Lerik-dağlar şəhəri yaşıllıqlar diyarı

Ölkəmizin davamlı və tarazlı sosial-iqtisadi inkişafının təmin olunması abadlıq-quruculuq işlərinin də geniş vüsət almasına səbəb olmuşdur. İndi ölkənin elə bir bölgəsi yoxdur ki, orada geniş miqyaslı abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri həyata keçirilməsin. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarımızın siması günbəgün dəyişir, gözəlləşir. Onu da deyək ki, son illər salınan yaşıllıq zolaqları, əkilən ağaclar ölkədə hökm sürən bu büsata, quruculuq işlərinə parlaq rəng qatır.
Ölkəmizin ucqar dağ rayonu Lerikdə də abadlıq işləri, bir an da olsun, səngimir. Bir neçə il əvvəl şəhər statusu almış rayon mərkəzinin siması günbəgün yeniləşir, gözəlləşir. Əzəmətli dağların qoynuna sığınan Lerikdə aparılan abadlıq-quruculuq işlərinə hakim kəsildikdə, bu büsatı seyr etdikdə uzunömürlülər diyarının qəlbləri riqqətə gətirən, insanda xoş duyğular yaradan cazibədar mənzərəsinin başlıca səbəblərindən birinin də son illər burada salınan geniş yaşıllıq zolaqlarının olduğu nəzərdən qaçmır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi bütün ölkə ictimaiyyəti kimi, leriklilər tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Məhz bunun nəticəsidir ki, son zamanlar dağlar şəhəri Lerikdə ağacəkmə kampaniyası, bir an da olsun, səngimir, ətraf mühitin qorunması istiqamətində əməli işlər görülür. Ağac əkmək, yaşıllaşdırma işləri həyata keçirmək artıq burada vəzifəli şəxsdən tutmuş sadə vətəndaşadək hamının gündəlik işinə çevrilmişdir. Elə laçın qayaların qucaq açdığı bu şəhərdə yaşıllaşdırma idarəsinin yaradılması da məhz həmin istəkdən doğur. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov deyir:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlər sırasında ətraf mühitin sağlamlaşdırılması, ekoloji tarazlığın qorunması mühüm yer tutur. Təsadüfi deyil ki, son illər dövlətimizin başçısı bu vacib məsələyə dönə-dönə toxunur, konkret tövsiyə və tapşırıqlar verir. Yeri gəlmişkən, möhtərəm Prezidentimizin 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə bağlı irəli sürdüyü xoşməramlı təşəbbüs, ölkəmizin hər yerində olduğu kimi, Lerikdə də dərin rəğbətlə, razılıqla qarşılanmışdır. Dövlət başçısının ekoloji tədbirlərin gücləndirilməsi, yaşıllıqların salınmasına dair verdiyi tövsiyə və tapşırıqların icrası məqsədilə rayon icra hakimiyyətində geniş tədbirlər planı işlənib hazırlanmışdır. Təkcə onu demək kifayətdir ki, 2009-cu ilin payız mövsümündə Lerik rayonunda 3141 ədəd müxtəlif növ ağac əkilmişdir. Lerik - Kəlvəz, Piran - Hamarat, Lerik - Lənkəran şose yolu boyunca, Noda ərazisində, eləcə də "Relaks" və "Meşəbəyi" istirahət - turizm mərkəzlərində əkilmiş ağaclar bu yerlərə yeni nəfəs, yeni can verir.
Yazın gəlişi ilə əlaqədar olaraq rayonumuzun ərazisində ağacəkmə kampaniyası bir qədər də vüsət alıb. Möhtərəm Prezidentimiz İlham Əliyev cari il fevralın 18-də ekoloji problemlərə həsr olunmuş xüsusi müşavirədə Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımların atılmasını, ağacəkmə kampaniyasının uğurla davam etdirilməsini yüksək qiymətləndirdi. Dövlət başçısı ağacların əkilməsi və yaşıllıqların yaradılması istiqamətində əlavə tədbirlərin görüləcəyini bəyan etdi, ictimaiyyəti bu işdə daha fəal olmağa səslədi. Prezidentimizin bu çağırışına qoşulan leriklilər də ağacəkmə kampaniyasında yüksək fəallıq göstərirlər. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin yaz mövsümündə sakinlərin yaxından iştirakı ilə 3850 ağac əkilmişdir. Hazırda ağaclara aqrotexniki qaydada qulluq göstərilir. Ötən müddətdə Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə daxil olan meşə mühafizəsi sahələrində isə 72 min ağac əkilmiş, talalara toxum səpilmişdir. Ağacəkmə kampaniyası, yaşıllıqların salınması, onların qorunub mühafizə edilməsi rayon icra hakimiyyətinin əsas fəaliyyət istiqaməti kimi diqqət mərkəzində saxlanılacaqdır. Çalışacağıq ki, "Ekologiya ili"nə mühüm töhfələr verməklə, dağlar şəhəri - Leriki yaşıllıqlar diyarına çevirək...
