Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının altıncı ildönümü ilə əlaqədar mərasim keçirilmişdir. FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunmuşdur.
Əməkdaşları peşə bayramı münasibətilə təbrik edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki, Azərbaycan çox zəngin bir ölkədir. Onun ən böyük sərvəti isə Azərbaycan xalqıdır. Bu xalqın təbii və texnogen xarakterli fəlakətlərdən qorunması kimi məsuliyyətli bir vəzifə ölkə rəhbərliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir. Bu böyük məsuliyyəti müqəddəs bir missiya kimi daşıyan, müstəqil dövlət quruculuğu tarixində özünəməxsus yeri olan fövqəladə hallar orqanları mövcud olduğu illər ərzində daim inkişaf etmiş, şərəfli və məzmunlu bir yol keçmişdir. Ötən müddətdə nazirliyin strukturunun formalaşdırılması əsasən başa çatdırılmış, zəruri normativ bazanın yaradılması işi fasiləsiz olaraq həyata keçirilmiş, maddi-texniki baza və material ehtiyatları demək olar ki, yenidən yaradılmış, müxtəlif funksiyaları həyata keçirən qurumlar arasında fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətin əlaqələndirilməsi işinin əsası qoyulmuşdur. Keçilən qısa yola nəzər salsaq görərik ki, istər Bakıda, istərsə də regionlarda yerləşən qurumlarda, yanğın depolarının bir qismində əsaslı təmir və yenidənqurma işləri aparılmış, onlarla yeni inzibati və xidməti bina və qurğu tikilərək istismara verilmiş, respublika üzrə 9 regional mərkəz yaradılmışdır. Əhalinin fəlakətlər barədə ətraflı məlumatlandırılması və hər hansı fövqəladə hadisə zamanı davranış qaydalarının aşılanması işi nazirliyin aidiyyəti strukturlarının daim diqqətində saxlanılır. Nazirliyin regional mərkəzləri tərəfindən əhatə etdikləri inzibati ərazilərdəki müxtəlif ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Nazirliyin qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış "112" qaynar telefon xətti 24 saat ərzində vətəndaşlardan və digər mənbələrdən daxil olan məlumatları qəbul edir və tədbirlər görülməsi üçün müvafiq strukturları xəbərdar edir. Cari ildə 112 zəng mərkəzinə daxil olmuş müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi və digər müraciətlərlə bağlı cəmi 11.643 zəng icraya yönəldilmişdir.
Nazir bildirmişdir ki, ötən ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən ötən ilin sentyabrından başlayaraq ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi evlərin əvəzinə, Saatlı, Salyan, İmişli və Zərdab rayonlarında zəruri və sosial infrastruktur obyektləri - məktəb, uşaq bağçası, tibb və poçt məntəqələri, elektrik, su və təbii qaz təchizatı, avtomobil yolları və s. olan müasir standartlara uyğun yeni 4 qəsəbə salınmışdır. Ötən dövrdə daşqınlardan ziyan çəkmiş rayonlarda ümumilikdə yaşayış sahəsi 286 min 274 kvadratmetr olan 2974 fərdi ev tikilib istifadəyə verilmiş, 138 evin tikintisi isə davam etdirilir. Nəzərdə tutulan sosial obyektlər, o cümlədən 1130 şagird yerlik 6 məktəb binası, 150 yerlik 3 uşaq bağçası, 6 tibb məntəqəsi, 1 kitabxana, 274 yerlik 2 klub, 500 kavadratmetrlik su hovuzu, 250 kub metrlik su anbarı və sair obyektlər tikilib istifadəyə verilmişdir.
K.Heydərov qeyd etmişdir ki, ötən dövrdə bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələr daha da möhkəmləndirilmiş, nazirliyin təşkilatçılığı ilə Bakıda müxtəlif seminarlar, təlimlər, kurslar və digər tədbirlər keçirilmişdir. FHN-i xüsusi ixtisaslı kadrlarla təmin etmək məqsədilə hazırda nazirliyin akademiyasında 410 kursant təhsil alır. Bundan əlavə, ötən dövrdə Rusiya, Belarus və Ukraynanın müvafiq tədris müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələri yaradılmış, hazırda bu təhsil müəssisələrində 300-dən artıq əməkdaşımız təhsil alır.
Nazir xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin nazirliyin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, müxtəlif orden və medallarla təltif edilməsi, fərdi təqaüd və fəxri adların verilməsi, eləcə də maddi-texniki bazasının daha da gücləndirilməsi haqqında imzaladığı sərəncamlar görülən işlərə verilən ən yüksək qiymətin bariz nümunəsi olmaqla bərabər, həm də bundan sonrakı fəaliyyət üçün bizi daha da ruhlandırır. Ümummilli lider Heydər Əliyevin ideyalarından güc alan, Prezident İlham Əliyevin diqqət və qayğısını gündəlik fəaliyyətlərində hiss edən FHN kollektivi öz humanist fəaliyyəti ilə Azərbaycan vətəndaşlarının dincliyini, rahatlığını və təhlükəsizliyini qorumağa hər an hazırdır.
Sonra nazirliyin xidmətdə fərqlənən bir qrup əməkdaşına mükafatlar verilmişdir.
Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.