"YaşaM"

Mən ərk etməyi xoşlayan adamam. Eyni zamanda, ərk etdiyim adamların da ərkini götürməyi. Bugünlərdə telefonuma zəng gəldi: "Mahir, kitabım çıxıb. Avtoqraf yazmışam sənə, Həsən müəllimə ("Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov) və daha iki nəfərə. Vaxtın varsa gəl mənim iş yerimdən götür, onlara da çatdır". Bilirdim ki, işi ağırdır. Milli Məclisdən çıxa bilmir. Çünki insan özünü işdə yaxşı göstərəndə sanki əvəzolunmaz birinə çevrilir. Nə tapşırıq da olur onu axtarırlar. O ki qalsın savadlı, alim, jurnalist Mənzərə Sadıqova ola.
Az.TV-dən tanıyıram onu. Bir yerdə "Xəbərlər"də işləmişdik. Xülasə kitabları götürdüm. Atam haqqında xatirələrimi də ona avtoqraf yazıb verdim. Çəkiləri müxtəlif idi. Mənim kitabçam yazıçı Anarın təbirincə desək "150 qram", Mənzərənin kitabı isə 26,7 çap vərəqi. Lakin kitab onun qramı, çap vərəqi ilə yox, tale yüküylə ölçülür. Birinci növbədə adı diqqətimi çəkdi - "YaşaM". Sözün kökünü "yaşa" nəzərə alsaq deməli kitab Mənzərə xanımın yaşam tərzindən bəhs edir, özünün də qeyd etdiyi kimi kitab oxucuya müəllifin həyat yolu, bədii-fəlsəfi düşüncələri, ilkin yaradıcılığı ilə tanış olmağa bələdçilik edəcək.
"YaşaM"dakı "m" hərfinin sözün axırında böyük yazılmasını və yanında müəllifin şəklinin verilməsindən isə belə başa düşmək olar ki, böyük "M" Mənzərə sözünün baş hərfidir - kitabın adı "Yaşa Mənzərədir". Amma kitabı varaqladıqca və "Düşüncələr" fəslində "Ölüm" adlı yazını oxuduqdan sonra əmin oldum ki, kitabın məna izahlarının əsası "Yaşa Mənzərə"dir. "Əsl hünər ölümdən sonrakı həyatda yaşamaq haqqını qazanmaqdır". Əlbəttə ki, bu yaşda belə fikirlər tez olsa da kitabın nəsillərə yadigar qaldığını hamımız yaxşı bilirik. Bu kitab müəllifi mənə də ona nabələd olduğum rakurslardan tanıtdı.
Mənzərəni 15 ildir ki, tanıyıram. Telejurnalistikadakı uğurlarına bələd idim. Bilirdim ki, alimdir, filologiya üzrə fəlsəfə doktorudur. Lakin dövrün gerçəkliklərinə publisist kimi bu qədər çevik, dolğun reaksiyasını sezməmişdim. Mənsur şeir və miniatürlərini oxumamışdım. Qərbi Azərbaycanda "Sovet Ermənistanı" qəzetindəki fəaliyyətindən xəbərsiz idim. Elə bilirdim ki, Mənzərə Sadıqovanın jurnalistlik fəaliyyəti yalnız Az.TV ilə məhdudlaşıb. Lakin kitabın biblioqrafik məlumat bölməsində onlarla mətbu orqanın adı onun jurnalist, publisist kimi fəaliyyətinin geniş arenasından xəbər verir.
Müəllif həm də bu kitabını "oxucu qarşısında bir daha imtahan verdim" kimi qiymətləndirir. Oxucusundan "xoşbəxtlik diləyi ilə, növbəti kitabın səhifələrində görüşənəcən!.." deyərək ayrılır. Bu müddətdə darıxanlara isə [email protected] e-mail ünvanını mesaj göndərir. Axı, onu həm də uzun illərin zəhməti olan, övladı sayılan "YaşaM" kitabının ictimaiyyət tərəfindən necə qarşılandığı da çox maraqlandırır. Necə ki, məni maraqlandırdı. Mən Mənzərəni bir daha tanıdım.
Yolun uğurlu olsun, Mənzərə xanım!

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında