Şriftin ölçüsü:
13.12.2011 15:06 | Oxunma sayı: 455
Bu gün Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə görülən işlərin bünövrəsi ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən qoyulub.
Azərbaycanın əvəzsiz memarı Heydər Əliyevin anım günü təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da yad edilir. Hər il olduğu kimi, bu il də dekabrın 12-si - ulu öndərin növbəti anım günü Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi yeri olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın respublikamızın paytaxtında və bölgələrdə yerləşən bütün müəssisələrində, həmçinin Gürcüstan, Ukrayna, Türkiyə, Özbəkistan, Qazaxıstan və Əfqanıstanda fəaliyyət göstərən törəmə şirkətlərində yad edilib. Korporasiya rəhbərliyinin təşəbbüsü ilə "Akkord"un Bakı ofisində "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda geniş seminar keçirilib. Seminarda giriş sözü ilə "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın Yeni Azərbaycan Partiyası özək təşkilatının sədri çıxış etdikdən sonra sözü Korporasiyanın Baş Direktoru Xaqani Quluzadəyə verib. X.Quluzadə çıxışında ulu öndərin 1969-1982-ci illərdə Azərbaycan rəhbəri olduğu dövrdə xalqımız üçün gördüyü işlərdən danışıb: "Böyük şəxsiyyətlərin böyüklüyü təkcə onların fəaliyyətdə olduqları dövrdə gördükləri işlərlə ölçülmür. Böyüklük odur ki, illər keçdikdən sonra da, həmin günləri xatırlayanda anlayasan ki, bunu başqa cür etmək mümkün deyildi. Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə yaratdığı sosial-iqtisadi mühitin bəhrəsini Azərbaycan xalqı müstəqillik illərində gördü. Aparılan düzgün siyasətin nəticəsi idi ki, Sovet imperiyası dağıldıqdan sonra Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini özü həll edə bildi. Və qarşıda yeni, müasir Azərbaycanın yaranması üçün yeni üfüqlər açılmış oldu. Heydər Əliyev dühasının nəticəsində qısa bir müddətdə respublikamızda dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və digər sahələri əhatə edən kompleks tədbirlər həyata keçirildi".
Daha sonra natiq çıxışını Heydər Əliyev ideyalarını layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin fəaliyyətinə yönəldib dedi: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyası sonrakı illərdə onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab İlham Əliyev yeni dövr üçün iqtisadi siyasət prioritetlərini müəyyənləşdirdi. Özəl sektora verilən qiymət və yaradılan imkanlar da bunun tərkib hissəsi oldu. Elə bu səbəbdən də respublikada özəl sektor günü-gündən güclənir və dövlətin əsas dayaqlarından birinə çevirilir".
Ölkədə aparılan işlərdən söhbət açan natiq, rəhbərlik etdiyi korporasiyanın gördüyü işlərdən də danışıb və bildirib ki, görülən bütün işlər ölkəmizdə özəl sektora yaradılan imkanlar sayəsində mümkün olmuşdur: "Bu gün "Akkord" Azərbaycanda qeyri-neft sektorunun inkişafına öz töhfələrini verərək tikinti sahəsində yeni standartlar yaratmağa nail olub. 6 il öncə fəaliyyətə başlayan "Akkord" bu gün təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da Azərbaycanı layiqincə təmsil edir. Fəaliyyətinin əsas hissəsini infrastruktur layihələrin icrasına yönəldən korporasiya bu günə kimi Respublikamızda neçə-neçə böyük layihənin icrasını uğurla başa çatdırıb. Bir neçə layihə üzrə işlər isə tamamlanmaq üzrədir. Bu gün ölkə sərhədlərindən kənarda həyata keçirdiyi genişmiqyaslı layihələrlə "Akkord" bir növ təmsil etdiyi ölkənin dünya miqyasında durmadan genişlənən nüfuzunun təmsilçsinə çevrilib. Bu fəaliyyət həm də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycan şirkətlərinin ölkə sərhədlərindən uzaqlarda da tanınması və çalışması ilə bağlı arzusunun bir təcəssümüdür".
Bundan sonra çıxış edən seminar iştirakçıları da, ulu öndərin həyat və fəaliyyətindən, bu gün ölkədə aparılan sosial-iqtisadi siyasətin uğurlarından danışıblar.
Tədbirin sonunda bütün iştirakçılar Fəxri Xiyabanı ziyarət edərək ulu öndərin məzarı önünə əklil və tər çiçəklər qoyublar.
{nl}
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.