Hazırda Lerik meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən rayon ərazisindəki mövcud meşə örtüyünün qorunması, əkin sahələrinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Müəssisənin direktor əvəzi Eyvaz Babayev görülən tədbirlərin əhəmiyyətini qeyd edərək dedi: - Lerik meşə mühafizəsi və bərpası müəssisəsi 29 meşə dolayından, 4 meşəbəylikdən ibarət olmaqla 40306 hektar meşə sahəsini təşkil edir. Bunun da 33600 hektarı meşə ilə örtülü sahələrdir. Bu gün meşə ilə örtülü sahələr rayonun ümumi ərazisinin 31 faizini təşkil edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2010-cu il üçün görüləcək işlər barədə verilmiş plan-proqnoz göstəricilərinə əsasən ilin birinci rübü ərzində müəssisəmiz tərəfindən 40 hektar sahədə meşə əkin işi yerinə yetirilmişdir. Ötən müddətdə 35 hektar sahədə palıd toxumu, 1 hektar sahədə isə 1650 ədəd ağcaqayın tingi əkilmişdir. Bundan əlavə, meşə əkini işi aparmaqdan ötrü 33 hektar sahə kol-kosdan təmizlənmiş, 10 hektar ərazi əkin üçün hazırlanmış, daha 30 hektar sahədə isə torpaq hazırlığı işləri başa çatdırılmışdır. İlin əvvəlindən müəssisədə əkin fondu yaradılmasından ötrü 1,24 hektar ərazidə tinglik sahəsi yaradılmış, burada ağcaqayın və akasiya növündən olan 44,9 min standart ting yetişdirilmişdir.
Hazırda müəssisəmizin qarşısında duran vacib məsələlərdən biri də meşə massivlərində qanunsuz ağackəsmə halları ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Nazirlər Kabinetinin iclasında respublika ərazisində ağacların qanunsuz kəsilməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı göstərişləri məsuliyyətimizi xeyli artırmışdır. Məhz bu məqsədlə Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin mühafizəsinin gücləndirilməsinə dair kompleks tədbirlər planı hazırlanmış və bunun da nəticəsində həmin sahədə ciddi dönüşə nail olunmuşdur. Yeri gəlmişkən, deyim ki, cari ilin birinci rübü ərzində bununla bağlı 4 nəfərə üst-üstə 158,51 manat dəyərində ziyan aktı tərtib edilmiş və həmin məbləğin ödənişi təmin edilmişdir. Bundan əlavə, işdə yol verdikləri nöqsana, nəzarət etdikləri sahələrdə qırıntı halları aşkar edildiyinə görə 6 nəfər meşə gözətçisi işdən azad olunmuşdur.
Lerikdə kiminlə söhbət etdiksə, kimə müraciət etdiksə ağac əkilməsinə, yaşıllıqların salınmasına olan doğma münasibətin şahidi olduq. Rayon veteranlar şurasının sədri, el ağsaqqalı Hidayət Bəşirovun dilindən eşitdiklərimiz, əslində, elə leriklilərin bu vacib işə olan yekdil rəyini ifadə edir. O deyir: - Son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ekologiyanın qorunması ilə bağlı həyata keçirdiyi tədbirlər hamımızı sevindirir. Çünki bütün bunlar son nəticədə vətəndaşlarımızın sağlamlıqlarının qorunmasına xidmət edir. Bunu biz, yaşlı nəslin nümayəndələri, ziyalılar daha dərindən dərk edirik. Məhz buna görə də dövlətimizin başçısına dərin təşəkkürümüzü bildiririk. Yeri gəlmişkən, Prezidentimizin bu vacib tapşırığının, bütün ölkədə olduğu kimi, Lerikdə də uğurla yerinə yetirilməsinə görə rayonumuzun icra hakimiyyətinin başçısı Rövşən Bağırova minnətdarıq.
Uzun illər rayon sakinlərinin , xüsusilə yeni nəslin sağlamlığının keşiyində duran, respublikanın əməkdar həkimi Etibar Həşimov da öz növbəsində deyir ki, yaşıllıq təmizlik, gözəl hava və sağlam həyat deməkdir. Ağac əkmək, yaşıllıqlara qulluq və qayğı göstərmək nəcib iş, savab əməllərdən sayılır. Çünki bu gün əkilən hər bir ağac boy ataraq son nəticədə sağlamlığımıza, istirahətimizə imkan yaradır.
... Lerik rayonu hələ keçmişdən uzunömürlülər diyarı kimi tanınmış, şöhrət qazanmışdır. Dağların saf havasını udan, bumbuz suyundan içən leriklilər açılan hər bir sabahın müjdəçisi olan al-qırmızı günəşi biçənək sahələrində, örüşdə, iş başında salamlamışlar. Elə bunun nəticəsidir ki, burada ötən əsrdə planetin ən yaşlı sakini Şirəli Müslümov, Məcid Ağayev kimi uzunömürlü insanlar yaşamışlar. Kim bilir, bəlkə bu gün əkilən hər bir ağac, hər bir ting yaxın gələcəkdə leriklilərin Şirəli baba kimi uzun ömür sürməyinə səbəb olacaqdır.{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında