"YaşaM" oxuculara təqdim olundu

İstedadlı yazar, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Mənzərə Sadıqovanın yaradıcılığı istər jurnalistikamız, istərsə də publisistikamız baxımından dəyərli nümunələrlə zəngindir. Onun indiyə kimi dövri mətbuatda çıxış etdiyi yazılarında əsl vətəndaşlıq, jurnalist mövqeyi ilə yanaşı, kövrək bir qəlbin çırpıntılarını da hiss etmək mümkündür. Bu fikirlər Mənzərə Sadıqovanın "YaşaM" adlı kitabının təqdimatında səsləndirildi.
Atatürk Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan kitabın redaktoru, millət vəkili, professor Nizami Cəfərov müəllifin istedadı və yazılarının keyfiyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, Mənzərə xanımın yaradıcılığında onun şairliyi də aydın duyulur.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva müəllifi təbrik etdi və bildirdi ki, kitabda əks olunan yazılarda Mənzərə xanımın fikir və duyğularıyla yanaşı, qədim dədə-baba yurdumuz olan Qərbi Azərbaycandakı soydaşlarımızın keçmişi, tarixi, mədəniyyəti əks olunub. Onun sözlərinə görə qaçqınlıq ağrı-acısını, yurd itkisini əks etdirən yazıları kövrəlmədən oxumaq qeyri-mümkündür.
Millət vəkili Jalə Əliyeva Mənzərə xanımın istedadlı jurnalist kimi cəmiyyətdə baş verən müxtəlif səpkili mövzulara, şahidi olduğu hadisələrə kitabda özünəməxsus şəkildə yanaşdığını ifadə etdi. Folklor İnstitutunun aparıcı elmi işçisi Əziz Ələkbərli, jurnalist Mətanət Ağamirli, Qədir Aslan və çıxış edən digər ziyalılar "YaşaM" kitabının oxucularda müsbət təəssürat oyadacağını bildirdilər və müəllifi bu münasibətlə təbrik edib yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Mənzərə Sadıqova "YaşaM" kitabının işıq üzü görməsindən hədsiz sevinc duyduğunu bildirdi, çünki bu onun ilk kitabıdır. "YaşaM"da müəllifin ədəbi düşüncələri, müxtəlif səpkili yazıları, ədəbi-fəlsəfi düşüncələri, bədii yaradıcılığından nümunələr toplanıb. "Bu kitabımda eyni zamanda dövrün aktual problemlərinə həsr olunmuş məqalələrim də yer alır. Oxuculara həmçinin fotoalbom, müxtəlif dövrlərdə nəşr edilmiş əsas yazılarımı əks etdirən biblioqrafiya bölməsini də təqdim etmişəm. Bu kitab mənim 30 illik jurnalist fəaliyyətimin güzgüsüdür"-deyə müəllif əlavə etdi.
Kitabda "Düşüncələr", "Mənsur şeirlər və miniatürlər", "Publisistika", "Ədəbi qeydlər", "Yurddaşlarımız" adlı fəsillərdəki yazıların hər biri yazarın könlündən süzülüb gələn, onu narahat edən mövzulara vətəndaş, qadın baxışıdır.
"Məni belə tanıyırlar" fəslində isə Mənzərə xanımın qələm dostlarının onun haqqında fikirlərini əks etdirən yazıları toplanıb.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında