toxunulmazlığının təmin edilməsi sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşndirilməsi istiqamətində genişmiqyaslı quruculuq işləri, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olmuşdur.
Bu uğurların əldə olunması ulu öndər Heydər Əliyevin sərhəd mühafızəsi sahəsində qarşıya qoyduğu vəzifələrin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi məsələlərinə Azərbaycan Prezıdenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
2011-ci ildə dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmişdir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə cari ildə bir neçə infrastrukturun - Azərbaycan-Gürcüstan dövlət sərhədində "Şıxlı" sərhəd buraxılış məntəqəsinin, Azərbaycan-İran dövlət sərhədində "Astara" sərhəd buraxılış məntəqəsinin, Bakı şəhər Nərimanov rayonunda sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimləri keçirilmiş, DSX-nin hərbi qulluqçuları orden və medallarla təltif edilmiş, hərbi rütbələr verilmişdir.
"2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrası üzrə tədbirlər uğurla yekunlaşdırılmışdır.
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 1 nəfər əcnəbi şəxs barədə müvafiq tədbirlər görülmüş, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 nəfər şəxs müəyyən olunmuş, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, o cümnlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 müntəşəknkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.
Bundan başqa, DSX-nin Akademiyasının tərkibində dəniz və aviasiya kafedraları fəaliyyətə başlamış və ilk dəfə həmin ixtisaslar üzrə qəbul keçirilmiş, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən "Oğlanlar üçün açıq tipli xüsusi məktəb" Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris avadanlığı ilə komplektləşdirilmiş, həmin məktəbə DSX-nin xüsusi məktəb statusu verilmiş, bir sıra beynəlxalq təşkilatlarla və ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilmişdir. NATO-nun müraciəti əsasında noyabrda Əfqanıstan və Orta Asiya dövlətlərinin sərhədçiləri üçün beynəlxalq seminarlar təşkil olunmuş, DSX sahil mühafizəsinin cənub, mərkəz və şimal bölgələri fəaliyyətə başlamış, Xəzər dənizinin sahil xətti boyu nəzarət məntəqələri DSX Sahil Mühafizəsinin tabeliyinə verilmiş və tam peşəkar heyətlə komplektləşdirilmişdir. DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələri verilmiş, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmət təşkil olunmuş, sərhəd sularında Azərbaycanın mənafelərinin qorunması, müşahidə və aşkaretmə imkanları artırılmış, hava nəqliyyatında Sərhəd Nəzarət Dəstəsi yaradılmış, yeni istismara verilmiş Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarəti gücləndirilmişdir.
Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2011-cu ildə dövlət sərhədini və sərhəd rejimini pozan 9 min 641 nəfər saxlanılmışdır. İl ərzində tutulan sərhəd pozucularının 29,2 faizi Azərbaycandan başqa ölkələrə keçərkən, 70,8 faizi xarici ölkələrdən Azərbaycana gələrkən saxlanılmışdır.
Sərhəd pozucularının 30,5 faizi Azərbaycan-Rusiya, 11,6 faizi Azərbaycan-İran, 6,1 faizi Azərbaycan-Gürcüstan, 0,2 faizi Azərbaycan-Türkiyə, 1,8 faizi dəniz sərhədlərində və 49,8 faizi hava limanlarında saxlanılmışdır.
İl ərzində tutulan sərhəd pozucularının sayı 2010-cu illə müqayisədə 2,2 dəfə artmışdır.
İl ərzində 671 nəfər saxta, 19 nəfər özgəsinin sənədi ilə və 17 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır. 2010-cu ilə nisbətən saxta sənədlərlə saxlanılmış şəxslərin sayı 3,7 dəfə artmışdır.
Hesabat dövründə axtarışda olan 1307 nəfər tutulmuş, 434 nəfərin ölkədən çıxışı qadağan olunduğu üçün Azərbaycandan çıxmasına icazə verilməmiş, 251 nəfərin ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycana buraxılmamışdır.
2011-ci ildə 715 halda təqribi məbləği 2 milyon 547,8 min manat dəyərində qaçaqmal tutulmuş, 137 kiloqram 226,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Ümumi çəkisi 24,8 ton olan 58 min 976 ədəd narkotik tərkibli yabanı bitki aşkarlanaraq məhv edilmişdir.
Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycan Respublikasına məxsus 26, Rusiya Federasiyasına məxsus 7 gəmiyə, İran İslam Respublikasına məxsus 3 gəmiyə, Türkiyə Respublikasına məxsus 2 gəmiyə, Azərbaycana məxsus 236 kiçikhəcmli motorlu qayığa baxış keçirilmişdir. Onlardan Rusiyaya məxsus 2 gəmi, Azərbaycana məxsus 9 gəmi və 94 qayıq sərhəd rejimini pozduqlarına görə zəruri tədbirlər görülmüşdür. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıqovlama vasitələri - 285 min 668 metr tor və 156 min 382 ədəd qarmaq yığılmışdır.
Müşavirənin sonunda DSX-nin rəisi general-leytenant Elçin Quliyev tərəfindən hərbi hissələrin və struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmiş, 2012-ci ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqlar qeyd olunmuşdur.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.